Məhkəmə qərarları › İş №e-2(004)-4145/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4145/2022

22.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4145/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı X1 cavabdehlər X4 və X2 qarşı “tikinti xərclərinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərcin qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər X4 və X2 qarşı “tikinti xərclərinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Z. Kərimov küçəsi, ev 48 (yeni nömrəsi 84) ünvanda tikilmiş 4 otağın xərclərinin müəyyən edilməsi, hüququn tanınması və sərf edilmiş xərcin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 18 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırda iş materiallarından görünür ki, iddiaçı mediasiyaya müraciət etmiş, o, ümumilikdə 50 manat mediasiya xərcini və 50 manat dövlət rüsumunu ödəmişdir, lakin iddiaçı ilə cavabdeh arasındakı münasibətlər ailə xarakterli olmadığından və hazırki mübahisə üzrə mediasiya prosesindən keçmə qanunvericiliyə görə imperativ xarakter daşımadığından dövlət rüsumu tam şəkildə, yəni 100 manat ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsində tələb dəqiq müəyyən edilməmişdir. Belə ki, iddiaçı hansı hüququnun məhkəmə tərəfindən tanınmasını xahiş etdiyini dəqiq göstərməmişdir. Beləliklə, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər X4 və X2 qarşı “tikinti xərclərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar