Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1139/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkil X1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş əmlakın qarşılığında 1200 kv.m qeyriyaşayış sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “sökülmüş əmlakın qarşılığında 1200 kv.m qeyriyaşayış sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əvvəlcə şifahi razılaşdırılsa da, sonradan yazılı razılılaşma olmadan sökülmüş mülkiyyətindəki 477,7 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzinə, həmin ərazidə tikilən hündürmərtəbəli yeni tikilidən 1200 kv.m. qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən verilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********64-05101-083001 reyestr nömrəli Çıxarış əsasında xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi onunla əvvəlcə şifahi razılaşdırılsa da, sonradan yazılı razılılaşma olmadan Cavabdeh MMC tərəfindən sökülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 05.01.202-ci il tarixli “Qeyri-yaşayış sahəsinin ölçülərinin müəyyənləşdirilməsi barədə” Ekspert rəyi əsasında, ona məxsus faktiki sahənin 477,7 kv.m. (zirzəmi 150,8 kv.m., 1-ci mərtbə 169,6 kv.m. və 2-ci mərtəbə 157,3 kv.m.) olduğu müəyyən olmuşdur. Məsələnin məhkəmədən kənar həll olunması və onunla əvvəlcə şifahi razılaşdırılsa da, sonradan yazılı razılılaşma olmadan sökülmüş əmlakına münasibətdə dəymiş ziyanın qarşılanması üçün mülkiyyətində olan daşınmaz əmlakın əvəzinə 1500 kv.m. qeyri-yaşayış sahəsinin ona verilməsinə dair pretenziya qaydasında cavabdehə müraciət göndərsə də, cavabdeh qeyd olunan ölçüdə qeyri-yaşayış sahəsi verməmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh MMC-nin nümayəndəsi ilə aralarında ona məxsus qeyri-yaşayış obyektinin sökülməsi, əvəzində isə inşa ediləcək binada qeyri-yaşayış sahəsi ilə təmin edilməsi barədə razılığa gəlinmişdir. Həmin zaman ona veriləcək qeyri-yaşayış sahəsinin ölçüləri barədə dəqiq bir rəqəm deyilməmiş, lakin razı qalacağı ölçüdə obyektin veriləcəyi vəd edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkil X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək, Cavabdeh MMC iddiaçının mülkiyyətində olan sökülmüş qeyri-yaşayış sahəsinin, onun təmirinin və həmçinin kirayə haqqının əvəzi olaraq inşa olunan binada sahəsi 750 kv.m olan qeyri-yaşayış sahəsini verilməsinə razı olduqlarını və iddianın həmin həcmdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 169.60 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 05.01.202-ci il tarixli “İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçülərinin müəyyənləşdirilməsi barədə” Ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş Texniki Pasporta əsasən ümumi sahəsi: əsas sahə 102.6 kv.m, köməkçi sahə 67 kv.m-dir. Ekspert tərəfindən yerində ölçü işləri aparılaraq qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 477.7 kv.m (zirzəmi 150.8 kv.m, 1-ci mərtəbə 169.6 kv.m, 2-ci mərtəbə 157.3 kv.m) müəyyən edilmişdir; İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə ünvanlanmış pretenziyanın surətindən görünür ki, sökülmüş mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə inşa edilmiş binada 1500 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh MMC arasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzində MMC tərəfindən inşa ediləcək binada qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə şifahi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlakların söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, iddiaçının-mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olmuş 477.7 kv.m qeyri-yaşayış sahəsinin əvəzində inşa edilən binada qeyri-yaşayış sahəsini mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Hazırda iddiaçı şifahi müqaviləyə görə sökülmüş əmlakının əvəzində ona tikiləcək binada qeyri-yaşayış sahəsinin verilmələcəyinin vəd edildiyini bildirir, sökülmüş əmlakını, təmirini və icarə haqqınını nəzərə alaraq, 1200 kv.m ölçüdə qeyri-yaşayış sahəsi tələb edir, lakin cavabdeh tərəf qeyd edilənləri qəbul etməyərək, iddiaçının sökülmüş əmlakını, təmirini və icarə haqqını nəzərə alaraq, 750 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin verilməsinə razı olduqlarını bilidirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış müqavilə şifahi olduğundan, müqavilənin şərtləri və tərəflərin öhdəlikləri hər hansı sənəddə əks edilmədiyindən, iddiada tələb edilənləri təsdiq edən möhtəbər sübut olmadığından, cavabdeh iddianın bir qismini, yəni 750 kv.m hissədə qəbul etdiyindən, iddia 750 kv.m hissədə təmin edilməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan 477.7 kv.m sahəli qeyri-yaşayış obyektinin sökülməsi, obyektin təmirini və kirayə pulunu nəzərə alaraq cavabdehdən inşa edilən binada sahəsi 1200 kv.m olan qeyri-yaşayış obyekti tələb edir. İddianı onunla əsaslandırır ki, aralarında şifahi razılaşma olmuş və əmlakının əvəzində onun razı qalacaq ölçüdə sahə veriləcəyi vəd edilmişdir. Lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə 477.7 kv.m olan qeyri-yaşayış sahəsini, onun təmirini və kirayə pulu nəzərə alaraq, iddiaçıya mülkiyyətində olmuş əmlakdan daha artıq sahədə, yəni 750 kv.m sahədə qeyri-yaşayış obyektini verməyi öhdəsinə götürür və iddianın 750 kv.m hissədə qəbul edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında əqdin şifahi bağlanması onunla sübut olunur ki, tərəflərin rəftarı ilə iradələri ifadə edilmişdir. Yəni iddiaçı əmlakının sökülməsinə razılıq verərəkən və əmlak sökülərkən hər hansı maneələrin yaratmaması onun iradə ifadəsi olmuşdur. Hazırda tərəflər şifahi müqavilənin mövcudluğunu deyil, həmin müqavilədə üzərinə götürdüyü öhdəlikləri mübahisələndirirlər. İddiaçının iddia etdikləri sübuta yetirilmədiyindən, məhkəmə iddianın cavabdehin etiraf etdiyi miqdarda təmin edilməsini daha qanunamüfaviq və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən yeni yaşayış binasında sahəsi 750 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən yeni yaşayış binasında sahəsi 750 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(005)-1139/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1139/2023
26.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver