Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-128/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi mümkün olmadıqda kompensasiya ödənilməsi, hərrac yolu ilə satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi mümkün olmadıqda kompensasiya ödənilməsi, hərrac yolu ilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baki şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226 saylı əmlakın 2/3 hissəsinin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq kompensasiyanın digər mülkiyyətçidən alınıb mənə verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226 saylı mənzil, paylı mülkiyyət hüququ ilə 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Buna dair xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeyd edilməklə çıxarış verilmişdir. Lakin həmin əmlaka dair mülkiyyət hüququ tanınmasına baxmayaraq həmin əmlaka dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Bu səbəbdən paylı mülkiyyət hüququ ilə 2/3 hissədə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24b, mənzil 226-nın naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda, paylı mülkiyyət hüququ ilə ons məxsus 2/3 hissəsinin dəyəri şəkilndə müvafiq məbləğdə kompensasiyanın digər mülkiyyətçidən alınıb, İddiaçı verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS vasitəsilə ərizəsi ilə müraciət edərək, əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 2/3 hissəsinin dəyəri şəklində müvafiq kompensasiyanın ümumilikdə 190000 manat məbləğində kompensasiya ödənilməsi barədə Cavabdeh “təklif” etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Сavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart tarixdə saat 11:00-a iddiaçı Hüseynova Hicran Əlihüseyn qızının X1 qarşı "maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə 2(003)-78/2024 saylı mülki işin yekun məhkəmə baxış iclası təyin edilmişdir. Həmin mülki işdə cavabdeh Mansurova Natellanın etibarnamə üzrə nümayəndəsi və vəkili olaraq iştirak etməyi zəruridir. Belə ki, həmin mülki iş bir ildən artıq müddətdə məhkəmənin icraatında olmuş, 21 fevral 2024-cü il tarixinə baş tutmalı olan məhkəmə baxış iclası tərəflərin xahişi ilə bir dəfə təxirə salınaraq 13 mart 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, məhkəmənin baxış iclasının vaxtı və yeri barədə 28 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında tərəflərin iştirakı ilə razılaşdırılaraq təyin edilməsini, cavabdehin ərizədə qeyd etdiklərinə dair hər hansı sübutunu ərizəsinə əlavə etməməsini nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24b saylı evin 226 nömrəli mənzili 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4235/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 10/7219 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 b, 226 saylı mənzilin tərəflər arasında 1/3 və 2/3 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər təklif olunan kompensasiya məbləğində ortaq razılığa gələ bilməmişdirlər. Bundan sonra iddiaçı mübahisəli mənzili açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmişdir, cavabdeh iddia tələbini qəbul etməmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, tərəflər arasında təklif olunan kompensasiya məbləğində ortaq razılığa gəlinmədiyindən, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait paylı mülkiyyətçilərin paylarına uyğun, yəni 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh paylarına uyğun bölünməlidir, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat xərcdən 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B saylı evin 226 nömrəli mənzili açıq hərracda satılsın. Satışdan əldə edilən vəsait paylı mülkiyyətçilərin paylarına uyğun, yəni 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh paylarına uyğun bölünsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat xərcdən 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-128/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-128/2024
13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver