Məhkəmə qərarları › İş №e-2(004)-100/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-100/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-100/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1 MMC-nin nəznində fəaliyyət göstərən “German Hospital” klinikasında keçirdiyi uğursuz əməliyyata görə ödədiyi 1.100 manat, əməliyyatdan sonra yaranan ağırlaşmaların aradan qaldırılması üçün iddiaçının çəkdiyi 3.900 manat xərcin, eyni zamanda İddiaçı çəkdiyi ağrılara və mənəvi iztirablara görə ona dəymiş mənəvi zərərin əvəzi olaraq 4.000 manat, pozulmuş hüquqlarının müdafiəsi üçün ona vəkil tərəfindən göstərilən hüquqi xidmətə görə çəkdiyi 900 manat və dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh1 MMC-nin nəznində fəaliyyət göstərən “German Hospital” klinikasında keçirdiyi uğursuz əməliyyata görə ödədiyi 1.100 (bir min yüz) manat, Türkiyədə həyata keçirilən əməliyyat üçün ödədiyi 1547,4 ABŞ dolları (bir min beş yüz qırx yeddi dollar, 40 sent), yəni 2.630 (iki min altı yüz otuz) manat, Türkiyəyə gediş-gəliş üçün bilet xərci olaraq 183,02 manat + 115 ABŞ dolları, cəmi 378 (üç yüz yetmiş səkkiz) manat, Türkiyəyə həkim müayinəsi və əməliyyat üçün gedən zaman taksidən istifadə üçün ödənilmiş 63 ABŞ dolları, yəni 107 (bir yüz yeddi) manat, Türkiyəyə həkim müayinəsi və əməliyyat üçün gedən zaman qidalanma, dərman və digər xərclər üçün 400 (dörd yüz) manat, pozulmuş hüquqlarının müdafiəsi üçün vəkil xidmətinə görə iddiaçının çəkdiyi xərc - 900 (doqquz yüz) manat, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu - 120 (bir yüz iyirmi) manat, İddiaçı çəkdiyi ağrılara və mənəvi iztirablara görə ona dəymiş mənəvi zərərin əvəzi olaraq – 4.000 (dörd min) manat olmaqla, maddi ziyana görə 5.635 (beş min altı yüz otuz beş) manat, mənəvi ziyana görə 4.000 (dörd min) manat, ümumilikdə isə 9.635 (doqquz min altı yüz otuz beş) manat vəsaitin cavabdehlər Cavabdeh1 MMC və X3 müştərək qaydada iddaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, İsmayıl bəy Qutqaşınlı 50 ünvanında yerləşən “German Hospital” adı ilə fəaliyyət göstərən tibb mərkəzində (Cavabdeh1 MMC-nin nəznində fəaliyyət göstərir) həkim Kəmalə Qasımova tərəfindən onun haqqında müəyyən edilmiş “kombinə olunmuş babasil İİİ-İV dərəcə”, “anal kanalın polipi” və “xroniki anal çat” diaqnozları ilə əməliyyat olunmuşdur və bu əməliyyata görə iddiaçı tərəfindən klinikaya 1100 (bir min yüz) manat pul ödənmişdir. Əməliyyatdan 1 həftə sonra iddiaçıda kəskin ağrılar yarandığı üçün əməliyyatı həyata keçirən həkim Kəmalə Qasımovanın qəbulunda olmuşdur. Müayinədən sonra həkim dərman resepti yazıb xəstəni yola salmış, lakin bu müalicə də heç bir effekt verməmişdir. İddiaçı bundan sonra bir neçə dəfə Cavabdeh2 müraciət etmiş, sonuncu müraciət xx.xx.2021-ci il tarixdə edilmişdir. Lakin, həkim heç bir kömək edə bilməmiş və iddiaçının ağrıları daha da şiddətlənmiş və bu səbəbdən hətta bir müddət əmək qabiliyyətini itirmişdir. Əməliyyatı həyata keçirən cavabdeh Kəmalə Qasımovanın ona kömək etmədiyi, onun mövcud durumuna biganə yanaşdığı üçün iddiaçı müayinə olunmaq üçün Türkiyə Respublikasına getmişdir. İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13 Xəstəxanasında müayinə olunduqdan sonra ona məlum olmuşdur ki, cavabdeh Kəmalə Qasımova tərəfindən cərrahiyyə əməliyyatı düzgün aparılmamışdır. Belə ki, səhv aparılmış cərrahiyyə əməliyyatı nəticəsində iddiaçının səhhətində “anal daralması” və “anal çatın kəskin ağırlaşması” kimi ciddi problemlərin yarandığı aşkar olunmuşdur. Buna görə də hər gün 8-9 saat davamlı olaraq iddiaçının bədənində kəskin ağrılar olmuş və bu vəziyyət xəstənin bədənində qanaxmaların yaranmasına səbəb olmuşdur. Qeyd edilən problemlərin aradan qaldırılması üçün iddiaçı Türkiyə Respublikasında təkrar cərrahiyyə əməliyyatı keçirməyə məcbur qalmışdır. Bu əməliyyatdan sonra onun ağrıları azalmış və qismən sağalmışdır. Əməliyyatdan sonra yaranan ağırlaşmaları aradan qaldırmaq məqsədilə görülən bütün tədbirlər üçün iddiaçı 3.900 (üç min doqquz yüz) manat xərc çəkmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı şiddətli ağrılarının və keçirtdiyi narahatlıqların səbəbi German Hospitalda həkim işləyən cavabdeh Kəmalə Qasımova tərəfindən həyata keçirilmiş əməliyyat olmuşdur. Əgər, xx.xx.2021-ci il tarixdə German Hospitalda cavabdeh Kəmalə Qasımova tərəfindən həyata keçirilmiş sözügedən cərrahiyyə əməliyyatı düzgün aparılsaydı və əməliyyatdan sonra yaranan kəskin ağırlaşmalara görə edilmiş müraciət əsasında düzgün müalicə aparılsaydı xəstə bu qədər ağrılar və mənəvi iztirablar çəkməzdi. Yanlış aparılmış cərrahiyyə əməliyyatına görə iddiaçının German Hospital klinikasına ödədiyi 1.100 (bir min yüz) manat, həmçinin əlavə olaraq əməliyyatdan sonra yaranan ağırlaşmaları aradan qaldırmaq üçün çəkdiyi 3.900 (üç min doqquz yüz) manat xərci, həmçinin İddiaçı çəkdiyi ağrılara və mənəvi iztirablara görə ona dəymiş 2.000 (iki min) manat mənəvi zərərin ödənilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə “Astoriya” Tibb Mərkəzinə (German Hospital) müraciət etməsinə baxmayaraq bu günə qədər onlara heç bir cavab verilməmişdir. Həmçinin, İddiaçı ilə German Hospital klinikası arasında bağlanmış müqavilənin və həmin əməliyyat üçün ödənilmiş xidmət haqqının təsdiqinə dair qəbzin surətini təqdim edilməsi üçün 18 may 2022-ci il tarixdə “Astoriya” Tibb Mərkəzinə (German Hospital) vəkil sorğusu göndərilməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməmişdir. Sonradan, qəbz cavabdeh klinika tərəfindən iddiaçıya təqdim edilmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçı öz pozulmuş hüquqlarının bərpası üçün “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Vəkil1 ilə ümumi dəyəri 900 manat olan müqavilə bağlamış və bunun nəticəsində 900 manat ödəniş etmişdir. Qeyd olunan fakt öz əksini ərizəyə əlavə edilmiş qəbz və müqavilənin surətində tapır. Cavabdehlər xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X7 etirazını onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin nəzdində fəaliyyət göstərən “German Hospital” klinikasında həkim işləyir, İddiaçı ilkin olaraq 20 avqust 2021-ci il tarixdə müraciət etmişdir. Müraciət zamanı xəstənin şikayətləri anus nahiyyəsində ağrılar, göynəmə, yanma, ara-sıra qanama və qəbizlikdən olmuşdur. Bütün müayinələrdən sonra məlum olmuşdur ki, xəstədə “kombinal babasil”, “anal çat” və “anal çıxıntı” əmələ gəlmişdir. Həmçinin şikayətlərini 8-12 saat oturaq iş rejimi və qəbizliklə, genetik faktorlarla (anasında babasil xəstəliyinin olması faktoru) əlaqələndirmişdir. Aparılan müayinələrdə anal kanalda daxili babasil düyünləri, anal çat və polipəoxşar çıxıntı müəyyən edilmiş, spazmatik əlamətə rast gəlinməmişdir. Müayinə ağrısız aparılmışdır. Bağırsaqlarda problem olmadığına əmin olmaq üçün xəstəyə kolonoskopiya edilmişdir. Daha sonra cərrahiyyə əməliyyat edilmiş, uyğun müalicə təyin edilərək ambulator müalicəyə buraxılmışdır. İddiaçıya 10 gün sonra təkrar müayinəyə gəlməsi məsləhət görülmüşdür. Bu müddət ərzində xəstənin özü və anası mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışdır. Xəstə yaraya dərmanları istifadə etmədiyini bildirmiş və qəbizlikdən şikayət etmişdir. Hətta iddiaçının anası xəstənin yaraya qulluq etməməsindən və təyin edilmiş şamları daxilə qəbul etməməsindən şikayətlənmişdir. Təkrar müayinə zamanı müəyyən edilmişdir ki, yara irinin içindədir. Belə ki, xəstə tərəfindən yaraya düzgün qulluq edilməmiş, əvvəlcədən ona təyin edilmiş şamları içəriyə daxil etməmiş, heç bir mazlardan istifadə olunmamışdır. Etirazda qeyd etmişdir ki, anus dəliyi ən çirkli nahiyyə olduğundan, orada olan yaraya bir-iki gün ərzində qulluq edilmədikdə yaranın tamamilə irinləməsi ehtimalı böyükdür. Bu səbəbdən də o, xəstəyə ağır antibiotiklər təyin etmək məcburiyyətində qalmışdır. Normalda belə əməliyyatlardan sonra heç vaxt ağır antibiotiklər təyin edilmir. Onunla iddiaçı arasında aparılan telefon danışıqları və yazılan antibiotiklər saxlanılır. Hətta təkrar müayinələrə xəstə dəvət edilmiş, bəzən işi ilə əlaqədar gəlməkdən imtina etsə də, mütəmadi olaraq 3 ay ərzində ödənişsiz həkim müayinələrindən keçmişdir. Xəstə bir çox hallarda ağrılarının azaldıldığını bildirərək müayinələrə gəlməmişdir. İddiaçının xəstə olaraq onunla “maraqlanmadığı” iddiası tamamilə əsassızdır. Əməliyyat öncəsi müayinə zamanı anal çat spazmalı olmayıb, ona görə də iddia edilən və Türkiyə Respublikasında tətbiq edilmiş “Sfinkterotomiya” adlı prosedur ilkin etapda edilməyib və xəstəyə də bu barədə dəfələrlə məlumat verilmişdir ki, zərurət olacağı təqdirdə tətbiq ediləcəkdir. Həmin prosedurda anal inkontinans (yəni nəcis saxlamazlıq) ehtimalı beynəlxalq protokollara görə 4-10 % olduğu üçün və spazm olmadığı üçün ehtiyac duyulmayıbdır. Heç bir yerdə anal çatla bərabər edilməlidir deyə məcburiyyət yoxdur. Bundan əlavə yara irinlədiyi üçün əməliyyat yarası ikincili sağalıbdır. Bütün ikincili sağalan yaralarda gec sağalma və kobud çapıq toxuması qaçılmaz nəticədir. Normal halda anal çatın sağalması 4-6 həftə olduğu halda, bu qəbzlik və irin fonunda yara sağalması gecikə bilir. Hazırda iddiaçı anal darlıq olduğunu iddia edir. İlk öncə Türkiyə Respublikasında həkim müayinə zamanı ağrı olmadığını və skar dokusu, yəni çapıq olduğunu qeyd edib. Anal bölgədə çat sağalmayıbsa oranı müayinə etmək, xüsusən də barmaqla yaraya toxunmaq əzabvericidir, yəni dolayısı ilə həkim müayinə edən zaman yara artıq çapıqlaşmış və sağalmış vəziyyətdə olmuşdur. Bütün yaralar çapıq toxuması yaranıbsa, demək yara bitişib və sağalıbdır. Göstərilənlərə əsasən həmin müayinə nətcəsinə şübhə ilə yanaşır. Belə ki, Türkiyə Respublikasında barmaqla müayinədən başqa heç bir müayinə aparılmayıb. Ehtiyac olduğunu təsdiqləmək üçün anal manometriya aparılmalı idi. Hazırda bu əməliyyata ehyac olmasını təsdiq edən sübut yoxdur. Bundan başqa iddia edilən anal darlıq olsaydı, həkim pasiyentə anusun plastikasını etməliydi, sfinkterotomiya anal darlığı bərpa etmir. Deməli ya diaqnozda, ya da prosedurda problem var. Əgər ehtiyac olsaydı belə bu 5 dəqiqəlik prosedura o, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən həkim həmkarı rahatlıqla edə bilərdi. Görünən odur ki, Türkiyə Respublikasında əməliyyat olunmaq iddiaçının şəxsi konfortu üçün olmuşdur. İstər babasil, istər çat xəstəliyində oturaq həyat tərzi, qəbizlik, düzgün olmayan qida rejimi, düzgün olmayan yara baxımı residiv olma ehtimalını dəfələrlə artırır. Bu isə həkimin günahı deyil, ola biləcək ağırlaşmalardır. Digər Cavabdeh1 MMC-nin etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı “kombinə olunmuş babasil, İİİ və İV dərəcəli xroniki anal çat, anal kanalın polipi” diaqnozu ilə əməliyyat nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-də həkim Kəmalə Qasımova tərəfindən “kombinə olunmuş babasil, İİİ və İV dərəcəli xroniki anal çat, anal kanalın polipi” diaqnozu ilə əməliyyat olunmuşdur. Cavabdeh1 MMC hazırkı iddiaçı, yəni pasiyent İddiaçı əməliyyatı üçün götürmüş olduğu bütün öhdəlikləri yerinə yetirmişdir. Əməliyyatdan sonra keçən müddət ərzində iddiaçının iddia etdiyi fəsadlar əməliyyat sonrası həkim məsləhətinə qulaq asmaması və əməliyyat sonrası təyin edilmiş tibbi prosedurları icra etməməsi nəticəsində əmələ gəlmişdir. Qeyd olunanlar nəzərə alınraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya X2 xx.xx.2022-ci il tarixli 575/KEŞ saylı ekspert rəyi ilə, eləcə təkrar ekspertiza əsasında verilmiş xx.xx.2023-cü il tarixli 98/KEŞ saylı ekspert rəyi ilə razılaşmır və ona görə də həmin rəylərin sübut olaraq qəbul edilməməsini məhkəmədən xahiş edir. Belə ki, sonuncu təkrar ekspert rəyindən müəyyən edilir ki, qoyulmuş suaların cavablandırılmasından ötrü mütəxəssis rəyinin alınması ilə bağlı İddiaçı şəxsi müayinə edilməsi üçün Bakı Sağlamlıq Mərkəzinə göndərilmişdir. Bu göndəriş zamanı ekspert qarşısında müəyyən suallar qoyulmuşdur. Həmin Mərkəzdə İddiaçı mütəxəssis Cavad Qurbanov tərəfindən müayinə olunmuşdur. Mütəxəsis tərəfindən verilmiş rəydə xəstənin təkrar müayinə olunması səbəbi göstərilmiş və o, dolayısı ilə İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13 Xəstəxanası tərəfindən verilmiş epikrizlə razılaşmışdır. Həmin epikrizdə xəstənin şikayəti xroniki anal çatın olmsasıdır. Belə ki, C.Qurbanov tərəfindən bildirilmişdir ki, İddiaçı cərrahiyyə əməliyyatından sonra onun müayinəsində olmadığından dəqiq cavab verə bilmir. X4muş cərrahi əməliyyatın epikrizinə əsasən səbəbi və xəstənin şikayəti xroniki anal çatın olmasıdır. Göründüyü kimi mütəxəssis təkrar cərrahi əməliyyatın aparılmasının dəqiq səbəbini müəyyən edə bilməmişdir. Bu isə onunla əsaslandırılmışdır ki, iddiaçı German Hospitalında əməliyyatdan sonra həmin tibb müəssisəsində müayinədə olmamışdır. Ən vacib məqam ondan ibarətdir ki, mütəxəssis cərrahi əməliyyatın epikrizinə istinad edərək əməliyyatın səbəbi kimi xroniki anal çatın olmasını göstərmişdir. Türkiyədə xəstəxana tərəfindən aparılmış müayinəyə dair epikrizdə qeyd edilmişdir ki, səhv aparılmış cərrahiyyə əməliyyatı nəticəsində Y.İlkinin səhhətində “anal daralması” və “anal çatın kəskin ağırlaşması” kimi cidd problemlərin yarandığı aşkar olunmuşdur. Göründüyü kimi mütəxəssis təkrar cərrahi əməliyyatın aparılmasının səbəbinə münasibətdə Türkiyə xəstəxanasının epikrizinə mötəbər hesab etmiş və həmin epikrizdə qeyd edilənlərə zidd heç bir mülahizə irəli sürməmişdir. Lakin ekspert rəyində mütəxəssisin rəyinə istinad edilməmişdir. Bundan başqa mütəxəssis məhkəmənin verdiyi suallara tam cavab verə bilməmişdir. Göstərilənlərə əsasən ekspert rəylərinin deyil, İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13 Xəstəxanası tərəfindən verilmiş epikrizin sübut olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini rədd edərək bildirmişdir ki, iddiaçı onun tərəfindən ilkin müayinə edilərkən “kombinə olunmuş babasil İİİ və İV dərəcə” və “xroniki anal çat” mövcud olmuş və spazması olmamışdır. Protokol qaydasına əsasən əgər spazm yoxdursa lisə əməliyatına, yəni Türkiyədə icra olunan əməliyyata ehtiyac yoxdur. İddiaçı ilkin əməliyyat olunandan 10 gün sonra onun yanına gəlmiş, müayinə zamanı yaranın irin içində olduğu müəyyən edilmişdir. O da yaranın irinləməsini müşahidə etmişdir. Hətta iddiaçının anası ona zəng edərək şifahi qaydada məlumat vermişdir ki, xəstə müalicə olaraq təyin edilmiş dərman vasitələrindən istifadə etmir. Halbuki müalicə olaraq dərman vasitələrinin tətbiqi mütləq və vacib idi. Belə ki, əməliyyat anusun içərisində olduğundan mütləq şam qoymaq lazımdır. Əgər müalicəyə riayət olunsa idi xəstənin ikinci dəfə əməliyyat olunmasına ehtiyac qalmazdı. Çünki spazma 2-3 günə əmələ gələ bilir. O, sadəcə müalicə üsulu ilə irinin qarşısını almağa çalışmış və vəziyyət yaxşıya doğru getməyə başlamışdır. Hətta iddiaçı ilə aralarında aparılan səsli yazışmalar zamanı iddiaçı özünü daha yaxşı hiss etdiyini bildirmişdir. Danışıqlardan bir müddət sonra pasiyent bir daha onunla əlaqə yaratmamışdır. Əlavə olaraq qeyd edir ki, yaranın formalaşması üçün 4-5 ay müddət lazımdır. Düzgün müalicə olunmayanda yenidən xroniki formaya keçir, yəni zədəli formada qalır. İddiaçı protokol qaydasına uyğun 5 ay gözləməli idi, amma pasiyent gedib təzədən əməliyyat olunmuşdur. Onlar tərəfindən 3 ay müddətində müayinələr ödənişsiz həyata keçirilmişdir. Verilmiş suallara əsasən bildirmişdir ki, xəstənin yaraya düzgün qulluq etməməsi, əməliyyatdan sonra oturaq şəraitdə işləməsi (baxmayaraq ki, bu tip əməliyyatdan sonra xəstəyə oturmaq qəti qadağandır) onun vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Əməliyyat sonra xəstəyə sfinkteromiya əməliyyatını zərurət olmadığından tətbiq etməmişdir və hesab edir ki, xəstənin vəziyyətinin ağırlaşmasına bu hal səbəb olmamışdır. Belə ki, həmin əməliyyatdan sonra 8-10 faiz hallarda bu nəcis saxlamamazlığa səbəb olur. Onda daha böyük fəsadlar əmələ gələ bilərdi. Hesab edir ki, babasil, çat əməliyyatlarında qanaxma hallarının olması normaldır. Ayaqyoluna gedən zaman bulaşıqlı nəcis ifrazları, qanaxma halları olur. Babasil əməliyyatlarından sonra hardasa 2 ay, 2 ay yarım bəzən isə 3 ayadək sağalma müddətləri vardır. Əməliyyatdan sonrakı baxım da çox vacib faktordur ki, xəstə buna əməl etməmişdir. Yara irinin içində olduğuna görə ikincili sağalır, birincili sağalma ehtimalı yoxdur. Normalda birincili sağalan yaralar 4-6 həftəyə qədər, 2 aya, 2 ay yarıma qədər çəkə bilir. İrinli yaralarda sağalma 3 aydan çox çəkir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf birinci rəydə “anal darlıq”, ikinci rəydə isə “anal çat” ifadəsi üzərində dayanır. Bunlar fərqli diaqnozlardır. Hər bir halda hazırki mülki iş üzrə mübahisənin düzgün həlli istiqamətində tibb sahəsi üzrə keçirilən tədqiqat nəticəsində verilən ekspert rəyləri vacib sübutlardandır. Hazırki işdə isə iki dəfə məhkəmə tibbi ekspertiza keçirilmiş və ikinci tədqiqat zamanı iddiaçı bilvasitə iştirak etmişdir. Ekspert rəyindən və onun istinad etdiyi mütəxəssisin mülahizəsindən müəyyən edilir ki, xəstəyə düzgün diaqnoz qoyularaq, əməliyyat taktikasında yanlışlığa yol verilməmişdir. Odur ki, ekspert rəylərinin sübut olaraq qəbul edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı “kombinə olunmuş babasil İİİ və İV dərəcə”, “anal kanalın polipi” və “xroniki anal çat” diaqnozu ilə “German Hospital” klinikasına müqaciət etmiş və klinikanın həkimi X7 tərəfindən müayinə edilərək onun üzərində cərrahiyyə əməliyyat keçirilmişdir. Həm əməliyyat zamanı, həm də əməliyyatdan bir həftə sonra iddiaçının ərizəsində göstərildiyi kimi heç bir ağırlaşma halı olmamışdır. Cavabdeh1 MMC xəstənin əməliyyatı üçün öz üzərinə götürdüyü öhdəlikləri icra edərək, əməliyyat üçün bütün zəruri şəraiti yaratmış və tibbi ləvazimatları təmin etmişdir. Əməliyyatdan sonra keçən müddət ərzində iddiaçının iddia etdiyi fəsadlar xəstənin, yəni İddiaçı həkim məsləhətlərinə düzgün riayət etməməsi nəticəsində yaranmışdır. Digər tərəfdən Türkiyə Respublikasının klinikası tərəfindən verilən epikrizi əsaslı qəbul etmir. Belə ki, epikrizdə göstərilənlər araşdırılmalı və ekspertiza keçirilməlidir. Ona görə də hesab edir ki, hazırki iddia tələbi əsassız olmaqla rədd edilməlidir. O, həmçinin iddiaçı tərəfindən əməliyyata görə “German Hospital” klinikasına 1.100 manat ödəniş edildiyini etiraf edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan - “German Hospital” tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli əməliyyatönü epikrizdən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə klinikaya anal kanal ətrafında ağrılar, göynəmə, yanma hissi, ağrılı defekasiya, defekasiyadan sonra tam boşalmama, əllənən düyünlər, qəbizlik, halsızlıq şikayətləri ilə daxil olmuşdur. Aparılan anamnestik, kliniki, diaqnostik, labarator müayinələr nəticəsində xəstəyə “kombinə olunmuş babasil, İİİ və İV dərəcəli xroniki anal çat, anal kanalın polipi” diaqnozu qoyulmuşdur. Xəstədə əməliyyatönü hazırlıqdan sonra xx.xx.2021-ci il tarixdə spinal anesteziya şəraitində «hemoroidektomiya, anal çatın ləğvi və anal polipin ləğvi» əməliyyatının aparılması planlaşdırılmışdır. Həmçinin müəyyən edilir ki, mütləq əks göstəriş aşkar edilməmiş, qanköçürmə planlaşdırılmamış, xəstəyə və xəstənin qohumlarına müalicə planı, ola biləcək ağırlaşmalar və fəsadlar barədə tam məlumat verilmişdir. Cərahiyyə əməliyyata xəstə razı olmuşdur. -“German Hospital” tərəfindən İddiaçı adına tərtib edilmiş xəstəlik tarixindən müəyyən edilir ki, xəstəyə “Kombinə olunmuş babasil, İİİ-İV dərəcə, xroniki anal çat və anal kanalın polipi diaqnozu qoyulmuşdur”. Həmçinin “Cərrahiyyə əməliyyatının protokolu”ndan müəyyən edilir ki, spinal anestiziya şəraitində anal kanal sanasiya olunmuş, 3,7,11 istiqamətində babasil düyünləri əsası sentesorb №3.0 bağlanmaqla lazer koaqulyasiya edilmişdir. Saat əqrəbinin 6 istiqamətində xriniki anal çat çapıq toxuma təmizlənmiş, ölçüsü təqribi 0,2 sm olan kiçik ölçülü polip ləğv edilmiş. Anal kanal antiseptik məhlulla təmizlənmiş. Hemostaz yaradıldıqdan sonra anal kanala mazlı turunda qoyulmuşdur. - “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanası tərəfindən İddiaçı adına tərtib edilmiş xəstəlik tarixinin epikrizdən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Daxil olarkən şikayəti anusda ağrıdandır. Şikayətləri keçirdiyi əməliyyatdan sonra başlamışdır. 4 ay əvvəl “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı keçirmişdir. Müayinə zamanı aşkar edilmişdir ki, anoderm üzərində arxa orta xəttdə çatlaq mövcuddur. Ginekoloji formada anoderm üzərində keçirilmiş əməliyyata aid çapıq izləri və anal kalibrda azalma izlənmişdir. Rektal hissədə (baş barmaq ilə ağrısız bir şəkildə olundu) xüsusiyyət aşkarlanmamışdır. Laborator müayinələr aparılmış, daha sonra xəstənin ginekoloji formada olunan anal müayinəsində anoderm üzərində keçirilmiş (hemorroidektomi, sfinkretotomi) çapıq izləri, saat 6 istiqamətində anal çapığın olduğu görünmüş və “Lateral daxili sfinkterotomiya” cərrahiyyə əməliyyatına qərar verilmişdir. xx.xx.2022-ci il tarixdə “Sfinkterotomiya” cərrahiyyə əməliyyatı keçirilmişdir. Xəstə xx.xx.2022-ci il tarixdə yaxşılaşma ilə evə buraxılmışdır. Yekun olaraq qoyulan diaqnoz “Anal çapıq müəyyən edilməmiş. Anal çapıq xroniki” qoyulmuşdur. - Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 012598 saylı mədaxil qəbzinə və “German Hospital” tərəfindən verilən hesabdan çıxarışlara əsasən müəyyən edilir ki, İddiaçı həkim Kəmalə Qasımova tərəfindən “German Hospital”-da edilən əməliyyat və bununla bağlı dərman və müayinə xərcləri üçün xəstəxanaya cəmi 1.110 (bir min yüz on) manat məbləğində ödəniş etmişdir. - “Buta Airways” bilet sifarişindən müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarizdə Bakı-İstanbul uçuşu üçün 183,02 manat, xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı uçuşu üçün isə 115 ABŞ dollar ödəniş etmişdir. - “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş çekindən müəyyən edilir ki, İddiaçı tərəfindən xəstənaya 10.000 türk lirəsi məbləğində ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 499 saylı müqavilədən və xx.xx.2022-ci il tarixli 29626 nömrəli E-manat kassa mədaxil qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən ona hüquqi xidmət göstərilməsi ilə bağlı “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 900 manat vəsait köçürmüşdür. - İş üzrə cavabdeh “X19” MMC-nin vəsatətinə əsasən məhkəmə tərəfindən keçirilmiş ilkin məhkəmə-tibb ekspertizası üzrə AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 tərəfindən verilmiş 575-KEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin nəzdində fəaliyyət göstərən German Hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Kombinəolunmuş babasil, İİİ-İV dərəcə, Xroniki anal çat, Anal kanalın polipi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Hemorroidektomiya, Anal çatın ləğvi, Anal polipin ləğvi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. xx.xx.2021-ci il tarixdə xəstəyə müvafiq məsləhətlər verilmiş və o, kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində German Hospitalda icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra o, xx.xx.2022-ci il tarixdə İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13 Xəstəxanasına müraciət etmişdir. Müayinə zamanı onda xroniki anal çapığın olduğu müəyyən edilmiş və bununla əlaqədar onun üzərində “Lateral daxili sfinkterotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Təkrar cərrahiyyə əməliyyatının aparılması iltihabi proseslə əlaqəli formalaşmış anal kanalın çapıq strukturu ilə əlaqədar olmuşdur. Təkrar cərrahiyyə əməliyyatının keçirilməsinə səbəb iltihabi proseslə əlaqəli formalaşmış anal kanalının çapıq strukturu ilə bağlı olmuşdur. Bu da əməliyyatdan sonrakı dövrdə əməliyyat sahəsinə qulluğun tam həcmdə olmaması və həkim təyinatına vaxtında əməl edilməməsi zamanı yarana bilər. Qeyd olunanlar nəzərə alınaraq təkrar cərrahiyyə əməliyyatının aparılması ilkin cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqənin olmasını istisna edir. İlkin Yusifinin “German Hospitaf’da aparılmış ilkin cərrahiyyə əməliyyatından 5 ay sonra o, təkrar cərrahiyyə əməliyyatına məruz qalmışdır. Qeyd olunan müddət ərzində xəstənin tibb müəssisəsinə müraciət etməsi və müalicələrinin alması barədə hər hansı bir tibbi sənəd mövcud deyildir. Həmçinin rəydə qeyd edilmişdir ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Göstərilən ilkin ekspert rəyi məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı zamanı iddiaçı bilavasitə müayinə edilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş vəsatət təmin edilərək iş üzrə təkrar məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Bundan sonra iddiaçının bilavasitə müayinəsi təmin edilməklə AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X20 tərəfindən xx.xx.2023-cü il tarixli 98/KEŞ saylı rəy verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, ekspert tərəfindən verilən göndəriş əsasında İddiaçı bilavasitə “Bakı Sağlamlıq Mərkəzi”nin mütəxəssisi həkim-proktoloq Cavan Xubanov tərəfindən müayinə olunmuşdur. xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyatdan sonrakı vəziyyəti ilə bağlı mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: müalicə həkimi tərəfindən, xəstənin şikayətlərinə və kolonoskopiya müayinəsinin nəticələrinə əsaslanaraq xəstəyə “Kombinə olunmuş babasil xəstəliyi, 3-4-cü dərəcə. Xroniki anal çat; anal kanalın polipi” diaqnozu düzgün qoyulmuşdur. Diaqnozlara əsasən ilkin cərrahi əməliyyatlar düzgün və məqsədyönlü olmuşdur. İlkin cərrahi əməliyyatdan sonra müayinədə olmamışdır. Lakin 4 ay sonra Türkiyə Cümhuriyyətində olunmuş əməliyyat epikrizinə əsasən xroniki anal çat (residiv) olmuşdur. 5-ci və 6-cı sual üzrə ilkin cərrahi əməliyyatdan sonra müayinədə olmadığından dəqiq cavab vermək mümkün deyildir. Lakin bu tip əməliyyatlardan sonra 6% hallarda residiv anal çat əmələ gələ bilər. X1muş cərrahi əməliyyatın epikrizinə əsasən səbəbi xəstənin şikayəti və xroniki anal çatın olmasıdır. İddiaçı xəstəxananın əməkdaşları tərəfindən anal və perianal inspeksiya olunmuşdur. Hal-hazırda hər hansı cərrahi əməliyyata ehtiyac olunacaq patologiya aşkar olunmamışdır. Nəticə: verilən cavablara uyğun olaraq belə nəticəyə gəlmək olar ki, daha öncə aparılmış cərrahi əməliyyat adekvat məqsədyönlü olmuşdur. Klinikada aparılmış anal, perianal inspeksiya müayinələrinin və instrumental, (Anoskopiya) nəticəsi olaraq hal-hazırda heç bir cərrahi əməliyyata ehtiyac yoxdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin nəzdində fəaliyyət göstərən “German Hospitala” “kombinə olunmuş babasil, İİİ və İV dərəcəli xroniki anal çat, anal kanalın polipi” diaqnozu ilə müraciət etmiş və həmin tarixdə həkim X7 tərəfindən onun üzərində spinal anesteziya altında «hemoroidektomiya, anal çatın ləğvi və anal polipin ləğvi» əməliyyatı icra edilmişdir. xx.xx.2021-ci il tarixdə xəstəyə müvafiq məsləhətlər verilmiş və o, kafi vəziyyətdə evə yazılmışdır. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ümumilikdə 1110 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı adına “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanasında tərtib edilmiş xəstəlik tarixinin epikrizindən müəyyən edilmişdir ki, o, xx.xx.2022-ci il tarixdə “anusda ağrılar” şikayəti ilə həmin tibb müəssisəsinə müraciət etmiş və müayinə zamanı anoderm üzərində arxa xətdə çatlaq, çapıq izləri, saat 6 istiqamətində anal çapığın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə onun üzərində “sfinkterotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2022-ci il tarixdə vəziyyəti yaxşı olduğundan evə buraxılmışdır. Məhkəməyə təqdim edilmiş “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanasına məxsus kassa ödəniş qəbzlərindən müəyyən edilir ki, əməliyyat və tibbi müayinələr üçün İddiaçı tərəfindən 10.000 türk lirəsi məbləğində vəsait, eləcə də xx.xx.2022-ci il tarizdə Bakı-İstanbul uçuşu üçün 183,02 manat, xx.xx.2022-ci il tarixdə İstanbul-Bakı uçuşu üçün isə 115 ABŞ dollar, hüquqi xidmət göstərilməsi ilə bağlı “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 900 ödənilmişdir. Hazırda iddiaçı iddia edir ki, onun maddi və mənəvi zərər çəkməsinə səbəb bilavasitə cavabdeh X7 tərəfindən əməliyyatın düzgün icra edilməməsi və əməliyyatdan sonrakı reabilitasiya dövründə fəsadlaşmanın səbəbini vaxtında aşkar edib düzgün müalicə taktikasını seçməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi tibb müəssisəsindən təqdim edilən sənədlərə istinad etsə də, bu barədə məhkəməyə hər hansı digər mötəbər sübutlar təqdim etməmiş, ümumiyyətlə iddiaçı, cavabdehin səhvi nəticəsində ona maddi və mənəvi zərər vurulmasını sübut edə bilməmişdir. Bunun əksinə olaraq iş üzrə əldə edilmiş məhkəmə-tibb ekspert və mütəxəssis rəyi ilə cavabdeh X7 tərəfindən əməliyyatın taktiki və texniki cəhətdən düzgün icra edilməsi müəyyən edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(004)-3952/2022 saylı qərardadı ilə mülki iş üzrə təyin edilmiş təkrar məhkəmə-tibb ekspertizası nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 tərəfindən verilmiş KEŞ-98 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən edilir ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibb və mütəxəssis müayinəsinə əsaslanaraq nəticəyə gəlinmişdir. Rəylə müəyyən edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə “German Hospitala” “anal kanal ətrafında ağrılar, göynəmə, yanma hissi” şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “kombinə olunmuş babasil, İİİ və İV dərəcəli xroniki anal çat, anal kanalın polipi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Hemorroidektomiya, Anal çatın ləğvi, Anal polipin ləğvi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Xəstə xx.xx.2020-ci il tarixdə evə yazılmışdır. Daha sonra, İddiaçı xx.xx.2022ci il tarixdə İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13 Xəstəxanasına müraciət etmiş və ona “anoderm üzərində çatlaq” diaqnozu təyin edilmiş və xəstə xx.xx.2022-ci il tarixdə “sfinkterotomiya” cərrahiyyə əməliyyatı edilərək, xx.xx.2022-ci il tarixdə yaxşılaşma ilə evə yazılmışdır. Odur ki, məhkəmə müayinə aktına, ekspert və mütəxəssisin rəylərində göstərilənlərə əsaslanaraq hesab edir ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 tərəfindən verilmiş KEŞ-98 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi digər sübutlarla ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut olaraq qiymətləndirilməlidir. Eyni zamanda “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanası tərəfindən İddiaçı adına tərtib edilmiş epikrizdən müəyyən edilir ki, iddiaçının məhz həmin xəstəxanaya müraciəti zamanı şikayəti anal çatın olmasından ibarət olmuşdur. Həmçinin də ilkin əməliyyat zamanı X15 müraciət edən zaman da eyni ilə qeyd edilən diaqnozdan şikayəti olmuşdur. Görünən odur ki, anal darlığı ilə bağlı iddiaçının şikayəti mövcud olmamışdır. Anal darlıq diaqnozu nə “İstanbul Medipol Universiteti Sağlamlıq Tətbiqi və X13” Xəstəxanası tərəfindən verilmiş epikrizdə nə də, X14 xəstəlik tarixində göstərilməyib. İddiaçının ümumiyyətlə elə bir şikayəti olmayıbdır. Həmçinin təkrar ekspertiza zamanı da müəyyən edilir ki, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Həkim səhvini nəzərdə tutan hər hansı bir hal isə aşkar edilməyib. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehlərin hüquqazidd əməli nəticəsində ona maddi və mənəvi zərər vurulmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Bunun əksinə olaraq iddiaçının dəlilləri KEŞ-98 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspert rəyi ilə tam təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə “Hemorroidektomiya, Anal çatın ləğvi, Anal polipin ləğvi” cərrahiyyə əməliyyatı icra edilməsi zamanı cavabdehlər tərəfindən hər hansı səhvə yol verilməsi sübuta yetirilmədi. Bununla da cavabdehlərin hərəkətlərində hər hansı bir mülki hüquq pozuntusu olmadığından mülki hüquq pozuntusu nəticəsində cavabdehə maddi və mənəvi ziyan vurulması faktı da sübut edilmədi. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 KEŞ-98 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən, iş üzrə mütəxəssis rəyindən tam sübuta yetirilir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının üzərində icra edilmiş “Hemorroidektomiya, Anal çatın ləğvi, Anal polipin ləğvi” əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi və mənəvi zərərin tələbinə dair iş üzrə ilkin hüquqi qiymət verilməli olan fakt mülki hüquq pozuntusunun (deliktin) olub-olmamasıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehlərin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan dəyməsi sübut olmadığından, iddiaçının xarici ölkədə (Türkiyə Respublikasında) yenidən əməliyyat olunması ilə bağlı çəkdiyi tibbi və digər (yol xərcləri, qidalanma və s.) xərclər və hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş xərcin əvəzinin cavabdehlərdən tutulması hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar