Məhkəmə qərarları › İş №e-2(005)-1085/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1085/2025

24.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1085/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənüçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verilməsi, müəssisədən ödənilməmiş qalıq əmək haqqı borcunun və məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə Cavabdeh MMC-yə (VÖEN **********) əsas iş yeri üzrə mühasib vəzifəsinə işə qəbul edilmişdir. Lakin bir müddət sonra şirkətin maliyyə vəziyyətinin pisləşməsi və vergi borcunun yaranması səbəbindən şirkət rəhbəri X5 ölkəni tərk etmiş və geri qayıtmamışdır. Dəfələrlə onunla əlaqə saxlayıb əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, bir nəticəsi olmamışdır. xx.xx.2015-ci il tarixdən əsas iş yeri olaraq sistemdə Cavabdeh MMC qeyd olunmuşdur. Bu səbəbdən o, başqa işəgötürənlə yalnız əlavə iş yeri olaraq əmək müqaviləsi bağlaya bilir. Bu da normal iş vaxtı üzrə işləməsinə, vəzifə üzrə nəzərdə tutulan tam əmək haqqını almağına mane olur və nəticədə bu onun əmək hüquqlarını məhdudlaşdırır. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-J- 48775/2024 nömrəli cavab məktubunda qeyd olunur ki, əmək müqaviləsinin məhkəmə tərəfindən qüvvədən salınmış hesab edildikdən sonra X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxiledilməsi hüququ X1 Xidmətinə həvalə edildikdən sonra əmək müqaviləsinə xitam veriləcəkdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh qurumun rəhbəri 2015-ci ildən etibarən Azərbaycanda deyildir. O özü 2017-2018-ci illərədək həmin qurumda işləmişdir. Hazırda isə onlarla heç bir əlaqəsi qalmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ətraflı məlumat verilməsi və əmək haqqı bank hesabından çıxarış təqdim edilməsi üçün ərizəçinin ünvanına (Bakı şəhəri, Yasamal rayonu, Y. Yasamal, D.Bünyadzadə küçəsi, ev 59) xx.xx.2024-cü il tarixli 3-17-5/2-0- 43632/2024 saylı məktub göndərilmiş, lakin qeyd olunan ünvana ərizəçi gəlməmiş və müvafiq qaydada izah verməmişdir. Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün tərəflərindən "X2” MMC-nin ünvanına (Bakı şəheri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/1, mənzil 6) xx.xx.2024-cü il tarixli 3-17-5/2-43631/2024 saylı məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq alt sisteminə baxış zamanı Sizinlə cəmiyyətin rəhbərliyi arasında bağlanılmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. "Sahibkarlıq sahəsində apanlan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsəlnin yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Məşğulluq alt sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə esasen əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı "Əmək və Məşğulluq alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddesinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmeə müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun İşəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir; - İddiaçı X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; - Mygov.az sistemindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi xx.xx.2016cı ildir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “mühasib” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı qeyd edilən şirkətlə hər hansı bir əmək münasibətlərinin qalmadığını, əmək münasibətlərinin pozulduğunu əsas gətirərək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir müraciətə cavab verilməmişdir. Müfəttişliyin də müvafiq cavab məktubundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə “işçinin təşəbbüsü ilə” xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə “işçinin təşəbbüsü ilə” xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar