Məhkəmə qərarları › İş №e-2(004)-2436/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2436/2023

24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2436/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "barışıq sazişinin təsdiqi və öhdəliklərin icra olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "barışıq sazişinin təsdiqi və öhdəliklərin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında Bakı şəhəri 19 saylı Notariat ofisində 06 may 2019-cu il tarixdə bağlanmış hal - hazırda qüvvədə olan barışıq sazişinə müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzilin Cavabdeh mülkiyyətində olan ½ hissədə və mənim ½ hissədə payının olması nəzərə alınaraq həmin mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı ilə X4 arasında Bakı şəhəri 19 saylı Notariat ofisində 06 may 2019-cu il tarixdə bağlanmış halhazırda qüvvədə olan barışıq sazişinin təsdiq olunması və həmin barışıq sazişindən irəli gələn öhdəliklərinin icrasının təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(004)-200/2016 saylı qətnaməsinə əsasən, onun Cavabdeh qarşı “cehiz əşyaları və birgə nikah dövründə əldə edilmiş əmlak” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh bir neçə adda əşyanın tam dəyərinin, bir neçə adda əşyanın dəyərinin ½ hissəsinin alınaraq ona qaytarılması, “Mercedes E270 CDİ” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19000 manat) ½ hissəsi kimi 9500 manat pulun Cavabdeh alınaraq ona qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, mənzil 75in birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1Ə2 hissədə onun, ½ hissədə isə Cavabdeh payının müəyyən edilməsi, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(004)-5880/2018 saylı qətnaməsinə əsasən, iddia tələbim əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, mənzil 75in açıq hərracdan satılması, əldə olunan vəsaitin onun və Cavabdeh arasında paylarına mütənasib surətdə ½ hissədə bölüşdürülərək ödənilməsi qərara alınmışdır. 06 may 2019-cu il tarixli barışıq sazişinə əsasən, bu sazişi bağlayan tərəflər – Cavabdeh və İddiaçı (mən) aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək, aşağıda göstərilənlər barədə tam razılığa gəmişlər: 1. Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 nömrəli mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 6, 75 nömrəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində Cavabdeh öz payından İddiaçı xeyrinə imtina edir. 2. Həmin qətnamə ilə “Mercedes E270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 19000 (on doqquz min) ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından Cavabdeh xeyrinə imtina edir. 3. İddiaçı qeyd edilən məhkəmə qətnaməsi ilə Cavabdeh tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 6, 75 nömrəli mənzildən Cavabdeh payına düşən 28500 manat puldan çıxaraq ona ümumilikdə 19600 manat pul ödəyir. 4. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birilərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. 5. Cavabdeh mənzili 06 iyun 2019-cu il tarixədək boşaltmağa öhdəlik götürür. Bakı şəhəri 19 saylı notariat ofisində 06 may 2019-cu il tarixdə 3M-424 reyestr nömrəsi ilə yuxarıda göstərilən barışıq sazişi müqaviləsi rəsmiləşdirilmişdir. Sonradan o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzil üzərində Cavabdeh ½ hissədə mülkiyyət hüququnun onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, həmin idarə müraciətin təmin edilməsindən imtina etdiyindən, o idarəyə qarşı, Cavabdeh üçüncü şəxs qismində işə cəlb edilməklə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1662/2021 saylı qərarına əsasən, iddiam təmin edilmiş, mənzil üzərində mənim mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh İdarəyə həvalə edilmişdir. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişlər, cavabdeh təşkilat şikayətini onunla əsaslandırmışdır ki, mənzilin üzərində onun tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Üçüncü şəxs, yəni Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barışıq sazişində qeyd edilən şərtlər mənim tərəfimdən tam yerinə yetirilməmiş və barışıq sazişində göstərilmiş pul məbləği onun tərəfindən ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022ci il tarixli, 2-1(103)-1299/2022 saylı qərarına əsasən, cavabdeh təşkilatın apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, mənim iddiam təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin 75 saylı mənzilinin üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. İddiaçının göstərdiyi dəlillərdən fərqli olaraq, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazişi nəzərdə tutulmamışdır. Göründüyü kimi, barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Bakı şəhəri 19 saylı Notariat ofisinə 06 may 2019-cu il tarixli barışıq sazişində qeyd edilən 19600 manat pulun həqiqətən də İddiaçı tərəfindən Cavabdeh ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə əlaqədar sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, tərəflər öz aralarında razılaşdıqları və özləri tərəfindən tərtib edilmiş barışıq sazişini imzaladıqdan sonra bu saziş notariatda təsdiq edilmişdir Barışıq sazişində qeyd edilən 19600 manat məbləğə dair hesablaşma tərəflər arasında özlərinin razılaşdıqları şəkildə aparılmışdır. Yuxarıda qeyd edilən məktubdan aydın olur ki, barışız sazişinin tərəfləri bir-birinə qarşılıqlı ödənişlər edilməsini sözlə notariatda bildirmişlər. Bu ödənişlər notariat ofisində baş verməmişdir. 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd etmişdir ki, şikayət iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Mən BakıApellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarından kassasiya şikayəti versəm də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2-1(102)-2229/2022 saylı qərarına əsasən, şikayətim təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53-05101- 09040 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2020-ci il tarixdən ½ pay üzrə İddiaçı və ½ pay üzrə X2 adına qeydə alınmışdır. X4 ilə İddiaçı arasında bağlanmış 06 may 2019-cu il tarixli barışıq sazişinə əsasən tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək ½ hissədə X2, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində X4 öz payından İddiaçı xeyrinə imtina edir. 2.Həmin qətnamə ilə “Mercedes E 270 SDİ” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 19000, ½ hissədə X2, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından X2 xeyrinə imtina edir.

3. İddiaçı qeyd edilən məhkəmə qətnaməsi ilə X1 tutularaq onunxeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüquqi ilə X3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, bina 6, 75 saylı mənzildən X2 payına düşən 28500 manat puldan çıxaraq ona ümumilikdə 19600 manat pul ödəyir. 4.Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1662/2021 saylı qərarına əsasən iddia tələbi təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1730/2022 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə isə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin barışıq sazişinin təsdiq olunması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Odur ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 19 saylı Notariat ofisində 06 may 2019-cu il tarixdə bağlanmış barışıq sazişindən irəli gələn öhdəliklərinin icrasının təmin olunması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, mMəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 19 saylı Notariat ofisində 06 may 2019-cu il tarixdə bağlanmış barışıq sazişindən irəli gələn öhdəliklərinin icrasının təmin olunması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar