Məhkəmə qərarları › İş №e-2(004)-5502/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5502/2025

19.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5502/2025 19.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, X1 Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 45.1. məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

5. Belə ki, mülki prosessual qanunvericiliyin aiddiyyət qaydalarını tənzimləyən normalarına əsasən, hazırkı kateqoriya işlərə, yəni mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizələrə ərizəçinin yaşadığı yerin məhkəməsinə baxılır.

6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən isə, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə xüsusi nümunəli vəsiqə ilə müəyyən olunur.

7. “Elektron Məhkəmə” informasiya sistemindən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, ərizəçi X4 müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Göründüyü kimi, X1 qeydiyyatda olduğu ünvan Yasamal rayonu ərazisinə aid olmadığından və qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə işlərə ərizəçinin yaşadığı yerdə baxılmalı olduğundan hazırkı ərizə geri qaytarılmalıdır.

9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə aidiyyət qaydalarının pozulması ilə verildiyinə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

10. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu X3 qaytarılsın. X3 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar