Məhkəmə qərarları › İş №e-2(004)-94/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-94/2023

12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-94/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi və ya hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin naturada bölünməsi, naturada bölgü texniki cəhətdən mümkün olmadıqda mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən paylara uyğun olaraq ¼ hissənin onun, ¼ hissənin Cavabdeh3, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh1 arasında bölünməsi, ödənilmiş 100 manat dövlət rüsumunun ¾ hissəsi olan 75 manat məbləğində pulun cavabdehlərin hər birindən 25 manat məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçının atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80,60 m2 olan mənzil miras qalmışdır. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətanamə verilməsi üçün Bakı şəhəri, 43 saylı notariat ofisinə iddiaçı, bacıları Cavabdeh3, Cavabdeh2 və ögey bacısı Cavabdeh1 ərizə ilə müraciət etmişlər və bunun əsasında vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, 43 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 1306 nömrəli məktubunda iddiaçının, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 X3 vərəsəsi olması təsdiq edilib şəhadətnamə verilmişdirdir. Bundan sonra həmin mənzilə dair tərəflərin hər birinin ¼ hissədə olmaqla paylı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti tərəfindən qeydə alınmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarış verilmişdir. Qeyd edilən mənzildə hazırda Cavabdeh1 anası ilə birlikdə faktiki yaşayırlar. Mənzil, yeni tikilmiş yaşayış binasında yerləşməklə bir giriş hissədən, 2 otaq, mətbəx, eyvanlar və 1 sanitar qovşaqdan ibarətdir. Mənzilin tərəflərin ¼ hissədə paylarına uyğun olaraq təcrid olunmuş şəkildə bölünməsi texniki cəhətdən qeyrimümkündür. İddiaçı, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 bildiriş ilə müraciət edərək mənzili 135.000 manat qiymətində dəyərləndirdiyini və onlara məxsus payın dəyərini, yəni 101.250 manatı ödənilməsi qarşılığında satmaq niyyətində olduqlarını bildirmişdir. Mənzilin qiymətini həmin ərazidə olan, sahəsi və təmiri qeyd edilən mənzilə uyğun olan digər mənzillərin satış qiymətinə uyğun olaraq, 135.000 manat olduğu müəyyən edilmişdir. Lakin, Cavabdeh1 bildirişin verildiyi tarixdən 3 aydan çox müddət keçməsinə baxmayaraq, iddiaçıya, Cavabdeh3 və Cavabdeh2 məxsus payları almaq niyyətinin olması barədə heç bir cavab verməmişdir. Mənzildən hazırda mülkiyyətçilərdən yalnız Cavabdeh1 istifadə edir, digər mülkiyyətçilər, yəni iddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mənzildən istifadə etmirlər və mülkiyyət hüquqlarından məhrumdurlar, iddiaçının digər mülkiyyətçilərlə birlikdə mənzildən istifadə etmələri qeyrimümkündür. Suala cavab olaraq bildirir ki, Cavabdeh1 tərəfindən ona payına görə 50-60 min verilməsi ilə bağlı təkliflə razı deyildir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, mübahisə predmeti olan evin bazar qiymətinə satılmasını istəyir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, iddia tələbi ilə razı deyildir. İddiaçının nümayəndəsinin dediyi kimi, payların ona satılması təklifi ilə bağlı mart ayında ona bildiriş daxil olmamış və poçt müəssisəsindən ona bu barədə məlumat verilməmişdir. Mübahisə predmeti olan mənzildə anası ilə birgə faktiki olaraq yaşayır. Mərhum atası da həmin mənzildə onlarla birgə yaşamışdır. Hazırda mənzilin naturada bölünməsi, boşaldılması və satılması ilə razı deyil. Mənzil ekspert tərəfindən 135.500 manata qiymətləndirilsə də, hesab edir ki, onun dəyəri daha artıqdır. Digər mülkiyyətçilərin paylarının dəyəri olan 101.625 manatı onlara ödəməyə imkanı yoxdur. Bundan başqa qeyd edir ki, digər tərəflərin hər birinin ayrıca evi vardır, lakin onun evi yoxdur. Əgər onlar razıdırlarsa gəlib onunla birlikdə yaşaya bilərlər və ya hazırkı mənzil onun adına keçmək şərti ilə atasından miras qalan rayondakı torpaq sahəsinə və yaşayış evinə münasibətdə payından imtina edə bilər. Hazırda ona payına uyğun olaraq təklif edilən pula ev tapa bilməz. O, payını satmaq istəmir. Əgər digər mülkiyyətçilər ona 50-60 min manat versələr payında könüllü olaraq imtina edə bilər. Hazırki təklif onun mənafeyinə uyğun olmadığından iddianın təmin olunmamasını xahiş edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, dövlət reyestrindən çıxarışın açıq qalan ¼ hissədə pay ona məxsusdur və həmin payın qəbulu ilə bağlı notariusa dəvət edilsə də imkanı olmadığından vaxtında müraciət edə bilməmiş, hazırda isə bununla bağlı rəsmiləşdirilmə işləri aparılır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1, 11 saylı mənzil hər birinin ¼ hissədə olmaqla İddiaçı, Cavabdeh3, X6 və X3 adına paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı İddiaçı, Cavabdeh3, X6 və Cavabdeh1 müraciətlərinə əsasən vərəsəlik işi açılaraq vərəsələrin dairəsi, yəni onların vərəsələr olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələrinin miras əmlakına daxil olan ünvan 1, 11 saylı mənzildən hər birinin ¼ hissədə irs almaq hüququ müəyyən edilmişdir. Cavabdeh1 ¼ hissədə payı isə X3 adına açıqda saxlanılmışdır. Beləliklə, işin mübahisəsiz haıdır ki, tərəflərinin hər birinin, o cümlədən Cavabdeh1 ünvan 1, 11 saylı mənzilə ¼ hissədə miras payı vardır və onların ümumi mülkiyyətindədir. İş materiallarında olan cavabdeh İddiaçı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətin surətindən müəyyən edilir ki, mənzilə faktiki sahiblik edən Cavabdeh1 digər paylı mülkiyyətçilər ünvan 1, 11 saylı mənzili 135000 manat qiymətləndirərək onlara məxsus paylara mütənasib olaraq 101.250 manat məbləğində pulun onlara ödənilməsini təklif etmişlər. İş materiallarında olan poçt müəssisəsinin qəbzindən müəyyən edilir ki, təklif Cavabdeh1 xx.xx.2022-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan “X5 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, YQDM № 004-103/2022 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, ünvan 1, 11 saylı mənzilin bazar dəyəri 135.400 (yüz otuz beş min dörd yüz) manat, likvid dəyəri isə 121900 (yüz iyirmi bir min doqquz yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6202 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 1, 11 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi “İnşaat Norma və Qaydaları”-nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı və cavabdehlərin mübahisə predmeti olan mənzilə ¼ hissədə payları müəyyən olunmuşdur. İş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən olunur ki, mənzilin naturada bölünməsi mümkün deyildir. Tərəflər arasında mənzilin dəyərinin ödənilməklə paydan imtina edilməsi barədə razılıq əldə olunmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh3 və X6 iddia tələbini qəbul etsə də, digər Cavabdeh1 iddia tələbi ilə razı olmamışdır. Hazırda iddiaçı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun olaraq naturada bölünməsini, bu mümkün olmadığı halda isə açıq hərracdan satılması və dəyərinin paylara uyğun bölünməsini xahiş edir. Cavabdehlər isə ayrı mövqe bildirirərək, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iddia tələbi ilə razı olduğunu bildirdiyi halda, digər Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlak barəsində araşdırma aparılaraq əmlakın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu halda mübahisə predmeti olan mənzilin naturada bölünməsi hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılan mülkiyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, iddia tələbi əmlakın açıq hərracdan satılaraq dəyərinin paylara mütənasib bölünməsi hissədə əsaslıdır. Belə ki, iş materialları və tərəflərin izahatlarından müəyyən olunur ki, paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün deyildir və mülkiyyətçilər arasında payın ayrılması ilə bağlı razılıq əldə olunmamışdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını nəzrə alaraq qeyd edir ki, mülkiyyətçi əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında paylarına uyğun 1/4 hissədə bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlər İddiaçı və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, hər birindən 25 manat olmaqla, cəmi 75 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında paylarına uyğun 1/4 hissədə bölünsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər İddiaçı və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən 25 manat olmaqla, cəmi 75 (yetmiş beş) manat məblğində pul İddiaçı xeyrinə tutulsun. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar