Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-294/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə aid sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 4cü girişi, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 178,3 kv.m-dən ibarət olan 295 saylı 4 otaqlı mənzilinə dair MMC-nin ümumi yığıncağının iclas protokolundan çıxarışın verilməsi, notariat qaydasında təsdiq edilmiş müqavilənin verilməsi, həmin yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının surətinin verilməsi öhdəliyinin qoyulması, 101 manat hüquqi yardım və 100 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 11 yanvar 2014-cü ildə mübahisəli mənzilin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edib. Hazırda iddiaçının mənzilin alınmasına görə cavabdehə heç bir borcu yoxdur. Hər bir mənzil alan şəxsin istəyi olduğu kimi, onun da aldığı mənzilə mülkiyyət hüquqlarını rəsmiləşdirmək istəyi vardır. Lakin cavabdeh tərəfindən lazımi sənədlər ona verilmədiyindən mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanına əsasən, binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh isə binadakı mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əngəllər yaradır. İddiaçı öz puluna aldığı əmlakı rəsmiləşdirə bilmir. Cavabdehdən istənilən sənədlərin, maliyyə arayışı istisna olmaqla, heç biri təqdim edilməyib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 11 yanvar 2014-cü il tarixli 208 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən podratçı "xxxx" MMC ünvan 1 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbə, ümumi sahəsi 178,3 kv.m olan 4 otaqdan ibarət 295 saylı mənzilin tikintisini, payçı İddiaçı isə həmin mənzilin dəyəri olaraq cəmi 151155 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2015-ci il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)... Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək mənzilin payını tam ödəmiş, lakin cavabdeh ona mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını verməmiş, eyni zamanda iddiaçının payçı olaraq kooperativə aid sənədlərlə, o cümlədən kooperativ tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi barədə aktla tanış olmaq hüququ olduğu halda həmin sənədləri verməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və işin hallarını əsas götürərək hesab edir ki, iddia həmin sənədlərin tələbi hissəsində əsaslıdır və təmin edilməlidr. Məhkəmə mənzilə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin verilməsi tələbi ilə bağlı qeyd edir ki, Mənzil Məcəlləsinin yuxarıda istinad oluan 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış sahəsi mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında verilir. Odur ki, iddiaçının mənzilə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün 101 manat vəkil xərci və 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 178,3 kv.m olan 295 saylı 4 otaqlı mənzilinə dair “Yaşayış sahəsinin verilməsi barədə” mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, həmin yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının surətinin İddiaçı verilməsi vəzifəsi cavabeh "xxxx" MMC-nin üzərinə qoyulsun. 101 (yüz bir) manat vəkil xərci və 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-294/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-294/2023
13.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver