Məhkəmə qərarları › İş №e-2(005)-1049/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1049/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1049/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat əsas, 1482,28 manat faiz, 1009,80 manat cərimə və Konsitutsiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,10 manat, cəmi 5.589,18 manat (beş min beş yüz səksən doqquz manat, 18 qəpik) kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutlaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, “Mersedes Benz 180” markalı, qara metal rəngli, 1997-ci il buraxılışlı, 90-OX049 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, həmin avtonəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016- cı il tarixli, 124 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4580 AZN (dörd min dörd yüz əlli manat) məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mersedes Benz 180” markalı, qara metal rəngli, 1997-ci il buraxılışlı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 2700 manat əsas, 1482,28 manat faiz, 1009,80 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,10 manat borcu mövcuddur. iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadna baxaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarlı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Asan-3 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh qız xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10, ev.68 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli **********148 nömrəli cədvəldən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli EHM**********7550001 saylı kredit müqaviləsi üzrə müqavilə üzrə əsas borc 2700 (iki min yeddi yüz) manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1482 (bir min dörd yüz səksən iki) manat 28 (iyirmi səkkiz) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə məbləği 1009 (bir min doqquz) manat 80 (səksən) qəpik, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz ), həmin faizin hesablanması düsturu (əsas borc/100.5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 38 (otuz səkkiz) qəpik 1045, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 397 (üç yüz doxsan yeddi) manat 10 (on) qəpik, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 5589 (beş min beş yüz səksən doqquz) manat 18 (on səkkiz) qəpik olduğu müəyyən edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 124 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalan Cavabdeh 4580 (dörd min beş yüz səksən) manat məbləğində olmaqla, illik 24%, vaxtı keçmiş kredit faizi 48% olmaqla, cərimə 1%, 24 ay müddətinə, kreditin təminatı avtomobil olmaqla, aylıq ödəniş məbləği 242.15 (iki yüz qırx iki manat on beş qəpik) manat müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə, 4580 (dörd min beş yüz səksən) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürdüyü qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli 124 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış “28” yanvar 2016-cı il tarixli, 124 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 24% olmaqla 4580 (dörd min beş yüz səksən) manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan MERCEDES BENZ-180 markalı, Ban WDB 202018A527068, rəngi qara met, buraxılış ili 1997-ci il olan avtompobili ipoteka saxlayanın xeyrinə ipoteka yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürüldüyü qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli kredit ödəmə cədvəlindən də görünür ki, cavabdeh cədvəl üzrə 242.15 (iki yüz qırx iki manat on beş qəpik) manat aylıq ödəniş etmək öhdəliyini öz üzərinə götürmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görnür ki, 90OX049 qeydiyyat nişanlı, Mercedes Benz 180 minik markalı, sedan tipli, 1997-ci buraxlış ili, qara metallik rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx xxxxxx 2016-cı il tarixli, 124 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödəmək şərti ilə 4580 (dörd min beş yüz səksən) manat məbləğində kredit vermiş, müvafiq müqavilə üzrə öhdəliklərin təminatı qismində tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli, 124 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus olan “Mercedes Benz 180” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1997-cü il, qara metalik minik avtomobili ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC müvafiq kredit müqaviləsində göstərilən məbləğdə Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cərimənin tutulması hissəsinə münasibətdə hesab edir ki, cərimənin məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı ləğv prosesində olan İddiaçı ASC iddiaçıdan xx xxxxxx 2016-cı il tarixli, 124nömrəli kredit müqaviləsi üzrə 1009,80 (min doqquz manat səksən qəpik) manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 (əlli) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, iddia tələbində qeyd edilən pul məbləğinin ondan tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) manat əsas borcu, 1482 (min dörd yüz səksən iki) manat faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, Konsitutsiya Məhkəməsini Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 397,10 (üç yüz doxsan yeddi manat on qəpik) manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4.629,10 (dörd min altı yüz iyirmi doqquz manat, 10 qəpik) manat pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus qeydiyyat nişanı **-OX-***, buraxılış ili 1997-ci il, olan, qara metallik rəngli “Mercedes Benz 180” minik markalı, WDB2020181A527068 ban nömrəli minik avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X1 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat əsas borcu, 1482 (min dörd yüz səksən iki) manat faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, Konsitutsiya Məhkəməsini Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 397,10 (üç yüz doxsan yeddi manat on qəpik) manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4.629,10 (dörd min altı yüz iyirmi doqquz manat, 10 qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus buraxılış ili 1997-ci il, qara metalik rəngli “Mercedes Benz 180” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı, WDB2020181A527068 ban nömrəli minik avtomobilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar