Məhkəmə qərarları › İş №e-2(004)-118/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-118/2023

22.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-118/2023 22.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş 4 otağın xərclərinin müəyyən edilməsi, hüququn tanınmaqla sərf edilmiş xərclərin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildə X15 oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı doğulmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 48 saylı ünvana gəlin köçmüş və həyat yoldaşı X8 dünyasını dəyişənə kimi orada bir yerdə yaşamaqla ümumi təsərüfatı idarə etmişlər. Gəlin köçəndən sonra həyətdə boş sahədə olan bir otaqlı ev tikmişlər. Sonradan isə həmin evin üzərində ikinci mərtəbəni bir otaq bir mətbəx inşa etmişlər. Evlər bir-birinin üzərində olsa da onların giriş-çıxışı ayrıdır. Gəlin köçəndən sonra qaynatası Cavabdeh2 Soltan oğlunun razılığı ilə ayırdığı torpaq sahəsində mərhum əri ilə birlikdə ayrı-ayrı girişləri olan, uzun müddət vaxt ərzində 4 ev tikmişlər. Həmin evlərə çəkilmiş işıq və qaz üzrə xərclər onun adınadır. Cavabdehlər olan qaynatası və qaynanası ilə bir həyətdə yaşamış və onlardan başqa həmin həyətdə kimsə olmamışdır. Cavabdehlərin oğlu mərhum əri olduğu üçün həmin vaxt həyətdə bütün işlər onlar tərəfindən görülmüşdür. Evlərin yerləşdiyi həyətə girişdən sağ tərəfdə iki mərtəbəli bir otaqlı, birinci mərtəbədə olan qapısı küçəyə açılan bir ev, sonra həmin evin üstündə qapısı həyətə açılan ikici ev onlar tərəfindən inşa edilmişdir. Hər iki evin hamam-tualet, mətbəxti ayrıayrılıqdadır. Həmçinin həyətə girişin sol tərəfində iki ayrı-ayrılıqda girişləri olan bir otaqdan ibarət iki ev tikmişlər. Maddi vəsait sərf edilmişdir. Hal-hazırda mərhum həyat yoldaşı ilə uzun müddət ərzində tikilmiş evlər cavabdehlərin sahibliyindədir və o, həmin evlərdən istifadə edə bilmir. Uzun illər əziyyət çəkib həmin evləri tikmişlər. xx.xx.2020-ci il tarixdə evdən çıxmağa məcbur olmuşdur. Hazırda ona məxsus cehiz əşyaları cavabdehlərin evindədir. Həmin evlərin tikilməsinə sərf olunmuş mal, material və xərclənmiş pul vəsaiti mərhum əri ilə birgə nikah dövründə ümumi qazancı hesabına əldə edilmişdir. Məhkəmə iclasında iştirak İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 27 oktyabr 2001-ci ildə cavabdehlərin övladı olan X8 ilə ailə qurmuş və həmin vaxtdan ünvan 2 ünvanına gəlin köçmüşdür. Birgə nikahdan iki övladı doğulmuş, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışlar. Əri xx.xx.2013-cü il tarixdə xəstəliyi ilə bağlı vəfat etmişdir. Ərinin vəfatından sonra bir müddət qeyd olunan ünvanda yaşamasına baxmayaraq, sonradan cavabdehlərlə aralarında yaranmış narazılıqlara görə övladları ilə birlikdə evi tərk etmək məcburiyyətində qalmışdır. Artıq təxminən 2019-cu ilin dekabr ayından, yəni dörd ilə yaxın müddətdir ki, qeyd olunan ünvanda yaşamır. Həmçinin qeyd edir ki, o, mərhum əri ilə birgə yaşadıqları dövrdə birgə təsərrüfat aparmaqla hər biri bir otaqdan ibarət olmaqla iki birmərtəbəli və hər mərtəbəsində bir otaq olmaqla bir ikimərtəbəli tikili inşa etmişlər. Hazırda həmin tikililərə hüququnun tanınması və tikililərə sərf edilmiş vəsaitin cavabdehlərdən alınaraq ona qaytarılmasını tələb edir. Belə ki, onun mərhum əri əlil olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətini itirməmiş və onlar birgə xırda ticarət fəaliyyəti ilə məşğul olub, evin həyətində ərzaq mağazası işlədib gəlir əldə etmişlər. O, evə gəlin köçəndə əri qardaşı ilə birlikdə mağaza işlətmiş, sonradan isə münasibətləri pozulduğundan əri mağazadan ayrılmışdır. Bu səbəbdən cavabdehlər köhnə tikili olan 2 ədəd birmərtəbəli evi onlara vermişlər ki, evlərin kirayə haqqı ilə dolansınlar. Bir müddət sonra qaynı həmin mağazaya icarə elanı yerləşdirdikdən sonra onlar mağazanı da icarəyə götürərək meyvə-tərəvəz satışı ilə məşğul olmağa başlamışlar. Əldə edilmiş gəliri qənaətlə istifadə edib evin həyətində iki ədəd bir mərtəbəli (hər biri bir otaqla) və bir ədəd iki mərtəbəli tikili inşa etmişlər. Bunu isə təsdiq edən şahidləri vardır. Hər bir birmərtəbəli tikilinin otaqları, eləcə də ikimərtəbəlinin hər mərtəbəsində yerləşən otaqları ayrı-ayrı şəxslərə kirayə verib gəlir əldə etmişlər. Əldə edilən kirayə haqqı hesabına isə ailəni dolandırmışlar. Onlar cavabdehlərin ona verdikləri iki ədəd birmərtəbəli tikilini söküb yenidən inşa etmiş, hətta öz yaşadıqları evə ayrıca hamam-tualet və mətbəx tikmişlər. Onlar birgə nikah dövründə cəmi 4 ədəd ev tikmişlər. Qeyd olunan tikililərin ona məxsus olmasına dəlalət edən sübutlardan biri isə ondan ibarətdir ki, cavabdehlərdən olan qaynanası Gülbəst Əliyeva ona əvvəllər etibarnamə verərək tikililəri öz adına rəsmiləşdirilməsini bildirmiş, lakin fərdi yaşayış evinə və torpaq sahəsinə dair heç bir sənəd aşkar edilmədiyindən bu mümkün olmamışdır. Hətta ona vəsiyyətnamə yazmışdır ki, həyətin 1/3 hissəsini ona vəsiyyət edir. Lakin sonra qayınanası bildirmişdir ki, onu aldadıblar ki, ümumi həyət öz qızının adına keçirilmişdir. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, mərhum əri mağazada işləyən zaman təxminən 2003-cü ildən az-az imkan dairəsində tikililərin inşasına başlamışlar. 2003-cü ildə cavabdehlərin onlara dolanışıq üçün verdikləri iki birmərtəbəli evləri söküb yenidən inşa etmişlər. 2005-2007-ci illərdə iki il müddətinə digər ikimərtəbəli evi inşa etmişlər. Həmin tikililərdə yaşayan kirayənişinlər isə kirayə haqqını ona vermişlər. Bundan əlavə o, mərhum əri xəstələndikdən sonra 2012-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində xadimə kimi işləməyə başlamış, hətta günün ikinci yarısı dırnaq ustası kimi fəaliyyət göstərərək əlavə gəlir əldə etmişdir. Universitetdə işlədiyi müddətdə ilk vaxtlar əmək haqqı 160 manat olmuş, sonra isə tədricən 400 manata qədər artırılmışdır. Bir həyətdə yaşamalarına baxmayaraq cavabdehlərlə birgə təsərrüfat aparmamışlar. Qeyd olunan tikililərin onun mərhum əri ilə birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına inşa edilməsini qonşuları və qohumları, kirayə haqqının isə onlara verilməsini kirayənişinlər təsdiq edə bilər. Həmçinin kirayənişin olan şahid X11 o, evi tərk etdikdən bir müddət sonra kirayə haqqını onun kart hesabına ödəmişdir. Lakin sonradan Araz Abbasov ona zəng edərək məlumat vermişdir ki, cavabdehlər kirayə haqqının onlara ödənilməsini tələb edir. O, da kirayənişinə problem olmaması üçün kirayə haqqının cavabdehlərə ödənilməsinə etiraz etməmişdir. Hətta digər kirayənişinlərin də kirayə haqlarını cavabdehlərə ödəmələrinə etiraz etməmişdir. Etirazı isə onların incidilməməsi üçün etməmişdir. Odur ki, göstərilənlərə əsasən, tikililərə birgə təsərrüfat nəticəsində əldə edilmiş əmlak kimi istifadə hüququnun tanınmasını və həmin tikililərin inşasına sərf edilmiş vəsaitin cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı oraya gəlin köçmüşdür. İddiaçı öz çıxışında da bildirmişdir ki, ilk evin tikintisinə 2003-cü ildə başlamışlar. Sonradan 2007-ci ildə 2-ci evi tikmişlər. Ekspertin vermiş olduğu rəydən də görünür ki, qeyd olunan ünvanda 2004-cü ildə 1 tikili, 2008-ci ildə 1 tikili, 2009-cu ildə 1 tikili, 2011-ci ildə 1 tikili tikilmişdir. Belə ki, eksertizanın rəyində tikililərin hansı illərdə tikildiyi göstərilir. Rəydə göstərilən xəritədə tikilinin meydana gəldiyi vaxt da göstərilir. Ekspert rəyi, tərəflərin təqdim etdiyi şahidlər, iddiaçı və cavabdehlərin məhkəməyə təqdim etdiyi sübutlar birmənalı şəkildə sübut edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi şahidlər onların doğma övladları-qızları və İddiaçı cavabdehlərin evinə gəlin köçməmişdən əvvəl kirayə yaşamış şahidlərdir. Ona görə də hesab edir ki, şahidlərin ifadələri mötəbər sübut olaraq məhkəmə tərəfindən qiymətləndirilməməlidir. Bundan başqa iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, həmin iddianın predmeti olan tikililər 1994-cü ildən etibarən həmin ərazidə antena dairələrinə daxil olmuş, 2004-cü ilin yanvarında, 2008-ci ilin mart ayında, 2009-cu ilin aprel ayında, 2011-ci ilin iyul ayında görüntülər müəyyən edilmişdir. Hesab edir ki, ekspert rəyi iddia tələbinin əsaslılığını təsdiq edir. Cavabdeh tərəfin guya iddiaçının mərhum əri X4 umumiyyətlə özünü idarə etməməsi, onun hər hansı işlə məşğul olmaq və ya ümumiyyətlə qazanc əldə edə bilmək imkanının olmamsı ilə bağlı iddiası ilə razılaşmır. Belə ki, məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondundan verilmiş məktuba əsasən müəyyən edilmişdir ki, X6 xx.xx.1993-cü il tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Yəni, şəxsin əlillik dərəcəsi 3-cü dərəcə olmaqla, tam fəaliyyət qabiliyyətini itirməmişdir. Eləcə də, məhkəməyə təqdim etdiyi şəhadətnamədən də görünür ki, Ədalət Əliyev fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib fəaliyyət göstərmişdir. Eyni zamanda məhkəməyə şahid kimi çağırılan Şahid8 məhkəmədə ifadə verərkən bildirnişdir ki, iddiaçı ilə yaxın münasibətləri olmuş və o, iddiaçının həmin dövrdə "xxxx" ASC-dən mərhum X4 adına kredit götürməsini bilmişdir. Göstərilənlərlə yanaşı Cavabdeh1 iddiaçıya 7 yanvar 2014-cü ildə iddiaçıya etibarnamə vermişdir. Həmin etibarnamə ilə əmlakı üzərində sərəncam vermək hüququnu cavabdeh iddiaçıya etibar etmişdir. Etibarnamə isə 5 il müddətinə qüvvədə olmuşdur. Bu hal isə ona dəlalət edir ki, İddiaçı həmin tikintiləri inşa etməmiş olsa idi, cavabdeh bu müddət ərzində etibarnamə verməzdi. Eyni zamanda həmin dövrdə vəsiyyətnamə də qoyulmuş, lakin etibarnamənin taleyi eyni zamanda vəsiyyətnamənin taleyi kimi olmuşdur. Sonradan aradan uzun müddət keçdikdən sonra bu işə bilavasitə maraqlı olan məhkəmə iclasında şahid kimi ifadə verən qızlarının təkidi ilə vəsiyyətnamə və etibarnamə ləğv edilmişdir. Məhkəmədə qarşı tərəfin onlarla heç bir bağlılığı olmayan lakin nə vaxtsa orada kirayəçi kimi yaşamış şəxslər məhkəməyə şahid kimi çağırılmışlar. Həmin şəxslər məhkəmədə ifadə verərkən məlum olmuşdur ki, onlardan ikisi ər-arvad olmaqla iddiaçı həmin həyətə gəlin köçməzdən əvvəl oradan çıxıb getmişlər. Lakin vaxtı ilə orada kirayə qalmışlar. Həmin şəxslər nə iddiaçını, nə də onun apardığı tikinti işlərini görə bilərdilər. İddiaçının orada gördüyü işləri onlar tərəfindən məhkəməyə təqdim edilən Araz adlı şəxs bildirmişdir ki, o oraya köçəndə artıq tikinti işləri aparılmış və tam olmuşdur. Hətta bildirmişdir ki, makler vasitəsi ilə kirayə ev axtararkən iddiaçını göstərmişlər və kirayə şərtləri ilə bağlı iddiaçı ilə danışmışlar. İddiaçı oradan çıxana qədər evin kirayə pulunu iddiaçıya ödəmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktı qarşı tərəf məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyi qaimə bildirişdən görünür ki, həmin evdə kirayəçi yaşayan şəxsin həyat yoldaşı 800 manat iddiaçının adına pul ödəmişdir. Pulu Lyudmila xanımın oğlu göndərmişdir. İddiaçının həmin evdə tam sərəncam vermək və istifadə etmək hüququ olmuşdur. Evlərin kirayə pulu iddiaçıya verilmişdir, özü də işləmişdir. İddiaçının həyat yoldaşı sahibkarlıqla məşğul olmuşdur, onun qazancının aylıq nə qədər olmasını iddiaçı bilə bilməzdi. O qədər qazanıb ki, həmin işlərin müqabilində iddia ərizəsində göstərilən işləri görmüşdür. Qarşı tərəf tikintilərin iddiaçı tərəfindən aparılmasını inkar edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həyat yoldaşı ilə bərabər həm qazancı, həm həyat yoldaşının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir, ümumilikdə bütün qanuni vasitələrdən istifadə etmişlər ki, pul qazansınlar, özlərinə şərait qursunlar, övladları onların çəkdiyi əzablı həyatı keçirməsinlər. Qarşı tərəfin bildirdiyi kimi özünü idarə edə bilməyən şəxs vergi ödəyicisi ola bilməz, bankdan biznes krediti götürə bilməz, mağaza işlədə bilməz, avtomobil idarə edə bilməz, sağlamlığı imkan vermirsə sürücülük vəsiqəsi ola bilməz. Bunlar hamısı faktdır. Ekspert rəyində yazsa da həmin tikililərin tarixini müəyyən etmək olmur, çünki həmin ekspertin özündə həmin tikililərin tarixini müəyyən etmək üçün mütəxəssis olmamışdır. İddiaçı özü də işləmişdir. Bu işlər görülərkən iddiaçıya məlum deyildi ki, onun həyat yoldaşı dünyasını dəyişəcəkdir. İş görərkən bunu düşünməmişdir. Ekspertiza rəyində cəmi bazar dəyəri 140 min manat, likvid dəyəri 122 min manat göstərilmişdir. İddiaçı bu gün həmin yerdə yaşamır, həmin əmlak cavabdehlərin sərəncamında və istifadəsində qalır. Ekspert rəyində göstərilən likvid dəyər bank ödəmələrinə aid olduğu üçün cəmi bazar qiyməti 140 min manatın cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sübut olunur ki, iddiaçı orada 4 ev tikməmişdir, yenidənqurma işləri də aparmış və onun hesabına ikimərtəbəli ev tikilmişdir. Digər evlər sökülmüş və müəyyən texniki dəyişikliklərə məruz qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahatında iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçının iddia ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, onların təqdim etdiyi şahidlərindən 2-i cavabdehlərin övladları, digər 2-si isə vaxtı ilə orada kirayə yaşayan şəxslərdir. Onlar əmlakların hansı sahədən ibarət olduğunu məhkəməyə konkret olaraq göstərmişlər. İddiaçı mübahisəli evə gəlin köçmüş və orada əri ilə yaşamışdır. Bu fakt inkar edilmir. Lakin iddiaçı oraya gəlin köçənədək mübahisəli tikililər orada mövcud olmuşdur. Ona görə də, iddiaçı tərəfindən həmin tikililərə maliyyə vəsaitinin sərf edilməsinə dair iddia tələbi hesab edir ki, tamamilə əsassızdır. İddiaçı tərəfin ekspert rəyi ilə bağlı dəlili ilə razılaşmır, çünki mütəxəssis rəyi göstərir ki, tikililər 2009-cu ilə qədər peyk vasitələri texniki səbəblərdən görsənmir. Yalnız 2011-ci ildən tam xəritəsi görünür. O demək deyil ki, 2011ci ilə, 2009-cu ilə qədər o əmlaklar orada olmamışdır. O əmlaklar orada olub və olmasına dair məhkəməyə mümkün olan sübutları təqdim etmişdir. Bundan başqa Cavabdeh2 özü uzun illər usta işləmiş və sənətkar olmuşdur. Usta olduğu halda o özü üçün əlavə işçi qüvvəsi cəlb etmədən hər hansı tikilini həyata keçirə bilər. Eyni zamanda məhkəməyə təqdim etdiyi sübutlar əsasında müəyyən edilir ki, evdə olan kommunal təchizatı əks etdirən su, qaz, işıq istifadəsinə görə abonent kodlarının hamısı Cavabdeh1 adınadır. O da onu bir daha sübut edir ki, cavabdehlər bu əmlaklara sahiblik edərək qeydiyyatsız da olsa sahibləridirlər. İddiaçının nikahından əvvəl həmin tikililər mövcud olmuşdur. Eyni zamanda iddiaçı tərəfin istinad etdiyi etibarnamədə göstərilir ki, o, nə işlər görülməli idisə, Gülbəsti xanımın xeyrinə olmalı idi. O da onu göstərir ki, Gülbəsti xanım yaşlı olduğundan fikirləşib ki, gəlindir özünə aid olan sənədləşmə işlərini, evin sənədləşmə işlərini aparmaq istəmişdir. Çünki həmin evin çıxarışı yoxdur. Tapşırıq verib ki, gəlini, yəni iddiaçı onu həyata keçirsin. Etibarnamənin müddəti də 2019-cu ildə bitmişdir. Artıq həmin vaxt o qüvvəsini itirmişdir. O vaxt tərəflər arasında münasibətlər korlanmamışdır. İddiaçının bəhs etdiyi vəsiyyətnamə barədə sorğu versə də ala bilməmişdir. Vəsiyyətnamə olsa belə o da onu bir daha sübut edir ki, əmlaklar cavabdehlərə aid olmuşdur. Əgər iddiaçının sahibliyi olsa idi, o tikmiş olsa idi, o zaman iddiaçı kiməsə vəsiyyətnamə verə bilərdi. Uzun illər həmin sahələr kirayə verilirdi. O, mərhum Əliyev Ədalətin fəaliyyət qabiliyyətsiz olduğunu iddia etmir. Onun müəyyən xəstəlikləri, azacıq da olsa psixi pozuntusu olmuşdur. Əlillik qrupunun 2-ci və ya 3-cü dərəcəli olması o dərəcədə önəm kəsb etmir. Çünki onun fəaliyyət qabiliyyətsizliyi məhkəmə qaydasında tanınmamışdır. Əgər belə olsa idi, o ailə də qura bilməzdi. Nikah bağlandığı halda isə etibarsız hesab edilə bilərdi. Sadəcə evin son beşiyi də olduğundan cavabdehlərin əli həmişə onun üstündə olmuşdur. Kirayə yaşayan şahidin bütün məbləğləri ilk gündən iddiaçıya ödənilməsi ilə bağlı heç bir sənəd və sübut yoxdur. Əmlaklar uzun müddət ayrı-ayrı vaxtlarda daimi olaraq kirayə verilmişdir. Kirayə pullarının iddiaçıya verilməsinə dair təkzibedilməz sübut yoxdur. Ola bilər ki, o dövrdə iddiaçının əri vəfat etmiş iddiaçı onlar tərəfindən dul qadın kimi qəbul edilmiş və ona köməklik kimi bildirmişlər ki, kirayə pulunu o alsın. Əgər iddiaçı bir neçə ay müvəqqəti kirayə pulunu alıbsa bu o demək deyildir ki, ev onundur. Sadəcə dolanışıq xərclərinin olması üçün buna icazə verilmişdir. İddiaçı oradan köçdükdə artıq sahiblik hüququ ona birbaşa qayıtmalı olmuşdur. Cavabdehlər pulu özlərinə götürməyə başlamışlar. Daxili məsələlərdə də sərəncam verilməsi ilə bağlı da kirayə yaşayan şəxslərə söz sahibinin cavabdehlər olduğunu göstərmişlər. Əgər kirayəçi Yeganə xanımı sahib kimi tanıyırdısa kirayə pulunu qıraqda da ona ödəyə bilərdi. Yeganə xanım oradan köçdükdən sonra cavabdehlər özlərini sahib kimi göstərmişdir. Şahidlərdən biri də cavabdelərin göstərişi ilə evdən çıxdığını bildirmişdir. O bunu qəbul etməklə özü də bilirdi ki, o evlər iddiaçı və onun həyat yoldaşı tərəfindən inşa edilməmiş, onların heç vaxt sahiblik hüququ olmamışdır. Həyətdə nə baş verirdisə cavabdehlər tərəfindən idarə edilirdi və cavabdehlər müəyyənləşdirirdilər ki, kirayə haqqı alınsın və ya alınmasın. Kirayə qalmaqla bağlı Yeganə xanımla kirayəçinin arasında razılaşma olmamışdır. Cavabdehlər bildirmişdir ki, kirayə verilsin və pul alınsın, pulu isə Yeganə xanım götürsün. Cavabdehlər fikirləşmişdir ki, oğlanlarının vəziyyəti ağırdır, oğlanları vəfat etdikdən sonra isə pulun onun həyat yoldaşına verilməsinə heç bir qəbahət olmamışdır. Onlar Yeganə xanım dolana bilsin deyə ona yaxşılıq etmiş, lakin iddiaçı bu yaxşılıqların əvəzini qiymətləndirmədiyindən yekunda cavabdehlər kirayə haqqını özlərinə götürməyə başlamışlar. Bu iddianın heç bir əsası yoxdur. İddiaçıya bir manat da verilə bilməz. Əmlakların mövcudluğu ilə bağlı sübutlar araşdırılmışdır. Hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Həmçinin bildirir ki, iddiaçının izahatları heç nəyə söykənmir, yalnız uydurma sözlərdir. Kirayə haqqının 1, 2, 3 ay alınması və sonradan ala bilməməsi ilə bağlı hal onu bir daha göstərir ki, yşayış evinin əsl sahibi kimdir. İddiaçı isə etiraz etməməklə artıq bilirdi ki, kirayə haqqı və əmlaklar cavabdehlərindir. Sadəcə dolanışıq xərcləri ilə bağlı onlar bir neçə ay kirayə pulunun iddiaçının ala bilməsi ilə bağlı şifahi razılığa gəlmişdirlər. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan - Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 049861 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, X8 və Həmzİddiaçı xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 219266 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, X8 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır. - AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair müqavilə X5 ilə xx.xx.2012-ci il tarixdə bağlanmış və **********003 saylı abonent kodu açılmışdır. Həmin müqavilə hazırda mövcud olmadığından təqdim edilməsi mümkün olmamışdır. - paylayıcı qismində “Azəriqaz” İB ilə istehlakçı qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AKX-00635xx/xx-2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin surətinə əsasən müəyyən edilir ki, paylayıcı Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin qazla təmin etməyi, istehlakçı - Cavabdeh1 isə bunun müqabilində istifadə etdiyi qazın dəyərini qanunla müəyyən edilmi qaydada ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilir ki, cəmiyyətin elektron bazasında Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixdə **********80000 nömrəli abunə kodu ilə Cavabdeh1 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Həmçinin qeyd edilmişdir ki, qeyd olunan abunə kodu üzrə xx.xx.2016-cı il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmiş və abunə kodu Cavabdeh1 adından X2 adına dəyişdirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8457-9/9206 saylı ekspert rəyindən müəyyən olunur ki, Yasamal rayonu, Z. Kərimov küçəsi, ev 48 (yeni nömrəsi 84) ünvanında 2 ədəd bir mərtəbəli, 1 ədəd iki mərtəbəli yaşayış evi mövcud olduğu və bir mərtəbəli yaşayış evinin ümumi sahəsinin 46 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin digər yaşayış evlərinin qapısı bağlı olduğundan, həmin tikililərin ölçülərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan ünvanda bir mərtənəli yaşayış evində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 5580 manat məbləğində müəyyən olunur. Lakin digər yaşayış evlərinin qapısı bağlı olduğundan, həmin tikililəri inşasına və təmirinə sərf edilmiş xərclərin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. ünvan 3 ünvanında yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 64.000 manat və likvid dəyəri təqribən 58.000 manat məbləğində müəyyən edilir. Həyətyanı sahədə olan bir və iki mərtəbəli yaşayış evlərinin qapısı bağlı olduğundan, həmin tikililərin hazırki orta bazar və likvid dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Qeyd olunan rəylə həmçinin müəyyən edilir ki, tikinti işlərinin hansı tarixdə inşa olunmasına dair metodika olmadığından, həmin yaşayış evlərinin nə zaman inşa olunmasını müəyyən etmək mümkün olmamışdır. - Yaranmış zərurətlə əlaqədar iş üzrə təyin edilmiş əlavə ekspertiza tədqiqatı üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ME 07/032 nömrəli ekspert (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında 5 ədəd yaşayış evi, hamam, tualet və bir əlavə tikili mövcuddur. ünvan 4 ünvanında yerləşən 5 ədəd tikili yaşayış (Mənzil və ya fərdi yaşayış təyinatlı ola bilər. Qeyri-yaşayış təyinatlı ola bilməz.) təyinatlıdır. Tikililərin ümumi sahələri 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsi - 20.8 m2 (1 otaq, mətbəx, sanitar qovşağı və eyvan); 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsi - 16 m2 (1 otaq, mətbəx, sanitar qovşağı); 1 mərtəbəli, 2 otaqlı yaşayış evi - 46.04 m2 (2 otaq, mətbəx, sanitar qovşağı), 1 mərtəbəli, 1 otaqlı yaşayış evi - 15 m2 (1 otaq və mətbəx); 1 mərtəbəli, 1 otaq yaşayış evi - 12 m2 təşkil edir. ünvan 4 ünvanında yerləşən hər bir tikilinin 2001-ci ildən əvvəl və ya sonra inşa edilməyini peykin texniki səbəblərinə görə müəyyən etmək olmamışdır. Peykdə ərazinin görünüşü 2004-cü ildən başlayır və həmin görünüş də aydın deyildir. 2009-cu ilin aprel ayının görünüşündə bütün tikililər mövcuddur. Ərazinin dəqiq görünüşü 2011-ci ildən mövcuddur. ünvan 4 ünvanında yerləşən hər bir tikilinin ayrıayrılıqda inşasına və təmirinə sərf edilmiş xərclər 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsi - 15.000 manat (20.8 m2); 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsi - 8.500 manat (16.0 m2); 1 mərtəbəli, 2 otaqlı yaşayış evi - 27.000 manat (46.04 m2); 1 mərtəbəli, 1 otaqlı yaşayış evi - 7.500 manat (15.0 m2); 1 mərtəbəli, 1 otaqlı yaşayış evi - 7.000 manat (12 m2) və digər tikililər və əlavə xərclər - 6.000 manat təşkil edir. ünvan 4 ünvanında yerləşən hər bir tikilinin ayrı-ayrılıqda hazırki real bazar və likvid dəyəri 2 mərtəbəli yaşayış evinin 1ci mərtəbəsi (20.8 m2) bazar dəyəri - 28.000 manat, likvid dəyəri - 24.000 manat, 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsi (16 m2) bazar dəyəri - 18.000 manat, likvid dəyəri - 15.000 manat, mərtəbəli, 2 otaqlı yaşayış evi (46.04 m2) bazar dəyəri - 66.000 manat, likvid dəyəri - 60.000 manat, 1 mərtəbəli, 1 otaqlı yaşayış evi (15 m2) bazar dəyəri - 15.000 manat, likvid dəyəri - 12.000 manat, 1 mərtəbəli, 1 otaqlı yaşayış evi (12 m2) bazar dəyəri - 13.000 manat, likvid dəyəri - 11.000 manat olmaqla, cəmi bazar dəyəri 140.000 manat və cəmi likvid dəyəri 122.000 manat təşkil edir. - AR ƏƏSMN X9 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, X8 adına “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişi barədə məlumata əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Memarlıq və İnşaat Universitetində əmək fəaliyyəti ilə məşğul olmuş və aylıq 570 manat məbləğində əmək haqqı almışdır. - AR ƏƏSMN tabeliyində DSMF-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, X6 xx.xx.1993-cü il tarixdən 3–cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiyaçıların birləşmiş məlumat bazasına və 914664 nömrəli “pensiyaçınln uçot vərəqi” üzrə vətəndaşın pensiyası xx.xx.2013-cü il tarixdən 1-ci dərəcə əlilliyi nəzərə alınmaqla 129,74 manat məbləğində hesablanmışdır. - 3 saylı Asan Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli AR-İ seriyalı 319965 nömərli etibarnamədən isə müəyyən edilir ki, Cavabdeh1 əmlakını idarə etməyi İddiaçı etbar etmişdir. Qribarnamə xx.xx.2019-cu il tarixədək qüvvədə saxlanılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehləri tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Suala cavab olaraq bildirir ki, 2013-cü ilin əvvəlindən iddiaçının evində yaşamışdır. 1 il yarım olar ki, həmin evdən çıxmışdır. Həmin həyətdə kirayə yaşamış və kirayə pulunu iddiaçı Yeganə xanıma ödəmişdir. Onların kirayə yaşadığı evin təmir-bərpa işlərini Yeganə xanım etmişdir. Kirayə ilə bağlı Yeganə xanımla danışdığı zaman cavabdehlərin həmin söhbətə qarışacağı olmamışdır. İddiaçı həmin həyətdən çıxdıqdan sonra kirayə pulunu cavabdehlərə ödəmişdir. İddiaçı çıxdıqdan sonra da bir iki dəfə iddiaçıya kirayə pulunu ödəmiş, lakin iddiaçı razılıq verdikdən sonra cavabdehlərə ödəmişdir. İddiaçı çıxdıqdan sonra 3-4 ay cavabdehlərə kirayə haqqını ödəmişdir, ondan sonra 6 ay müddətinə oradan çıxmış, cavabdehlər evi təmir etmişlər. Onlar bildirmişdilər ki, evə özləri köçəcəklər, lakin köçməmişlər və öz evlərində qalmışlar. Onlar isə yenidən həmin evə qayıtmışlar. Bundan sonra bir ilə yaxın həmin evdə yaşamışlar. Həmin müddətdə də kirayə pulunu cavabdehlərə ödəmişlər. O, həmin evə makler vasitəsilə gəlmiş və gələrkən Yeganə xanımla danışmışdır. Onun qayınanası və qayınatasını əvvəl tanımamış, sonradan tanımışdır. Kirayə pulu isə əvvəl 180 manat razılaşdırılmışdır. Ev 1 otaqdan və 1 balaca mətbəxdən ibarət olmuşdur. O, həmin həyətə gəldikdə neçə tikili olması ilə bağlı bildirir ki, həyətə daxil olduqda 2 tikili solda, üzbəüz iddiaçının yaşadığı ev, sağda cavabdehlərin, onun yaşadığı 2-ci mərtəbəli ev olmuşdur. Özlərinin qaldığı evdən başqa 4 tikili var idi. Həmin tikililərin kimin vəsaiti hesabına tikilməsini bilmir. O, həmin həyətə gəldikdə tikililər artıq mövcud idi və iddiaçının əri sağ idi, lakin xəstə idi və yataqda idi. Onlar orada olduğu zamanda da vəfat etmişdir. O orada iş adamları olan dostları ilə kirayə yaşayırdı. Evi 2013-cü ildə Bilal adlı makler vasitəsi ilə tapmışdır. Evi bəyənmiş və Yeganə xanım ilə danışmışdır. O, birinci mərtəbədə yerləşən otağa köçmüşdür. Cavabdehlər evdən çıxmağı bildirdikdə isə onlar hamısı çıxmışdır. Onlar həmin həyətdə yaşadığı ərəfədə Yeganə xanım da orada yaşayırdı. Yeganə xanım 6-7 il orada yaşamışdır, 3-4 il olar ki, oranı tərk etmişdir. Yeganə xanım həyətdə yaşayarkən onun öz evi var idi, həmin ev həyətə girərkən üzbəüz yerləşirdi. Evdən çıxdıqdan sona Yeganə xanımın usta kimi bir dəfə evinə 1 il yarım əvvəl getmişdir. O vaxtdan bəri onunla ünsiyyəti olmamışdır. O, 2022-ci ildə həmin həyətdən çıxmışdır. Sonuncu dəfə isə 2 ay əvvəl əşyalarını götürərkən həmin həyətdə olmuşdur. Kirayə pulu ilə bağlı 180 manat ödənişi 2013-cü ildən 1-2 il ərzində vermişdir, sonra ödəniş 200 manata qaldırılmışdır. Ödənişi cavabdehlərə verən zaman isə 270 manata, sonra isə 300 manata qədər qaldırmışdılar. Onların oranı tərk etmək səbəbi isə qiymətin artımı deyil, cavabdehlərin öz tələbi olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. Suala cavab olaraq bildirmişdir ki, qızının gəlin köçərkən hansı evə köçdüyü yadında deyil. Lakin qızı ailə qurduqdan sonra onun evinə gedibgəlmişdir. İddiaçı gəlin köçərkən həyətə girəndə 2 otağı onlara vermişdilər. O zaman 2 ev o tərəfdə və bu tərəfdə var idi. 2 otaq var idi və onu kirayəyə vermişdilər. Kürəkəni xəstə olduğundan onların dolanmağı üçün onu vermişdilər. Sonra 2 evi qızıgil tikmişdir. Orada əvvəldən 2 ev var idi, aşağı ilə yuxarını qızıgil tikmişlər. Tikiləndən sonra isə mağaza açmışlar. Hətta o, özü də gedib təmizlik işlərində qızına köməklik göstərmişdir. İddiaçı otaqları tikib düzəltmiş, koridor, ayayolunu, həyəti, yəni bütün həyət-bacanı düzəltmişdir. İddiaçı həm dövlət işində, həm əlavə digər işdə işləmiş, həm də ərinə görə pensiya almışdır. Nə qədər pensiya aldığını isə bilmir. Qızı orada ev tikənə qədər həmin həyətdə 2 ev var idi və biri də onun qızının evi idi. Qızı gəlin köçən zaman həyətdə 2 ev və qızının evi var idi. Köhnə evləri qızı tikib düzəltmişdir. Mağaza yeni tikilən tikilinin 1 mərtəbəsində yerləşməklə çöl tərəfə baxırdı. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı 2001-ci ildə ailə həyatı qurmuşdur. Suala cavab olaraq bildirir ki, bacısıgilə gediş-gəlişi olmuşdur. Bacısı gəlin köçən zaman əsas evdən başqa, həyətə daxil olduqda sol tərəfdə iki bir mərtəbəli ev var idi. Yaşadığı müddətdə isə əlavə 2 mərtəbəli ev tikilmişdi. İddiaçının əvvəl mövcud olmuş tikilini söküb yenidən ev inşa etmələri barədə xəbəri yoxdur. Bacısının qayınatası tikintiyə fiziki olaraq köməklik göstərmişdir. Materialların alınması və daşınması barədə isə məlumatsızdır. Tikililərin kimin vəsaiti ilə tikilməsi ilə bağlı bildirir ki, bu barədə dəqiq məlumatı yoxdur. Bacısı gəlin köçən zaman mağaza orada mövcud olmuşdur. Mağazanı iddiaçının yoldaşı Ədalətgil işlədirdi. Bacısı ilə Ədalət evli olmamışdan əvvəl orada mağaza işlətməsi barədə məlumatı yoxdur. İddiaçının tikinti ilə bağlı kiməsə pul verməsinin isə şahidi olmamışdır. İddaçı həmçinin oyun zalı da açmışdırmış, mərhum əri pensiya da almış, həmçinin iddiaçı özü dırnaq ustası işləmişdir. Evin bütün məsuliyyəti iddiaçının üzərində olmuşdur. O özü də fiziki olaraq, bacısıgilə gedib kömək edirdi. Tikilən evlər kirayə verilmişdir, kirayə pulunu isə bacısıgil götürürdü. İddiaçı tikdiyi 2 mərtəbəli evin aşağı mərtəbəsini ərzaq mağazası etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, yaxın və rəfiqədirlər. İddiaçı dırnaq ustası kimi işləyir. Suala cavab olaraq bildirir ki, Yeganə xanımı 18 ilə yaxındır ki, tanıyır. Yeganə xanımı gəlin köçdükdən 4-5 il sonra tanımışdır. Evlərində 2 dəfə olmuşdur. Təxmini 7 il bundan əvvəl onlarda olmuşdur. O, həmin evə gedən zaman tikililər mövcud olmuşdur. Tikililərin tikilmə prosesində iştirak etməmişdir. İddiaçını həm valideyn kimi məktəbdən, həm də dırnaq ustası kimi tanımışdır. Yeganə xanımın həyat yoldaşı rəhmətə getməzdən əvvəl Yeganə xanımı tanıyırdı. Yeganə xanım evin tikintisi ilə bağlı bildirirdi ki, əziyyət çəkib, evin tikintisi ilə bağlı bankdan pul götürmüşdür. İşləyərək borcu qaytarır. Hətta o bir dəfə də onlara getdikdə evlərində usta işləyirdi. İddiaçının kredit götürdüyü tarixi bilmir, lakin kredit borcu ödəməsi barədə məlumatı olmuşdur. Evində usta işlədiyi üçün kredit götürmüşdür, hansı məbləğdə kredit götürdüyünü isə bilmir. Mübahisə edilən həmin ünvanda olmuşdur, həmin yer 1-ci Yasamalda təpənin üzərində yerləşir. Hətta onların mağazaları da var idi, sonradan otağın birini meyvə mağazası etmişlər. Ərzaq satışından sonra meyvə satmağa keçmişlər. O əvvəl iddiaçını tanımasa da, həmin mağazadan alver etmişdir. Sonradan iddiaçını tanımışdır. Yeganə xanımın övladı ilə onun övladı eyni məktəbdə oxumuş, həmçinin Yeganə xanım onun dırnaq ustası olmuşdur. İddiaçı işləyən salona da, evlərinə də getmişdir. Atası da rəhmətə gedəndə getmişdir. Yeganə xəstə olan zaman da getmişdir. Lakin tikililərin kimin vəsaiti hesabına inşa edilməsi barədə məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, iddiaçı bacısıdır. Suala cavab olaraq bildirir ki, bacısı 2001-ci ildə ailə qurmuşdur. Ailə quran zaman Yasamal rayonunda yerləşən evə köçmüşdür. Gəlin köçdüyü evdən başqa, sonra da bir neçə otaq əlavə kirayə vermək üçün özləri tikmişdir. Tikililərin əvvəldən olub-olmamasını dəqiq bilmir. Eləcə də həmin tikililərin nə vaxt tikilməsini, dəqiq olaraq ailənin sərfiyyatını dəqiq bilmir. Ümumi məlumatlardan bilmişdir ki, bacısı ilə yoldaşı ikisi əl-ələ verərək əlavə otaqlar artırmış, kirayə vermişlər və əldə edilən gəlir ilə dolanmışlar. Həmin tikililərə nə qədər vəsait xərcləndiyini bilmir. Bacısı gəlin köçəndən 2-3 ay sonra onlara getmişdir. Onlara gedib həyətə girəndə sol tərəfdə 1 ev, sağ tərəfdə 1 ev olmuşdur. Bunlar köçəndən sonra tikdikləri evlərdir. Bacısı gəlin gedən zaman həmin həyətdə öz yaşadığı evləri idi, yəni 2 otaq 1 yataq, 1 qonaq otağı, 1 mətbəx idi. Hamam isə həyətdə yerləşirdi. Bacısı və həyat yoldaşı ticarət ilə də məşğul olurdular. O, ailə qurduqdan sonra bacısıgilə gec-gec getmişdir. Bacısından qayınanası və qayınatasının onun üçün ev tikməsi barədə dediyini eşitməmişdir. İddiaçının evdən çıxma səbəbi onlar arasında olan ev davası ilə bağlı olmuşdur. İddiaçı 4 ildir həmin evi tərk etmişdir. O, bacısıgilə ilk dəfə gəldikdə həyətə daxil olanda öz yaşadığı ev idi. 1 yataq otağı, 1 qonaq otağı və mətbəx idi. Qayınana və qayınata isə ara yol kimi yerdə yerləşən dalandan keçdikdə orada yaşayırdılar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, cavabdehlər onun valideynləridir. İddiaçı onların gəlini olmuşdur. 2002-ci ildə iddiaçı ilə qardaşı ailə qurmuşdur. Ailə qurarkən atasına məxsus həyətə köçmüşlər. Suala cavab olaraq bildirir ki, iddiaçı ilə qardaşı ailə qurduqdan sonra həmin həyətə köçəndə orada 5-6 tikili mövcud olmuşdur. Onun atasının həyətində həmişə kirayə evlər çox olmuşdur. Qardaşı xəstə olduğundan işləmirdi. O, ruhi xəstə olmuşdur. Qardaşı hesab bilməmişdir. Tikililər hamsı atasının vəsaiti hesabına tikilmişdir. Atası illərin ustası olmuşdur. Oraya başqa heç kim xərc qoymamışdır. Ancaq atası xərc çəkmişdir. Qardaşı xəstə olmuş, ancaq kirayə pulları ilə dolanmışlar. Evlər əvvəlcədən həyətdə olmuşdur. Anası da işləmişdir, həmin əmlaklar ata və anasının birgə nikah dövründə əldə edilmişdir. O, 1995-ci ildə gəlin köçmüşdür. Onun qardaşı, yəni iddiaçının həyat yoldaşı nəyi isə tikən, bacarıqlı birisi olmamışdır. Qardaşı ruhi xəstəliyinə görə təqaüd alırdı. 1995-ci ildə ailə qurub, atasına məxsus həyətdən köçmüşdür. 2002-ci ildə iddiaçı gəlin gələrkən həyətdə 5- 6 ev olmasına əmindir. İddiaçı gəlin gələrkən də, o özü gəlin köçən zaman da həyətdə 6 ədəd ev olmuşdur. Yəni 1995-ci ildə həmin evlər mövcud olmuşdur. Qardaşı əsgərlikdən travma alıb gəlmişdir. Ordu sıralarından gəldiyi zamandan xəstə olmuşdur. Onu müalicə etmişlər, həkimi var idi və həmin həkim də rəhmətə getmişdir. Ona beyin iynəsi vururdu, lakin o dərəcədə də ağlını itirmiş insan deyildi. Qardaşı heç yerdə işləməmişdir. O, iddiaçı ilə balaca meyvə mağazası açmışdır. Sonra işlədə bilməyib bağlamışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, cavabdehlər onun valideynləridir. İddiaçı gəlini olmuşdur. Tarix dəqiq yadında deyildir. Onun bildiyinə görə iddiaçı 2000-ci ildə gəlin köçmüşdür. Suala cavab olaraq bildirir ki, iddiaçı atasıgilin verdiyi 2 otaqlı evə gəlin köçmüşdür. O, gəlin köçən zaman həyətdə 5-6 tikili olmuşdur. Həmin tikililər çoxdan - o uşaq olan zaman atasının vəsaiti hesabına tikilmişdir. Atası ömrü boyu işləmişdir. Qardaşı ilə iddiaçı həmin həyətdə birgə vəsaitləri hesabına heç bir tikili tikməmişdir. Atası rəngsaz olmuş, avtobus sürmüş, hər iş görmüşdür, hətta Rusiyada da gedib işləmişdir. Atası çox zəhmətkeş adam olmuşdur. Bu günə qədər də iş görməyə çalışır. Anası da 78 yaşına qədər işləmişdir. Ədalət vəfat edənə qədər ailə üzvlərinin sayı 5 nəfər olmuş, onlar 2 bacı və 3 qardaş olmuşlar. Ailə böyük olmuşdur. Atası tikdiyi aşağı evləri kirayə vermişdir. Qardaşının fəaliyyəti olmamışdır. Onu qazanc əldə edən şəxs kimi tanımır. Qardaşı Ədalət əsgərlikdən qayıtdıqda xəsarətlə qayıtmışdır. Ondan sonra da xəstə olmuş, anası ona əlillik statusu almışdır. Onu və ailəsini anası, atası saxlamışdır. Demək olar atasımın həyətinə hər gün gedirdi, ən gec gedən vaxtı bir gündən bir olurdu. O, yaxınlıqda yaşayır. Yeganə xanım yaşadığı evi son vaxtlar, təxmini iki il olar ki, tərk etmişdir. Ona heç kim heç nə deməmişdir, özü yığışaraq getmişdir. Hazırda onun harada yaşamasını bilmir. Onun əşyaları var idi, köçərkən öz əşyalarını aparmışdır. Həmin həyətdə rus qadın yaşayırdı və kirayə pulunu iddiaçının kartına göndərirdi. 1980-ci ildə atasının evindən gəlin köçmüşdür. İddiaçı Yeganə xanım gəlin köçən zaman da həmin həyətdə o gəlin köçdüyü zamandan mövcud olan 5 ev var idi. iddiaçının əri olmuş qardaşı Ədalət heç bir fəaliyyət göstərə bilmirdi, heç bir iş görə bilmirdi. O anadan olandan atası həmin həyətdə ev tikmişdir. Atası orada əziyyət çəkmişdir, sonra kirayə vermişlər. Orada uzun illər kirayəçilər yaşamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehləri tanıyır. 1985-ci ildən həmin həyətdə kirayəçi kimi yaşamışdır. Təxmini 10-11 il ərzində orada kirayə yaşamışdır. Suala cavab olaraq bildirir ki, 1995-ci ilə qədər həmin ünvanda kirayə yaşamışdır. O, həmin ünvanı tərk etdiyi vaxt hələ iddiaçı həmin ünvana gəlin köçməmişdir. Həmin ünvanda onların qohumları da kirayə yaşamışdır. O, ailə qurduqdan sonra isə onlar çıxmış və o, ailəsi ilə həmin ünvana kirayəçi kimi köçmüşdür. O, həmin həyətə gələn zaman orada kirayəçilər çox idi. Orada aşağı və yuxarı həyət var idi. Yuxarı həyətdə 3-4 ədəd tikili olardı. Aşağı həyətdə də həmçinin o qədər tikili olardı. Həyətdə kirayə evlər çox idi, onun qohumları da orada, aşağı həyətdə, o isə yuxarıda qalmışdır. Ümumilikdə həmin həyətdə 5-6 tikili olmuşdur. Onlar həmin həyətə gələn gündən Şirəli dayını yoldaşı ilə bərabər zəhmətkeş insan kimi tanımışlar. Şirəlinin bütün ailəsini həmçinin vəfat edən oğlu Ədaləti tanıyır. Onlar həmin həyətə gələn zaman Ədalət balaca uşaq olmuş və işləməmişdir. 1985-ci ildən 1995-ci ilə qədər həmin həyətdə kirayə yaşamışlar. Həmin vaxt ən azı orada 6 ev görmüşdür, bəlkə də çox idi. İddiaçı həmin evə gəlin gəldikdən sonra da o, həmin ünvana gəlib-getmiş, amma bu haqqhesablar barədə eşitməmişdir. Son dəfə təqribən 3 il əvvəl həmin həyətə getmişdir. Oraya gedən zaman iddiaçı orada olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, cavabdehləri tanıyır, iddiaçını isə tanımır. O, həmin həyətdə kirayə yaşamışdır. Suala cavab olaraq bildirir ki, 1985-ci ildə həmin həyətə kirayəçi kimi köçmüşdür. 1996-cı ilə qədər orada yaşamışdır. O, köçən zaman aşağı həyətdə kirayəçilər var idi. Orada 2 otaq var idi, birində ailə, digərində isə tələbə qızlar yaşayırdı. Şirəli kişiyə aid tikililər bunlar idi: ümumi həyətə daxil olduqda sağ tərəfdə 1 tikili, sol tərəfdə 1 tikili, koridor gedirdi, sonra üzbəüz tikililər idi. Sonra aşağı həyətə düşdükdə sol tərəfdə 1 tikili, sağ tərəfdə isə 1 tikili var idi. Həyətdə yerləşən tikililərin planını əlyazma şəklində çəkərək məhkəməyə təqdim edir, o, 1996-cı ildə həmin həyətdən çıxarkən 5 tikili . Həmin vaxt iddiaçı gəlin köçməmişdir. Həmin həyətdə digər şahid olan həyat yoldaşı Şahid4 ilə yaşayırdı. Həyat yoldaşı məhkəmə iclas zalındadır. 1996-cı ildə onlar həmin həyətdən köçənə qədər həmin evlər mövcud idi. O, ixtisasca mühəndisdir. Həmin həyətə köçərkən gördüyünü deyir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı cavabdehlərin oğlu Əliyev Ədalət ilə xx.xx.2001-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, Əliyev Ədalət isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı nikaha daxil olduqdan sonra mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 48 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehlərlə birlikdə yaşamışdır. Hazırda qeyd olunan ünvanda bir neçə tikili mövcuddur və evlərin heç birinin daşınmaz əmlakıln dövlət reyestrində qeydiyyata alınmasına dair sənəd mövcud deyildir. Buna görə də həmin tikililər özbaşına tikili hesab edilir. İddiaçı isə həmin ünvanda yaşamır. Hazırda iddiaçı qeyd olunan ünvanda mövcud olan tikililərin mərhum əri və onun birgə nikah dövründə əldə edilmiş birgə gəlirləri hesabına inşa edildiyini bildirərək tikintilərə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehlər isə iddiaçının həmin tikililərə heç bir xərc çəkmədiyini və iddianın əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, ilk növbədə, iddiaçı öz izahatında bildirmişdir ki, mərhum əri əlil olduğundan və buna görə də maddi təminatları zəif olduğundan qeyd olunan tikililər cavabdehlər (iddiaçının ərinin valideynləri) tərəfindən onlara maddi təminatlarını artırmaq, dəstək olmaq və iddiaçının ifadəsilə - dolanmaq məqsədilə verilmişdir. Bu ifadə iddiaçının şahidlərinin ifadəsi ilə də doğrulanır. Hətta iddiaçı bildirir ki, cavabdehlərin digər oğlu olan iddiaçının qaynına icarə haqqı ödəməklə orada mağaza açmış və gəlir əldə etmişdir. Digər hal isə odur ki, həmin ünvanda kirayəçi kimi yaşayanların kirayə haqqını iddiaçı həmin həyətdə yaşadığı müddətdə iddiaçıya, o getdikdən sonra isə cavabdehlərə verməsi şahid ifadələrinə əsasən müəyyən olunur. Məhkəmə iddiaçının özünə məxsus olduğunu bildirdiyi yaşayış evini tərk etməsi, hazıradək orada yaşamaması və həmin həyətdə yaşamadığı müddətdə digər evlərin kirayə haqlarından imtina etdiyindən ödənişin cavabdehlərə verilməsini və həmin ünvana dair təbii qaz və sudan istifadə, həmçinin tullantı sularının axıdılması ilə bağlı iddiaçı deyil, cavabdeh X7 ilə müqavilələrin bağlanmasını nəzərə alaraq qeyd edir ki, bu hallar onu göstərir ki, iddiaçının ərinin sağlığında belə qeyd olunan tikili iddiaçıya və onun ərinə məxsus olmamışdır, tikililər iddiaçı və onun ərinə maddi təminatın yaxşılaşdırılması məqsədilə cavabdehlər tərəfindən müvəqqəti olaraq verilmişdir. Bundan başqa iddiaçı özü də ifadəsində etiraf etmişdir ki, qeyd olunan həyətdə əvvəlcə tikililər olmuş, onlar həmin tikililəri sökmüş, tikiliyə əlavələr etmişdir. Bu fakt iddiaçının şahidlərinin ifadəsində də öz əksini tapmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəmə iclasına şahid qismində dəvət edilmiş və Şahid3 ifadəsi və onun tərəfindən şəxsən məhkəmə iclasında tərtib edilmiş əlyazma formasında olan sxemadan müəyyən edilir ki, iddiaçı həmin ünvana gəlin köçdüyü vaxt həmin həyətdə artıq 5 tikili mövcud olmuşdur. Buna baxmayaraq iddiaçı həmin həyətdə öz hesabına inşa etdiyi evlərin tikintilərinin 2011-ci il tarixdə bitdiyini bildirir. Lakin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, ME 07/032 nömrəli mütəxəssis rəyinin 10-cu bəndinin 3-cü hissəsində qeyd olunur ki, 2009-cu ilin aprel ayına aid olan peyk görüntülərinə əsasən qeyd olunan ərazidə yerləşən və hazırda da mövcud olan tikililərin hamısı artıq həmin tarixdə yekunlaşmış vəziyyətdə mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini digər tərəfdən 2011-ci ilə evləri tikib yekunlaşdırması ilə əsaslandırsa da, iş üzrə məhkəmə iclasında dindirilmiş şahid ifadələri və mütəxəssis rəyindən müəyyən olunur ki, tikililər iddiaçının qeyd etdiyi vaxtdan xeyli əvvəl artıq mövcud olmuşdur. Bu isə iddiaçının bəyanın bu hissədə də həqiqətə söykənmədiyini göstərir. Həmçinin iddiaçı öz izahatında evlərin tikintisi üçün vəsaitin mənbəyini əsaslandırarkən bankdan kredit götürdüyünü bildirmiş, şahid ifadəsində də iddiaçının bankdan kredit götürməsi məlumat kimi öz təsdiqini tapmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən həmin dövrdə hansı bankdan, hansı məbləğdə, nə məqsədlə kredit götürməsinə dair sübutlar məhkəməyə ağlabatan müddətdə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən kredit götürülməsi və kreditin detalları barədə məlumatların əldə edilməsi üçün müvafiq banka sorğu verilməsi və bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclası bu əsasla təxirə salınmasına baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı qeyd olunan ünvanda mövcud olan tikiləri onun mərhum əri ilə birgə nikah dövründə əldə edilmiş birgə gəlirləri hesabına inşa etdiyini bildirsə də, məhkəmə iddiaçının mərhum ərinin 3-cü dərəcəli əlil olması, barəsində “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişinin daxil edilməməməsi, yəni rəsmi qaydada əmək fəaliyyəti ilə məşğul olmamasına dair sübutun olmaması, eyni zamanda iddiaçının 2021-ci ilə qədər rəsmi gəlirinin olmasına dair məlumatın olmamasını nəzərə alaraq qeyd edir ki, iddiaçının həmin tikililəri öz hesabına tikməsi inandırıcı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, həmin dövrdə iddiaçı və mərhum ərinin birgə gəlirləri evlərin kirayə haqqları və iddiaçının ərinin pensiyasından ibarət olmuşdur. Bu isə şəxsi və ailə tələbatlarını ödədikdən sonra yeni tikililərin inşa edilməsi üçün vəsait ayrılması üçün ağlabatan məbləğ hesab edilmir. Bundan əlavə həmin tikililərin kimin hesabına tikilməsi barədə konkret sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu hallar isə öz növbəsində iddiaçının qeyd olunan həyətdə öz hesabına sonradan əlavə tikililər tikməsi faktını təkzib edir. İddiaçının digər tələbi isə mübahisə predmeti olan yaşayış evinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi hüququnun tanınmasından ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işin halları ilə qeyd olunan yaşayış evinin iddiaçının mərhum əri ilə birgə nikah dövründə və birgə gəlirləri hesabına əldə etmədikləri, evin cavabdehlərin əmlakı olması öz təsdiqini tapmışdır. Bu halda əmlakın mülkiyyətçisi iddiaçının ailə üzvü olmadığına görə və onlar arasında ayrı qaydada razılaşma müəyyən edilmədiyinə görə iddiaçının həmin yaşayış evinə istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Soltan oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda keçirilmiş ekspertizanın xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Təyin edilmiş və aparılması "xxxx" MMC-yə həvalə edilmiş ekspertizanın xərci iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar