Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-670/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin mülkiyyət hüququna xitam verilməklə iddiaçının mülkiyyət hüququnun tanınması və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin mülkiyyət hüququna xitam verilməklə iddiaçının mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2al rayonu, Məhəmməd Xiyabani küçəsi 192 “A”, M 19, 1 saylı mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və Cavabdeh 15 noyabr 2018-ci il tarixli, **********16718 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsi, həmin müqavilə üzrə öhdəliklərin icrasının iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29.07.2009-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan onların 17.03.2010-cu il təvəllüdlü Kamal və 01.12.2018-ci il təvəllüdlü Səma adlı uşaqları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 25.02.2020-ci il tarixli 2(004)-379/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları və s. qət olunmuşdur. Sözügedən qətnaməyə istinadən cavabdehlə arasında olan nikaha 14 aprel 2020-ci il tarixində xitam verilmiş və bununla da cavabdehlə arasında olan nikahın pozulması Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 21 may 2020-ci il tarixində qeydə alınmış və bu barədə AZ-İ №354783 saylı 21.05.2020-ci il tarixli, “Nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahda olduqları dövrdə "xxxx" ASC-nin İdarə heyətinin sədri tərəfindən verilmiş 07 iyul 2017-ci il tarixli, 618 nömrəli etibarnamə əsasında sözügedən Bankın adından çıxış edən bu Bankın “Sumqayıt” filialının direktoru X8 ilə birgə borcalanlar olaraq Cavabdeh və onun arasında 15 noyabr 2018-ci il tarixli, **********16718 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsinə əsasən birgə borcalanlar olaraq ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə onlara 324 ay müddətinə, illik 4% dərəcəsi ilə 64.000 manat məbləğində ipoteka krediti verilmişdir. İstinad olunan kredit müqaviləsinin 3.1.1-ci bəndinin şərtlərinə əsasən 15 noyabr 2018-ci il tarixli müqavilədə göstərilən yuxarıda göstərilən mənzilin alınması məqsədilə onlara 64.000 manat məbləğində ipoteka kreditinin ayrılması üçün həmin mənzilin dəyərinin 30,43 faiz hissəsini, yəni 34.500 manat məbləğində ilkin ödəniş məbləğinin ödənilməsi birgə borcalanlar olaraq cavabdehlə onun birgə öhdəliyi olmuşdur. Lakin həmin məbləği ödəmək imkanında olmadıqlarından ilkin ödəniş məbləği olan 34.500 manat, həmçinin 40.000 manat təmir üçün, eləcədə 12.000 manat dəyərində məişət əşyalarının alınması vəsaitini tam olaraq onun anası Nihadə Hüseynova tərəfindən ödənilmişdir. Bu xüsusat cavabdeh və onun anası Quliyeva Gözəlin sadə yazılı formada yazdıqları hazırkı iddia ərizəsinə əlavə edilən yazılı etirafları ilə təsdiq olunur. İpoteka və kredit müqaviləsinə əsasən bank qarşısında aylıq ödənişlərə görə Cavabdehla birgə cavabdehlik daşısa da, istər cavabdehlə birgə nikahda olduğu dövrdə, istərsə də nikah ləğv edildikdən sonra cavabdeh banka heç bir ödəniş etməmiş, aylıq ödənişlər davamlı olaraq yalnız onun tərəfindən və şəxsi vəsaiti hesabına ödənilmişdir. İlkin ödəniş anası tərəfindən, aylıq ödənişlər isə onun tərəfindən həyata keçirilməklə alınmış ünvan 2al rayonu, Məhəmməd Xiyabani küçəsi 192A, M19, 1 saylı mənzil Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən 22.11.2018-ci il tarixində verilmiş RX seriyalı, ******* nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi **********16-05301-093240, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın dövlət reyestrində 3852 nömrəli reyestr kitabının 275505 nömrəli vərəqində qeydiyyata alınmış) “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa” əsasən Cavabdeh adına qeyd əalınmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sözügedən kredit müqaviləsinə əlavə olunan 15.11.2018-ci il “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”nə əsasən bank qarşısında öhdəliyin son tarixli 01 noyabr 2045-ci il tarixinədək müəyyənləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin eidlməsi barədə əqtnamə qəbul eidlməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X9 tərəfindən verilmiş 27.05.2010-cu il tarixli AZ-İİ № 462070 seriyalı və 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş 13.02.2019-cu il tarixli AZ-İV № 243688 doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan 17.05.2010-cu il təvəllüdlü X5 və 01.12.2018-ci il təvəllüdlü X6 adlı iki uşağı var. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalanlara ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə onlara 324 ay müddətinə, illik 4% dərəcəsi ilə 64.000 manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2al rayonu, Məhəmməd Xiyabani küçəsi 192 “A”, M 19 ünvanında yerləşən 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 22.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(004)-379/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 29.07.2009-cu il tarixdə 871 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 17.05.2010-cu il təvəllüdlü X5 və 01.12.2018-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 24.10.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment və 01.12.2018-ci il təvəllüdlü X3 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 100 manat olmaqla, cəmi 440 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri X9 tərəfindən verilmiş 21.05.2020-cu il tarixli AZ-İ № 354783 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahına 14 aprel 2020-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21.05.2020-ci il tarixdə 217 nömrəl ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələblərinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə 29.07.2009-cu il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahda olduqları dövrdə ünvan 2al rayonu, Məhəmməd Xiyabani küçəsi 192 “A”, M 19, 1 saylı mənzil ünvanında yerləşən yaşayış sahəsini əldə edilməsi üçün Bankdan 64000 manat kredit götürmüş və yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi əsasında qeyd edilən mənzil əldə edilmişdir. Mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı mənzilin alınması məqsədilə ipoteka kreditinin ayrılması üçün 34.500 manat məbləğində ilkin ödəniş məbləğinin anası Nihadə Hüseynova tərəfindən ödənildiyini, bunun cavabdehin sadə yazılı formada yazdığı hazırkı iddia ərizəsinə əlavə edilən yazılı etirafı ilə təsdiq edildiyini, istər cavabdehlə birgə nikahda olduğu dövrdə, istərsə də nikah ləğv edildikdən sonra aylıq ödənişlər davamlı olaraq yalnız onun tərəfindən və şəxsi vəsaiti hesabına ödənildiyini iddia edir. Məhkəmə qeyd edir ki, əvvəla iddiaçı mənzilin ilkin ödənişinin onun anası tərəfindən verildiyini və nikah pozulandan sonra ödənişlərin bütünlüklə onun tərəfindən edildiyini iddia etsə də, buna dair məhkəməyə heç bir sübüt təqdim etməmişdir. Cavabdehə məxsus olduğu iddia edilən əlyazmanın surəti təqdim edilmiş, həmin əlyazmada cavabdehin imzası yoxdur və yazının cavabdehə məxsus olması təsdiq edilmir. Bundan başqa həmin yazı cavabdehə məxsus olsa belə bu hal onun mülkiyyət hüququna xitam verilməsi üçün əsas deyildir. Belə ki, əmlak alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir və cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə alqı-satqı müqaviləsinin tərəfi deyildir. Tərəflərin kreditor qarşısında birgə məsuliyyətləri, eləcə də ünvan 2al rayonu, Məhəmməd Xiyabani küçəsi 192 “A”, M 19, 1 saylı mənzilin ipoteka yüklülüyü vardır. İddiaçı cavabdehin mülkiyyət hüququna xitam verilməsi və əmlak üzərində özünün bütünlükdə mülkiyyət hüququnun tanınması haqqında iddiası əsassızdır. Bundan başqa, birgə borclu olaraq iddiaçının digər borclu olan cavabdehin müqavilə üzrə öhdəliyinə xitam verilməsinin tələb edilməsi əsassızdır. Belə ki, birgə öhdəliyi icra etmiş borclu digər borclunun ödəliyinə xitam verilməsinin tələb edilməsi hüququna deyil, digər borclu barəsində onun payına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ("xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdehin mülkiyyət hüququna xitam verilməklə iddiaçının mülkiyyət hüququnun tanınması və s.” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-670/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-670/2022
08.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver