Məhkəmə qərarları › İş №e-2(003)-993/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-993/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-993/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2420 manat sığorta ödənişinin məbləği və 45,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 04 noyabr 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 mart 2023-cü il tarixdə Ağdam rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam rayonu İcra Hakimiyyətinə 2420 manat məbləğində zərər vurmuşdur. Ağdam rayonu DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərlə bağlı 2420 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş sığortaçı "xxxx" ASC ilə sığortalı X1 arasında bağlanan PGU********** saylı, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsi barədə məlumatdan görünür ki, “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurula zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsi barədə məlumatın surətindən görünür ki, “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 adına qeydə alınmış və həmin avtomobil idarə edilməsi üçün Cavabdeh2 xx.xx.2023-cu il tarixdə etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 23:53-də “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda cərimə edilmişdir. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh2 idarə etdiyi “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarına əlavə edilmiş “Praqma Consulting MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixlimütəxəssis rəyindən görünür ki, “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə törədilmiş hadisə zamannı işıq dirəyinə və 3 ədəd ağaca dəymiş ziyan 2420 manat müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığorta ödənişi 2420 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 167 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “PGU 230435 AKT Zarar” ödəniş təyinatı üzrə Cavabdeh2 2420 manat pul bank hesabı vasitəsilə ödəniş etmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 20 mart 2020-ci il tarixində, saat 23:40 radələrində Ağdam rauon İmamqulubəyli kəndində yol-nəqliyyat hadisəsi baş vermiş. Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon İcra Hakimiyyətinə maddi ziyan vurmuşdur. “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil BA seriyalı, 248269 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsusdur. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı sığorta olunan avtomobilə dəyən zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına əsasən, Cavabdeh2 "xxxx" ASC-də 04 noyabr 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 20 mart 2023-cü il tarixdə Ağdam rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Ağdam rayonu İcra Hakimiyyətinə 2420 manat məbləğində zərər vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat miqdarda cərimə edilmişdir. Avtonəqliyyat hadisəsi nəticəsində Ağdam rayonu İcra Hakimiyyətinə 2420 manat məbləğində dəymiş zərər ödənilmişdir. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı sığorta olunan avtomobilə dəyən zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasınagətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Göründüyü kimi, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Eyni zamanda icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı(və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun(avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır). Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir. Halbuki işin halları ilə müəyyən edildiyi kimi sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh2 “VAZ-21074” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilini idarə etməsi üçün etibarnaməsi olmuş, etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Görünüyü kimi qeyd olunan avtomobil Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə edilmiş, lakin yol – nəqliyat hadisəsindən 6 gün əvvəl etibarnamənin müddəti bitmişdir. Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Ona görə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşdə olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 45 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar