Məhkəmə qərarları › İş №e-2(004)-3656/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3656/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3656/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı MMC şirkətinə vurulan ziyana görə 2247 manat məbləğ pulun cavabdehdən tutularaq İddiaçı MMC -nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, 90- NF-033 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mehdiyev küçəsində İddiaçı MMC-yə məxsus olan etibarnaməyə əsasən X3 idarə etdiyi “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, avtomaşın deformasiyaya uğramışdır. Həmin insident barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən Cavabdeh barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış avtomobilə vurulmuş zərərin ödənilməsi üçün “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2024-ci il traixli Qüsur aktına əsasən 6915 manat müəyyən edilmişdir. Həmin məbləğdən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3968,25 manat ödəniş olmuşdur. Cavabdeh tərəfdən qalan 2947 manatı tələb etdikdə cavabdeh İddiaçı MMC-nə daha 700 manat ödəniş edib, qalan məbləği isə yaxın zamanda ödəyəcəyini bildirmişdir. Lakin artıq 7 ay müddət keçməsinə baxmayaraq cavabdeh tərəf İddiaçı MMC-nə vurulmuş maddi ziyanı tam ödəməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. 700 manat məbləğində pulu ödəmişdir. Ödədiyi məbləğ dəymiş zərərdən çıxılmalıdır. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokolundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 13:45-də “Range Rover” markalı, 90- NF-033 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP 61908962 nömrəlİ İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh Bakı şəhəri, Ş.Mehdiyev küçəsində xx.xx.2023-cü il tarixdə, saat 13:45-də “Range Rover” markalı, 90- NF-033 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozaraq AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:45-də Bakı şəhəri, Ş.Mehdiyev küçəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mehdiyev küçəsində İddiaçı MMC-yə məxsus olan etibarnaməyə əsasən X3 idarə etdiyi “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş gediş vərəqəsindən görünür ki, İddiaçı MMC ona məxsus olan “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək minik avtomobili üçün gediş vərəqəsi vermişdir. İş materiallarında olan AR BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 adında xx.xx.2023-cü il tarixdən “Range Rover” markalı, 90- NF-033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan “AutoColors” avto servis tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş qüsur aktına əsasən “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər cəmi 6915 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 24 sentyabr 2024-cü il tarixli, 9/6330 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoColors” avto servis tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş qüsur aktında “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 6141 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:45-də Bakı şəhəri, Ş.Mehdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Range Rover” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mehdiyev küçəsində İddiaçı MMC-yə məxsus olan etibarnaməyə əsasən X3 idarə etdiyi “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. xx.xx.2023-cü il tarixli, TP 61908962 nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh Bakı şəhəri, Ş.Mehdiyev küçəsində xx.xx.2023-cü il tarixdə, saat 13:45-də “Range Rover” markalı, 90- NF-033 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozaraq AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə olunmuşdur. “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2024-ci il traixli Qüsur aktına əsasən dəymiş zərər 6915 manat müəyyən edilmişdir. Həmin məbləğdən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 3968,25 manat ödəniş olmuşdur. Habelə cavabdeh tərəfindən İddiaçı MMC-yə dəymiş zərərlə bağlı 700 manat məbləğində ödəniş edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd edilən faktı göstərmişdir. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması iş materiallarına əlavə edilmiş sənədlər ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 24 sentyabr 2024-cü il tarixli, 9/6330 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə müəyyən edilməli və iddiaçıya ödənilmiş 3968,25 manat sığorta ödənişi, habelə dəymiş zərərlə bağlı cavabdeh tərəfindən ödənilmiş 700 manat məbləğ də nəzərə alınmaqla Cavabdeh vurulmuş maddi zərərə görə 1472,75 (6141 manat- 3968,25 manat – 700 manat) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 1472,75 (bir min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat pul alınaraq İddiaçınə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 1472,75 (bir min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat pul alınaraq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar