Məhkəmə qərarları › İş №e-2(004)-3426/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3426/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3426/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3720 (üç min yeddi yüz iyirmi) manat kirayə haqqının, 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun və 345 (üç yüz qırx beş) manat hüquqi xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 78 V küçəsi, mənzil 316 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsində 17 aprel 2024-cü il tarixdən kirayə olaraq yaşayırlar. Kirayə haqqı olaraq cavabdehlər hər ay 620 (altı yüz iyirmi) manat ödəniş edirdilər. Bu qaydada 03 noyabr 2024-cü il tarixə qədər ödəniş edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən mənzil baxımsız olmuş, evdə müxtəlif ev heyvanları saxlanılmışdır. Bundan başqa evdə razılaşdırılmış şəxslərin xaricində müxtəlif şəxslər də yaşamağa başlamışdır. Müxtəlif saatlarda gecə və gündüz mənzilə müxtəlif tanımadığı şəxslər gəlməyə başlamışdır. Bundan başqa aşağı qonşunun şikayəti əsasında mənzilə baxış keçirilmişdir. Bütün narazılıqlardan sonra cavabdehlərdən mənzili tərk etmələri xahiş edilmişdir. Lakin cavabdehlər mənzili tərk etməkdən imtina etmiş və Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 952/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, mənzilin boşaldılması haqqında qətnamə çıxarılmış olsa da cavabdehlərdən mənzildən istifadə edirlər və ödəniş etmirlər. Bununla da ona maddi zərər vururlar. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil 25 iyun 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 3720 (üç min yeddi yüz iyirmi) manat kirayə haqqının, 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun və 345 (üç yüz qırx beş) manat hüquqi xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı əsassız olaraq onu cavabdeh qismində iddia ərizəsinə əlavə etmişdir. Əsassız olmağı isə ordan məlum olur ki, iddiaçı ilə onun arasında həmin mənzili kirayəyə götürməyinə dair heç bir sazişi və ya şifahi danışığı olmayıb. Həmin mənzili icarəyə verən zaman onunla razılaşdırılmamış və müştərək qaydada həmin mənzilə görə hər-hansısa bir məbləği ondan tələb etmələri qanunsuzdur və ortada buna dair heç bir əsas yoxdur. Bundan başqa qeyd etmişdir ki, Cavabdeh2 sözügedən icarəyə götürdüyü mənzilə görə 01 dekabr 2024-cü il tarixində onun yanında 620 manat pulu iddiaçının kart hesabına göndərərək ödəmişdir və bundan başqa həmin tarixdə, yəni 01 dekabr 2024-cü il tarixdə mənzilin qapısının qarşısında öncədən razılaşaraq mənzilə görə icarə haqqının 7 (yeddi) ayının pulunu yəni, 4340 manat pulu şəxsən onun və Yusif adlı bir kişinin yanında İddiaçı əlbə-əl vermişdir. Pulu verdikdən 1 həftə sonra onlar evi boşaltmağı tələb ediblər. İş üzrə onu cavabdeh qismində deyil şahid qismində dindirilməsini, işi qərəzsiz olaraq obyektiv araşdırmağı və ədalətli hüquqi qiymət verməyi xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə onun və Yusif adlı kişinin yanında mənzilin blokunda, qapının qarşısında tam səmimiyyətlə bildirmişdir ki, 4340 manat pul nağd şəkildə və 620 manat pul iddiaçının şəxsən kart hesabına göndərilmişdir. İddiaçı amma öz iddia ərizəsində sonuncu ödənişin 03 noyabr 2024-cü il tarixində olduğunu qeyd etmişdir. İşə əlavə etdiyi qəbzdən də, görünür ki, iddiaçı tərəf şər-böhtan atır. Odur ki, məsələ qərəzsiz və ədalətli yanaşmaqla araşdırılmalıdır. İddiaçının iddiası şər-böhtandır, iddiaçıya öncədən 7 ayın pulu ödənilib o hazırda əlavə olaraq qanunsuz olaraq 3720 manat pul tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırki iş üzrə cavabdeh qismində olmağına xitam verməyi və iş üzrə şahid qismində dindirilməyini xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona və digər Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia qaldırmışdır. Sözügedən 2(004)-3426/2025 saylı mülki iş məhkəmənin icraatında baxılmaqdadır. Ona qaldırılmış iddiaya aşağıda göstərilən faktlara görə etiraz edir. Belə ki, iddiaçı tərəflə aralarında 17 aprel 2024-cü il tarixli, 105 nömrəli “Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin müddəti aralarında 17 aprel 2026-cı ilədək razılaşdırılmışdır. Lakin, iddiaçı 2024-cü ilin noyabrın əvvəlindən müxtəlif bəhanələr gətirərək onun evi boşaltmağını və aralarında bağlanan müqavilənin əhəmiyyətsiz bir kağız parçası olduğunu bildirmişdir. Bundan sonra iddiaçının şəxsən özü ilə bir xeylaq danışıqlar apardıqdan sonra, 01 dekabr 2024-cü il tarixdə iddiaçı ona 6 ayın ödənişini öncədən edərək həmin kirayəyə götürdüyü mənzildə yaşamağa davam edə biləcəyini bildirmişdir. O da Akiflə razılaşaraq 620 (altı yüz iyirmi) manatdan 6 ayın ödənişini, yəni ona 3720 (üç min yeddi yüz iyirmi) manat pulun 620 (altı yüz iyirmi manat) məbləğini onun kart hesabına, 3100 (üç min bir yüz) manat pulu isə Nicat, Fatimə, Yusif adlı şəxslərin yanında onların qapısının yanında blokda vermişdir. Sözügedən mülki iş qərəzsiz araşdırılmalı, işin obyektiv araşdırılması məqsədilə şahidlər dindirilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə ona sonuncu ödəniş 03 noyabr 2024-cü il tarixdə edilmişdir. Lakin, 01 dekabr 2024-cü il tarixli qəbzə və şahidlərin dinirilmələri nəzərə alınsa iddiaçının ona şər və böhtan atdığı açıq-aşkar ortadadır. Bundan başqa qeyd etmişdir ki, iddiaçı cavabdeh qismində Cavabdeh1 ilə heç bir kirayə haqqında müqavilə bağlamayıb, bu günə kimi Cavabdeh1 həmin kirayə mənzilə görə heç bir məsuliyyəti olmayıb, həmin mənzilnən kirayə müqaviləsi onunla bağlanılıb, bu səbəbdən də, Cavabdeh1 həmin mənzilə görə heç bir öhdəlik daşımır. Odur ki, yuxarıda qeyd edilənləri və iddia tələbinin şər-böhtan olduğunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi diskdə cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadıqlarını əks etdirən videogörüntülər əks olunmuşdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-952/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 523915******2072 saylı kart hesabından 409809******9258 saylı kart hesabına 620 manat pul köçürülmüşdür. - CD diskdən görünür ki, cavabdehin bu günədək mübahisəli mənzildə yaşadığı əks olunub. Beləliklə, məhkəmə işin hallarından müəyyən edildi ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etmədiyindən X2 və mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı müqaviləyə birtərəfli qaydada xitam verilmə ilə bağlı iradə ifadələrini qarşı tərəfə bildirmişlər. Bunun əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-952/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul olunmuş və həmin qətnaməyə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh2 qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, X2 ilə Cavabdeh2 arasında Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən kirayə verən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzili kirayəçiyə kirayə verir. Kirayəçi həmin mənzili özünün yaşayışı məqsədilə istifadə edir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 600 manat təşkil edir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək qüvvədədir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinin şərtlərinə əsasən, kirayəçi kirayə haqqı kimi hər ay 600 (altı yüz) manat kirayə verənə pul ödəməlidir. Daha sonra cavabdeh iddiaçıya kirayə haqqı kimi 620 (altı yüz iyirmi) manat ödəməyə razılaşmışlar. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 523915******2072 saylı kart hesabından 409809******9258 saylı kart hesabına 620 manat pulun köçürülməsi bunu sübut edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-952/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq, cavabdeh hələ də mübahisəli mənzildə yaşayır və kirayə haqqını ödəmir. Hal-hazırda iddiaçı Cavabdeh2 3720 (üç min yeddi yüz iyirmi) manat kirayə haqqının, 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun və 345 (üç yüz qırx beş) manat hüquqi xidmət haqqının tutularaq iddiaçı ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. İddianın hüquqi tərəfləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kirayə müqaviləsinin anlayışı Mülki Məcəllənin 675-ci maddəsində müəyyən olunmuşdur: əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə tərəflər arasında kirayə münasibətlərinin mövcud olduğunu təsdiq edən yazılı kirayə müqaviləsi mövcuddur və iş materiallarında olan CD diskə əsasən cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.5-ci maddəsinə görə, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci, 445.2.1-ci və 445.4-cü maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bunu da vurğulayır ki, kirayə haqqının ödənilməsi barədə mübahisə zamanı əgər yazılı formada kirayə müqaviləsi bağlanıbsa kirayəçi kirayə haqqını ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş etiraz ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, o, iddiaçıya 3720 (üç min yeddi yüz iyirmi) manat pulun 620 (altı yüz iyirmi manat) məbləğini onun kart hesabına, 3100 (üç min bir yüz) manat pulu isə digər şəxslərin yanında onların qapısının yanında blokda verdiyini qeyd etsə də, bu faktı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə qeyd edir ki, mənzilin boşaldılması haqqında qətnamə qəbul olunsa da cavabdeh mənzildən istifadə edir və ödəniş etmir. Bununla da o, mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. İş materialları ilə müəyyən olunmuşdur ki, axırıncı kirayə haqqı ödənişi 01 dekabr 2024-cü il tarixdə həyata keçirilmişdir, həmin tarixdən məhkəmədə iddia qaldırılan tarixədək (cavabdeh bu günədək həmin mənzildə yaşadığını etiraf edir, belə olduqda, iddia tələbi həmin hissədə təmin edilməli, 6 aya görə (hər ay üçün 620 manat olmaqla) tələb edilən 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğində pul Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin göstərilmiş hüquqi xidmətə görə pulun tutulması hissəsinə dair qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri 24 saylı vəkil bürosuna 133 nömrəli sənəd üzrə hüquqi xidmətə görə 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəkil orderinə əsasən Bakı şəhəri 24 saylı vəkil bürosu tərəfindən 133 saylı müqaviləyə əsasən Vəkil hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi xidmətə görə 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 3720 (üç min yeddi yüz iyirmi) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 345 (üç yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 (əlli səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 3720 (üç min yeddi yüz iyirmi) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 345 (üç yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 (əlli səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar