Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4160/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (açar sözlər: mediasiya nəticəsində barışıq sazişi, aidiyyəti üzrə göndərmə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələsgərov Pərvin Asif oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı 6 saylı X1 Elşən Xanlar oğlu və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB/6/2025-0225 nömrəli barışıq sazişi bağlanmışdır.
2. Sazişin şərtlərinə əsasən: “- 1. Birinci tərəf, sahibkralıq fəaliyyəti ilə əlaqdar ikinci tərəfdən hissə-hissə aldığı ümumilikdə 12000000 manat məbləğində pul vəsaitini hazırki barışıq sazişi mediator tərəindən təsdiq edildiyi gündən başlayaraq 1 ay ərzində ikinci tərəfə qaytaracağını öhdəsinə götürür.
2. Birici tərəf qəbul edir ki, bu sazişin 2.1-ci bəndində göstərilən pul məbləğini 1 ay müddəti başa çatdığı gün qaytarmadığı halda, hazırki barışıq sazişi məhkəmə təsdiq edilməklə icraya yönəldilir və icra mərhələsində qeyd edilən borc məbləği, yəni 12000000 manat məbləğində pul vəsaiti birinci tərəfin DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilir.
3. Birinci tərəf bildirir ki, icra mərhələsində məhz Sazişin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahəsinin borcun əvəzinə ikinci tərəfin mülkiyyətinə verilməsini və ikinci tərəfin adına Dövlət reyestrində qeydiyyata alınmasını öz iradəsi ilə qəbul edir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlər etməyi öhdəsinə götürür.
4. İkinci tərəf, borc pul ödənilmədiyi təqdirdə barışıa sazişinin icrası mərhələsində hazırki barışıq sazişinin 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrini, borc əvəzinə ona təklif olunmuş əmlaklar kimi qəbul edəcəyini öhdəsinə götürür.
5. Məhkəmə qətnaməsi ilə təsdiq edilərək icraya yönəldiyi halda, hazırki barışıq sazişi 2.2-ci bəndində qeyd edilən qeyri-yaşayış sahələrinin borc əvəzi kimi ikinci tərəfin adına dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.”
Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) ərizə tələbi
3. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli, MŞB/6/2025-0225 nömrəli barşıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizənin əsaslarına görə, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanılmışdır. Lakin, barışıq sazişi imzalandığı gündən hazıra qədər Maraqlı şəxs tərəfindən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir. Ərizəçi hesab edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməsi zəruridir.
b) ərizə tələbinə etiraz
5. Ərizə tələbinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə düzgün verildiyini bildirib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.”
Məhkəmənin mövqeyi
10. İş materiallarından görünür ki, hazırkı iş üzrə tərəflərdən Ərizəçi və Maraqlı şəxs fərdi sahibkar statusunda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ərizəçi ********** nömrəli VÖEN əsasında, Maraqlı şəxs isə ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
11. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır, bunu təqdim edilmiş barışıq sazişinin birinci bəndi də təsdiq edir.
12. Göründüyü kimi, tərəflərin hər ikisi fərdi sahibkar statusunda olan şəxsdir, hüquq münasibətinin xarakteri də sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Bu şərtlər daxilində isə Ali Məhkəmə Plenumun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarındakı ümumi hüquqi mövqeyə əsasən işə kommersiya məhkəməsində baxılmalıdır.
13. Məhkəmə hesab edir ki, hazırkı iş Mülki Prosessual Məcəllədə baxılmasının spesifik proseduru müəyyənləşdirilmiş xüsusi icraat qaydasında baxılmalı olan işlər kateqoriyasına aid olsa belə, eyni ilə iddia icraatı qaydasında baxılmalı olan işlərdə məhkəmə aidiyyətinin yoxlanması meyarları bu işə də tətbiq edilməli, yoxlama nəticəsində yuxarıdakı əsaslar üzrə iş baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir.
14. Mediasiya proseduru nəticəsində bağlanmış barışıq sazişin məhkəmə qaydasında təsdiq olunmasına dair işlərdə məhkəmənin yoxlma sərhədləri yalnız prosessual aspektlərlə məhdudlaşsa belə, kommersiya mübahisələrinin məhkəmə aidiyyətinə uyğun olaraq, kommersiya elementli xüsusi icraat işlərinin də ixtisaslaşmış baxışdan keçməsini təmin etmək qanunvericiliyin məqsədinə uyğundur.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “ərizəçi "xxxx" MMC-nin ərizəsinə dair (maraqlı şəxslər Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatı və "xxxx" MMC) qarşı iş üzrə xx.xx.2023-cü il tarixli, 2(102)-642/2023 nömrəli qərarında da kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, MPM-in 25.2 və 26.2-ci maddələrində xüsusi icraat işləri ilə bağlı kommersiya məhkəmələri tərəfindən baxılan işlər sırasında MPM-in 40-7-ci fəsli əks olunmasa da, Məcəllənin 26.1-ci maddəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri (kommersiya mübahisələrini) kommersiya məhkəmələrinə aid etmişdir. Digər tərəfdən MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra – xx.xx.2021-ci il tarixdə əlavə olunmuşdur. Məhkəmə tərkibi qeyd olunanları, habelə işlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır.
16. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırki ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verildiyin, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə