Məhkəmə qərarları › İş №e-2(004)-657/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-657/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-657/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurabnova İlahə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh soğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 30873 manat pulun xx.xx.2022-ci il tarixdən yəni Yasamal rayon məhkəməsinin qətnaməsinin qəbuledildiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək olan gecikdirilmiş müddət üçün illik daha dəqiq desək aylar hesablanmaq şərtilə 5 faiz dərəcəsi ilə (1 il üçün 1543,65 manat,1 ay üçün 128,64 manat və 1 gün üçün 4.30 manat) hesablanmaqla, cəmi 3087,3 manat məbləğində pul vəsatinin və məhkəmə rüsumu üçün ödənilmiş 52 manat dövlət rüsumu, toplam olaraq 3139,3 manat pul vəsatinin cavabdehdən alınaraq iddiaçı Məmmədova (Aslanova) Aysel Akif qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(004)-1651/2022 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli,64 saylı MKİS tərəfindən verilmiş,Forma 2 aryışına əsasən Cavabdeh məxsus Bakı şəhəri Şahbazi küçəsi,47/51 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət ehtiyaclarına görə sökülməsi üçün Cavabdeh ödənilmiş 55116 manat və xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən sonradan ödənilmiş 12631 manat,toplam olaraq 67747 manat pul vəsatinin ikidə bir hissəsi,33873 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Məmmədova (Aslanova) Aysel Akif qızına ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən Apellyasiya və Kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2023cü il tarixli 2(102)-1228/2023 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6013/2022 saylı 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsni aldığı üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş,borclu Cavabdeh könüllü icra müddəti verilmiş və buna baxmayaraq bu günə qədər könüllü olaraq qət olunmuş məbləği bütövlükdə ödəməkdən yayınmaqdadır. Dəfələrlə şikayət etdikdən sonra borclu Cavabdeh barəsində Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən protokol tərtib olunaraq Binəqədi rayon məhkəməsinə göndərilmiş və məhkəmənin müvafuq qərarı ilə barəsində 10 gün müdddətinə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Lakin yenə də tələbi ödəməkdən bu günə qədər yayınmışdır. Hesab edirik ki, gecikdirilmiş vaxt üçün ödənilməli olan pul məbləği ilə bağlı iddia tələbinə əsasən cavabdeh qaytarmalı olduğu 33873 manat pul vəsaitindən cüzi məbləğində təxmini 3000 manat pul vəsaitini qaytarmışdır. Yerdə qalan 30873 manatıını isə iki ildən artıqdır ki,cavabdeh iddiaçıya ödəməli olan məbləği özündə saxlamaqla əlavə gəlir əldə etməklə yanaşı iddiaçınıəlavə gəlirdən məhrum etməklə ona mənəvi iztirablar yetirmişdir. Belə olan halda hesab edirik ki,Cavabdeh, iddiaçı Məmmədova (Aslanova) Aysel Akif qızının xeyrinə cavabdehin iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 30873 manat pulun xx.xx.2022-ci il tarixdən yəni Yasamal rayon məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixədək olan gecikdirilmiş müddət üçün illik daha dəqiq desək aylar hesablanmaq şərtilə 5 faiz dərəcəsi ilə (1 il üçün 1543,65 manat,1 ay üçün 128,64 manat və 1 gün üçün 4.30 manat) hesablanmaqla,cəmi 3087,3 manat məbləğində pul ödənilməlidir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əsassız və qanunsuz məhkəmə qətnaməsi əsasında onun iddiaçıya qarşı pul öhdəliyi yaranmışdır. O həmin borcu ödəməkdən yayınmır və təxminən 5000 manatdan yuxarı məbləğ iddiaçıya ödənilmişdir. Özünün himayəsində hal-hazırda 2 uşağı var və borca görə maaşının 50 faizi miqdarında tutulmalar həyata keçirilir. Onun mülkiyyətində heç bir əmlak yoxdur. İddiaçının şikayəti əsasında inzibati tənbeh tədbiri olaraq barəsində 15 sutka müddətində inzibati həbs verilmişdir. İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixli, 64 saylı MKİS tərəfindən verilmiş, 967 nömrəli Forma-2 arayışına əsasən Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış eevinin dövlət ehtiyaclarına görə sökülməsi üçün Cavabdeh ödənilmiş 55116 manat və xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən sonradan ödənilmiş 12631 manat, toplam oolaraq 67747 manat pul vəsaitinin ½ hissəsi, 33873 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6013/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1651/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1228/2023 nömrəli qərarına əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6013/2022 nömrəli mülki iş üzrə 05 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1651/2022-026 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

10. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022-026 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, həmin müddət ərzində tələbi üzrsüz səbəbdən icra etmədiyi halda, icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, D/57 nömrəli arayışına əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də aviadaşımaların təşkili və müşahidəsi xidmətində yükdaşıyan vəzifəsində çalışır və aylıq əmək haqqısı 745 manat təşkil edir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-872/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi tam icra edilənədək borclu Cavabdeh Bəhlul oğlunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması qərara alınmışdır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(001)-140/2024 saylı qərardadı əsasında “X2” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyularaq DİN Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır.

14. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixi daxil olmaqla, 6395,92 manat X1 hesabına əmək haqqından tutulub köçürülmüşdür.

15. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

20. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

25. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarına istinad edilməsini zəruri hesab edir. Həmin qərara görə, “borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

26. İşin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixli, 64 saylı MKİS tərəfindən verilmiş, 967 nömrəli Forma-2 arayışına əsasən Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış eevinin dövlət ehtiyaclarına görə sökülməsi üçün Cavabdeh ödənilmiş 55116 manat və xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən sonradan ödənilmiş 12631 manat, toplam olaraq 67747 manat pul vəsaitinin ½ hissəsi, 33873 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixi daxil olmaqla, 6395,92 manat X1 hesabına əmək haqqından tutulub köçürülmüşdür və cavabdehin hər ay əmək haqqından tutulmalar davam etməkdədir.

27. Hazırki iddia üzrə isə cavabdehin qətnamə üzrə borcu tam şəkildə qaytarmamasının səbəbi iddiaçıya məxsus pul vəsaitindən faydalanma, yəni müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi ilə əlaqədar deyil. Belə ki, qətnamənin icrasının təmin edilməsi məqsədilə cavabdehin əmək haqqından 50 % həddə tutulmalar həyata keçirilir və ümumilikdə 6395,92 manat məbləğində pul tutulmuşdur. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1651/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi tam icra edilənədək cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, cavabdehin mülkiyyətində olan X2” minik markalı, 10MK338 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavavdeh isə məhkəmə iclasında sözügedən nəqliyyat vasitəsinin onun mülkiyyətin olmasına baxmayaraq nəqliyyat vasitəsinin onda olmadığı və hansı vəziyyətdə olması ilə bağlı məlumatının olmadığını bildirmişdir. İddiaçı isə cavabdehin həqiqətən də pul vəsaitini qanunsuz saxlamasını, qaytarmaqdan boyun qaçırmasını, ödənilməsini hər hansı şəkildə gecikdirməsini sübut edə bilməmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

V Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar