Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5236/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə ödənilmiş 129 manat və xidmət haqqı daxil olmaqla ödənilmiş 30,4 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair 2(004)-5236/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 129 manat sığorta ödənişini həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı İddiaçıSığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Buna görə də 129 manat pul vəsaitinin Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulması xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, eləcə də onun istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən sms bildirişləri göndərilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai rayon DYPŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Toyota Prıus” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xətai rayonu ərazisində İXM-nin 327.6 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 327.2 maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 327.6-cı maddəsnin dispozisiyasına görə isə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarında olan 105942 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 129 manat təşkil edir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, “Toyota Prius” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olmaqla, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə edilmiş və nəticədə X2 mülkiyyətində və istifadəsində olan “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqavilənin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən müəyyən edilir ki, “Toyota Prius” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığına əlavənin surətinə əsasən müəyyən edilir ki, X3 xx.xx.2022-ci il tarixli, 105942 nömrəli sığorta müqaviləsi üzrə 129 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, subroqasiya qaydasında qeyd olunan məbləğin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 129 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh Xətai RPİ-nin DYPŞ-nə verdiyi izahatdan müəyyən edilir ki, o, zərər vurmasını etiraf etməklə, vurulmuş zərərin məbləği ilə razılaşmadığından ayrıldığını, eləcə də hadisə barədə heç bir orqana məlumat vermədiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “Toyota Prius” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində olmaqla, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunmuşdur. Hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Həmçinin iş materialları ilə təsdiq olunur ki, cavabdeh hazırda qanuni qüvvədə olan Xətai rayon DYPŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 327.6 və 327.2-ci maddələrinə əsasən təqsirli bilinmişdir. Hansı ki, o, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətə cəlb edilməklə yanaşı, İXM-nin 327.6-cı maddəsi ilə yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyətə cəlb edilmişdir. Beləliklə təsdiq edilir ki, cavabdeh hadisəni törədilməklə yanaşı hadisə yerindən yayınmışdır və həmin hadisə nəticəsində “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 129 manat sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 129 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini, onun hadisə yerindən yayınmasını və iddiaçı tərəfindən 129 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 129 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh “Volkswagen Tiguan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-5236/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5236/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver