Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5972/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh BağırovAlim Nəriman oğlundan “BMW 530İ” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1220AZN (bir min iki yüz iyirmi manat) məbləğində sığorta ödənişi və 32.20 AZN (otuz iki manat iyirmi qəpik) dövlət rüsumunun və 0.40 (qırx) qəpik komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC (VÖEN: **********), Cavabdeh1 (VÖEN: **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, fəaliyyət istiqaməti – şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyətindən, digər Cavabdeh2 MMC-dir. (VÖEN: **********) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər sahibkarlıq subyektləri olduğundan, hazırki iddia tələbinə dair mülki işə kommersiya məhkəməsində baxılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC qeyd edilsə də, tələb bir cavabdehə qarşı yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddiaçıya qərardadda göstərilən qüsur aradan qaldırılmaqla məhkəmə aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 32,20 (otuz iki manat iyirmi qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə (VÖEN: **********) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 35.2, 151.1, 152, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı Sığorta Şirkəti ASC-nə məhkəmə aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 32,20 (otuz iki manat iyirmi qəpik) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5972/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5972/2025
16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver