Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1415/2025 06.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının sağlamlığına vurulmuş zərər görə cavabdehdən iddiaçının xeyrinə birdəfəlik ödəniş olaraq hadisə baş verən gündən qətnamə qanuni qüvvəyə minən günə qədər hər ay 1500 manat hesablanmaqla bir dəfəlik ödənişin müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının ömrünün sonunadək hər ay 15010 manat aylıq ödənişin müəyyən edilməsi və mənəvi zərərə görə isə 10 000 məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü il in fevral ayından X2 adlı tanışının təklifi ilə Bakı şəhəri Yasamal rayonu Əhməd Əhmədov küçəsində yerləşən və Qlobal SF MMC-yə (**********) məxsus yaşayış binasında usta kimi fəaliyyət göstəribdir. İddiaçının görməli olduğu işlər binanın suvaq, kafel-metlax və hörgü işlərinin aparılmasından ibarət olub. İddiaçının əmək haqqını xəsarət aldığı günə qədər X4 ödəmişdir. İddiaçının binaya girişi və çıxışı, həmçinin istifadə üçün götürdükləri əmək alətləri şirkətə məxsus qeydiyyat kitabçalarında imza etdirilməklə qeydə alınırmış. Lakin iddiaçı binaya daxil olarkən əməyin mühafizəsi qaydalarına uyğun olaraq hər hansı xüsusi geyim formaları ilə təmin olunmamışdır. Hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixində iddiaçı binanın işçiləri tərəfindən istifadə edilən liftə minərək digər mərtəbələrdə ona tapşırılmış işləri görmək üçün aşağı enərkən lift qırılaraq yuxarı mərtəbələrdən binanın zirzəmi qatına çırpılır və nəticədə iddiaçı ağır bədən xəsarətləri alır. Onu binada olan digər işçilər liftdən təxliyyə edərək hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınına yerləşdirirlər. Baş vermiş qəza nəticəsində iddiaçı sağ incik sümüyünün aşağı 1/3, sol iç topuğunun qapalı yerdəyişən sınığı, qapalı fəqərə sütünü və onurğa beyni travması, L2 və L4 fəqərələrinin kompressiv fəsadlaşmış sınıqları diaqnozu qoyulmuşdur. Bu səbəbdən ona əlillik dərəcəsi də verilmişdir. Hadisədən dərhal sonra iddiaçının dövlət xəstəxanasından Medika Hospital adlı özəl xəstəxanaya çatdırılmasını da Qlobal SF-in rəhbərliyi təşkil etmişdir. Daha sonra cavabdeh qurumun rəhbərliyi tərəfindən iddiaçıya ona dəymiş bütün zərərin ödəniləcəyi və hüquqi addımların atılacağı və təqsirkarların da cəzalandırılacağı vədi verilmişdir. Bu vədi verən Qlobal SF MMC-nin rəhbər şəxslərindən biri olan X4 olmuşdur. Lakin hadisədən bir bir müddət keçdikdən sonra iddiaçıya cavabdeh tərəfindən verilən heç bir vədə əməl olunmamışdır. Bu günə qədər öz haqqını hüquq mühafizə orqanlarında axtaran iddiaçı hər dəfə müxtəlif bəhanələr ilə ləngidilmiş və cavabdeh tərəfindən onun vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı onun sağlamlığına vurulmuş zərərin ödənilməsi üçün cavabdeh olan şəxslərə qarşı iddia ilə çıxış etməyə qərar vermişdir. İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçının müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyi faktı Yasamal rayon prokurorluğu tərəfindən müəyyən edildiyindən prokurorluğun xx.xx.2024-cü il tarixli 2-2/321/2019473/2024 nömrəli məktubu əsasında MN1612676 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X2 1500 manat məbləğində inzibati cərimə edilmişdir. 16 oktyabr 2024-cü ildə iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən aparılan araşdırma zamanı hadisənin olmasını və bu səbəbdən cərimə olunduqlarını qeyd etməklə iddiaçının həmin binada çalışdığını təsdiq etmişdir. Bundan başqa Yasamal rayon prokurorluğunda iddiaçının iş yoldaşı Mustafa adlı şəxs hadisə günü video və foto çəkərək liftin vəziyyətini qeyd etmişdir. Baş vermiş hadisədə cavabdeh tərəfi öz öhdəliklərini icra etməməyə sövq edən başlıca amil tərəflər arasında əmək müqaviləsinin olmamasıdır. Bundan əlavə özünü podratçı kimi təqdimedən Qurbanov Teymur adlı şəxs bu işdə rəhbər şəxs kimi özünü görür və buna görə də cəza çəkməyə hazır olduğunu qeyd edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azrbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin 86 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Vətəndaş İddiaçı adına tibbi sənədlərdə qeyd olunan xəsarətlər-qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları, sağ incik sümüyünü aşağı 1/3-nin, sol lopuğun qapalı yerinidəyişən sınıqları,sol aşıq-baldır oynağının yarımçıxığı küt aşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ incik sümüyünü aşağı 1/3-nin, sol iç topuğun qapalı yerinidəyişən sınıqları, həm ayrı-ayrılıqda, həmçinində ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, sol aşıq-baldır oynağının yarımçıxığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı xəsarət aldığı görünür . Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi, o iddiaçı ilə birlikdə işləmiş, həmçinin qonşu olmuşdur. O, qeyd etmişdir ki, kran sürücüsü bir müddət əvvəl liftdən səs gəldiyini və liftin təhlükəli olduğunu bildirmişdir. O da həmin şirkətdə usta olaraq işləmişdir. O, hadisə baş verən gün həmin liftlə yuxarı qalxmışdır. İddiaçı liftlə aşağı düşəndə bir müddət sonra liftdən gurultulu səslər eşidilmişdir. O, digər ustalara da bu barədə məlumat vermiş və iddiaçının liftin daxilində olduğunu bildirmişdir. O, daha sonra həyətə çıxmış və təcili tibbi yardım xidmətinə zəng etmişdir. Orada əməyin mühafizəsi qaydalarına əməl edilməmişdir. Liftin qapıları olmuş, şaxtanın qarşısında maneə olmamışdır. O, iddiaçı vasitəsi ilə həmin işə düzəlmişdir. Onlara 15 gündən bir və ya ayda bir dəfə əmək haqqı verilmiş, onlarla podrat müqaviləsi bağlanmamış, əmək haqqını iddiaçı və ya Teymur adlı şəxs ödəmişdir. Onlar işə başlayanda əməyin mühafizəsi üzrə onlara təlim keçirilməmiş, xüsusi geyimlər verilməmişdir. Hadisə iş vaxtı, səhər saatlarında baş vemişdir. Həmin liftdən hamı istifadə etmişdir. Bina çoxmərtəbəli olduğundan məcburən liftdən istifadə etmişlər. Bütün mətəbələrdə iş getmiş, lakin onlar mansardda işləmişlər. Mansardda tərəflərindən suvaq işləri, pəncərələrin bərkidilməsi, alçıpan vurulması işləri həyata keçirilmişdir. Onlar təxminən 1000-1200 manat əmək haqqı almışlar. Hadisədən sonra lift parçalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2023-cü il in fevral ayından X2 adlı tanışının təklifi ilə Bakı şəhəri Yasamal rayonu Əhməd Əhmədov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasında usta kimi fəaliyyət göstəribdir. xx.xx.2023-cü il tarixində iddiaçı binanın işçiləri tərəfindən istifadə edilən liftə minərək digər mərtəbələrdə ona tapşırılmış işləri görmək üçün aşağı enərkən lift qırılaraq yuxarı mərtəbələrdən binanın zirzəmi qatına çırpılır və nəticədə iddiaçı ağır bədən xəsarətləri alır. Onu binada olan digər işçilər liftdən təxliyyə edərək hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınına yerləşdirirlər. Baş vermiş qəza nəticəsində iddiaçı sağ incik sümüyünün aşağı 1/3, sol iç topuğunun qapalı yerdəyişən sınığı, qapalı fəqərə sütünü və onurğa beyni travması, L2 və L4 fəqərələrinin kompressiv fəsadlaşmış sınıqları diaqnozu qoyulmuşdur. Bu səbəbdən ona əlillik dərəcəsi də verilmişdir. Hadisədən dərhal sonra iddiaçının dövlət xəstəxanasından Medikal Hospital adlı özəl xəstəxanaya çatdırılmasını da Qlobal SF-in rəhbərliyi təşkil etmişdir. Daha sonra, cavabdeh qurumun rəhbərliyi tərəfindən iddiaçıya ona dəymiş bütün zərərin ödəniləcəyi və hüquqi addımların atılacağı və təqsirkarların da cəzalandırılacağı vədi verilmişdir. Lakin hadisədən bir bir müddət keçdikdən sonra iddiaçıya cavabdeh tərəfindən verilən heç bir vədə əməl olunmamışdır. Yasamal rayon pprokurorluğun xx.xx.2024-cü il tarixli 2-2/321/2019473/2024 nömrəli məktubu əsasında MN1612676 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X2 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının sağlamlığına vurulmuş zərər görə cavabdehdən iddiaçının xeyrinə birdəfəlik ödəniş olaraq hadisə baş verən gündən qətnamə qanuni qüvvəyə minən günə qədər hər ay 1500 manat hesablanmaqla bir dəfəlik ödənişin müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının ömrünün sonunadək hər ay 15010 manat aylıq ödənişin müəyyən edilməsi və mənəvi zərərə görə isə 10 000 məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan tibbi sənədlərdən, digər iş materialları ilə də təsdiq olunur ki, iddiaçının xx.xx.2023-cü il tarixdə aldığı xəsarət nəticəsində ona qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları, sağ incik sümüyünü aşağı 1/3-nin, sol lopuğun qapalı yerinidəyişən sınıqları,sol aşıq-baldır oynağının yarımçıxığı küt aşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sağ incik sümüyünü aşağı 1/3nin, sol iç topuğun qapalı yerinidəyişən sınıqları, həm ayrı-ayrılıqda, həmçinində ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər, sol aşıq-baldır oynağının yarımçıxığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər dəymişdir. Yuxarıda qeyd edilən xəsarətlərin iddiaçının xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində aldığı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin 86 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapsa da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı qeyd edilən faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin 86nömrəli ekspert rəyində birbaşa olaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq demək olar ki, qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları, sağ incik sümüyünü aşağı 1/3-nin, sol lopuğun qapalı yerinidəyişən sınıqları,sol aşıq-baldır oynağının yarımçıxığı küt aşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, qapalı fəqərə sütunu və onurğa beyninin travması ilə müşayiət olunan İİ və İV bel fəqərələrinin kompression fəsadlaşmış sınıqları vardır. Məhkəmə ilkin olaraq iddia tələbinin maddi zərərə görə iddiaçının sağlamlığına vurulmuş zərər görə cavabdehdən iddiaçının xeyrinə birdəfəlik ödəniş olaraq hadisə baş verən gündən qətnamə qanuni qüvvəyə minən günə qədər hər ay 1500 manat hesablanmaqla bir dəfəlik ödənişin müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının ömrünün sonunadək hər ay 1500 manat aylıq ödənişin müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarət nəticəsində sağlamlığın uzun müddətə pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçı ona tələbində qeyd etdiyi ömrünün sonuna qədər maddi zərər dəydiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı məhkəmə hazırlıq iclasında onun əməliyyat xərclərinin və 06 ay ərzində xəstəxanada qaldığı müddət ərzində olan xərclərinin cavabdeh tərəfindən qarşılandığını bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə birdəfəlik ödəniş olaraq hadisə baş verən gündən qətnamə qanuni qüvvəyə minən günə qədər hər ay 1500 manat hesablanmaqla bir dəfəlik ödənişin müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının ömrünün sonunadək hər ay 1500 manat aylıq ödənişin müəyyən edilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə 10000 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. İddiaçının xx.xx.2023-cü il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı həmin xəsarətlə bağlı olaraq sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, uzunmüddətli olaraq əmək qabiliyyətindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 7500 manat mənəvi zərərin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən edilməlidir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 7500 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 7500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 7500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1415/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1415/2025
06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver