Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3667/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüququnun tanınması və sair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********34-05301-093064 nömrəli reyestr qeydinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun tanınması, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bunun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Maraqlı şəxsndən (bundan sonra –MTK) mənzil əldə etmək üçün oraya yaxınaşmış və mənzillərdən birini bəyənərək ilkin ödəniş edərək almağı qərara almışdır. Lakin həmin vaxt MTK-dan öyrənmişdir ki, mənzil alsa ƏƏSMN-dən aldığı sosial yardım kəsiləcək. Bu səbəbdən də qardaşı X4 arvadı, gəlini Cavabdeh ilə şifahi razılaşmışlar ki, mənzili onun adına alınsın. xx.xx.2019-cu il tarixdə onun tapşığı əsasında MTK ilə cavabdeh arasında bağlanılmış şərtlərinə görə ilkin ödənişi – 11463 manat tərəfimdən ödənilmiş pay qismində çıxış edən Bakı şəhəri Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksinin tikilməkdə olan 35-ci binasında, 2-ci blok, 3-cü mərtəbə, 46 nömrəli 1 otaqlı mənzilin ümumilikdə 57063 manat qarşılığında cavabdehə verilməsi barədə ********* nömrəli müqavilə bağlanılmışdır. Qeyd edildiyi kimi, mənzil üzrə ilkin ödəniş, o cümlədən aylıq ödənişlər onun tərəfindən ödənilmişdir. Hazırda pay müqaviləsi üzrə MTK-ya olan borc tam bağlanılmış, lakin Cavabdeh mənzil üzrə çıxarış əldə etməsinə rəğmən bugünədək mənzili iddiaçının adına keçirməmişdir. xx.xx.2025-ci il tarixdə qardaşına gələn “Mediasiya təklifi” əsasında o, qardaşı da cavabdehin boşanacağını və cavabdehin sözügedən mənzili mübahisə predmeti hesab edərək bölgüsünü tələb etdiyini öyrənmişdir. O, məsələnin daha da alovlanmaması üçün ona mənzili satmağı və satışdan əldə olunan məbləğdən ona 20.000 manat verməyi təklif etmiş və o bununla razılaşmışdır. Lakin sonradan o, vəkili ilə danışdığını, vəkilinin tapşırığı ilə heç bir razılaşma istəmədiyini bildirdi. Buna görə də o, məcbur qalıb cavabdehin tapşırığı ilə aldığı sözügedən mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının qardaşı ilə aralarında xx.xx.2017-ci il tarixindən rəsmi nikah bağlanmışdır. Birgə nikahdan övladları xx.xx.2019- cu il təvəllüdlü X8 anadan olmuşdur. 2019-cu ildə X13 ilə rəsmi nikahda olduğu dövrdə ailənin birgə vəsaiti hesabına sözügedən mənzil onun adına əldə edilmişdir. Mənzillə bağlı ödənişlərin həyat yoldaşı və ya onun bacısı tərəfindən həyata keçirildiyini bilmişdir. Müvafiq olaraq ödənişlər tamamlandıqdan sonra adıına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda bir müddətdir ki, X9 ilə ailə münasibətləri pozulmuş, ayrı yaşayırlar. O, müvafiq olaraq nikahın pozulması, aliment, uşağın onun himayəsində qalması və mənzilə ½ payların müəyyən edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, mübahisəli daşınmaz əmlak X9 ilə birgə nikah dövründə əldə edilmiş olduğundan hər ikisinə məxsusdur və qanunvericiliyə əsasən, həmin əmlakın ½ hissənin bölünərək onun payı kimi müəyyən edilməsini məhkəmədən tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsi X10 izahatında bildirmişdir ki, mübahisəli mənzilin satılması ilə bağlı İddiaçı ilə aralarında razılıq olmuş, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Hazırda həmin mənzildə iddiaçı və ailə üzvləri yaşamaqdadır. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli 00000007 saylı Payçı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksinin tikilməkdə olan 35-ci binasında, 2-ci blok, 3-cü mərtəbə 46 saylı mənzillə bağlı Maraqlı şəxs MTK ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Yasamal-69” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 13 may 2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksində 35 saylı binanın, 46 saylı mənzili xx.xx.2023-cü il tarixdə ********** nömrəli çıxarış əsasında ona məxsusdur. xx.xx.2021-ci tarixdən mənzilin kommunal xidmətlərinin aylıq borclanmalarını həyat yoldaşının bacısı İddiaçı tərəfindən ödənilir. İş materiallarında olan “Yasamal-69” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 13 may 2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənarında yerləşən yaşayış kompleksində 35 saylı binanın, 46 saylı mənzili xx.xx.2023-cü il tarixdə ********** nömrəli çıxarış əsasında ona məxsusdur. Həyat yoldaşının anası X1, həyat yoldaşının bacısı İddiaçı, həyat yoldaşının bacısının 3 uşağı X5, X3, X6 xx.xx.2021-ci il tarixdən qeyd edilən mənzildə yaşayırlar, ancaq qeydiyyata düşməyiblər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 iyun 2025-ci il tarixli, 3-17/2-5466/2025 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək İddiaçı ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mənzil almaq niyyəti ilə Maraqlı şəxs MTK-a müraciət etmiş, lakin ünvanlı sosial yardımın dayandırılacağından ehtiyat etdiyindən alqı-satqı müqaviləsinin onunla deyil, qardaşının arvadı Cavabdeh ilə bağlanmasını xahiş etmişdir. Həmin müqavilənin bağlanmasında məqsəd üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaqla Maraqlı şəxs MTK ilə mənzilin alqı-satqısı üzrə hüquq və vəzifələrini yaratmaq olmuşdur. Hazırda, iddia tələbi irəli sürməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, və pərdələnən əqd üzrə hüquq və vəzifələrin ona keçirilməsi niyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının əsası ondan ibarətdir ki, mübahisəli mənzil həyat yoldaşı ilə birgə nikah dövründə alındığından həmin mənzildə payı vardır. Hazırda nikahları pozulduğundan əmlaka dair mülkiyyət hüququnu tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, iddia ərizəsindən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da bəllli olur ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi həqiqətən Maraqlı şəxs MTK ilə İddiaçı arasında bağlanmışdır. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK-nın nümayəndəsinin izahatı və digər sübutlarla bu hal öz təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilən cavabdehlə iddiaçı arasında “whatsapp” şəbəkəsi vasitəsilə aparılmış yazışma mətnlərindən görünür ki, Cavabdeh “sənin evin mənə lazım deyil” kimi ifadəylə mənzilin əslində ona məxsus olmadığını etiraf edir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehə həmin sübutlar təqdim edildiyi zaman həmin yazışmanın ona aid olduğunu etiraf etmişdir. Eyni zamanda, məhkəməyə sorğu əsasında daxil olmuş tərəflər arasında aparılan danışıqlarda da, mənzilin ona aid olmamasını cavabdeh təsdiq edir. Həmin səs yazılarının da ona aid olmasını cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Qeyd olunan hallar, Maraqlı şəxs MTK ilə Cavabdeh arasında həqiqətən alqısatqı müqaviləsinin bağlanma niyyətinin olmadığını, müqavilənin İddiaçı barəsində bağlandığını təsdiq edir. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, 08 noyabr 2019-cu il tarixli Maraqlı şəxs MTK ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla, əhəmiyyətsizdir. Həmin əqdin həmin tərəflər arasında hər hansı hüquqi nəticə yaratmaq niyyəti olmamışdır. Belə olduğu halda, görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkündür. Müqavilə əhəmiyyət hesab edildiyindən onun əsasında xx.xx.2023-cü il tarixdə **********34-05301-093064 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Eyni zamanda pərdələnən əqdə dair qaydalar tətbiq edilməklə İddiaçı adına çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında ifadə edilə mövqeyə əsasən Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 20 iyun 2025-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; - pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. Konstitusiya Məhkəməsi Plenumunun oxşar mövqeyinin ifadə edildiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6, ev 35, mənzil 46 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********34-05301-093064 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməli, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ tanınsın və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, İddiaçı adına çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 6, ev 35, mənzil 46 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********34-05301-093064 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ tanınsın və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddiaçı adına çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-3667/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3667/2025
30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver