Məhkəmə qərarları › İş №e-2(004)-2539/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2539/2024

20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2539/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Santafe” markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 854 (səkkiz yüz əlli dörd) manat sığorta pulunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2016-cı ildə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “Mercedes Benz C 200” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Santafe” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 024341 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mercedes Benz C 200” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamələrin elektoron çıxarışına əsasən, Cavabdeh “Mercedes Benz C 200” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün 3 il müddətinə verilmiş (xx.xx.2017-ci ilə qədər) etibarnaməsi olmuşdur. Beləliklə, o nəqliyyat vasitəsinə qanuni sahibliyi həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DMX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/3210/di nömrəli məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 712 saylı ödəniş tapşırığına əsasən, “Hyundai Santafe markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 854 (səkkiz yüz əlli dörd) manat sığorta ödənişi həyata keçirmişdir. Bildirir ki, xx.xx.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan və KYP seriyalı 225233 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh həmin vaxt qüvvədə olmuş İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Hesab edirlər ki, 854 (səkkiz yüz əlli dörd) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarını iddiaçı tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 20:58 radələrində, Mir Cəlal 61 ünvanında "Mercedes Benz C 200” markalı, **- GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Santafe” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kopyuter uçot bazasından çıxarışın surətindən görünür ki, "Mercedes Benz C 200” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixindən 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2016-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Arif X3 Xətalar Məcəlləsinin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2016-cı il tarixli 024341 saylı sığorta aktından görünür ki, xx.xx.2016-cı il tarixli yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz C 200” markalı, ** GZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Santafe” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə 854 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta tərəfindən xx.xx.2016-cı il tarixli, 712 saylı ödəniş tapşırığına əsasən, “Hyundai Santafe markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən X1 854 (səkkiz yüz əlli dörd) manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DMX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/3210/di nömrəli məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alnmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona, “Hyundai Santafe markalı, ** EG *** markalı avtomobilə dəymiş zərərə görə 854 manat sığorta ödənişi məbləğini 10 iş gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Hökümət ödəniş portalı və ya AsanPay vasitəsilə ödənilmiş mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “Hyundai Santafe” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 850 (səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da, sığorta ödənişi vermiş sığortaçı hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Hyundai Santafe” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 850 (səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar