Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-551/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “Nissan Sunny” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 3.061 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,01 manat məbləğində pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21011” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Nissan Sunnny” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan Sunnny” markalı, **-VK-*** qeydiyyat nişanlı avtomobilə 3.061 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 091439 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Nissan Sunnny” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3.061 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti tərəfindən ödənilmiş 3.061 manat sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş subroqasiya qaydasında cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. İddiaçı 30. 11.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, iddia tələbi əsassızdır, belə ki, Qazaxıstan Respublikasında işləyərkən onun sürücülük vəsiqəsi olmuşdur. Onun sığorta ödənişini mənimsəyərək bölmüşlər. Suala cavab olaraq bildirir ki, hadisə zamanı avtomobili idarə etmək hüququ olmuşdur. İki ildən bir sürücülük vəsiqəsini dəyişir və yaşı ilə əlaqədar olaraq sağlamlıq kağızı alır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21011” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəsimi rayonu ərazisində İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 332.3-cü maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə həmin maddəyə əsasən məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 332.2-ci maddəsnin dispozisiyasına görə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Dolayısı ilə məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh hazırkı hadisədən bir il əvvəlki müddət ərzində nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 091439 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı maddi ziyan üzrə sığorta ödənişi 3.061 manat təşkil edir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-7170/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, “VAZ 21011” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, “VAZ 21011” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan sığorta müqavilənin mövcudluğunun yoxlanılması barədə çıxarışa əsasən müəyyən edilir ki, “VAZ 21011” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT********** nömrəli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC ilə icbari sığorta müqaviləsi mövcud olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 10889 nömrəli ödəniş tapşırığına əlavənin surətinə əsasən müəyyən edilir ki, X1 PAT********** nömrəli sığorta müqaviləsi üzrə 3.061 manat ödənilmişdir. İş materiallarında olan AR DİN Baş dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-22777/2023 nömrəli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixdə BA 426289 nömrəli, “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, subroqasiya qaydasında qeyd olunan məbləğin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman “VAZ 21011” minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmaqla onun tərəfindən idarə olunmuşdur. Hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə ki, iş materiallarında olan AR DİN Baş dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-22777/2023 nömrəli məktubundan müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası ərazisində ilk dəfə sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə, yəni baş vermiş yol nəqliyyat hadisəsindən sonra verilmişdir. İddiaçının daha əvvəl digər ölkədə sürücülük hüququnun olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iş materialları ilə təsdiq olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli blinmiş və həmin hadisə nəticəsində “Nissan Sunny” markalı, **-VK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyərini təşkil edən 3061 manat sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 3061 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 3061 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh “Nissan Sunny” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3.061 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,01 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh “Nissan Sunny” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş 3.061 (üç min altmış bir) manat məbləğində sığorta ödənişi və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 51,01 (əlli bir manat bir qəpik) manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-551/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-551/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver