Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-112/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı “miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Pustavalov Vitaliy Alekseyeviç cavabdehlər X5 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı “miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən miras əmlak iddiaçının anası X6 mülkiyyətində olmuş, həmin mənzildə iddiaçı doğulduğu gündən hal-hazıradək öz ailə üzvləri qızı X4 və arvadı X9 ilə birgə yaşayır. X10 28 fevral 2012-ci ildə ölmüş, ondan miras qalmış əmlaka isə iddiaçı sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktik başlamış, mirası qəbul etmişdir. 21 iyul 2023-cü ildə İddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək miras əmlaka tam hissədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin ona həmin notariat ofisinin 25 iyul tarixli qərarı ilə imtina edilmiş, səbəb isə miras qoyanın digər oğlu X7 tərəfindəndən də ərizə ilə müraciət etməsi göstərilmişdir. Araşdırma zamanı müəyyən olmuşdur ki, miras qoyanın digər oğlu, Rusiya Federasiyası vətəndaşı X7 2020-ci ildə (miras qoyanın ölümündən 8 il sonra) etibarnamə üzrə nümayəndə vasitəsilə 5 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, notariat ofisində ərizəçiyə vərəsəlik işinin açılmasına dair lazımi sənədlərin olmadığı, həmin sənədlərin zəruriliyi bildirilsə də, 4 ilə yaxın bir müddətdə hər hansı bir tələb olunan sənəd təqdim edilməmiş, nümayəndəyə verilən etibarnamənin müddəti ötürülmüş, beləliklə də vərəsəlik işi açılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 30/3704 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İ-ИЗ 856888 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 5 saylı Notariat kontoru tərəfindən verilmiş qərardan müəyyən olunur ki, miras qoyanın digər vərəsəsi-oğlu X7 tərəfindən də ərizə ilə müraciət edilmişdir. Bu səbəbdəndə vətəndaş İddiaçı tam hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş ərizələrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhər X1 əmlaka görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı anadan olmuş və bu barədə akt qeydləri kitabında 2535 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş mailto:puanna@mail.ruElektron ünvan poçt ünvanı vasitəsilə məhkəmənin elektron poçt ünvanına göndərilmiş 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, X3 ilə bağlı Bakıya gələ bilmir, Azərbaycan Respublikasında mirasının özünə aid qanuni hissəsini, yəni mirasdan payını istəyir. Eyni zamanda, məhkəmə tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13cü Nərimanov döngəsi, 1 ünvanında yerləşən evə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı iddiaçının sözügedən evdə arvadı və qızı ilə birlikdə yaşaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, X10 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı şəhəri, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən mənzil mərhumun mülkiyyətində olmuşdur. Onun iki oğlu İddiaçı və X7 1-ci növbə qanun üzrə vərəsələridir. Cavabdeh Nikolay Pustavaov miras əmlakdan imtina etməsinə dair hər hansı ərizə ilə notariusa müraciət etməmiş, 22 yanvar 2012-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən ona cavab və ya qərar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh də miras əmlak üzrə 1-ci növbə qanun üzrə vərəsələrin dairəsinə daxil olduğundan, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilməli və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilməli və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilsin və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-112/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-112/2024
24.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver