Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1140/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X9 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X4, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tam boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən faktiki olaraq 4 otaqlı, 120 m sahəyə malik 32 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil binanın birinci mərtəbəsində yerləşməklə ayrıca girişi və maşın saxlamaq üçün həyətyanı sahəsi mövcuddur. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi İddiaçı Cavabdeh 2001-ci ilin iyun ayında yaşayış üçün tam yararlı və öz dövrünə görə çox müasir və yüksək keyfiyyətlə təmir edilmiş mənzil təhvil verərək ölkəni tərk etmişdir. Cavabdeh İddiaçı məxsus mənzildə 20 ildən artıqdır kirayə qalır, lakin xx.xx.2017-ci il tarixdən kirayə haqqını ödəmir, mənzilə ziyan vurur və edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq mənzili boşaldıb təhvil vermir. İddiaçı və həyat yoldaşı İlqar Cəfərov (həm də nümayəndəsi) ölkəyə qayıtmış, lakin yaşamağa bu evindən başqa yeri olmadığından Cavabdeh əvvəlcədən mənzili boşaltmağı tələb etmiş, hətta bu barədə yazılı xəbərdarlıqbildirişlər təqdim etməsinə baxmayaraq sonuncu isə bu tələbi işin məhkəmə icraatında olmasını bəhanə gətirərək rədd etmişdir. Bu səbəbdən də mənzilin Cavabdeh tərəfindən mənzilin boşaldılması məhkəmə qaydasında tələb edilir. Hazırda mənzil Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 və nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, xüsusi qərardad çıxarılması barədə yazılı vəsatət etmişdir Vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, 32 saylı mənzilə köçürülmə ilə əlaqədar qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-25/2023 saylı, 01 fevral 2023- cü il tarixli qərardadı ilə ərizə təmin edilərək şəxslərin həmin mənzilə köçürülmələri qərara alınmışdır. Bundan sonra icra məmuru mənə bildiriş göndərərək müvəqqəti təminat tədbiri barədə qərardadın icra edilməsi üçün tarix təyin etmişdir. Qərardad icra edilmək üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru Azər Əliyevin icraatına verilmişdir. Bundan sonra icra məmuru qərardadı icra etmək üçün ona məxsus evə gəlmiş o isə onsuz da ünvan 3 ünvanında yaşamadığını, özüməməxsus evdə yaşadığını ona bildirmişdir. Onun evi ilə sözügedən mənzilin bir-birinə aidiyyatı olmaması, evlər bitişik olsa da, evləri ayırıcı divarın olmasını və onun Ağa Nemətulla küçəsi, ev 76A, mənzil 32 ünvanında yaşamadığını və özünə məxsus evdə yaşadığını ona bildirmişdir. İcra məmuru isə bütün bunları əyani şəkildə görərək, icranın mümkün olmaması səbəbi ilə məhkəmə qərardadının icrasını dayandırmış və məhkəmə tərəfindən izah verilməli olduğunu qeyd edərək çıxıb getmişdir. Həmin vaxt icra məmurunun yanında Nərimanov rayon mühafizə idarəsinin ictimai təhlükəsizlik şöbəsinin kapitanı X2 da iştirak etmişdir. Bundan bir neçə gün sonra icra məmuru Azər Əliyev zəng vuraraq bildirmişdir ki, onlar gələcək və mənzilə blok tərəfdən girişi təmin edəcəklər. xx.xx.2023-cü il tarixdə heç gözləmədiyim bir anda İddiaçı (əsl adı Marina) əri İlqar Cəfərov ətrafına bir dəstə quldur şəxsi yığaraq və polis kapitanı X1 himayədarlığı ilə mənə məxsus evə basqın etmişlər. Onlar daha əvvəl də buna cəhd etmiş və lakin müvəffəq olmamışdırlar. Bu barədə mənim Nərimanov rayon 17-ci polis bölməsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayətim də olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə İlqar Cəfərov və ona himayədarlıq edən şəxslər mənə məxsus evə basqın edərək, cavabdehə məxsus darvazanın kilidlərini sındıraraq evə daxil oldular. Onlar cavabdehə zor tətbiq edərək mənzilə buraxmadılar və polis kapitanı X2 bu hadisədə vəzifə səlahiyyətlərini aşaraq onlara himayədarlıq etdi. Polis əməkdaşlarının iştirakı və himayədarlığı nəticəsində İlqar Cəfərov və onun dəstəsi qapını içəridən bağlayaraq, ara divarı sökdülər. Qanunvericilikdən də göründüyü kimi məhkəmə qətnaməsi və ya qərardadını məhz icraçı icra etməlidir. Lakin Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, N 232912/222581- 15/1 nömrəli məktubunda da qeyd edilmişdir ki, İlqar Cəfərov və digər şəxslər özbaşınalıq edərək və qapını sındıraraq mənzilə qanunsuz daxil olmuş və məni mənzildən qovmuşlar. İddiaçı vəkili Nümayəndə hadisə zamanı bu hadisəni törətmək üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin vəzifəli şəxsindən “xeyirdua” aldığını özü etiraf etmişdir. Həmçinin onlar xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında da onlar məhkəmənin hakimini aldatmış və qərardadı icra məmurunun icra etdiyini bildirmişlər. Halbuki qoşmada qeyd olunan məktubda icra məmurunun hər hansı bir icra hərəkəti aparmadığı və iddiaçının özbaşına şəkildə qapını sındıraraq mənzilə daxil olması faktı öz əksini tapmışdır. Polis əməkdaşları onlara cavabdehi evdən qovmaqda və zorla mənzilə girməkdə himayədarlıq etmiş və köməklik göstərmişlər. Qanunvericilikdə də qeyd edildiyi kimi evdən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilməlidir. İlqar Cəfərovun qanunsuz əməlləri nəticəsində cavabdehə, həmçinin xeyli miqdarda maddi zərər dəymişdir. Belə ki, cavabdehə məxsus evdə qiyməti 4-5 min manat civarında olan qiymətli zinət əşyaları, qab-qacaq, mətbəx mebeli, kondisioner, kompüter, LCD televizor və kombi istilik sistemi vardır. Qeyd olunanlardan əlavə evdə cavabdehə məxsus 25000 (iyirmi beş min) manat pul vəsaiti də olmuşdur. Məhkəmə qərardadı sadəcə köçürülmə ilə əlaqədar olsa da, iddia tələbi olan və məhkəmədə baxılan “mənzildən çıxarılma” polis əməkdaşlarının zorakı hərəkətləri nəticəsində artıq icra edilmişdir. Belə olan halda məhkəmə işi də öz mahiyyəti itirmişdir. Onsuz da cavabdeh ona məxsus evdən çıxarılıb. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, İddiaçı və İlqar Cəfərovun subyektiv hüququ olmadan bütün bu hadisələr baş vermişdir. Burada polis əməkdaşları icra məmurunun işini qanunsuz olaraq görmüşlər. Hətta məhkəmə qərarı olmadığı halda bu hərəkəti etmişlər. İlqar Cəfərov özünü hər yerdə Avstriya Respublikası vətəndaşı kimi təqdim edir və məmurlara hədə-qorxu gəlir. Həmçinin onları satın alır. Deməli o, nəyəsə güvənir və qanunlardan üstün olduğunu düşünür. İş üzrə iddiaçının əri və nümayəndəsi X6, həmçinin onunla əlbir olan və ona himayədarlıq edən digər şəxslərin əməllərində cinayət əlamətləri olduğu üçün, onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a, 32 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30/19559 nömrəsi ilə xx.xx.1996-cı il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsininxx.xx.2023-cü il tarixli, 03/039 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanda yerləşən Cavabdeh adına 59,3 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2012-ci il tarixdə "xxxx" MMC tərəfindən eskiz layihəsi çəkilmişdir. Ağa Neymətulla küçəsi, ev 76a ünvanda yerləşən həmin tikilinin Cavabdeh məxsus olması müəyyən edilməmişdir. X3 torpaq vergi qeydiyyatına alınmışdır. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a, 32 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30/19559 nömrəsi ilə xx.xx.1996cı il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mübahisəli yaşayış sahəsindən çıxmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Məhkəmə habelə, işə baxarkən, iddiaçının və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi vəsatəti ilə bağlı qeyd edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən hallar, dəlillər əsassızdır və qeyd olunan hallar mülki xarakterli mübahisədir, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanında yerləşən 32 saylı mənzil boşaldılmalı və Cavabdeh mənzildən çıxarılmalı, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76a ünvanında yerləşən 32 saylı mənzil boşaldılsın və Cavabdeh mənzildən çıxarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1140/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1140/2023
09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver