Məhkəmə qərarları › İş №e-2(004)-3351/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3351/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3351/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “cavabdehlər Cavabdeh2ndən və Bakı şəhər İcra Hakimiyyətindən müştərək qaydada 46693 (qırx altı min altı yüz doxsan üç) manat, ödənilmiş 231 manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat pulun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “cavabdehlər Cavabdeh2ndən və Bakı şəhər İcra Hakimiyyətindən müştərək qaydada 46693 (qırx altı min altı yüz doxsan üç) manat, ödənilmiş 231 manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 4 ədəd qaraj, dəhliz və sanitar qovşağı olmaqla ümumi sahəsi 115.4 kv. metrdən ibarət qeyri-yaşayış binasıqarajlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən mülkiyyət hüquqlarının gözləntisi əsasında iddiaçıya məxsus olmaqla, istifadəsində və sahibliyində olmuşdur. Həmin qeyri-yaşayış sahələri iddiaçının razılığı və məhkəmə qərarı olmadan cavabdeh Bakı şəhəri, Cavabdeh2 tərəfindən sökülmüşür. Bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Dəymiş maddi ziyan və mənəvi zərərlə bağlı iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3138/2019 nömrəli Qərarına əsasən vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat, mənəvi zərərə görə isə 2000 (iki min) manat olmaqla, ümumilikdə 175100 (yüz yetmiş beş min yüz) manat kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh2nə həvalə edilmişdir. Lakin, göstərilən qərardan 5 ildən çox müddət keçməsinə baxmayaraq Cavabdeh2 tərəfindən bu günədək qərarın icrası təmin edilməmiş və kompensasiya məbləği ödənilməmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdeh2nə ərizə ilə müraciət edilmiş və xx.xx.2024-cü il tarixli cavab məktubunda İcra Hakimiyyətinin büdcə xərclərində kompensasiyanın ödənilməsi ilə bağlı vəsait ayrılmadığından tələbkarın iddiasının təmin edilməsi mümkün olmadığı göstərilmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Lakin, müraciətlər nəticə verməmiş və iddiaçıya pul ödənilməmişdir. Göstərilən borc (175100 manat) xx.xx.2019-cu il tarixdə yarandığından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər gecikdirilən il üçün 5% ödəməlidir. Yəni, 2019-cu ilin 28 dekabrından 2025-ci ilin 15 aprelinədək olan 64 ay ərzində Cavabdeh2ndən 175100 manatın 5%-i (il üzrə 8755 (səkkiz min yeddi yüz əlli beş) manat, bir ay üzrə 729.5 (yeddi yüz iyirmi doqquz manat)), ümumilikdə 46693 (qırx altı min altı yüz doxsan üç) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3138/2019 nömrəli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Qara oğluna vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh2nə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli arayışa (sonuncu abzas) əsasən müəyyən edilir ki, .... məhkəmə tərəfindən verilmiş icra sənədinin icra edilməsi üçün Cavabdeh2nə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı təqdirdə icra sənədi dərhal icra ediləcəkdir. İş materiallarına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq imtina xarakterli məktubları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3138/2019 nömrəli qərarına əsasən müəyyən edilir ki, İddiaçı Qara oğluna vurulmuş maddi ziyana görə 173100 (yüz yetmiş üç min yüz) manat və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh2nə həvalə edilmişdir. Lakin, həmin qərar hal-hazıradək icra edilməmişdir. Öhdəliyin icra edilməməsinin əsası cavabdeh orqana maliyyə vəsaitinin ayrılmamasıdır. MM-in 445.7-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi 46593 manat pulun ödənilməsi hissəsində əsaslıdır. Maliyyə vəsaitinin çatışmazlığı səbəbindən öhdəliyini icra edilməməsi müəyyən edilsə də, bu hal hüquqi baxımdan öhdəliyin icrasından yayınma üçün əsas deyildir. Tələbkarın üstün maraqları nəzərə alınmalıdır. Lakin, iddia tələbi icra sənədi üzrə borclu Cavabdeh2nə aid hissədə əsaslıdır. Yəni, hüquqi baxımdan öhdəliyi icra etməli olan, lakin icra etməyən subyekt Cavabdeh2dir. Bakı şəhəri İcra Hakimiyyəti isə hazırki tələb üzrə əsl olmayan cavabdehdir. Çünki, sonuncu tərəfindən ödənilməli olan hər hansı öhdəlik mövcud deyildir. Odur ki, iddia tələbi Bakı şəhəri İcra Hakimiyyətina aid olan hissədə təmin edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, mübahisənin kökündə publik hüquq münasibətlərindən doğan mübahisənin həlli ilə bağlı inzibati məhkəmə tərəfindən verilmiş icra sənədi çıxış etsə də, məhkəmə hesab edir ki, öhdəliyin əsasını nəyin təşkil etməsindən və kökündə hansı xarakterli (ümumi, xüsusi) münasibətlərin çıxış etməsindən asılı olmayaraq sözügedən icra sənədi əsasında ödənilməli olan pul vəsaiti mahiyyəti üzrə borc, vəzifə, mükəlləfiyyət, öhdəlikdir. Yəni, burada məsələ sırf öhdəlik hüquq münasibətləri kimi müqavilədən doğan məsələ deyil, ümumi mənada öhdəliyin (vəzifənin) icra edilməməsi çıxış edir. Odur ki, mübahisənin məhkəmə aidiyyatı inzibati deyil, mülki icraat qaydasıdır. Həmçinin, nəzərə alınır ki, hazırki tələb məhkəmə qərarının indeksasiyası ilə bağlı deyildir (MPM 232-ci maddə). Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinin tələblərinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Tələb üzrə məbləğin təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat və dövlət rüsumu qismində ödənilmiş 231 manat Cavabdeh2ndən tutularaq tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2ndən 46693 (qırx altı min altı yüz doxsan üç) manat, ödənilmiş 231 (iki yüz otuz bir) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “cavabdehlər Cavabdeh2ndən və Bakı şəhər İcra Hakimiyyətindən müştərək qaydada 46693 (qırx altı min altı yüz doxsan üç) manat, ödənilmiş 231 manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 manat pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2ndən 46693 (qırx altı min altı yüz doxsan üç) manat, ödənilmiş 231 (iki yüz otuz bir) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar