Məhkəmə qərarları › İş №e-2(004)-217/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-217/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-217/2025 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2705 manat məbləğində dəymiş zərərin və ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 17:30-da A.M.Şərifzadə küçəsində Cavabdeh2 etibarnamə ilə idarə etdiyi “FORD MUSTANG MİNİK” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək İddiaçı MMC-nin mülkiyyətində olan, xx.xx.2024-cü il tarixli, 000102 nömrəli “yol vərəqəsi” əsasında X3 tərəfindən idarə edilən ** AZ *** dövlət qeydiyyat nişanlı, “JEEP CHEROKEE MİNİK” markalı nəqliyyat vasitəsinə dəyməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Zərbənin güclü təsirindən ** AZ *** dövlət qeydiyyat nişanlı,“JEEP CHEROKEE MİNİK” markalı nəqliyyat vasitəsi ** DV *** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA H MİNİK” markalı nəqliyyat vasitəsinə çırpılmışdır və nəticədə ərizəçi İddiaçı MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. İş üzrə materiallarda olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunmuşdur ki, “FORD MUSTANG MİNİK” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir və xx.xx.2024-cü il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, həmin nəqliyyat vasitəsi Cavabdeh2 etibar edilmişdir. Yasamal rayon X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən Cavabdeh2 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Bu iş üzrə materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Hadisə ilə bağlı “JEEP CHEROKEE MİNİK” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, PAA********** nömrəli qüsur aktına əsasən 7.290 (yeddi min iki yüz doxsan) AZN müəyyən edilmişdir. Belə ki, 24-00598/07/AA-303/24 saylı sığorta aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən 003992 saylı, 26 iyul 2024-cü il tarixli ödəniş tapşırığı ilə 4.585 (dörd min beş yüz səksən beş) AZN İddiaçı MMC-nin hesabına ödənilmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq zərərçəkmişİddiaçı MMC-yə ödənilməli olan zərər məbləği 2.705 (iki min yeddi yüz beş) manat təşkil edir. Həmçinin cavabdehlərə şirkət tərəfindən xx.xx.2024cü il tarixində 3 iş günü müddətində 2.705 (iki min yeddi yüz beş) manat borc məbləğini tələb edilməsi barədə Pretenziya məktubu göndərilmişdir. Lakin yazılı və şifahi müraciətlərə baxmayaraq iddia ərizəsinin verildiyi günə qeyd edilən pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. Beləliklə hesab edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şirkətə dəymiş 2705 (iki min yeddi yüz beş) manat məbləğində zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Şirkətə ödənilməlidir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2705 manat məbləğində dəymiş zərərin və ödənilmiş 47 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia tələbinin əsaslılığına dair kifayət qədər sübut təqdim edildiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək, "JEEP CHEROKEE MİNİK” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin ilkin sübutlar arasında təqdim edilmiş qüsur aktına uyğun olaraq müəyyən edilərək, iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qətnamə qəbul edilməsini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli rəyi obyektiv və əsaslandırılmış olmadığı üçün eyni zamanda avtomobilə vurulmuş zərərin süni şəkildə azadılmasına yönəldiyi üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 000102 nömrəli yol vərəqəsinə əsasən "JEEP CHEROKEE” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ölkə ərazisində istifadəsinə icazə verilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, “FORD Mustang” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2032-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 24-00598/07 / AA-303/24 nömrəli sığorta aktına əsasən “FORD Mustang” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil PAA********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Sığortalanmış “FORD Mustang” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə “JEEP Cherokee” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın məbləği 7290 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 4585 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP6611512 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il Hesablama Aktına əsasən "JEEP CHEROKEE” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği 7290 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 003992 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC-ə 4585 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2024-cü il tarixində, saat 17:30-da Şərifzadə küçəsində Cavabdeh2 idarə etdiyi “FORD Mustang Minik” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi "JEEP CHEROKEE MİNİK” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil arasında dayanmış nəqliyyat vasitəsinə vurma yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9018 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışda (cild səh 06) qeyd olunan 2017-ci il buraxılışlı "Jeep Cherokee” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 03 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 160,00 manat müəyyən edilir. Digər ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Qiymətləndirilmiş ehtiyat hissələrinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin cədvəl hissəsində göstərilmişdir: nakoneçnik-55, almacıq-60, atrajatel-45, cəmi-160. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/1xx/xx-2025 nömrəli qiymətləndirmə hesabatına əsasən qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinə dəymiş zərərin məbləğini müəyyən etmək üçün xərc və müqayisə yanaşmalarından istifadə etməklə zədələnmiş hissələr aşkar olunmuş, hissələrin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri hesablanaraq nəticədə ümumilikdə avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində zərər məbləği müəyyən etmək mümkün olmuşdur. Bütün göstərilənləri nəzərə alaraq aparılan təhlil və hesablamalar nəticəsində, Chevrolet Cobalt markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəymiş zərər məbləğinin ümumi dəyəri yuvarlaq olaraq 4352 (dörd min üç yüz əlli iki manat) müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktublarına əsasən iddiaçı cavabdehlərə 2705 manat qalıq zərər məbləğini 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan başqa, iş materiallarına avtomobillərin fotoşəkillərini əks etdirən 1 ədəd flashkart əlavə edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC-nin mülkiyyətində olan və etibarnamə əsasında X3 tərəfindən idarə edilən "JEEP CHEROKEE” minik markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh1 mülkiyyətində olan və digər Cavabdeh2 tərəfindən idarə edilən “FORD Mustang” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında xx.xx.2024-cü il tarixdə Şərifzadə küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “FORD Mustang” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "JEEP CHEROKEE” minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7290 manat müəyyən edilmiş, həmin zərərin 4585 manatı Ata Sığorta tərəfindən ödənilmişdir. Hazırda İddiaçı MMC qalan 2705 manat məbləğində pulun, ödənilmiş 47 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən "JEEP CHEROKEE” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 4352 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan "JEEP CHEROKEE MİNİK” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4352 manat müəyyən edildiyini nəzərə alsaq, "xxxx" ASC tərəfindən ödənilmiş 4585 manat məbləğində sığorta ödənişi ilə sözügedən avtomobilə dəymiş zərər tam ödənilmiş hesab olunur. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 200 manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci İddiaçınə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçındən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, Kod 810074, İcraçının VÖEN: **********, Müxbir hesab AZ94İABZ********************, S.W.İ.F.T. BİK: İBAZAZ2X, İcraçının hesablaşma hesabı: AZ03NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar