Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4102/2023 05.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Vəkil, Maraqlı şəxs2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı Bakı 3 saylı Mediasiya Təşkilatı və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs2 arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı barışıq sazişinin şərtlərinin – “birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsi”- nin təsdiq edilməsi, alimentin barışıq sazişinin imzalandığı tarixdən, yəni 13 iyul 2023-cü il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci tərəf qismində Maraqlı şəxs2, ikinci tərəf qismində İddiaçı aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesi nəticəsində tərəflər arasında Barışıq sazişi imzalanmışdır. Sazişə əsasən, Maraqlı şəxs2 birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılması və onların saxlanılması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsini qəbul etsə də, onun tərəfindən sazişin şərtləri icra olunmamış, o, üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməmişdir. Sazişin könüllü icrası üçün müəyyən edilmiş müddət keçmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqli şəxs Maraqlı şəxs2 vəkili və nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək bildirmişdir ki, barışıq sazişi Maraqlı şəxs2 İddiaçı tərəfindən aldadılması nəticəsində bağlanmışdır. Belə ki, tərəflər şifahi olaraq razılaşmışlar ki, nikah pozulsa da Kolesnikov arvadına məxsus evdə yaşamağa davam edəcək. Lakin nikah pozulduqdan sonra ərizəçi onu evdən qovmuş, ona məxsus bütün iş alətlərini özündə saxlamışdır. İş alətləri santexnika və digər işlərin görülməsi ilə əlaqədar olan bahalı alətlərdir. Hal-hazırda maraqlı şəxs Kolesnikovun həmin alətləri almaq imkanı yoxdur, əmək fəaliyyəti ilə məşğul ola bilmir, çətinliklə dolanır, rəsmi iş yeri yoxdur. Ara-sıra işlər taparaq işləyir. O fikirləşmişdir ki, onsuzda ərizəçi ilə bir evdə yaşayacaq, qazandığı pulları həmişə evə vermişdir, indi də belə olacağını düşünərək 1500 manat məbləğində aliment ödənilməsinə razılıq vermişdir. Amma həyat yoldaşı qeyd etdiyi bu şərtlərə əməl etməmişdir. Qeyd olunan məbləği ərizəçiyə verdiyi halda özünün yaşaması üçün imkanı olmayacaq. Eyni zamanda maraqlı şəxs "xxxx" MMC-də mağaza meneceri vəzifəsində işləyir və əmək haqqısı 1323 manat təşkil edir. Göstərilən səbəblərdən maraqlı şəxs barışıq sazişinin etibarsız hesab edilməsi barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə edilmiş Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə 919 saylı akt qeydi ilə Bakı şəhəri, Nizami rayonu VVADQ şöbəsində bağlanmış nikahın 3 ay müddət verilmədən pozulmasına razı olmuş, birgə yaşayış dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anasının himayəsində qalmasını və onların saxlanması üçün hər ay sabit pul məbləğində 1500 manat aliment ödənilməsini qəbul etmişdir. Ərizəçi öz tələbində barışıq sazişinin, “birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsi” hissəsində təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəyə etirazını sazişin ərizəçi tərəfindən aldadılması nəticəsində bağlanması,yəni etibarsız olması və əmək haqqısının az olması ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2.-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Maraqlı şəxs onun ərizəçi tərəfindən aldadılması, ərizəçinin onun etibarından suiistifadə edərək boşanmadan sonra da maraqlı şəxsin ona məxsus evdə yaşaya bilməsini vəd etməsini, lakin vədinə əməl etməməsini bildirsə də bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında belə razılaşma olduğu halda barışıq sazişində də qeyd oluna bilərdi. Bundan əlavə "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 həmin şirkətdə xx.xx.2020-ci il tarixdən işləyir və əmək haqqı 1323 manat təşkil edir. Yəni barışıq sazişi bağlanarkən maraqlı şəxs həmin vəzifədə həmin əmək haqqı ilə çalışmışdır. Bütün bü göstərilən hallar maraqlı şəxsin aldadılmamasını, onun tərəfindən barışıq sazişinin könüllü olaraq bağlanmasını və uşaqlar üçün 1500 manat məbləğində alimentin ödənilməsi öhdəliyinin könüllü olaraq üzərinə götürülməsini təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, barışıq sazişinin həmin hissəsi qanunun tələblərinə uyğundur və ərizəçinin ərizəsi təmin olunaraq təsdiq edilməlidir. Eyni zamanda ərizə başırıq sazişinin imzalandığı gündən icra olunması hissəsində də təmin edilməlidir. Məhkəmə izah edir ki, maraqlı şəxsin əmlak vəziyyətinin pisləşəcəyi və bu səbəbdən barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəyə bilməyəcəyi halda maraqlı şəxs ərizəçiyə sazişin həmin bəndinin ləğv edilməsi və ya həmin bəndə dəyişiklik edilərək alimentin miqdarının azaldılmasını təklif edə, ərizəçi buna razılıq vermədiyi halda bu barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçi tərəfindən tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə Maraqlı şəxs2 arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı Barışıq sazişi “Maraqlı şəxs2 birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılmasını və onların saxlanılması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsini qəbul etdi” hissəsində təsdiq edilsin. Aliment barışıq sazişinin imzalandığı 13 iyul 2023-cü il tarixdən tutulsun. Ərizənin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4102/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4102/2023
05.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver