Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1667/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində bağlanmış, Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfindən təsdiq olunmuş MŞB/2-03895/2023 nömrəli barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət edərək aralarında yaranmış ailə mübahisəsi ilə bağlı mediasiya prosesinin keçirilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 və hər iki mübahisə tərəfinin şəxsən iştirakı ilə mediasiya sessiyasında “Mediasiya haqqında” qanunun 33-cü maddəsinə əsasən MŞB/2- 03895/2023 nömrəli Barışıq sazişi hazırlanmış, tərəflərin və mediatorun imzası ilə təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə Birinci tərəf X4 və İkinci tərəf Ərizəçi aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. Tərəflər: X4 və Ərizəçi “Səadət” sarayında (Bakı nikah evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. X4müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf Ərizəçi tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il tarixinə qədər hər ay 2500 (ikimin beş yüz) manat, xx.xx.2024-cü il tarixindən etibarən isə hər ay 3500 (üç min beş yüz) manat aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X13 ana – X1 yanında qalacaqlar. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf – Ərizəçi tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X13 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər. 5. 2-ci tərəf – Ərizəçi şəxsi mülkiyyətində olan 10LD175 Dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni X2 verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf – X4cehiz və şəxsiəşyalarını bir ilmüddətində götürməyi öz öhdəsinə götürür. Göründüyü kimi, Barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri müəyyən edilmişdir. Bu şərtlərdən biri kimi - “Ərizəçi tərəflərin birgə nigahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X13 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər” (4cü bənd) – qeyd olunmuşdur. Barışıq sazişində onun imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı və Sazişdə tərəflər arasında ayrı müddət müəyyən olunmayıbsa imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu göstərilmişdir. Lakin buna baxmayaraq, bir müddətdir ki, Maraqlı şəxs uşaqları xx.xx.2020-ci il təvəlüdlü X7 və xx.xx.2022-ci il təvəlüdlü X10 ona göstərmir, hazırda o onları görə bilmir, onlarla ünsiyyətdə ola bilmir. Maraqlı şəxs müxtəlif bəhanələr gətirərək onun uşaqlarla ünsiyyətdə olmağına maneələr törədir. O isə uşaqlarının tərbiyə olunmasında, onların sağlam böyüməsində, tərbiyələnməsində, inkişaf etməsində, maddi və mənəvi tələbatlarının ödənilməsində bir valideyn olaraq yaxından iştirak etmək istəyir. Ad günlərində, bayram günlərində uşağı ilə vaxt keçirtmək, istirahət günlərində onu gəzməyə aparmaq, ona lazım olan qayğını, diqqəti vermək onun hüququdur. Bu səbəbdən barışıq sazişinin məcburi icrası üçün barişiq sazişinin 4-cü bəndinin təstiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahat verərək bildirdi ki, ərizəçi nə vaxt uşaqları ilə görüşmək istəyibsə, ona şəraiti yaradıb. Barışıq sazişi imzalanarkən ona hər hansı təzyiq göstərilməsə də, gələcəkdə uşaqların bağçası, məktəbi və həyat tərzi nəzərə alınmayıb. Uşaqlarla məhdudiyyətsiz görüş verilməsi, gələcəkdə müxtəlif yeni problemlərə yol açacağını nəzərə alaraq, barışıq sazişinin həmin bəndinin təsdiq edilməməsi, uşaqlarla ataları ilə konkret vaxt, saat müəyyən edilməklə görüş vaxtının müəyyən edilməsini məhkəmədən xahiş etdi.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2- 03895/2023 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən: 4) Tərəflər razılaşırlar ki, 2-ci tərəf Ərizəçi tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X13 ilə heç bir məhdudiyyət olmadan görüşə bilərlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2765/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən maraqlı şəxs Ərizəçi appelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-566/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçi X1 maraqlı şəxs Ərizəçi qarşı mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişin təmin edilməsi barədə ərizə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə maraqlı şəxsi dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
10. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
11. 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;
12. 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır.
14. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.
15. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur.
16. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
17. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
18. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər.Həmçinin qeyd olunmuşdur ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.
19. Belə ki, hazırda ərizəçi mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/2-03895/2023 nömrəli barışıq sazişinin 4-cü bəndinin (Tərəflər razılaşırlar ki, 2-ci tərəf Ərizəçi tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X11 ilə heç bir məhdudiyyət olmadan görüşə bilərlər) təsdiq olunmasını xahiş edir.
20. Məhkəmə hesab edir ki, görüşün konkret vaxtı müəyyən edilmədiyi üçün Ərizəçi tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X13 ilə heç bir məhdudiyyət olmadan görüşməsi uşaqların hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan uşaqların azyaşlı olmasını nəzərə alsaq, uşaqlarla görüş zamanı ananın iştirakının təmin olunmaması, görüş saatlarının uzun olması və s. onların hüquqlarının məhdudlaşdırılmasına və qanunla qorunan mənafeylərinin pozulmasına gətirib çıxaracaq.
21. Digər tərəfdən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının rəyini alınması tələb olunduğu halda, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişində belə rəy alınmamış və nəticədə uşaqların mənafeyinə uyğun olmayan heç bir məhdudiyyət olmadan görüş hüququ müəyyən edilmişdir.
22. Məhkəmə atanın uşaqla ünsiyyətdə olmasının hüququnun olmasını inkar etmir. Lakin hazırki halda yetkinlik yaşına çatmayan uşaqların ataları ilə görüş hüququ onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alınmaqla müəyyən edilməsi daha məqsədəmüvafiq olar.
23. Beləliklə, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 4-cü bəndi təsdiq edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
26. Məhkəmə həmçinin qeyd edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil