Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5664/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin Cavabdeh qarşı “reqress qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsi Cavabdeh qarşı “reqress qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2047/2023 saylı qətnaməsi ilə Respublika Perinatal Mərkəz icavabdeh qismində tanınaraq X1 xeyrinə 20 853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5 946,5 (beş min doqquz yüz qırx altı tam onda beş) Türk Lirəsinin ödənilməsinə qərar verilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-974/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Mərkəz tərəfindən tələb olunan məbləğ tam icra edilmişdir. Bu barədə ödəniş qəbzləri və mövcuddur. İddiaçı tərəfindən daxili araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya vurulmuş zərər Cavabdeh peşə fəaliyyəti zamanı yaranmışdır. O, həmin dövrdə iddiaçı olan Respublika Perinatal Mərkəzində neonatoloq vəzifəsində çalışmışdır. “Respublika Perinatal Mərkəzi” PHŞ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli, 163 nömrəli Qərarına əsasən TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbində göstərilən xüsusatlara əsasən müəyyən edilir ki, tələb əmək münasibətlərindən yaranmış reqress tələbdən doğan mübahisədir. Belə ki, iddia tələbi işəgötürənin işçiyə (keçmiş də olsa) qarşı olan pul tələbidir. Yəni, reqress tələbin kökündə məhz əmək münasibətləri çıxış edir. Əgər tərəflər arasında əmək münasibətləri olmamış olsa idi, hazırki tələb də mövcud ola bilməzdi. Tərəflər arasında hazırda əmək münasibətləri olmasa belə, mübahisənin yaranmasına əsas qismində çıxış edən zamanda əmək münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin kökündə fərdi əmək münasibətləri çıxış edir. Beləliklə, iddia tələbi üzrə mediasiya prosedurasına əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsə izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin Cavabdeh qarşı “reqress qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 155 (yüz əlli beş) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsə (VÖEN **********) qaytarılsın. İddiaçı “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsə izah olunsun ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-5664/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5664/2025
30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver