Məhkəmə qərarları › İş №e-2(004)-3033/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3033/2025

15.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3033/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı arakəsmələrin sökülməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama, imza səlahiyyətinin olmaması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, vəkil və nümayəndə Vəkil, Cavabdeh1 vəkili Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı arakəsmələrin sökülməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçı MMMC tərəfindən idarə edilən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş qapısının 1-ci mərtəbəsində qanunsuz zəbt etdikləri 100 kv.m-lik sahədə lahiyədə nəzərdə tutulmayan inşa etdikləri arakəsmələrin sökülməsi, boşaldılması, binanın dayaq hissəsini kəsərək qapı açmaları və qəhvəxana kimi istifadə etdikləri iaşə obyektinin boşaldılması, binanın kəsdikləri dayaq hissəsinin cavabdehlərin öz hesabına bərpa etmələri, binanın hər iki girişinin (blokun) zirzəmisində (mənfi 1-ci mərtəbə) yerləşən liftlərin qapılarını bağlayaraq orada tikdirdikləri qeyri-yaşayış sahəsi olan gözəllik salonun boşaldılması, qeyd edilən inşa etdirdikləri tikilinin cavabdehlərin hesabına sökülməsi, binanın zirzəmisində (mənfi 2-ci mərtəbə) yerləşən liftin qapısını bağlayaraq orada inşa etdirdikləri qeyri-yaşayış sahəsi olan avtotəmir sexinin və avtoyuyucu sahəsinin boşaldılması, avtotəmir sexinin və avtoyuyucu sahəsinin cavabdehlərin hesabına sökülməsi, binanın hər iki mərtəbəsində yerləşən zəbt etdikləri qaraj sahələrinin boşaldılması və binanın 1-ci mərtəbəsində yerləşən qanunsuz zəbt edərək ofis kimi istifadə etdikləri sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclasları keçirilmiş və sonuncu hazırlıq iclası xx.xx.2025-ci il, saat 10:25-ə təyin edilmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili vəsatət təqdim edib, vəsatətlə eyni məzmunlu izahat verərək göstərdi ki, iddiaçı "xxxx" MMMC tərəfindən qaldırılsa da iddiaçı tərəfindən təmsil olunan vəkil tərəfindən imzalanmış, vəkilin orderində təmsil edilən şəxs kimi iddiaçı yox, İddiaçı göstərilmiş, ona etibarnamə də sonuncu tərəfindən verilmişdir. Belə olan halda vəkilin ərizəni imzalamaq səlahiyyəti olmamışdır.

4. İddiaçı tərəfin vəkili vəsatətin təmin edilməməsini xahiş edərək göstərdi ki, İddiaçı MMMC-nin qanuni təmsilçisi və direktorudur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər;

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarı: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”

Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməli, ərizə baxılmamış saxlanılmalıdır.

8. Belə ki, qanunvericiliyin sadalanan tələblərindən görünür ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydalarının 3.2-ci bəndinə əsasən, İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər” Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

10. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş iddia ərizəsi "xxxx" MMMC tərəfindən verilmiş, ərizə İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən elektron imzadan istifadə etməklə imzalanmışdır. Vəkilin təqdim etdiyi order və etibarnamədə fiziki şəxs İddiaçı adı qeyd olunmuş, MMMC tərəfindən vəkilə verilmiş səlahiyyət və ya təmsilçilik müəyyən edən sənədlər təqdim edilməmişdir.

11. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi "xxxx" MMMC tərəfindən verilsə də MMMC tərəfindən, MMMC tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanmamışdır.

12. MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

13. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

14. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı arakəsmələrin sökülməsi, sahənin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu ödənişi edən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar