Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-251/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "mənzilin təhvil verilməsi və ya kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmuş binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi (mənzilin giriş nömrəsi, mərtəbəsi, nömrəsi qeyd olunmaqla) vəzifəsinin cavabdeh "xxxx" MTK üzərinə qoyulması, bu mümkün olmadıqda, İddiaçı təhvil verilməli olan ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmuş binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi (mənzilin giriş nömrəsi, mərtəbəsi, nömrəsi qeyd olunmaqla) vəzifəsinin cavabdeh "xxxx" MTK üzərinə qoyulması, bu mümkün olmadıqda, İddiaçı təhvil verilməli olan ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiyanın Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi və qətnamənin faktiki icra gününədək hər ay 400 manat məbləğində kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, 24 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65 m2 olan mənzilin mülkiyyət hüquqlarından icraçının xeyrinə imtina edir, icraçı isə əvəzində həmin ünvanda edəcəyi çoxmərtəbəli yaşayış kompleksinin 2 otaqlı, ümumi sahəsi 86 m2 olan tam təmirli mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə təqdim etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci maddəsinin tələblərindən də göründüyü kimi, icraçının (MTK) vəzifələri sırasına 24 təqvim ayından gec olmamaq şərti ilə ümumi sahəsi 86 m2 olan yeni mənzilin tam təmirli şəkildə təhvil verilməsi də daxildir. Həmin Müqavilənin 3.2.6- ci maddəsinə əsasən çoxmərtəbəli yaşayış kompleksinin tikintisini tikintiyə başlanıldığı gündən ən geci 24 ay müddətində yekunlaşdırmalı, əks təqdirdə MTK sifarişçiyə mənzil almaq üçün vəsait ödəməli və ya hazır mənzillə təmin edilməlidir. Müqavilənin imzalanması tarixindən və evin MTK-ya təhvil verildiyi tarixdən 4 il 3 ay keçməsinə baxmayaraq, bu günkü tarixə qədər 86 m2 ümumi sahədən ibarət olan mənzil İddiaçı təhvil verilməmiş, bununla kifayətlənməyərək ümumi sahəsi 86 m2 -dən dəfələrlə aşağı olan, bərbad planlaşdırmaya malik mənzilin İddiaçı təhvil veriləcəyi, heç bir halda 86 m2 mənzil mülkiyyətçiyə verilməyəcəyi bildirilmişdir. Artıq 4 il 3 aydır ki, iddiaçı öz mülkiyyətindən məhrum olmuş, 65 m2 ümumi sahədən ibarət olan mənzili sökülmüş, 2 il ərzində ona təhvil verilməli olan mənzil bugünə qədər ona təhvil verilməmiş və bununla da Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsindən anlaşılan budur ki, iddiaçı cavabdeh "xxxx" MTK-dan ümumi sahəsi 86 kv.metr olan tam təmirli mənzil tələb etmək hüququnu 14 iyun 2018-ci il tarixli 24 saylı müqaviləyə bağlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra şərh qərarlarında formalaşdırmış olduğu hüquqi mövqedən çıxış edərək bildirmək istəyir ki, işə baxan məhkəmə əqdə əsaslanan mübahisəni düzgün hüquqi həll etmək üçün, ilk növbədə, istinad olunan həmin əqdin hüquqi müstəvidə ümumiyyətlə mövcud olub-olmamasını, mövcud olduğu halda isə etibarlı olub-olmadığını müəyyənləşdirməlidir. Plenum bunu müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi kimi müəyyən etmişdir. Hazırki iş üzrə istinad olunan 14 iyun 2018-ci il tarixli 24 saylı müqavilə mövcud olmayan, puç olan bir əqddir. Mövcud olmayan əqdin mövcud hesab edilib, daha sonra yoxlanılması isə onun “puç" mənasının təkzibi sayılmaqla, ziddiyyət yaratmış ola bilər. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin qüvvəyə minməsi üçün tərəflər xüsusi iki şərt müəyyənləşdirmişdir. Bunlardan birincisi müqavilənin imzalanmalı olması, digəri isə notarial qaydada təsdiq edilməli olmasıdır. Hazırki müqavilə imzalansa da, notarial qaydada təsdiq edilməmişdir. Xüsusi notarius iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu müqavilənin yalnız fotosurətinin düzgünlüyünü təsdiq etmiş, özü də 23 sentyabr 2020-ci il tarixində, yəni müqavilənin tərtib edildiyi tarixdən (14 iyun 2018-ci il) iki ildən də artıq müddət keçdikdən sonra. Qeyd edilən notariat hərəkəti müqavilənin notarial qaydada bağlanması anlamına gəlmir. Belə ki, bu hərəkət yalnız tərəflərdən birinin, hazırki iş üzrə iddiaçının arzusu ilə onun istəyinə uyğun aparılmışdır. Müqavilənin imzalandıqdan sonra notarial qaydada təsdiq edilməməsinə, yəni ikinci şərtə əməl edilməməsinə gəlincə, bunun səbəbi hazırki iş üzrə iddiaçının qeyri-vicdanlı davranışı, cavabdehə ona məxsus olan evin ümumi sahəsi barədə yalan məlumatlar təqdim edərək müqavilə bağlamaqda və təqdim edəcəyi evin qarşılığında daha geniş sahəyə malik yeni mənzilə yiyələnməkdə maraqlı olması, cavabdeh tərəfindən isə belə bir niyyətin aşkar edilməsi və həmin müqavilənin hüquqi qüvvəyə minməsindən vaz geçməsidir. Müqavilənin 2.1 -ci bəndinə əsasən, Sifarişçi, yəni İddiaçı, ona məxsus olan ümumi sahəsi 65 kv.m olan mənzilin mülkiyyət hüquqlarından İcraçının, yəni Cavabdeh MTK-nın xeyrinə imtina etməyi, Müqavilənin 3-cü bəndinə əsasən, İcraçı isə bunun müqabilində, yəni ümumi sahəsi 65 kv.m olan mənzilin qarşılığında inşa edəcəyi yeni binada ümumi sahəsi 86 kv.m olan tam təmirli 2 otaqlı mənzili təqdim etməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2018ci il tarixli arayışdan görünür ki, ona məxsus olan sözügedən mənzilin ümumi sahəsi 41.8 kv.m olmuşdur. Bu arayış 2018-ci ilin 05 iyun tarixinə aid olmaqla bu faktı təsdiq edir ki, İddiaçı öz mənzilinə dair 2018-ci ilin 14 iyun tarixində müqavilə bağlayarkən mənzilinin ümumi sahəsi haqqında məlumatlı olmuşdur, lakin qarşı tərəfə bildirməmişdir. Əlbəttə ki, müqavilənin notariat qaydada təsdiq edilməsi də mümkün olmayacaqdır. Belə ki, müqavilənin notarial qaydada təsdiq ediməsi yalnız notarius tərəfindən həmin müqavilədə qeyd olunan xüsusatlar, xüsusilə də mənzilin ümumi sahəsinə dair məlumatlar rəsmi sənədlər əsasında yoxlanıldıqdan və öz təsdiqini tapdıqdan sonra mümkün olacaqdır. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər sırasında mənzilin faktiki ölçüsünü əks etdirən və 30 mart 2005-ci il tarixdə 60 saylı MKlS-in mühəndisi tərəfindən təsdiq edilmiş eskiz sənədi vardır ki, həmin sənəddən də görünür ki, mənzilin yaşayış sahəsi və köməkçi sahəsi ümumilikdə yenə də müqavilədə qeyd olunan sahədən qat-qat azdır. Qeyd olunan müqavilə bağlanmış hesab olunmasa da, tərəflər mülkiyyətçiyə məxsun köhnə evin sökülməsi, yerində yeni binanın inşası və həmin binadan yeni təmirli mənzilin mülkiyyətçiyə verilməsi niyyətini realizə etmək fikrində olmuşlar. Lakin MTK-dan asılı olmayan səbəblərə görə, yeni tikiləcək binanın layihəsində dəyişikliklərin olmasına görə tərəflər yalnız 2020-ci ildə yeni şərtlər əsasında şifahi razılıq əldə etmişlər. Həmin razılaşmaya əsasən MTK tərəfi mülkiyyətçinin köhnə evinin müqabilində ona yeni tikiləcək binadan yeni layihəyə uyğun ümumi sahəsi 70 kv metr olan tam təmirli 2 otaqlı mənzilin verilməsinə, bundan əlavə mülkiyyətçinin istəyi əsasında ona 2018-ci ildən etibarən ayda təxminən 400 manat olmaqla kirayə haqqının ödənilməsinə razı olmuşdur. MTK tərəfindən həmin kirayə haqqı bugünədək ödənilmiş, halbuki iddiaçının iddia tələbi üzrə istinad etdiyi müqavilənin 3.2.4., 3.3.3., 3.3.4. və 3.4.7-ci bəndlərindən də görünür ki, MTK tərəfindən kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır. Bu isə tərəflərin əvvəlki müqavilə üzrə deyil, yeni müqavilə üzrə hərəkət etmiş olduqlarını aydın göstərir. Qeyd olunanları nəzərə alaraq və əqdlərə dair qanunvericiliyin tələblərini, eləcə də AR KMP tərəfindən formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, iddiaçının tərəflər arasında mövcud və heç bir hüquqi qüvvəsi olmayan bir əqdə əsaslanaraq qaldırmış olduğu tələb təmin edilə bilməz. Belə ki, belə bir əqd heç bir hüquqi nəticə yaratmır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf 70 m2 mənlzin olduğunu bildirir. Sahəsi 86 m2 mənzil yoxdur. Tikilən bina da tamamlanmamışdır. Mənzildə yaşayış yoxdur. İddiaçı 5 ildir ki, kirayədə yaşayır. Mənzilin aqibətinin necə olacağı da məlum deyildir. Müqaviləyə əsasən MTK 2 ilə mənzili təhvil verilməli, əks təqsirdə sifarişçiyə mənzil almaq üçün vəsait ödənilməli və ya hazır mənzillə təmin edilməlidir. 2 il keçdikdən sonra, mənzil təhvil verilmədiyindən iddiaçıya MTK tərəfindən kirayə haqqı ödənilməyə başlanılmış, məhkəməyə müraciət edilənə qədər də ödənilmişdir. MTK müqavilənin təsdiqlənməsi üçün notariusa getməmişdir. Bilidirilmişdir ki, özləri əvəzləşdirmə qaydasasında müqavilə bağlayacaq, bu müqavilə qüvvədədir. İddiaçı MTK-ya müqavilənin təsdiqlənmməsi üçün şifahi qaydada müraciət etmişdir. Qeydiyyat vəsiqəsində mənzilin yaşayış sahəsi kimi 42 m2 göstərilmiş, mənzilin faktiki sahəsi 65 m2 olmuşdur. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbini yalnız dəyişdirilərək 70 m2 mənzillin tələb edildiyi halda qəbul edərdi. Müqavilədə nəzərdə tutulan bina deyil, yanındakı bina tikilmişdir. Əvvəl binanın layihəsində sahəsi 86 m2 olan mənzil olmuşdur. 2020-ci ildə iddiaçıya bildirilmişdir ki, layihə onlardan asılı olmayan səbəbdən dəyişib, ona görə 70 m2 mənzillə bağlı razılaşmışlar. Həmçinin, razılaşmaya əsasən iddiaçıya 2018-ci il tarixdən başlayaraq kirayə haqqı ödənilmişdir. Müqavilə bağlanarkən mənzilə baxılmış, lakin sahəsi ölçülməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı "xxxx" MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında sifarişçi ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65 m2 olan mənzilin mülkiyyət hüquqlarından icraçının xeyrinə imtina edir, icraçı isə əvəzində həmin ünvanda inşa edəcəyi çoxmərtəbəli yaşayış kompleksinin 2 otaqlı, ümumi sahəsi 86 m2 olan tam təmirli mənzili ən geci 24 təqvim ayındən gec olmamaq şərtilə müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə təqdim etməyi ödəhəsinə götürmüşdür. Müqavilənin 3.3.3-cü bəndinə əsasən şirafişçiyə kirayə haqqı ödənilmir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 dekabr 2022-ci il tarixli İnpro-021/22 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllədə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən əmlakın əlverişli və mühüm əhəmmiyyətli binalara yaxın ərazidə yerləşdiyi, həmçinin mənzilin tam təmirli olduğu və bütün texniki göstəriciləri nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, M.Muxtarov küçəsində yeni tikilmiş çoxmərtəbəli yaşayış binasında tam təmirli mənzilin 1 kv.metrinin bazar dəyəri 2260 manat, həmçinin Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, M.Muxtarov küçəsində yeni tikilmiş çoxmərtəbəli yaşayış binasında tam təmirli sahəsi 86 m2 təşkil edən 2 otaqlı mənzilin bazar qiyməti 194360 manat, 70 m2 təşkil edən 2 otaqlı mənzilin bazar qiyməti 158200 manat təşkil edir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" MTK ilə tərəfindən İddiaçı bank hesabına kirayə haqqı qismində xx.xx.2021-ci il tarixdə 14400 manat, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasında hər ay 400 manat olmaqla cəmi 7200 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsi 41,8 m2-dir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci bəndinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65 m2 olan mənzilin mülkiyyət hüquqlarından icraçının xeyrinə imtina etmiş, icraçı isə əvəzində həmin ünvanda inşa edəcəyi çoxmərtəbəli yaşayış kompleksinin 2 otaqlı, ümumi sahəsi 86 kv.m olan tam təmirli mənzili ən geci 24 təqvim ayındən gec olmamaq şərtilə müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilənin bağlandığı tarixdən 5 il keçməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək şərtləndirilmiş qaydada təhvil verməli olduğu əmlakı ona təhvil verməmişdir. Ona görə də iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mənzilin təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin mənzilin sahəsinin müqavilədə nəzərdə tutulandan az olması ilə bağlı mülahizəsinə münasibətdə qeyd edir ki, cavabdeh MTK müqavilə bağlanarkən iddiaçının mənzilinə münasibətdə müqaviləni onunla bağlamaqla mənzilə dair hüquqmüəyyənedici sənədlər ilə də tanış olmuş, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış da müqavilə bağlanmamışdan əvvəl əldə edilmişdir. Bundan əlavə, iddiaçı məhz həmin ünvanda yerləşən və müqavilədə nəzərdə tutulan mənzil üzərində mülkiyyət hüququndan imtina etməklə müqavilə öhdəliyini icra etmiş, cavabdeh MTK tərəfindən də iddiaçıya məxsus mənzil sökülməklə bu hal mübahisələndirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçı ilə sonradan 70 m2 mənzilin təhvil verilməsi və aylıq 400 manat kirayə haqqının ödənilməsi ilə bağlı razılıq əldə edildiyini qeyd etsə də, 70 m2 mənzilin təhvil verilməsi ilə bağlı razılıq əldə edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Aylıq kirayə haqqının ödənilməsi isə 70 m2 mənzillə bağlı razılığa gəlinməsini təsdiq etmir. Bununla belə məhkəmə qeyd edir ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, müqavilə ilə iddiaçıya mənzil verilməsi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binası deyil, onun yanında digər çoxmərtəbəli yaşayış binası tikilmiş, həmin binada isə sahəsi 86.kv.m olan mənzil yoxdur. İddiaçıya da bu binada sahəsi 70.kv.m olan mənzil təklif edilməkdədir. Ona görə də, müqavilə üzrə iddiaçıya verilməli olan mənzil mövcud olmadığından, ona mənzilin hər kvadratmetri üzrə bazar dəyərinə əsasən kompensasiya ödənilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 dekabr 2022-ci il tarixli İnpro-021/22 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, M.Muxtarov küçəsində yeni tikilmiş çoxmərtəbəli yaşayış binasında tam təmirli mənzilin 1 kv. metrinin bazar dəyəri 2260 manat müəyyən edilmişdir. Məhkəmə, əmlakın qiymətinin müəyyən edilməsi sahəsində xüsusi biliyi olduğundan, ekspertin rəyi ilə razılaşır və iddiaçıya təhvil verilməli olan mənzilin hər kvadratmetrinin bazar dəyərininin 2260 manat müəyyən edilidiyini nəzərə alaraq hesab edir ki, mənzilin bazar qiymətinə uyğun kompensasiya məbləği qismində 194360 (86 m2 x 2260 manat) manat pul Cavabdeh MTK-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qətnamənin faktiki icra gününədək hər ay 400 manat məbləğində kirayə haqqının tutulması hissəsində təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3.3-cü bəndinə əsasən şirafişçiyə kirayə haqqı ödənilmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmalı olan binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiya məbləği qismində 194360 (86 m2 x 2260 manat) manat pul Cavabdeh MTK-dən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində inşa olunmalı olan binada ümumi sahəsi 86 m2 olan tam təmirli mənzilin bazar qiymətinə uyğun kompensasiya məbləği qismində 194360 (86 m2 x 2260 manat) manat pul Cavabdeh MTK-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-251/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-251/2023
26.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver