Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1027/2024 28.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vəkil qismində Cavabdeh ödənilmiş 240 manat xidmət haqqının dövlət büdcəsinə geri qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vəkil qismində Cavabdeh ödənilmiş 240 manat xidmət haqqının dövlət büdcəsinə geri qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X1 Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının inzibati iş üzrə 2-1(103)-1394/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına təmin olunmuş vəkil Cavabdeh Vəkillər Kolleqiyası tərəfindən ona verilmiş vəkil orderini təqdim etməkdən boyun qaçırdıb. Orderi təqdim etmək əvəzinə Cavabdeh İddiaçı boş kassasiya şikayəti blankına imza atmağı təklif edib. İddiaçı ona vəkil tərəfindən təklif olunan kassasiya şikayəti blankına heç bir imza atmayıb. 21 aprel 2023-cü il tarixində İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək dövlət hesabına təmin olunmuş vəkil Cavabdeh başqa vəkillə əvəzlənməsini xahiş edib. 21 aprel 2023-cü il tarixində İddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının inzibati iş üzrə 2-1(103)- 1394/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına təmin olunmuş vəkil Cavabdeh xidmətlərindən imtina edilməsi barədə xəbardar edib, xahiş etmişdir ki, kassasiya şikayəti verilməsi müddəti yeni vəkil təyin olunması tarixindən hesablansın. 26 aprel 2023-cü il tarixində vəkil Cavabdeh şikayətçi İddiaçı adından və onunla razılaşdırmadan Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının inzibati iş üzrə 2-1(103)-1394/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərardadından şikayətçinin imzası olmayan kassasiya şikayətini məktub vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə yönəldir. “Elektron Məhkəmə” sisteminin şikayət formulyarında yalan məlumat verilməsinin məsuliyyət daşınması barədə xəbərdarlıq olduğundan, vəkil Cavabdeh gecikmə ilə özü tərtib etdiyi kassasiya şikayətini Vahid Məhkəmə Portalında qeydiyyatdan keçirməyib. 18 may 2023-cü il tarixində Cavabdeh iş nö. 2-1(102)- 1602/2023 üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etdiyi “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin Hesabatı”nda müştəri ilə iki görüşün cəmi 30 (otuz) dəqiqə vaxtını 8 (səkkiz) saat kimi, əslində bayram günləri kimi keçirmiş (əlavə-elektron poçt yazışmaları) vaxtı vəkilin dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardıma görə toplam vaxtı 40 (qırx) saat kimi göstərmişdir. Vəkil Cavabdeh tərtib etdiyi qeyri-düzgün Hesabatı ilə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində müqavilələr azadlığı prinsipi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı bildirir ki, “vəkil qismində Cavabdeh ödənilmiş 240 manat xidmət haqqının dövlət büdcəsinə geri qaytarılması” tələbinə dair iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, sözügedən vəsait iddiaçının şəxsi vəsaiti hesabına deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Əgər vəkilin hüquqi xidmətində hər hansı keyfiyyətsizlik və ya qusur varsa, bu barədə vətəndaş tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edilə bilər. Müraciət barədə subyektiv hüquq iddiaçıya məxsusdur. Bundan əlavə, iddiaçının tələbə dair subyektiv hüququ olsa belə, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması halları müəyyən edilmir. Belə ki, vəkil xidmətin (kasasiya şikayəti və s.) nəticəsinə görə deyil, ağlabatan səviyyədə keyfiyyətli hüquqi xidmətin göstərilməsinə görə məsuldur. Vəkil həmçinin fəaliyyətini yalnız qanunvericiliyin tələbləri daxilində, vəkil etikasına ciddi şəkildə riayət etməklə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə Cavabdeh hərəkətlərində (hərəkətsizlik) delikt hüquq institununun dispozitiv şərtləri müəyyən edilmir. İlk öncə, ağlabatan mühakimə əsasında iddiaçıya hər hansı mənəvi zərərin vurulması elementləri aşkar edilmir, bundan əlavə, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluq, dolayı yolla təqsirli və ya təqsirsiz məsuliyyətin əsasları mövcud deyildir. İddia ərizəsində qeyd olunanlar əsassız hesab olunmaqla iddiaçının şəxsi mülahizəsi kimi qiymətləndirilir. Maddi zərər barədə isə iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan sui-istifadə yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “vəkil qismində Cavabdeh ödənilmiş 240 manat xidmət haqqının dövlət büdcəsinə geri qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1027/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1027/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver