Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-589/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi X5 **********8 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, onun xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini alanadək olan dövrdə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə tutduğu vəzifəyə bərpa olunması və vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3948/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia ərizəsi əsassız olduğundan və iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 13 oktyabr 1998-ci il tarixdən Azərbaycan Dövlət Neft Şirkətinin Səthi Aktiv Maddələr zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. 2019-cu ilin fevral ayına kimi müxtəlif qurumlarda çalışmışdır. 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uçot siyasəti şöbəsinin Satınalmalar sektorunda böyük məsləhətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həmin Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (“DOST”) Satınalmalar və təminat departamentinin direktor müavini və direktoru vəzifələrində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təminat və təchizat departamentinin müdirinin müavini vəzifəsində işləmişdir. Müxtəlif idarə və təşkilatlarda işlədiyi müddətdə hər zaman məsuliyyətli, əmək funksiyası üzrə vəzifələrinə qarşı tələbkar olmuş, istər rəhbərlik, istərsə də əmək kollektivlərində böyük hörmət və nüfuza malik olmuşdur. İşinə göstərdiyi müsbət münasibəti nəzərə alınaraq çalışdığı təşkilatlarda yüksək vəzifələrə irəli çəkilmişdir. İşlədiyi müddət ərzində bir dəfə də olsun intizam məsuliyyətinə cəlb edilməmişdir. Ailə qurduqdan sonra uzun müddət övladı olmadığına görə davamlı müalicə almış və nəhayət süni mayalanma yolu ilə əkiz uşağa hamilə qalmışdır. Buna görə də ona riskli hamiləlik diaqnozu qoyulmaqla əsəb, stress və gərginlikdən uzaq olması ciddi tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə işə gələrkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən Agentlikdə bəzi sənədlər, o cümlədən onun iş otağında saxlanılan 2021-ci il üzrə keçirilmiş satın alma prosedurları üzrə qovluqlar yoxlanılmaq üçün götürülmüşdür. Məsələyə aydınlıq gətirmək üçün X2 sədri Vüqar Behbudova zəng etmiş, o, isə ona Nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Mahmud Məmmədəliyevin qəbuluna getməsini tapşırmışdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bütün qurumların satın almalar üzrə işlərinin icrasına nəzarət Mahmud Məmmədəliyev tərəfindən aparılmışdır. Həmin gün X3 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında olan iş otağına getmiş və Mahmud Məmmədəliyev onu görən kimi dərhal hədə-qorxu gələrək bildirmişdir ki, guya 2021-ci ildə Sosial Xidmətlər Agentliyində keçirilmiş dəftərxana mallarının satın alınması üzrə tender prosedurundan "xxxx" MMC-dən bilinməyən məbləğdə rüşvət almışdır. O, bu məlumatın tamamilə yalan və böhtan olduğunu ona bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən Sosial Xidmətlər Agentliyində işə başlamışdır və buna görə də 2021-ci ildə Sosial Xidmətlər Agentliyində keçirilmiş tenderdə hər hansı bir iştirakının olması mümkün deyildir, çünki, həmin tarixdə o, “DOST” Agentliyində işləmişdir. Sonradan dəqiqləşdirdiyi məlumatlara görə müəyyən etmişdir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən tender elanı xx.xx.2021-ci il tarixdə elan edilmiş və qiymət təklifi üzrə təqdim olunmuş zərflər xx.xx.2021-ci il tarixdə açılmışdır. Həmin tarixdə isə o, “DOST” Agentliyində işləmişdir, əlavə olaraq məhz həmin tarixlərdə məzuniyyətdə olmuş və ailəsi ilə birlikdə ölkədən xaricdə səfərdə olmuşdur. Həmçinin, dəqiqləşdirdiyi məlumata əsasən həmin tenderin qalibi "xxxx" MMC yox, "xxxx" MMC olmuşdur. Bütün bu məlumatlar bir daha ona qarşı açıq-aşkar böhtan atıldığını təsdiq edir. O həmin vaxt onda olan məlumatları Mahmud Məmmədəliyevə bildirmiş və onun iş otağını tərk etmişdir. Lakin həmin gün gecə saat 22:47-də M.Məmmədəliyev ona “Whatsapp” sosial platforması vasitəsilə mesaj yazaraq ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə birbaşa Nazirliyə, onun yanına gəlməsini bildirmişdir. O, deyilən vaxtda Nazirliyə gedərək M.Məmmədəliyevin yanında olmuş, otağa daxil olanda yüksək səslə hədə-qorxu gəlməyə başlayıb onu tutduracağı, barəsində cinayət işi açılacağı ilə hədələməyə başlamışdır. Hətta M.Məmmədəliyev qəti şəkildə ona bildirmişdir ki, necə olursa olsun mütləq şəkildə onun işdən azad edilməsi barədə ərizəsini almalıdır. O, isə şər-böhtanla razılaşmadığını, yoxlama aparılmasını və açıq-aşkar ona atılan böhtanın üzə çıxarılmasını tələb etmişdir. Lakin, M.Məmmədəliyev cavab olaraq bildirmişdir ki, buna vaxt yoxdur, həmin gün ərizəsi nazirin stolunun üzərində olmalıdır, əgər yoxlamanın nəticəsi yaxşı olarsa onu yenidən işə qaytaracaqlar. Ağlayaraq bildirmişdir ki, hal-hazırda 19 həftəlik hamilədir, zatən 2 aylıq müddtədən sonra analıq məzuniyyətinə çıxır və lazım gələrsə yoxlama prosesi bitənə qədər öz hesabına məzuniyyətə çıxa bilər. Lakin, M.Məmmədəliyev israrla ondan ərizəyə imza atmasını tələb etmiş, ona hədə-qorxu gəlməyə davam etmişdir. Bütün bu təzyiqlər, hədə-qorxu nəticəsində vəziyyətinin pisləşməsini hiss etmiş və yalvararaq ona möhlət verilməsini, bu vəziyyətə salınmamasını xahiş etmişdir. Həmin vaxt otaqdan çıxmaq istəmiş, lakin M.Məmmədəliyev əvvəlcədən özü tərəfindən kompüterdə yazılmış onun işdən azad edilməsi barədə ərizəni imzalamağı tələb etmiş, qələmi ona uzadaraq və masanın üzərinə ərizəni qoyaraq imzalamasa bir addım belə ata bilməyəcəyini bildirmişdir. Bu hərəkət onu daha da pisləşdirmişdir. Həmin an bətnində olan uşaqları fikirləşmişdir. Artıq təzyiqlərə, bədənində olan şiddətli ağrılara dözməyərək ərizəni imzalamışdır və ağrılar içərisində təlaşla təcili otağı tərk edərək dəhlizə çıxmışdır. Lakin, bir neçə addım atdıqdan sonra müvazinətini itirərək liftin qarşısında yerə yıxılmışdır. Bu zaman yaxınlıqda olan nazirliyin əməkdaşı kimi tanıdığı Azər Çələbi onu görüb köməyə gəlmişdir. Azər Çələbi onunla əvvəlcə “Şərq təbabəti” Klinikasına getmişdir. Orada həkim onu müayinə edərək, vəziyyətinin ağır olduğunu görərək təcili xəstəxanaya yerləşdirilməsini tələb etmişdir. Daha sonra həmin xidməti maşında Azər Çələbinin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasına çatdırılmış, orada ona keçirdiyi əsəb və stressdən hər iki uşağın bətnində vəziyyətlərinin pis olmasını bildirilmişlər. Stress vəziyyətindən çıxarılması üçün xüsusi dərmanlar vurulmuş, lakin heç cür özünü ələ ala bilməmişdir. Həmin an həm ona olan bu təzyiqlər, hədə-qorxular, eyni zamanda uşaqları itirəcəyindən qorxaraq hər kəsə ona kömək etmələri üçün yalvarmışdır. Şok vəziyyətindən çıxarılması üçün iynə vasitəsilə məcburən yatızdırılmışdır. Saat 17:30-a kimi nə baş verdiyindən xəbəri olmamışdır. Ayıldıqdan sonra ondan xəstəxanada qalmağı tələb edilsə də, maddi durumu buna imkan vermədiyinə görə evə buraxılmasını xahiş etmişdir. Bundan sonra bir neçə gün özünə gələ bilməmiş, davamlı olaraq dərmanlar qəbul etmiş, lakin keçirdiyi qorxu, əsəb və stressdən qurtula bilməmişdir. Baş vermiş hadisə ona atılan şər-böhtan və məruz qaldığı hədəqorxu, haqsızlıq, ədalətsizlik, şiddət və qeyri-insani davranışlarla bağlı Dövlət Məşğulluq Xidmətinə və Daxili işlər Nazirliyinin qaynar xəttinə məlumat vermişdir. Ətraflı məktub hazırlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasına, Vitse-prezident xanım Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Xidmətinə, Baş Prokurorluğa, Baş nazirə, Həmkarlar İttifaqı Komitəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə göndərmişdir. Hətta xx.xx.2022-ci il tarixli təzyiq və hədə-qorxu nəticəsində imzalanmış ərizəsinin etibarsız hesab edilməsi barədə nazir Sahil Babayevə və SXA-nin İdarə Heyətinin sədri Vüqar Behbudova ərizə yazmışdır. Nazirlik tərəfindən yuxarıda adları qeyd edilmiş dövlət qurumlarından cavab olaraq bildirilmişdir ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Sonradan ona təqdim olunmuş sənəddən məlum olmuşdur ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun 19 iyul 2022-ci il tarixli, **********8 nömrəli əmri ilə onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra yenə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova ərizə ilə müraciət edərək işdən azad edilməsinə dair ərizənin etibarsız hesab edilməsini və işə bərpa edilməsini xahiş etsə də, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha qeyd edir ki, işdən azad edilməsi barədə əmr, həmin əmrin verilməsinə əsas olmuş ərizə ona zorla, hədə-qorxu gəlinməklə və səhhətində baş vermiş ciddi təhlükəli vəziyyətdən, həmin vaxt keçirdiyi böyük stress, əsəb gərginliyi və şok vəziyyətindən istifadə edilməklə imzalatdırıldığına görə etibarsız hesab edilməlidir. İddiaçı verilmiş suallara əsasən bildirmişdir ki, 2022-ci ilin iyul ayında ona əmək kitabçasının götürülməsi barədə xəbərdarlıq məktubu gəlmişdir. O, işə bərpa edilməsi ilə bağlı digər dövlət orqanlarına müraciət etdikdən sonra ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yalnız nazir Sahil Babayevin cavab məktubu onun ünvanına daxil olduqdan sonra mediasiyaya müraciət etmişdir. İşdən azad edilməsi barədə ərizəni özü şəxsən, lakin izahatında göstərdiyi kimi məcburiyyət qarşısında qalaraq təzyiq altında imzalamışdır. xx.xx.2022-ci il tarixdə isə ƏƏSMN-ə xx.xx.2022-ci il tarixli işdən azad edilməsi barədə ərizəsinin etibarsızlığı ilə bağlı müraciət ünvanlamışdır. Lakin əmrdən çıxarışın ona təqdim edilməsini istəməmişdir. xx.xx.2022-ci il tarixdə nazirliyin cavabı gəlmiş və həmin tarixdə mediasiyaya müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Sosial Xidmətlər Agentliyi X5 nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Agentliyin təminat və təchizat departamentinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra onunla bağlı əmək müqaviləsinə özünün iradə ifadəsi ilə imzalanmış ərizəsi əsasında xitam verilmişdir. Dolayısı ilə onun öz təşəbbüsü və tərəflərin razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı ərizəni hədə-qorxu və təzyiq altında imzalamasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa işdən azad edilməyə dair əmr xx.xx.2023-cü il tarixdə verilmişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya onun işdən azad edilməsi aşkar olmuş, buna baxmayaraq o, iddia edilən pozulmuş hüquqlarının bərpası ilə bağlı qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə mediasiyaya müraciət etmiş, daha sonra isə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi, iddia müddəti ötürülmüşdür. Eləcə də iddiaçı işdən azad edilməsi ilə bağlı ərizəni özü imzalamış və ona heç bir təzyiq olunmamışdır. Əmrdən də göründüyü kimi, xidməti məruzə iddiaçının ərizəsi ilə bağlı olmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyinin Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni işçinin öz xahişi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və işçiyə son haqqhesabın ödənilməsi əmr edilmişdir. - İddiaçı tərəfindən Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. - İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixli əmrə əsasən Sosial Xidmətlər Agentliyi X5 Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. -Məhkəmənin sorğusuna əsasən ƏƏSMN-dən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, nazirliyin inzibati binasında olan video görüntüləri qeydə alan müşahidə kameralarının yaddaş qurğusunun saxlama müddəti 23 gün olduğundan xx.xx.2022-ci il tarixdə qeyd olunan görüntülərin məhkəməyə təqdim olunması texniki cəhətdən mümkün deyildir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən AR Dövlət Təhlükəsizlik Xidmətinin Hərb-Tibb Baş İdarəsinin “Ambulotor, stasionar xəstənin tibbi kartasından Çıxarış”dan müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:44-də xəstəxanaya müarciət etmiş və həmin tarixdə 17:30-da evə buraxılmışdır. Xəstəyə “Hamiləlik 18-19 həftəlik və düşük təhlükəsi” diaqnozu qoyulmuşdur. Həmçinin çıxarışdan görünür ki, xəstəyə stasionar şəraitdə müalicəsini davam etdirməsi təvsiyyə edilməsinə baxmayaraq maddi durumu ilə bağlı stasionar müalicədən imtina etmişdir. Müalicənin ev şəraitində yataq rejimində davam etdirməsinin vacibliyi qeyd edilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nə müraciət etmişdir. - ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubundan müəyyən edilir ki, İddiaçı Baş Prokurorluğa ünvanlanmış müraciətinə ƏƏSMN-də baxılmışdır. Həmin məktubla izah edilmişdir ki, öz arzusu ilə işdən azad edilməsi və ona son haqq-hesabın ödənilməsi izah edilmişdir. - Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6- 5520 nömrəli arayışa əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İddiaçı ona qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” mübahisələri üzrə xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. Beləliklə işin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyi X5 Təminat və Təchizat Departamentinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli əmrinə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz olduğunu, xx.xx.2022-ci il tarixli işdən azad olması barədə verdiyi ərizənin onun sərbəst iradə ifadəsi olmadığını, təzyiq altında və məcburiyyət qarşısında imzaladığını iddia edərək ərizənin etibarsız hesab edilməsini, əmrin ləğv edilməsini, işə bərpa olunmasını, əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, iddia müddətinin tətbiq edilməsini və eləcə də, tələbin mahiyyətinin əsassız olmasını, ərizə imzalanarkən iddiaçının təzyiqə məruz qalınmasına dair sübut olmamasını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni iş materialları ilə toplanmış sübutlara əsasən qiymət verərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən aidiyyəti orqanlara ünvanlanmış müraciətlərə əsasən ona verilən cavab məktubunun məzmunundan müəyyən edilir ki, o, işdən azad edilməsi səbəblərinin araşdırılmasını xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya xx.xx.2022-ci il tarixdən və hansı əsasla işdən azad edilməsi səbəbləri aşkar olmuşdur. Hətta məktubdan görünür ki, iddiaçıya son haqq hesab ödənilmişdir. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini onun sağlamlıq vəziyyəti və ilk olaraq Dövlət Məşğulluq Xidməti, Daxili işlər Nazirliyinin qaynar xətti və digər hüquqmühafizə orqanlarına müraciət etməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının hüquqmühafizə orqanlarına müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə məhkəməyə deyil digər orqanlara müraciət etmişdir. Dolayısı ilə şikayət etməsi üçün buna onun sağlamlıq vəziyyəti imkan vermişdir, əks halda onun digər orqanlara da müraciət etmək imkanı olmazdı. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı həmçinin məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişdir ki, onun işə bərpa ilə bağlı ərizəsi baxılması üçün ƏƏSMN-nə göndərilmişdir. O, rəsmi qaydada müraciətinə cavab gözləmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hazırki iş üzrə iddiaçı işdən azad olmaya dair ərizəsini öz iradəsi əleyhinə imzalamasını iddia etməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən isə nazirlikdə qeyd olunan tarixdə müşahidə kameralarının qeyd olunduğu görüntülərinin hazırda yaddaşda saxlanılmadığı aşkar edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xəstəlik kartasından çıxarışa münasibətdə isə məhkəmə qeyd edir ki, həmin tibbi sənəddə iddiaçının vəziyyətinin pisləşməsi səbəbi onun bilavasitə əvvəl keçirdiyi hər hansı psixoloji vəziyyətlə əlaqələndirilməmişdir. İddiaçının özünün də izahatından müəyyən edildiyi kimi, onun illərlə ana olmaq cəhdləri uğursuz olmuş və illər sonra hamiləlik keçirmişdir. Göründüyü kimi, iddiaçı əvvəldən riskli hamiləlik keçirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının xidmət etdiyi nazirlikdə keçirdiyi psixoloji vəziyyətlə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə hamiləliyində düşük riski yaşaması, eləcə də onun işdən azad olmasına dair ərizəsini hədə-qorxu və təzyiq altında imzalaması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan Sosial Xidmətlər X1rşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-589/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-589/2023
21.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver