Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5288/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: overdraft, əsassız varlanma) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsinə əsasən, “Azercell” telekommunikasiya xidmətlərinin göstərilməsini, abunəçi isə bu xidmət müqabilində haqqın ödənilməsini öz üzərinə götürür.
2. Hesabdan çıxarışdan görünür ki, ödənişlər həyata keçirilmiş, ödənişlərdən sonra 87,49 manat overdraft borcu yaranmışdır.
3. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında 2024-0665 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-nin tələb hüquqları "xxxx" MMC-yə güzəşt edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixinə 87,49 manat overdraft borcu vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə qeyd olunan vəsaiti 3 iş günü ərzində banka geri ödəməyi tələb etmiş və əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
5. Maliyyə arayışından görünür ki, cavabdehin 87,49 manat məbləğdə ödənilməmiş borcu mövcuddur.
İddia tələbinin və ona etirazın dəlilləri
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 87,49 manat overdraft borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli İstifadəçi müqaviləsini elektron olaraq imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartdan istifadə zamanı ödənişlər üzrə aparılan əməliyyatlar ƏDV nəzərə alınmadan silinmiş, daha sonra isə ƏDV məbləğlərinin geri silinməsi nəticəsində overdraft yaranmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında müqaviləsinə əsasən Azercell Telekom MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını "xxxx" MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli İstifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən İstifadəçinin cihazı serverə bağlandığı zaman Şirkət sizə qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı Müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Tərəflər arasında bağlanmış Ödəniş xidmətinə dair müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən Təchizatçı, İstifadəçinin Hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada İstifadəçinin Hesab(lar)ından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən İstifadəçi, Hesabında yaranmış overdraftı ödənmədiyi halda Təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq İstifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdeh öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
b) iddiaya etiraz
8. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh iddiaçının tələbləri aldığı təhvil aldığı MMC tərəfindən təqdim edilmiş xidmətlərdən istifadə zamanı müəyyən ödənişlər həyata keçirmiş, ödənişlərin müqavilə şərtlərinə uyğun hesabdan silinməsi nəticəsində borc yaranmış, borcu (overdraft) ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir.
15. Odur ki, iddiaçının tələb etdiyi 87,49 manat overdraft borcu cavabdehdən tutulmalıdır.
16. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan overdraft borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 87,49 manat overdraft borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 117,49 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə