Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-681/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK – dan onun xeyrinə zərər qismində 17.163 manat, dövlət rüsumu olaraq ödənilmiş 88 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 17 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan 151,98 kv.m ümumi sahənin 90,35 kv.metri yaşayış sahəsi, 61,63 kv.metri isə qalan sahəyə daxildir. Müqavilənin 2-ci bəndində onun mənzilin tam sahəsinin hər kvadrat metrinə görə kooperativə 807,76 manat ödəməli olduğu qeyd olunmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuşdur. O mənzil ona təhvil verilməmişdən öncə mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmişdir. Lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Həmin sahə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır. Bu sahənin də müqavilədə göstərilən qiymətə görə dəyəri 17.673 manatdır. O mənzilə dair texniki pasport və çıxarış almaq üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri yerində ölçü apararaq müəyyən etmişlər ki, mənzilin tam sahəsi 130,10 kvadrat metr olmaqla müqavilədə göstərilən 151,97 kvadrat metr tam sahədən 21,8 kvadrat metr azdır. Bu hal mənzilin texniki pasportunda və çıxarışında da qeyd edilmişdir. Bu barədə Cavabdeh MTK-ya müraciət edərək artıq ödədiyi məbləğin ona geri qaytarılmasını xahiş etsə də cavabdeh bu məbləği qaytarmaqdan imtina etmiş və məsələyə heç bir münasibət bildirməmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə məhkəməyə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Gəncə prospektinin kəsişməsi 2942 A ünvanında yerləşən “ünvan 2ilin yerləşdiyi sahə tam olaraq 161,4 kvadrat metr təşkil edir. İddia ərizəsində sanitar qovşaq və mətbəxin şaxtalarının ümumi sahəyə daxil edilməsi qeyd olunsa da, həmin sahələr mənzilin ümumi sahəsinə daxil edilməmişdir. Eyni zamanda AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbələrin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrinin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Eyni zamanda mənzilin ümumi sahəsi hesablanarkən balkon sahəsi 0,3 əmsal ilə azaldılmış, mənzilin ara və xarici divarlarının tutduğu sahə nəzərə alınmamışdır. Nəticə etibarilə faktiki qeyd olunan 161,4 kv.m sahə 151,98 kv.m olaraq mənzilin faktiki ümumi sahəsi kimi müəyyən edilmişdir. Bununla da Kooperativ olaraq hər hansı qanunvericilik norması pozulmamışdır. Lakin daha sonradan mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən mənzil üzərindən mülkiyyət hüquqlarının qeydiyyatı aparılarkən mənzilin ümumi sahəsi az göstərilərək 130,1 kv.m müəyyən edilmişdir və bu hərəkətə görə Kooperativ məsuliyyət daşıya bilməz və hər hansı bir formada mənzilin ödənişindən pul şəklində iddiaçıya ödənişin qaytarılmasının əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, O, Xətai yaşayış kompleksində B blokunun 11-ci yaşayış mərtəbəsindən 4 otaqlı mənzil almışdır. Mənzilin alqı-satqı müqaviləsində 151.97 kv.m sahə göstərilmişdir. Dəfələrlə aldığı mənzilin dəqiq 151.97 kv.m olub-olmaması barədə MMC-nin satış departamentinin rəhbərindən soruşmuş, o isə cavabında ona narahat olmamasını mənzilin sahəsinin dəqiq 151.97 kv.m olduğunu söyləmişdir. O mənzili alarkən binanın bir neçə mərtəbəsi artıq tikilibmiş. Evi aldıqdan sonra oranı təmir etdirərkən görüb ki, oranın sahəsi 151.97kv.m yox, 131 kv.m-dir. Bundan sonra Daşınmaz Əmlakın Reyestr Xidmətindən çıxarış almış və görmüşdür ki, həqiqətən mənzilin sahəsi 131 kv.m olmuşdur. Bununla bağlı iddiaçının nümayəndəsi satış departamentinin müdirinin yanına getmiş, oradan da ona evin divarlarının da nəzərə alındığını, orada sahənin düzgün olduğunu və s. bildirmişlər. Azərbaycan Respublikasının Mənzil və qeyri-yaşayış sahələrinin hesablanması qaydası vardır. O, onlara təklif etdi ki, əksik sahənin dəyərinin 18000 manata yaxın pul etdiyini və onu nəzərə almaqla binadan ona qaraj yeri verilməsini və qarajının 70%-nin məbləğinin ödənilməsini, qalan hissəsinin də əksik hesablanan evin kv.m ilə əvəzlənməsini söyləmişdir. Onlar isə cavabında bunun mümkün olmadığını, kimə istəyir şikayət etməsini söyləmişlər. Sonra evdəkilər ona orada yaşadıqlarına görə düşmənçilik etməməsini söyləmişlər. Buna görə də o, ailəsinin xətrinə ərizəni elə MTK-nın komendantının yanında cırıb atmışdır. Ondan sonra öz evinin qapısını dəyişmək istəyərkən MTK-nın komendantı ona qapını dəyişərkən yerində olan qapını onlara verməli olduğunu bildirmişdir. O isə öz evinin qapısını niyə onlara verməli olduğunu soruşmuşdur. Elə bu məsələ ilə bağlı onlarla mübahisə başlamışdır. Komendat ona onun kimilərin başına torbanı keçirdib gecə ilə apardıqlarını söyləmişdir. Bundan sonra onun dəfələrlə dövlət orqanlarına şikayət etməsinə baxmayaraq heç kəs Azərbaycan Respublikasının qanununu icra etməmişdir. Əlacsız qalıb məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının nümayəndəsi izahatında bildirdi ki, Cavabdeh MTK ilə onlar arasında bağlanan müqavilədə faktiki yaşayış sözü qeyd edilməmişdir. Ekspert də öz rəyində faktiki yaşayış sözünü qeyd etmişdir. Bu baxımdan ekspert rəyindəki faktiki sözü ilə razı deyil. Qanunda mənzilin ümumi faktiki sahəsi anlayışı yoxdur. Onun Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, mənzilin faktiki ümumi sahəsi anlayışı qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi dedikdə yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusu başa düşülür. Belə ki, əgər ona vaxtında mənzilin bu cür satılacağını desəydilər, əlbəttəki o mənzili almayacaqdır. Müqavilədə isə belə bir cümlə istifadə olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, burda ekspertiza faktiki olaraq mənzilin ümumi sahəsini 153.12 kv. metr olduğunu qeyd etmişdir. İddiaçı tərəf olaraq bu faktiki sözü ilə razı deyillər. Bu qanuna belə ziddir. Qanunda şaxtanın, divarın ölçülərinin nəzərə alınmaması göstərilmişdir. Lakin burda isə bunun əksi olunmuşdur. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, ekspert qarşısında qoyulan suallar onların vəsatətində qeyd olunmuşdur. Məhkəmə də həmin sualları elan edərkən iddiaçı tərəf suallara etirazını bildirməmiş və iş ekspertizaya göndərilmişdir. Müvafiq qaydada ekspert qoyulan suallara rəy vermişdir. Lakin iddiaçı tərəf ekspertə müəyyən təziqlər edir. İddiaçı tərəf əvvəlcə ekspert rəyi ilə razı olduğunu bildirsə də, lakin sonradan rəylə razı olmadığını bildirmişdir. İddiaçı tərəfin dedikləri bir-biri ilə uyğunsuzdur. Bu baxımdan qaldırılan iddianın əsassız olduğunu hesab edir. Müqavilədə də tam sahə ilə faktiki ümumi sahədə ziddiyət olduğundan onlar o sualı qoymuş və məhkəmə də onların xahişini nəzərə alıb işi ekspertizaya göndərmişdir. Burada nə problem olduğunu bilmir. Onlar sözügedən mənzili təhvil vermiş və sonradan tərəf təmir işləri aparmış və çıxarış almışdır. Onlar mənzili təhvil verəndə heç bir problem olmamışdır. Dövlət Reyestr Xidməti çıxarış vermişdir və onların öz hesablama qaydaları var və onların hesablama qaydalarına görə kooperativ cavabdehlik daşımır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ekspert X6 izahatında bildirmişdir ki, mənzilə baxış keçirilərkən ümumi faktiki sahə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri nəzərə alınmadan, divar altı sahələr nəzərə alınaraq hesablandıqda alınan rəqəm müqavilədə göstərilən sahə ilə üst-üstə düşür. Lakin Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alındıqda və divar altı sahələr nəzərə alınmadıqda həmin mənzilin ümumi sahəsi 129.68 kvadrat metr olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17.08.2018-ci il tarixli, 0986 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə yerləşən binanın B blokunun 11-ci mərtəbəsindəki B01 nömrəli 4 otaqlı, yaşayış sahəsi 90,35 kv.m, tam sahəsi 151,98 kv.m olan mənzili İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 807,76 manat, mənzilin ümumi dəyəri isə 122.763 manat təşkil edir. Bu müqavilənin imzalandığı gün İddiaçı kooperativə mənzilin ümumi dəyərinin 49.106 manat məbləğində ilkin ödəniş etməyi, mənzilin ümumi dəyərinin qalan 73.657 manat məbləğində pulu isə müqavilə imzalandığı gündən 12 ay ərzində müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürmüşdür. “Mənzilin açarının təqdim edilməsi barədə” 04.05.2020-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəlllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində B (52) saylı binanın 11-ci mərtəbəsində yerləşən 4 otaqlı 1 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün vətəndaş İddiaçı qeyd olunan mənzilin sayda eyni nüsxədə giriş açarları Cavabdeh MTK-nın satış departamentinin müdiri X4 tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin X2 ünvanladığı 14.09.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. 23.11.2018-ci il tarixli, 192 nömrəli Maliyyə arayışının surətində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A məhəllədə tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin B binasının 11-ci mərtəbəsindəki ümumi sahəsi 151,98 kv m. olan dörd otaqlı 01 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 130,10 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 01.03.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli 10/752 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 153,12 kv.m təşkil edir. Cavabdeh MTK tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydasının və Azərbaycan Rspublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin mənzilin ümumi sahəsi 129,68 kv.m təşkil edir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17.08.2018-ci il tarixli, 0986 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə yerləşən binanın B blokunun 11-ci mərtəbəsindəki B01 nömrəli 4 otaqlı, yaşayış sahəsi 90,35 kv.m, tam sahəsi 151,98 kv.m olan, ümumi dəyəri 122.763 manat olan mənzili 49.106 manat ilkin ödəniş və daha sonra qalan 73.657 manat məbləğində ödəniş edərək almışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 130,10 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 01.03.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli 10/752 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydasının və Azərbaycan Rspublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin sahəsi 129,68 kv.m təşkil etməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahəsinin isə 153,12 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil verildiyini iddia edərək, artıq ödədiyi 17.163 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini ələb edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17.08.2018-ci il tarixli, 0986 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 kv.metrə yaxın artıq ölçüdə, yəni 153,12 kv.metr müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan - binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu baxımdan hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul da iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-681/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-681/2022
04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver