Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5886/2023 24.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 13 noyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış No MŞB/16- 002232 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasladırmışdır ki, o, Ərizəçi, Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə Yasamal rayon qeydiyyat şöbəsində 27№-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü qızları X2 dünyaya gəlmişdir. O, rəsmi nikahın pozulması barədə Maraqlı şəxs qarşı mediasiyaya müraciət etmişdir. Mediasiya prossesində yuxarıda göstərilən və digər məsələlər üzrə, o cümlədən uşağın anası ilə qalması və heç bir aliment tələbinin olmaması barədə razılıq əldə olunaraq, xx.xx.2023-cü il tarixli No MŞB/16-002232 saylı barışıq sazışı imzalanmışdır. Barışıq sazişinə əsasən, Maraqlı şəxs ilə aşağıdakılar baradə razılığa gəlmişlər: Maraqlı şəxs, 3 aylıq müddət tətbiq olunmadan nikahın pozulması ilə bağlı iddianı qəbul edir; Tərəflər,azyaşlı X1 anasının himayəsində qalması barədə razılığa gəlir; Maraqlı şəxs aliment tələb etməyəcəyini qəbul edir. Buna baxmayaraq, Maraqlı şəxs barışıq sazişində qeyd olunan öhdəlikləri yerinə yetirməsə, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən sadələşdirilmiş icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istəyir ki, barışıq sazişinin imzalanmasından artıq 10 gün müddəti keçmişdir və sazişdə göstərilən öhdəliklər icra edilməmişdir Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri və AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli Barışıq sazişinə əsasən, ikinci tərəf 3 aylıq müddət tətbiq edilmədən nikahın pozulması ilə bağlı iddianı qəbul edir. Tərəflər azyaşlı X1 anasının himayəsində qalması barədə razılığa gəlir. Ukinci tərəf aliment tələb etməyəcəyini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında 13 noyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2-ci və 3-cü bəndləri təsdiq olunmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, ərizə 13 noyabr 2023-cü il tarixli Barışıq sazişinin 1ci bəndinin ( ikinci tərəf 3 aylıq müddət tətbiq edilmədən nikahın pozulması ilə bağlı iddianı qəbul edir) təsdiq edilməsi hissəsində təmin edilə bilməz. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Göründüyü kmi, qanunvericilikdə nikahın pozulması ilə bağlı mübahisələrin mediasiya vasitəsilə həll oluna bilməsi nəzərdə tutulmamış, həmçinin ailə qanunvericiliyinə əsasən nikahın məhkəmə qaydasında pozulmalı olması müəyyən edilmişdir. Odur ki, tərəflər arasında barışıq sazişi olsa da, nikah hər bir halda məhkəmə qaydasında pozulmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə barışıq sazişinin müvafiq bəndinin təsdiq edilməsi hissəsində təmin edilməməli, ərizəçiyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edildiyindən, məhkəmə xərcinə daxil olan ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi də maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2-ci bəndinin 2-ci və 3-cü hissəsi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Tərəflər azyaşlı X1 ananın himayəsində qalması barədə razılığa gəlir.
2. Maraqlı şəxs aliment tələbi etməyəcəyini qəbul edir. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev