Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-955/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 ünvanında yerləşən mənzil üçün ona əsassız olaraq hesablanmış 43,2 manat (qırx üç manat iyirmi qəpik) borcun silinməsi və həmin borca görə ondan tutulmuş vəsaitlərin abunəçinin balansına bərpa edilməsi, dəymiş maddi ziyana görə 34 (otuz dörd) manat, mənəvi ziyan isə 500 (beş yüz) manat məbləğin Cavabdeh İB-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O, izahatında tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 ünvanında yerləşən mənzil faktiki onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00610 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Onun tərəfindən vaxtaşırı vəsaitlər ödənilməklə mənzil qazla fasiləsiz təmin olunmuşdur. 05 oktyabr 2021-ci il tarixdə növbəti dəfə sayğacın balansına pul vəsaiti yükləmək istəyərkən əvvəlcə sayğacın mövcud balansına baxış keçirmiş və balansda 3 manat vəsaitin olmasını aşkar etmişdir. Həmin vəsaitin istifadə üçün kifayət etməyəcəyini düşünərək kartın balansına müəyyən məbləğdə vəsait köçürüb sayğaca yükləmək istəyərkən ekranda informasiya oxunmamış və “CHECKİNG FİLE SYSTEM” yazısı yazılmışdır. Belə olan halda o, dərhal “104” qaynar xəttinə zəng edərək vəziyyət barədə məlumat vermişdir. Oradan bildirilmişdir ki, “qəza xidməti”nin əməkdaşları tərəfindən sayğaca baxış keçiriləcəkdir. 06.10.2021-ci il tarixdə axşam saatlarında xidmətin əməkdaşları onunla əlaqə saxlamış, lakin həmin gün gec olduğundan ertəsi gün gələcəkləri barədə məlumat vermişlər. Yalnız 07.10.2021-ci il tarixdə xidmətin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və aşkar edilmiş nasazlığın zavod qüsuru olmasını qeyd edilərək sayğacı yeni “Zenner” markalı sayğacla əvəz edib ******* saylı akt tərtib etmişlər, tərtib edilmiş aktın bir nüsxəsini də ona vermişlər. Aktda sayğaca müdaxilə və ya onun zədələnməsi ilə bağlı hər hansı qeydiyyat aparılmamışdır. Ertəsi gün “Asan Kommunal”da ödəniş etdikdən sonra ona yeni smart kart verilmiş, həmçinin ona məlumat olaraq bildirilmişdir ki, köhnə smart kartda olan vəsait 3 aydan müddət keçdikdən sonra onun hesabına köçürüləcəkdir. 13 dekabr 2021-ci il tarixdə Cavabdeh İB-dan onun istifadəsində olan mobil telefona 43 manat borcunun olması barədə SMS məlumat daxil olmuşdur. Bundan sonra o, “104” xidmətinə zəng edərək SMS məlumatla daxil olan borcun əsasını maraqlandıqda ona yanlışlıqla SMS göndərildiyini və smart kartda borc ola bilməyəcəyini demişlər. Buna baxmayaraq o, sayğac yenisi ilə əvəz edildikdən sonra 23 dekabr 2021-ci il tarixədək bir neçə dəfə sayğacın balansına pul vəsaiti yükləmiş, sonuncu dəfə isə 23.12.2021-ci il tarixdə 5 (beş) manat yükləyib sayğaca köçürəndə ekranda qeyd edilmiş hesabatdan, 2 manat vəsaitin köçürüldüyünü, 3 manat vəsaitin isə silindiyini aşkar etmişdir. Anlaşılmazlıqla bağlı dərhal “Asan Kommunal”a müraciət etmiş və məsələnin araşdırılmasını xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, sayğac yenisi ilə əvəz edildikdən sonra, köhnə sayğac nasazlığın müəyyən edilməsi məqsədilə laboratoriyaya göndərilmiş, əsassız olaraq verilmiş rəy əsasında ona 43,2 manat borc hesablanmışdır. Lakin o, qeyd olunan hesablama ilə razı deyil, belə ki, ona təqdim edilmiş və onun özünün iştirakı ilə Cavabdeh İB-nın məsul əməkdaşları tərəfindən tərtib edilmiş 07.10.2021-ci il tarixli ******* nömrəli aktdan da aşkar şəkildə görünür ki, məhz eyni tarixdə mənzildə əvvəl quraşdırılmış sayğacda “CHECKİNG FİLE SYSTEM” yazısının əks olunduğu üçün yeni sayğacla əvəz edilmişdir. Aktda həmçinin qaz sayğacına müdaxilənin aşkar edilməsinə dair heç bir qeyd aparılmamışdır. Belə ki, həmin əməkdaşların şifahi məlumatı əsasında müəyyən etmişdir ki, mövcud nasazlıq sayğacın tez-tez rast gəlinən zavod qüsuru ilə bağlı olmuşdur. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, adi qaydada sayğacın balansında ehtiyat istifadə üçün qaz həcminin olmasına baxmayaraq, o, 05.10.2021-ci il tarixdə balansı artırmaq niyyətində olmuşdur. Sayğacda aşkar edilmiş nasazlıqla bağlı qaynar xəttə dərhal müraciətindən bir gün sonra isə, yəni 07.10.2021-ci il tarixdə sayğac yenisi ilə əvəzləşdirilmiş və balans kart vasitəsilə artırılmışdır. Bu hal isə onu təsdiq edir ki, onun tərəfindən qaz sərfiyyatı ilə bağlı itkinin baş verməsi qeyri-mümkündür. Abonentin hesabdan çıxarış vərəqəsindən isə göründüyü kimi, qeyd olunan tarixdən sonra hesabın artırılması zamanı balansdan hazıradək 43,2 manat borc məbləği ondan tam şəkildə tutulmuşdur. İddiaçı 34 manat maddi ziyanla bağlı vurulmuş zərərin ödənilməsinə dair tələbini onunla əsaslandırdı ki, o, qeyd olunan borc məbləğinin araşdırılması və aidiyyəti qurumlara müraciət etməsi üçün şəxsi istifadəsində olan nəqliyyat vasitəsinə 34 manat dəyərində yanacaq doldururaraq sərf etmişdir. Eyni zamanda qeyd olunan anlaşılmazlığa görə kifayət qədər sarsıntı hissi keçirərək ona mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 ünvanına əsassız olaraq borc kimi hesablanmış 43 manat vəsatin silinməsi, həmin borca görə ondan tutulmuş vəsaitlərin abunəçinin balansına bərpa edilməsi, dəymiş maddi ziyana görə 34 (otuz dörd) manat, mənəvi ziyana görə isə 500 (beş yüz) manat məbləğin Cavabdeh İB-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nın etibarnamə üzrə nümayəndəsi X2 izahatında iddia tələbinin dəlillərinə etiraz edib məhkəməyə 30.11.2021ci il tarixli 11134 nömrəli aktı təqdim edərək bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00610 saylı abonent kodu verilmiş ünvana quraşdırılmış G-4 markalı **********5 nömrəli qaz sayğac yenisi ilə əvəz edildikdən sonra qüsurun səbəbinin yoxlanılması məqsədi ilə Cavabdeh İB-nin Metrologiya Departamentinə göndərilmişdir. Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nın Metrologiya Departamentinin mühəndisi tərəfindən təsdiq edilmiş 29.11.2021-ci il tarixli MSK-29/1710-04175-1 nömrəli aktla müəyyən edilmişdir ki, **********5 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın LCD ekranında informasiyanın əks olunmaması, klapanın açıq olması və təbii qazın keçməsi qeyd olunmuşdur. Qaz sayğacında informasiya əks olunmasa da klapan açıq olmuş və abonent heç bir ödəniş etmədən təbii qazdan istifadə etmişdir. Bu səbəbdən Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən 30.11.2021-ci il tarixli N11134 nömrəli akt tərtib edilərək Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26 mənzil 61 ünvanında yaşayan abonent İddiaçı, istifadə edilən qaz cihazlarına nəzərən itirilmiş qazın həcmi 360 m3, borc məbləği isə 43,2 manat hesablanmış və həmin məbləğ istehlakçının hesabına daxil edilmişdir. Lakin tərtib edilmiş akt abonent tərəfindən imzalanmaqdan imtina edilmişdir. Akta əsasən borc abonent koduna könüllü ödəməsi üçün yerləşdirilmişdir. İddiaçı halhazırda həmin borcu tam şəkildə ödəmişdir. Lakin göründüyü kimi, iddiaçı borcunu tam şəkildə ödəsə də, əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, cavabdehdən pul tələb edərək əsassız varlanmaq niyyətindədir. Baxmayaraq ki, **********00610 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş debitor borcudur və onu ödəmək abonentin vəzifəsidir. Bu hallar, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Cavabdeh İB-nın etibarnamə üzrə nümayəndəsi X2 müvafiq olaraq təqdim etdiyi 30.11.2021-ci il tarixli N11134 nömrəli aktın İddiaçı rəsmi qaydada təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim edəcəyini bildirməsinə baxmayaraq, sonrakı məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə hər hansı digər mötəbər sübut təqdim olunmamışdır. Qeyd edildiyi kimi, cavabdehin nümayəndəsi 12.04.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına hər hansı üzrlü səbəb olmadan gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - İddiaçının təqdim etdiyi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş və istehlakçı İddiaçı özünün iştirakı ilə imzalanmış 07.10.2021-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 ünvanında G-4 markalı **********5 nömrəli qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Həmin aktda sayğacın əvəz edilməsi səbəbi kimi ekranda “CHECKİNG FİLE SYSTEM” yazısının oxunması kimi qeyd edilmişdir. Abonentin saldosundan görünür ki, abonent kodu **********00610 olan Bakı şəhəri, Yasamal rayonu, X6-8, bina 26, mənzil 61 ünvanında yaşayan istehlakçı İddiaçı 30.11.2021-ci il tarixli N11134 nömrəli akta əsasən 43,2 manat borc hesablanmışdır. Abonentin hesabdan çıxarışından görünür ki, abonent kodu **********00610 olan Yasamal rayonu, X6-8, bina 26, mənzil 61 ünvanında yaşayan istehlakçı İddiaçı hesablanmış 43,2 manat borc Cavabdeh İB tərəfindən onun balansından tutulmuşdur. - Cavabdehin nümayəndəsinin təqdim etdiyi Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30.11.2021-ci il tarixli N11134 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6-8, bina 26, ünvanında yerləşən 61 nömrəli mənzilə Cavabdeh İB-nin 29.11.2021-ci il tarixli MSK-29/1710-04175- 1 nömrəli rəyinə əsasən **********5 nömrəli sayğacın LCD ekranında “CHECKİNG FİLE SYSTEM” əks olunmuş və informasiya oxunmur” qeydinə görə 360 kub metr qaz itkisi sərfiyyatı və 43,2 manat borc hesablanmışdır. Aktdan həmçinin müəyyən edilir ki, “İstehlakçının nümayəndəsi” qrafasında “İddiaçı, imza - imtina etdi” qeydi aparılmışdır. Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nın Metrologiya Departamentinin mühəndisi tərəfindən təsdiq edilmiş 29.11.2021-ci il tarixli MSK-29/1710- 04175-1 nömrəli aktdan görünür ki, “**********5 nömrəli sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda “CHECKİNG FİLE SYSTEM” əks olunur və informasiya oxunmur” rəy verilmişdir. Lakin aktda təbii qazdan istifadə edilməsi bilavasitə göstərilməmişdir. Eyni zamanda mötərizə daxilində nasazlığın zavod qüsuru olması qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 İddiaçı mülkiyyətindədir. 05.10.2021-ci il tarixdə iddiaçı onun istifadəsində olan smart kartdakı məbləği qaz sayğacına yükləməklə balansı artırmaq istədikdə sayğacın üzərindəki düymələrin işləməməsini və ekranda “CHECKİNG FİLE SYSTEM” yazının əks olunmasını aşkar etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07.10.2021-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 8, bina 26, mənzil 61 ünvanında G-4 markalı **********5 nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin aktda sayğacın əvəz edilməsi səbəbi kimi ekranda “CHECKİNG FİLE SYSTEM” yazısının oxunması kimi qeyd edilmişdir. Lakin aktda sayğacdakı nasazlığın abonentin təqsiri səbəbindən baş verməsi göstərilməmişdir. Daha sonra çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB Metrologiya Departamentinin dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının 29.11.2021-ci il tarixli MSK-29/1710-04175-1 nömrəli aktına əsasən, “Sayğaca baxış keçirildi, sayğacın LCD ekranında informasiya əks olunmur, klapan açıqdır, qaz keçir, müvəqqəti element quraşdırıldı, LCD ekranda “CHECKİNG FİLE SYSTEM” əks olunur və informasiya oxunmur” rəy verilmişdir. Həmçinin qeyd edilmişdir ki, nasazlıq zavod qüsurudur. Həmin rəydə nasazlığın abonentin təqsiri səbəbindən baş verməsi, eləcə hansı həcmdə qaz ehtiyatının sərf edilməsi göstərilməmişdir. Müvafiq rəylə Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30.11.2021-ci il tarixli N11134 nömrəli akt tərtib olunmuş və abonentə 360 m3 qaz itkisi sərfiyyatı, buna müvafiq olaraq 43,2 manat borc hesablanmışdır. Aktda həmçinin “İstehlakçının nümayəndəsi” qrafasında “İddiaçı, imza - imtina etdi” qeydi aparılmışdır. Lakin akta hansı müddət ərzində qaz ehtiyatının sərfiyyatına görə borc hesablanması göstərilməmişdir. Eyni zamanda həmin akt istehlakçı İddiaçı rəsmi qaydada təqdim edilməmiş və aktda imzadan imtina etdi qeydi aparılmışdır. Aktla hesablanmış 43,2 manat borc istehlakçının hesabına daxil edilmişdir. Cavabdeh İB-nin məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmunundan və məhkəmə iclasında iştirak etmiş nümayəndəsinin izahatından da müəyyən edilmişdir ki, qeyd olunan borc məbləği istehlakçı İddiaçı balansından Cavabdeh İB-nin xeyrinə tam şəkildə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı İddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçıya məxsus mənzil cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 30.11.2021-ci il tarixli N11134 nömrəli akta əsasən hesablanmış 43,2 manat cərimə hazıradək iddiaçının balansından tam şəkildə Cavabdeh İB-nin xeyrinə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X6-8, bina 26, mənzil 61 ünvanında yaşayan, **********5 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 30.11.2021-ci il tarixli N11134 nömrəli akt üzrə hesablanmış 43,2 manat borc silinməli və həmin borca görə İddiaçı tutulmuş 43,2 manat Cavabdeh İB-dan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə "xxxx" MMC-nin ********** nömrəli qəbzini təqdim edərək bildirmişdir ki, cavabdehin ona əsassız olaraq hesabladığı borcun araşdırılması zərurəti ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmək məcburiyyətində qalmış və bunun üçün şəxsi istifadəsində olan nəqliyyat vasitəsinə 34 manat həcmində yanacaq doldurmuşdur. Odur ki, iddiaçı 34 manatı vəsaitin maddi zərər olaraq qiymətləndirilərək cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, maddi zərərlə bağlı iddiaçı tələbini kifayət qədər əsaslandıra bilməmiş, yəni idarələr arası məsafənin nə qədər təşkil etməsi, nəqliyyat vasitəsinin yanacaq sərfiyyatı və s barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eləcə də, o, mənəvi ziyanla bağlı tələbini də kifayət qədər əsaslandıra bilməmiş və buna dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X4 8, ev 26, mənzil 61 ünvanında yaşayan, **********00610 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 30.11.2021-ci il tarixli 11134 nömrəli akt üzrə hesablanmış 43,2 (qırx üç manat iyirmi qəpik) manat borc silinsin və həmin borca görə İddiaçı tutulmuş 43,2 (qırx üç manat iyirmi qəpik) manat Cavabdeh İB-dan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-955/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-955/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver