Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4608/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bundan sonrakı müalicə xərcləri ilə əlaqədar ümumilikdə 18000 manat tələb etməyi ilə bağlı ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə implant üçün ödənilmiş 800 manat məbləğ, 6750 manat xəstəxanadan müalicə xərci, bu günə qədər müalicə üçün ödənilmiş 200 manat məbləğ olmaqla ümumilikdə 7750 manat məbləğində maddi ziyanın, 9750 manat mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 144 manat məbləğində vəsaitin, həmçinin hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, dişlərinin düzəlməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu “Kaktus” restoranın yanında yerləşən “Neodent” klinikasında özünü həkim stomatoloq kimi tanıdan və ixtisasının üz-çənə cərahiyyəsini olmasını bildirən Cavabdeh ilə (055)309-49-49 nömrəsi ilə danışmışdır. Cavabdeh ona üz-çənə cərahiyyəsi üzrə ölkədəki ən yaxşı həkimlərdən birinin olmasını və bu sahədə ixtisaslaşmasını bildirərək, 2 ədəd implant diş qoymağı üzərinə götürmüş və hər bir dişə 400 manat olmaqla ümumilikdə 800 manat pul almışdır. Dekabr ayının 8-də implant diş qoyan zaman, dişlərinin ağrıdığını bildirmişdir. Cavabdeh ona müvəqqəti bir şey olmasını bildirərək, narahat olmamağını demişdir. Alt çənəsinin sol tərəfinə 2 ədəd diş qoyduqdan keçən saatlar ərzində ağrıları daha da şiddətlənmişdir. Bu barədə həkimə müraciət etdikdə ona narahat olmamağını bildirmiş, ayın 9-u həkimlə yenidən əlaqə saxlayaraq, çənəsində heç nə hiss etmədiyini desə də, hər şeyin qaydasında olmasını bildirmişdir. Ayın 10-u üzünün keyinin açılmamasından qorxduğu üçün yenidən əlaqə saxlamış, təkidlə həkimdən dişinə yenidən baxmasını xahiş etmişdir. Cavabdeh müayinə zamanı bildirmişdir ki, implantı qoyarkən dişin sinirlərini zədələmişdir. Bu zaman o, həkimdən üz-çənə cərahiyyəsi məşğul olmaq üçün tələb olunan müvafiq sənədləri və sertifikatları istədikdə, bunları verməkdən imtina etmişdir. Həkimin barəsində qanunvericiliyə uyğun qərar qəbul edilməsi məqsədilə Yasamal rayon prokurorluğuna müraciət etmiş və prokurorluğun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən 36-C-23 saylı material üzrə araşdırma aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq icraat başlanmışdır. Eləcə də, ona məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2023-ci il tarixli 721/KEŞ saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü İddiaçı implantasiya zamani implantasiyanın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi nəticəsində mandibulyar sinir və mental dalik nahiyəsindəki sinir zədələnməsi baş vermişdir ki, bunun da nəticəsində "Posttravmatik neyropatiya" yaranmışdır. Eləcə də, təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2023-ci il tarixli 721/KEŞ saylı rəyindən görünür ki, tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, ekspertiza qərar gəlmişdir ki, aparılmış müayinə zamanı çənənin sol yarısında 37-ci dişin yerində implant, 36-cı diş bölgəsindən çıxarılmış implant yeri və alt çənənin sol yuxarı dodaq bölgəsində paresteziya əlamətlərinin olduğu müəyyən edilmiş və müvafiq olaraq həkimin məsuliyyət daşıması qeyd edilmişdir. Mövcud əməliyyatdan sonra üzü deformasiyaya uğramış, psixoloji travmalar keçirtmişdir. Eləcə də, cavabdehə məktub göndərək vurulmuş zərərin əvəzinin ödənilməsi, eləcə də bundan sonrakı müalicə xərclərimi çəkməli olmasını qeyd etmişdir. Yasamal Rayon Prokurorluğunda başlamış inzibati xətanın aşkar edilməsi üzrə qərar baxılması üçün aidiyyəti üzrə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir. Xidmət tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli, ******* nömrəli qərara əsasən sözügedən klinika ilə Cavabdeh arasında faktiki olan əmək münasibətləri olmasına baxmayaraq, sözügedən hal rəsmiləşdirilmədiyi üçün cərimə edilmişdir. Sözügedən qərar sübut edir ki, Cavabdeh qeyd olunan klinikada işləyir. Yasamal Rayon Prokurorluğu tərəfindən başlamış digər inzibati xətanın aşkar edilməsi üzrə qərar baxılması üçün aidiyyəti üzrə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmişdir. Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli, ******* nömrəli qərara əsasən sözügedən klinika ilə Cavabdeh törətdiyi inzibati xətaya görə cərimə edilmişdir. Yasamal Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilir ki, aldığı xəsarət cinayət işinin başlanması üçün yetərli deyil. Belə olduğu halda, baş vermiş hadisənin olmasını müəyyən edir. Qeyd olunanlara baxmayaraq, Cavabdeh hələ də ona dəymiş ziyanı ödəməmişdir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 08 dekabr 2022-ci il tarixdə mənim işlədiyi klinikaya 1983-cü il təvəllüdlü patsiyent İddiaçı gələrək iki ədəd diş implant qoydurmaq istədiyini bildirmiş və hər diş üçün 400 manat olmaqla kassaya cəmi 800 manat pul ödəmişdir. Bu barədə həmin tarixdə müvafiq ödəmə qəbzi tərtib olunmuşdur. O, həkim kimi onun dişlərini implant etmişdir. O, gedəndən sonra daim telefonla əlaqə saxlayıb səhhəti ilə maraqlanmışdır. İddiaçı ona implant yerində keyləşmə olduğunu bildirmişdir. O, iddiaçıya təklif etmişdir ki, gəlsin implantı çıxartsın. O, iddiaçının ağrı verən implantını çıxartmış və məsləhət görmüşdür ki, yeri sağalsın, yenidən qoyarlar. Digər implant problemsiz olduğu üçün qalmışdır. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, İddiaçı onun barəsində Yasamal rayon prokurorluğuna və Səhiyyə Nazirliyimə şikayət etmişdir. Bununla bağlı Yasamal rayon prokurorluğunda və Səhiyyə Nazirliyi tərəfdindən müvafiq araşdırma aparılmış, İddiaçı məhkəmə tibb ekspertizası müayinəsindən keçirilmiş və onun sağlamlığına zərər vurmayan implant əməliyyatı keçirilməsi müəyyən edilmişdir. Bundan sonra Yasamal rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olararq toplanmış materiallar üzrə cinayət işinin başllanılması rədd edilmiş və AR İXM-nin 210-cu maddəsi ilə inzibati icraat başlanılaraq aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilmişdir. Həmçinin, o, Səhiyyə Nazirliyi tərəfindən 2000 manat cərimə olunmuşdur. O və klinikanın sahibi İlqar Hüseynov dəfələrlə İddiaçı ilə telefon əlaqəsi yaradaraq ona kassaya ödəmiş olduğu 800 manat pulunu gəlib aparması və ya kart hesabına köçürülməsi üçün şəklini çəkib göndərməsini təklif etmişlər. Lakin yaranmış vəziyyətdən sui-istifadə edən İddiaçı ona telefonla dəfələrlə zəng edərək onu şantaj etməyə, hədə-qorxu ilə külli miqdarda pul tələb etməyə başlamışdır. O, İddiaçı bu hədələrinə və şantajına son qoymasını tələb etsə də İddiaçı, onun sözlərinə əhəmiyyət verməyərək öz şantajını davam etdirmiş və onu həbs etdirəcəyi, ya da əvəzində ondan külli miqdarda pul alacağını bildirmişdir. Odur ki, o, İddiaçı gələcəkdə də bu kimi şantaj xarakterli hərəkətlərini davam etdirəcəyindən müdafiə üçün polis orqanına müraciət etmək qərarına gəlmiş və Yasamal rayon polis idarəsinə şikayət etmişdir. 27-ci poolis bölməsində şikayəti araşdırılmış və İddiaçı təhqiqatın çağırışlarına gəlməkdən imtina etmişdir. İddiaçı bir dəfə də Yasamal rayon məhkəməsinə belə bir iddia ərizəsi ilə müraciət etmiş və onuj iddası geri qaytarılmışdır. İddiaçı güya indiyə qədər diş implant fəsadından əziyyət çəkməsi, sağlamlığına ciddi ziyan dəyməsi, müalicə alması, pul sərf etməsi barədə iddiaları yalandır. Ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, onun səhhətinə ,sağlamlığına zərər dəyməmişdir. Tibbi müalicələri üçün də heç bir pul xərcləməmiş və onun bu xərci təsdiq edə biləcək bir sübutu dəlili də yoxdur və ola da bilməz. İddiaçı tələbləri heç bir qanuni əsasa malik deyildir və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin hüquqazad hərəkətləri nəticəsində iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. Maddi ziyan olaraq iddiaçıya postravmatik neyropatiya diaqnozu qoyulmuş, onun nəticəsində iddiaçının üz əzələlərində sinir sistemi zədələndiyinə görə üz əzələlərində probem yaranmışdır. Belə ki, iddiaçının danışığında qüsurlar əmələ gəlmişdir. İddiaçı digər bir həkimə implant üçün müraciət etdikdə ona həmin impalnt qoyulmuş hissə zədələndiyinə görə üç ədəd implantın qoyulması məsləhət görülmüş, həmin məbləğ də 6750 manat təşkil edir. Bununla bağlı arayışı məhkəməyə təqdim etmişlər. Digər tərəfdən mənəvi ziyanla bağlı bildirmək istəyir ki, iddiaçıya diş impantının qoyulması və çıxarılması və ondan sonra yaranan ağrılar iddiaçıda mənəvi iztirab yaratmışdır. Bundan başqa iddiaçı marketinq sahəsində işləyir, bununla bağlı iş yerindən arayışı məhkəməyə təqdim etmişlər. İddiaçı üzündə yaranan problemlər nəticəsində işində də problem yaranmış, həm də fəal ictimai həyat tərzindən məhrum olmuş, danışığında qüsur yaranmış, iş görüşlərində iştirak edə bilməmişdir. Ali Məhkəmənin Plenum qərarında da göstərilir ki, zərərçəkənin qadın olması, azyaşlı olması, sənəti, peşəsi məhkəmələr tərəfindən nəzərə alınmalıdır. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, X8 verdiyi arayışa əsasən diş implantının qoyulması və həmin hissənin bərpası üçün gələcəkdə 6750 manat pul lazımdır. Həmin hissə zədədləndiyindən iki deyil, üç ədəd, həm də daha keyfiyyətli implant qoyulmalıdır. İddiaçının üzündə deformasiya ilə bağlı ekspertin rəyi var. Həmin ekspert rəyində diaqnoz postravmatik neyropatiya olaraq qeyd olunmuşdur. Ekspert rəyində impantın sinirə yaxın olması deyil, sinir sisteminin zədələnməsi qeyd edilmişdir. Sinir sisteminin zədələnməsi də mənəvi ziyana səbəb olmuşdur. İddiaçının bir neçə həkimin qəbulunda olması ilə bağlı arayışı da məhkəməyə təqdim etmişik. İddiaçının üzündə, çənəsində problemlərin olduğu müşahidə olunmuş və ona həmin diaqnoz qoyulmuşdur. Əlavə məlumatlar məhkəməyə təqdim edilmişdir. Postravmatik neyropatiyanın elmi açıqlaması odur ki, iddiaçının sinir sistemi zədələndiyinə görə iddiaçının üz əzələlərində problem yaranır, danışa bilmir. O, iddiaçı ilə ünsiyyətində həmin qüsurları görmüşəm. İddiaçı danışanda çənəsi önə çıxır, danışmaqda çətinlik çəkir. İddiaçıda həmin problemlər həm ekspert rəyi, həm mütəxəssis rəyi ilə sübut olunur. Həmin qüsurların sonradan bərpa olunmaması, qüsurlu vəziyyətdə qalması ilə bağlı hal-hazırda sübutları yoxdur. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, 200 manat maddi ziyanla bağlı sübutu iddiaçının bildirdiyinə görə məhkəməyə təqdim etmişdir. Onda olan məlumata görə iddiaçı hansısa qəbzləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddianı 800 manat maddi ziyanla bağlı hissədə qəbul edir. Ümumiyyətlə Səhiyyə Nazirliyindən lisenziyası olan implant köçürülmələri olanlara birgə formada müqavilələr tərtib edilir. O tərtibat əsasında lisenziyası olanlar işləyə bilir. Həmin sənəddə göstərilir ki, diş implantının sümüklə birləşməsi 95-99.5 faizi təşkil edir. 27-ci bölməsində isə göstərilir ki, diş implantının əkilməsinə daxildir: impantın qoyulması, müşahidə və yaraya qulluq. Bu da 7 gün, 14 gün, 30 gün və 60 gün təşkil edir. Eyni zamanda 10-cu maddədə göstərilir ki, diş impantasiyası zamanı əgər çənənin siniri impanta yaxındırsa, onda 0.2 və 1 mm, ya da implant kanala daxil olarsa onda pasiyentin çənəsində dişlərində, dodaqda keyləşmə müşahidə olunur. Bu da 2 aydan 24 aya qədər çəkir. Eksert rəyində də göstərilir ki, zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Bu onun sinirinə yaxın olsa da 2-24 ay ərzində davam edə bilər. Bu aradan qalxandırsa, insan üçün elə bir problem yaratmır. Bundan başqa hər bir şəxsin sağlamlığı, immuniteti implanta fərqli reaksiya verir. İddiaçı iki impant qoydurmuş, birini elə ertəsi gün çəkdirmişdir. Digərini isə başqa kilinikada çəkdirmişdir. Digər implanta görə məsuliyyəti digər klinika daşıyır. Bundan başqa iddiaçı ikinci implantı da qaytarmamışdır. İddiaçıya dəfələrələ 800 manat pulun ona qaytarılması ilə bağlı müraciət olunmuşdur. Lakin iddiaçı nə pulu götürmüş, nə də implantı klinikaya qaytarmışdır. Mülki Məcəllədə də göstərilir ki, hər bir halda qarşılıqlı öhdəliklər olduqda həkim, həmin klinika ya onu aradan qaldırmalı, ya pulunu qaytarmalı, ya da yenisini tətbiq etməli idi. İmpant sümüyə yerləşdiriləndə ona qan dəydisə, artıq həmin implantı ikinci dəfə istifadə etmək mümkün deyil. Gələcəkdə yaranacaq müalicə xərci ilə bağlı bildirmək istəyir ki, Mülki Məcəllədə göstərilir ki, gələcəkdə olan hallar üçün heç kim cavabdeh deyil. 200 manat xərclə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mənəvi ziyanla bağlı reseptlər, dərman kağızları, həkim sənədləri olmalıdır. Mənəvi ziyan maddi ziyanın mənəvi təsirləri sayılır. Lakin bu barədə də heç bir sənəd yoxdur. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X6 tərəfindən 2 ədəd implant üçün 800 manat ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Yasamal rayon prokurorluğunda X3 ünvan 1 ünvanında yerləşən “SuperDent” klinikasında həkım-stomatoloq işləyən Cavabdeh tərəfindən ona 2022-cı ilin dekabr ayında implant yolu ilə 2 ədəd diş qoyularkən dış sinirlərinin zədələnməsi ilə bağlı şikayəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı şahid izahatları alınmış, müvafiq sorğular verilmiş, material üzrə komisyon məhkəmə-tibb ekspertizası (həkim işinə dair) təyin edilmişdir. Təyin edilmiş komisyon məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli 721/KEŞ saylı rəyinə əsasən, ekspert komissiyası aşağıdakı nəticəyə gəlinmişdir: X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “ Dental Pak” klinikasına müraciət etmiş və aparılmış müayinə zamanı çənənin sol yarısında 37-ci dişin yerində implant, 36-cı diş bölgəsində çıxarılmış implant yeri və alt çənənin sol yuxarı dodaq bölgəsində paresteziya əlamətlərinin olduğu müəyyən edilmişdir. Radioloji olaraq 34-cü implantın mental sinirə yaxın yerləşdiyi, 36-cı implantın çıxarıldığı və yerinin sinirə yaxındır. İddiaçı mütəxəssis müayinələri zamanı hazırda onda “Posttravmatik neyropatiya”nın olduğu müəyyən eilmişdir ki, bu da implantasiyanın faktiki cəhətfən düzgün yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Belə ki, implantasiya zamanı mandibulyar sinir və mental dəlik nahiyəsindəki sinir zədələnmiş və bu da qeyd edilən patologiyanın yaranmasına gətirib çıxarmışdır. Beləliklə, aparılan araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2023-ci il tarixli 721 /KEŞ saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü İddiaçı implantasiya zamanı implanlasiyanın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi nəticəsində mandibulyar sinir və mental dəlik nahiyəsindəki sinir zədələnməsi baş vermişdir ki, bunun da nəticəsində “Posttravmatik neyropatiya” yaranmışdır. Lakın, onun sağlamlığına hansı dərəcədə ziyan vurulması müəyyən edilməmişdir. Nəticədə İddiaçı sağlamlığına ziyan vurulması ilə bağlı şikayəti əsasında toplanmış 36-C-23 saylı material üzrə stomatoloq Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin “Həyat və Sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulan hər hansı cinayətin və Azərbaycan Respublikası CM-in 314-cü maddəsinin tərkibi olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi və İddiaçı sağlamlığına ziyan vurulması ilə bağlı zərərin əvəzinin və ya müalicə xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4cü maddəsinə əsasən mülki qaydada müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. İş materiallarında MN ******* nömrəli 15 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş materiallarında olan MN ******* nömrəli 10 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Super Dent” klinikasında Cavabdeh tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat cərimənin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 13 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərarına əsasən stomatoloji xidmətlər (dişlərin müalicəsi, diş plombunun, implantının qoyulması) xidmətlər zərfinə daxil deyildir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı "X1 22 dekabr 2022-ci il tarixində nevroloqun qəbulunda olmuş və müayinələrdən keçmişdir. Ona “Mandibular sinir şaxəsinin travmatik neyropatiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan X8 31 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, pasient İddiaçı xx.xx.2023-cü il tarixdə klinikaya müraciət etmişdir. Müayinə zamanı, ağız boşluğunda dental implanlara göstəriş olduğu aşkarlanmışdır. Pasientdən anamnez toplandığında aşağı çənənin sol payında öncədən implant olduğu və həmin nahiyyədə poresteziya hissi olduğunu bildirmişdir. Bunlara əsaslanaraq həmin bölgəyə 3D tomoqrafiya olunmuş və diaqnoz qoyulmuşdur. 35, 36 və 37-ci nahiyələrdə mandibulyar sinirə yaxın məsafədə sümük rezobsiyası izləndiyi üçün qısa ölçülü, ancaq say olaraq 3 ədəd implant olması məsləhət görülmüşdür. İş materiallarında olan Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də marketinq direktoru vəzifəsində işləyir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli 1011 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə “Universal” Vəkil bürosu arasında hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma ilə 500 manat müəyyən edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, ən İddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat “Universal” Vəkil bürosunun hesabına ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məcəllənin 1118.1-ci maddəsinə görə isə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə qeyd edir ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının sağlamlığına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, qanuni qüvvəyə minmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən 1983-cü il təvəllüdlü İddiaçı implantasiya zamanı implantasiyanın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi nəticəsində mandibulyar sinir və mental dəlik nahiyəsindəki sinir zədələnməsin baş verməsi və bunun da nəticəsində “Posttravmatik neyropatiya” yaranması müəyyən edilmişdir. Lakın, onun sağlamlığına hansı dərəcədə ziyan vurulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəydiyi öz təsdiqini tapdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Bununla belə, məhkəm hesab edir ki, dəymiş zərərin məbləğinə münasibətdə iddia tələbi qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyən edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən implantın qoyulması üçün 800 manat pul ödənilməsi öz təsdiqini tapdığından iddia tələbi həmin pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Lakin, iddiaçı bu günə qədər müalicə üçün 200 manat ödəməsini iddia edərək, həmin pulun cavabdehdən tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, həmin hissədə öz sübutetmə vəzifəsinə yerinə yetirə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi 6750 manat məbləğində xəstəxanada müalicə xərci olaraq maddi zərərin tutulması hissəsində də təmin edilə bilməz. Belə ki, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçıya 6750 manat məbləğində real zərərin vurulması məhkəmə araşdırması zamanı öz təsdiqi tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, işin araraşdırılmış hallarından da görünüdüyü kimi, cavabdeh tərəfindən İddiaçı implantasiyanın taktiki cəhətdən düzgün yerinə yetirilməməsi nəticəsində mandibulyar sinir və mental dəlik nahiyəsindəki sinir zədələnməsin baş vermiş və bunun da nəticəsində “Posttravmatik neyropatiya” yaranmışdır. İddiaçı qoyulmuş 2 ədəd implantdan biri elə cavabdeh tərəfindən digəri isə başqa xəstəxanadan çıxarılmışdır. Bu hal onun şiddətli ağrılar və fiziki əzab çəkməsinə, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Bununla belə, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 1 000 (min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edilməli və Cavabdeh vurulmuş maddi zərərə görə 800 (səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul alınaraq iddiaçı X9 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 500 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 500 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 500 manat məbləğində vəkil xidməti xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,40 (on səkkiz manat qırx qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 125,60 (bir yüz iyirmi beş manat altmış qəpik) manat (144- 18,40=125,60) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 800 (səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,40 (on səkkiz manat qırx qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 125,60 (bir yüz iyirmi beş manat altmış qəpik) manat (144-18,40=125,60) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4608/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4608/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver