Məhkəmə qərarları › İş №e-2(004)-4834/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4834/2024

28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4834/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 (yeddi yüz əlli) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə cavabdeh hüquqlarını təmsil və müdafiə etdiyi İddiaçı həyat yoldaşı X1 məxsus “Audi Q7” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoservisdə təmiri üçün aldığı 750 (yeddi yüz əlli) manat borcu bu günə kimi qaytarmamaqla iddiaçıya məxsus pulu qanunsuz istifadənizdə saxlamaqla ona maddi ziyan vurmuşdur. İddiaçı avtomobili almaq vədi ilə avtomobilin təmirinə görə cavabdehin avtoservisə ödəməli olduğu 750 (yeddi yüz əlli) manat pulu cavabdehin xahişi əsasında onun əvəzindən ödəmişdir. Pulun ödənilməsi faktı Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Mahmudovun HK- 1/5261 saylımaterial üzrə xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında və araşdırma zamanı cavabdehin verdiyi izahatında da təsdiqini tapmışdır. Onu da bildiririk ki, tərəflər arasında avtomobilin alqı-satqısı cavabdehin və arvadının istəyi ilə baş tutmadıqdan sonra iddiaçı avtomobili geri qaytarsa da, cavabdeh avtomobilin təmirə görə iddiaçının avtoservisə ödədiyi 750 (yeddi yüz əlli) manatı bu günə kimi qaytarmamışdır. İddiaçı dəfələrlə bu barədə cavabdehə müraciət etsə də cavabdeh iddiaçının haqlı tələbinə məhəl qoymayıb. Belə olan halda iddiaçı pulun cavabdehdən məcburi qaydada alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Hesab edirik ki, iddia tam əsaslı olduğundan təmin edilməlidir. Çünki pulun ödənilməsi faktı Yasamal RPİ-nin 29-cu PŞ-ninHK1/5261 saylı material üzrə xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında və araşdırma zamanı cavabdehin izahatında təsdiqini tapmış və iddia qaldırılan tarixə kimi pulun geri qaytarılmamışdır. Belə olan halda öhdəliyi icra etməyən tərəf digər tərəf qarşısında məsuliyyəti daşıyır. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin təhqiqatçısı Tural Mahmudovun HK- 1/5261 nömrəli materialı üzrə 24 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, tolanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı Cavabdeh avtomobilin təmiri üçün təqdim etdiyi 950 manat pulun geri qaytarılması tələbinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nin təhqiqatçısı Tural Mahmudovun HK- 1/5261 nömrəli materialı üzrə 24 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardanından eyni zamanda, görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, onun həyat yoldaşına məxsus Audi Q7 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili satmaq qərarlarına gəldikləri üçün avtomobili Babək prospektində yerləşən “Az Avto” salonuna yerləşdirmişdir. ...O, nəqliyyat vasitəsininin bəzi ehtiyat hissələri həmin avtoservisdə dəyişdirildiyi üçün 750 manat borc yarandığını bildirmişdir. Kamal adlı şəxs isə həmin bordu ödəmişdir. Daha sonra Kamal ona avtomobili almaq istəmədiyini, 750 manat pulu geri verməyəcəyi halda avtomobili qaytarmayacağını bildirmişdir. O isə Kamala avtomobili gətir, pulu geri qaytaracağını bildirmişdir. 22.122021-ci il tarixdə Kamal adlı şəxsin sürücüsü kimi adını təqdim etməyən şəxs PŞ-nin növbətçi hissəsinə maşının açarlarını təqdim etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh təqdim etdiyi avtomobilin təmiri üçün aralarında olan razılaşmaya əsasən avtoservisdə 750 mant ödəniş etmişdir. Məhkəmə cavabdehin polis orqanında vermiş olduğu izahata əsasən təmir pulunun əvəzi olaraq 750 manat pulun iddiaçı tərəfindən ödənilməsini, daha sonra iddiaçı tərəfindən avtomobilin qaytarılmasını işin mübahisəsiz halı kimi müəyyən edir. Cavabdeh tərəfindən həmin məbləğin geri qaytarılmasına dair hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə məbləğin geri qaytarılmasına dair hər hansı sübut əlavə edilmədiyindən, o 750 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar