Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1954/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il doğum tarixli X1 16 yanvar 2019-cu il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi, qanunvericliklə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia icraatı qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı məhkəməyə xüsusi icraat qaydasında müraciət edərək, ərizəsində ərizəçi və maraqlı şəxş və ya şəxslərin dairəsini müəyyən etməli olduğu halda, iddia icraatının forma və məzmununa uyğun iddia ərizəsi tərtib edərək, (iddiaçı və cavabdeh göstərilməklə) iddia icraatı qaydasında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında həm də, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Eyni zamanda İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Belə ki, İddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində X1 16 yanvar 2019-cu il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsini xahiş etsə də, iddia ərizəsinin təsviri hissəsində onun naməlum şəraitdə qəsdən öldürülməsi ilə əlaqədar itkin düşdüyünü qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əslində niyyəti şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Məhkəmə onu da qeyd edir ki, ərizəçi tərəfindən ərizəsində, şəxsin ölmüş elan edilməsinin ona hansı səbəb və ya səbəblərdən zəruri olması qeyd olunmalı olduğu halda, hazırki ərizədə, bu hallar da ümumiyyətlə göstərilməmiş, eləcə də, şəxsin itkin düşmüş elan edilməsinə dair qətnamə də, iddia ərizəsinə əlavə edlməmişdir. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1954/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1954/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver