Məhkəmə qərarları › İş №e-2(004)-2858/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2858/2023

14.09.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2858/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşi "müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşi "müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv olunması və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 39130 manat pulun cavabdeh tərəfindən alınaraq, iddiaçıya ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin Xırdalan şəhərində 21-ci məhəllədə yerləşən 4-cü girişdə və 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 123 kv.m olan 3 otaqlı mənzil 63960 (altmış üç min doqquz yüz altmış) manata son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi 30%-i məbləğində ilk haqq olaraq ödənilməsi, qalan hissəsinin kooperativə bərabər hissələrlə olmaqla ümumi qiymətin 10%-i məbləğində 5 gün ərzində hər tikinti etapından (mərtəbədən) sonra ödənilməsi nəzərdə tutulmuşdur. Son haqqhesab isə tikinti işlərinin son etapı qurtardıqdan 10 gündən gec olmayaraq aparılması göstərilmişdir. Həmin şərtlərlə iddiaçı 18 ay müddətində hər ay cədvəldə göstərilən məbləği vaxtlı-vaxtında ödəmişdir. Bunu iddia ərizəsinə əlavə olunmuş kassa mədaxil arayışlarının əsilləri də təsdiq edir. Ümumilikdə iddiaçı cavabdehə 39130 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili iddiaçıya bugünə kimi təhvil verməmişdir. İddiaçı cavabdehdən öz üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsini tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, həmin mənzili yəni Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən yaşayış kompleksində 4-cü girişin 10-cu mərtəbəsində ümumi tikinti sahəsi 123 kv.m.-dən ibarət olan 3 otaqlı, 2 saylı mənzilini iddiaçıya təhvil verməkdən boyun qaçırmışdır. Cavabdehin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini gördükdə iddiaçı məcburiyyət qarşısında qalaraq Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2248/2018 saylı qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddiası rədd edilmişdir. Məhkəmə qeyd olunan qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən nə müqavilənin etibarsızlığı, nə də ləğv edilməsi barədə deyil, həmin müqavilə qüvvədə olduğu, yəni qarşı tərəfin öhdəliyi saxlanıldığı halda 15000 manat məbləğində pulun qaytarılması barədə iddia qaldırılmışdır. Yəni hazırkı vəziyyətdə "xxxx" MMC-yə qarşı iddia təmin olunarsa, sonuncunun müqavilə üzrə evi təhvil vermək öhdəliyi olduğu kimi qalır. Məhkəmə hesab etmişdir ki, müqavilə ləğv və ya etibarsız hesab olunmadığı halda 15000 manat məbləğində pulun ödənilməsi barədə iddia əsassızdır və təmin oluna bilməz. Bundan sonra iddiaçı məhkəmənin gəldiyi qənaətlə razılaşaraq, həmin qətnamədən şikayət verməmiş və təkrarən qeyd olunan tələblə məhkəməyə müraciət etmək üçün ərizə rəsmi qaydada Abşeron Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinə əlavə etdiyi sənədlərin əsillərini tələb etmişdir. Ərizə Abşeron Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə dəftərxanaya əlbəəl verilsə də sənədlərin əsilləri və qətnamənin özü onlara 5 aydan sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhz bundan sonra, yəni sənədlərin əsillərini (kassa mədaxil arayışlarının, alqı-satqı müqaviləsinin və digər sənədlərin əsillərini) aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. İş Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun icraatında olmuşdur. Lakin hakim Elman Məmmədov üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyi halda, iddia ərizəsini baılmamış saxlamışdır. Qərardaddan şikayət verməyinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Abşeron Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra təkrar iddia tələbi ilə məhkəməyə müraciət etməkdən ötrü sənədləri məhkəmədən tələb etmişdir. Bütün bu müddət ərzində cavabdeh tərəf iddiaçının anasına dəfələrlə xahiş etmişlər ki, qızı İddiaçı bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsin, tezliklə borc məbləğini ödəyəcəklər. Lakin bugünədək cavabdeh tərəf iddiaçını arxayın edərək borclu olduğu məbləği ödəməmişdir. Hal-hazırda təkrar məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh tərəf hal-hazırda İddiaçı sonuncu tərəfindən onlara ödənilmiş 39130 manat məbləğində pul qaytarmalıdır. Bundan əlavə göstərilən məbləğin vaxtından qaytarılmaması səbəbindən iddiaçıya külli miqdarda maddi zərər dəymişdir. Belə ki, cavabdeh tərəf vaxtında 39130 manat borcunu ödəsəydi, iddiaçı həmin dövrdə dəyəri qat-qat aşağı məbləğdə olan eyni ölçüdə mənzili alqı-satqı yolu ilə əldə edə bilərdi. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması və müqaviləyə əsasən "xxxx" MMC-yə ödənilmiş qalan 3130 manat və əldən çıxmış fayda şəklində 12000 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X4 iddia tələbini qismən etiraf edərək qismən təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08 may 2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən yaşayış kompleksində 4-cü girişin 10-cu mərtəbəsində ümumi tikinti sahəsi 123 kv.m.-dən ibarət olan 3 otaqlı, 2 saylı mənzili satmağı, alıcı həmin mənzillə bağlı müəyyənlləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən yaşayış kompleksində 4-cü girişin 10-cu mərtəbəsində ümumi tikinti sahəsi 123 kv.m.-dən ibarət olan 3 otaqlı, 2 saylı mənzili satmağı, alıcı həmin mənzillə bağlı müəyyənlləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürməyi ilə bağlı ARAN-LTD" MMC ilə İddiaçı arasında 08 may 2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqaviləyə uyğun olaraq 3130 manat ödənilmış və həmin məbləğin ödənilməsini cavabdehin nümayəndəsi etiraf etmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən İddiaçı 3130 manat məbləğin ödənilməsi etiraf olunduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən əldən çıxmış fayda olaraq tələb olunan 12000 manat məbləğində pul vəsati ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır, yəni 12000 manat məbləğində əldən çıxmış fayda tələbi məhkəmədə öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ləğv edilməklə, cavabdeh "xxxx" MTK-dan 3130 (üç min yüz otuz ) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh "xxxx" MTK-dan 3130 (üç min yüz otuz ) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar