Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4406/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və eyni zamanda Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 71A ünvanında yerləşən 25 saylı qarajın Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 71A ünvanında yerləşən, "xxxx" Mənzil Tikinti Kooperativində payçı olaraq mənzil almışdır. Daha sonra həmin binanın zirzəmi hissəsində avtomobili üçün qaraj yeri almaq qərarına gəlmişdir. xx.xx.2005-ci ildə yer və qiymət barədə razılığa gələrək 25 saylı qarajı 11.500 (on bir min beş yüz) manata almışdır. Bu məqsədlə Qələbə İnşaat MTK-nın sədri İbrahimov Hüseyn Əlizadə oğlu ilə müqavilə bağlayaraq sözügedən vəsaiti nəğd formada ödədi və qaraj yerindən istifadə etməyə başladı. Bir neçə il sonra həmin binada ona məxsus mənzili notariat qaydasında alqı-satqı edərək satdı, lakin qarajın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışı olmadığı üçün onu satmadı. Neçə illər ərzində həmin qarajdan sözügedən binanın yaxınlığında yaşayan sürücüsü istifadə etmişdir. 2019-cu il və daha sonrasında koronavirus pandemiyası vaxtı qarajdan istifadə etməmişdir. 2023-cü ildə DƏDRX-dən çıxarışın alınması və sonradan satılması məqsədilə qarajın sənədlərini hazırlayarkən ona məlum olmuşdur ki, qaraj ondan xəbərsiz başqa şəxsə satılmışdır. Araşdırma zamanı məlum oldu ki, ona məxsus qaraj Qələbə İnşaat MTK-nın qanuni təmsilçisi olmuş X8 oğlu tərəfindən başqa bina sakininə satılmışdır. Hal-hazırda həmin MTK öz fəaliyyətini dayandrımış, binanın idarəçiliyi isə sakinlərin təsis etdiyi MMMC-yə təhvil verilmişdir. X8 oğlunun isə analoji dələduzluq halları ilə əlaqədar hal-hazırda məhkum olduğu və ya probasiya nəzarətində olduğu bildirilir. Halhazırda onun olduğu yer və əlaqə vasitələri ona məlum deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə verdikləri sorğudan məlum olmuşdur ki, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi pr. 71A ünvanında yerləşən 25 saylı qaraj Cavabdeh oğlunun mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsinin necə bağlandığı, alıcıya hansı təsdiqedici sənədlərin təqdim edildiyi, alıcının həmin qarajın əslində başqa şəxsə məxsus olduğunu bilib bilmədiyi haqqında məlumatı yoxdur. İndiki bazar qiymətləri ilə o ərazidə qarajın qiyməti 25.000 - 30.000 manat arasındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, müqavilə olub. Mənzil 2005-ci ildə alınmış, bir neçə ay sonra isə qaraj alınmışdır. MTK sədri o vaxtdan dəyişib. İddiaçı 2005-ci ildə mənzildə biraz yaşamış, daha sonra mənzili sataraq köçüblər. Qarajı isə satmamışlar. Müqavilə iddiaçıya bir müddət sonra verilib. 2019-cu ilə kimi qarajdan istifadə olunmuşdur. Faktiki olaraq binanın komendatı dələduzluq edərək, qarajı satmışdır. İddiaçının sürücüsü yaxınlıqda yaşadığı üçün avtomobilini qarajda saxlamışdır. Şifahi danışıqlar olub və sənədləşmə olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda Vəkil1 iddia tələbini qəbul etməyərək ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının maliyyə arayışından da görünür ki, sənəd saxta sənəddir. Çünki 2005-ci ilin sentyabr ayında Respublikada “AZN” tədavülə buraxılmamışdır. Müdafiə etdiyi şəxs 25 saylı qarajı 2019-cu ildə almışdır və müvafiq quruma müraciət edərək, çıxarış almışdır. Həmin çıxarış etibarsız sayılmadan başqa şəxslə müqavilə bağlanması mümkün deyil. İddiaçı özü köçüb getməsinə baxmayaraq, maşınını orada saxlaması inandırıcı deyil. Hazırda faktiki olaraq qarajdan istifadə edilir və mülkiyyətindədir. Cavabdeh hazırda həmin binada yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK-nın sədri Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 71A saylı binanın 123 saylı mənzilinin sahibi İddiaçı həmin binanın zirzəmisində yerləşən 25 saylı avtomobil qarajını 11500 manata sataraq onun mülkiyyətinə vermiş, İddiaçı isə həmin məbləği "xxxx" MTK-nın kassasına ödəmişdir. - "xxxx" MTK-nın 1320 saylı, xx.xx.2005-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" MTK-nın kassasına 11500 manat məbləğində vəsait ödəmişdir. - "xxxx" MTK Kooperativin Qaraj alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK ilə X3 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Kooperativ Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 71A ünvanında yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 25 saylı qarajı vətəndaşa verməyi, vətəndaşın isə həmin qarajı qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qaraj haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən qarajın ümumi dəyəri 10000 manat məbləğində müəyyən olunmuşdur. - "xxxx" MTK-nın 75 saylı, xx.xx.2019-cu il tarixli arayışa əsasən X3 "xxxx" MTK-nın kassasına 10000 manat məbləğində vəsait ödəmişdir. - "xxxx" MTK-nın 75 saylı, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə, 71A ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binada 25 saylı qarajın pay dəyəri X3 tərəfindən tam ödənmişdir, MTK-ya borcu yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 71A ünvanında yerləşən 18 kv.m. qeyri-yaşayış sahəsi (25 saylı qaraj) tam mülkiyyət hüququ ilə X1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli sorğuya cavabına əsasən dövlət reyestrində "xxxx" MTK-nın xx.xx.2004-cü il tarixdə 0104-P65-40583 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, xx.xx.2004-cü ildən xx.xx.2012-ci ilə tarixədək MTK-nn rəhbəri X4 olmuş, xx.xx.2017-ci il tarixdən hazırki dövrədək MTK-nın rəhbəri X5r. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı 24 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 71A ünvanında yerləşən 25 saylı qarajı "xxxx" MTK-dan 11500 (on bir min beş yüz) manata almış və ödənişi etmişdir. Cavabdeh X3 isə həmin qarajı 17 sentyabr 2019-cu il tarixdə "xxxx" MTK-dan 10000 (on min) manata almış, ödənişi etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlak üzərində tam mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış və bu hüquq indiyədək qüvvədədir. Hal-hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 71A ünvanında yerləşən 25 saylı qarajın Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsində anoloji mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki mübahisədən də göründüyü kimi, iddiaçı ilə "xxxx" MTK arasında 25 saylı qarajın alqğı-satqısına dair 24 sentyabr 2005-ci il tarixli ağlı-satqı müqaviləsi bağlansa da, cavabdeh X3 həmin qarajı 17 sentyabr 2019-cu il tarixli müqavilə əsasında "xxxx" MTKdan əldə etmiş və daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmışdır. Fərdi-müəyyən əşyanın verilməsi öhdəliyinin icra edilməməsinin nəticələrini özündə əks etdirən MM-nin 452-ci maddəsində üç dispozisiya şərti nəzərdə tutulmuşdur: kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər; (birinci dispozisiya şərti), bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. (ikinci dispozisiya şərti); əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (üçüncü dispozisiya şərti) Məhkəmə hazırki halda ikinci dispozisiya şərtini tətbiq edərək hesab edir ki, 25 saylı qaraj cavabdehin mülkiyyətindədir. Eyni zamanda cavabdeh 25 saylı qarajı əldə etdiyi 2019-cu ildən istifadə etdiyini bildirir. Hal-hazırda da qaraj cavabdehin istifadəsindədir. İddiaçı tərəf cavabdehin izahatını təqzib etmir. Belə ki, iddiaçı iddia ərizəsində də qarajın neçə illər ərzində sürücüsü tərəfindən istifadə edildiyini, 2019-cu ildən bəri isə istifadə etmədiyini bildirmişdir. 2019-cu ilədək istifadə edilməsinə dair də hər hansı təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması zamanı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Zərdabi pr. 71A ünvanında yerləşən 25 saylı qarajı qanunsuz sahiblik etməsinə dair hallar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi pr. 71A ünvanında yerləşən 25 saylı qarajın Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi pr. 71A ünvanında yerləşən 25 saylı qarajın Cavabdeh oğlunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4406/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4406/2025
18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver