Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1386/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: overdraft, əsassız varlanma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KMP-00384945- 227206/21 nömrəli “Kartmane” xidməti üzrə müqaviləyə əsasən, müqavilənin predmetini Bank tərəfindən Müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesabla bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 6.1.1-ci bəndinə əsasən X1 hesabı açdığı gündən sonrakı 3 iş günü ərzində kartı ona təqdim etmək öhdəliyi daşıyır. Müqavilənin 6.2.7-ci bəndinə əsasən aparılmış səhv əməliyyatlar və ya texniki səhv nəticəsində müştərinin bankda olan istənilən hesabına səhvən hesablanmış, köçürülmüş pul vəsaitini bu müqaviləyə aid olub-olmamasından asılı olmayaraq, müştərinin bankda olan kart, depozit və ya bütün digər hesablarından müştərinin razılığı tələb olunmadan akseptsiz qaydada silmək bankın hüququdur.
2. xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair ərizəyə əsasən cavabdeh bu ərizəylə təsdiq edir ki, “Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə, həmçinin kartların istifadəsi ilə bağlı Bank tərəfindən müəyyən edilən tariflərlə tanış olmuş və onları qeyd-şərtsiz qəbul etmişdir.
3. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə hesaba 379,08 manat pul mədaxil edilmiş, 363,78 manat overdraft borcu yaranmışdır.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021ci il tarixində açılan **********0944-384945 nömrəli kart hesabı üzrə borcu yaranmışdır: müştəri kartına xx.xx.2022-ci il tarixdə texniki səhv nəticəsində 379,08 manat mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2022-ci il tarixdə xərcləmişdir. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 363,78 manat overdraft borcu yaranmışdır. Bugünə qədər həmin borcdan müştəri 30,15 manat ödəmişdir. Hazırda Cavabdeh xx.xx.2024-cü il tarixə 333,63 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcu olmaqla, cəmi 347,61 manat borcu vardır.
5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 333,63 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcu olmaqla, cəmi 347,61 manat borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 3 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 333,63 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcu olmaqla, cəmi 347,61 manat məbləğdə pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944- 384945 nömrəli kart hesabı açılmışdır. Cavabdehin kartına xx.xx.2022 tarixdə texniki səhv nəticəsində 379,08 manat mədaxil olunmuşdur. Mədaxil olunan məbləğ sistem üzərindən geri qaytarılsa da, kartda əks olunub və müştəri hesabına artıq oturmuş pul vəsaitinin silinməsini gözləmədən kart hesabından ona aid olmayan pulu xx.xx.2022 il tarixində xərcləmişdir. Nəticədə həmin səhv düzəliş olunub və vəsait geri çəkildiyi zaman hesabda 363,78 manat overdraft borcu yaranmışdır. Bu günə qədər həmin borcdan müştəri 30,15 manat ödənilmişdir. Hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 333,63 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcu olmaqla, cəmi 347,61 manat borcu vardır.
b) iddiaya etiraz
8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh bank tərəfindən təqdim edilmiş plastik kartdan hüquqi əsası olmadan müəyyən məbləği məxaric etmiş və yaranmış borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
15. Odur ki, iddiaçının tələb etdiyi 333,63 manat overdraft borcu cavabdehdən tutulmalıdır.
16. Eyni zamanda iddia tələbi bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcunun tutulmalı hissəsində də əsaslıdır.
17. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.
18. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
19. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan overdraft borc məbləği, faiz və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. 333,63 manat overdraft borcu, bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 13,98 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 377,61 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə