Məhkəmə qərarları › İş №e-2(004)-4137/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4137/2025

08.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4137/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/MT015/2025-0005/02 saylı barışıq sazişinin bağlandığı şərtlərlə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı 2 övladları vardır. xx.xx.2025-ci il tarixə qədər rəsmi nikahda olsalar da, həmin tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Nikaha xitam verilməmişdən əvvəl tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən boşanma zamanı, uşaqların anada qalması və hər ayın 15-dən gec olmayaraq uşaqların saxlanması üçün Maraqlı şəxs 500 manat pul vəsaitini Ərizəçi kart hesabına köçürməsi barədə razılıq əldə edilmişdir. Həmin müddət ərzində uşaqlar həm məktəbə, həm də musiqi dərsinə getdikləri üçün Ərizəçi uşaqların qaldıqları evdən özü ilə birgə köçmələrinin dərslərinə maneə törətməsini istəmədiyi üçün öz aralarında razılığa gəlirlər ki, dərs sessiyası bitənə qədər uşaqlar əvvəl birgə yaşadıqları evdə ataları ilə qalsınlar, dərsləri bitdikdən sonra analarının yanına köçsünlər. Lakin dərslər bitdikdən sonra məlum olur ki, Maraqlı şəxs uşaqları anaya qarşı doldurmuş və anaya vermək fikrindən yayınmışdır. Hal-hazırda ana öz övladlarını görə, əlaqə saxlaya bilmir. Bununlada barışıq sazişinin şərtlərini pozmuş olur. Maraqlı şəxs açıq şəkildə barışıq sazişinin şərtlərini pozaraq uşaqları verməkdən boyun qaçırır, uşaqlara psixoloji təsir göstərərək onların analarına olan münasibətini dəyişməyə çalışır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında barışıq sazişinin təsdiq olunmasına etiraz etdiyini bildirmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, tərəflər arasında barışıq sazişi bağlansa da, övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012ci il təvəllüdlü X3 hazırda onun yanında qalırlar. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025ci il tarixli, MŞB/MT015/2025-0005/02 nömrəli Barışıq sazişinə əsasən, “1. Tərəflər nikahın davam etdirilməsinə razı olmadılar və bununla bağlı məhkəmədə iddia qaldıracaqlar. 2. Nikahın pozulmasından irəli gələn digər məsələləri isə aşağıdakı kimi razılaşdılar: a) İkinci tərəf birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi Birinci tərəfin yanında yaşamalarına razılıq verir; b) Birinci tərəf təsdiq edir ki, uşaqların ikinci tərəflə görüşmələrinə, istənilən vaxt birgə vaxt keçirmələrinə şərait yaradacaq. c) İkinci tərəf uşaqların saxlanması üçün nikah pozulan tarixdən hər ay 500 AZN olmaqla onların yetkinlik yaşına çatana kimi hər ayın 15dən gec olmayaraq Birinci Tərəfin kart hesabına aliment ödəyəcək; d) Tərəflər öhdəlik götürürlər ki, uşaqlarla müvəqqəti xaricə səfər edə bilmələri üçün bir-birinə maneə törətməyəcək və müvafiq hüquqi sənədləşməni təmin edəcəklər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2025- 0005/02 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2025- 0005/02 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər nikahın davam etdirilməsinə razı olmadılar və bununla bağlı məhkəmədə iddia qaldıracaqlar.

2. Nikahın pozulmasından irəli gələn digər məsələləri isə aşağıdakı kimi razılaşdılar: a) İkinci tərəf birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi Birinci tərəfin yanında yaşamalarına razılıq verir; b) Birinci tərəf təsdiq edir ki, uşaqların ikinci tərəflə görüşmələrinə, istənilən vaxt birgə vaxt keçirmələrinə şərait yaradacaq; c) İkinci tərəf uşaqların saxlanması üçün nikah pozulan tarixdən hər ay 500 AZN olmaqla onların yetkinlik yaşına çatana kimi hər ayın 15-dən gec olmayaraq Birinci Tərəfin kart hesabına aliment ödəyəcək; d) Tərəflər öhdəlik götürürlər ki, uşaqlarla müvəqqəti xaricə səfər edə bilmələri üçün bir-birinə maneə törətməyəcək və müvafiq hüquqi sənədləşməni təmin edəcəklər. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar