Məhkəmə qərarları › İş №e-2(005)-1231/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1231/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1231/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi cəlb edilməklə ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 ölümünün qeyd edilmə faktının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X2 2005-ci ildə Əli-Bayramlı şəhərindən ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi 70B, 19 saylı mənzil ünvanına köçərək, xx.xx.2009-cu il tarixinədək həmin ünvanda yaşamışdır. xx.xx.2009-cu il tarixində axşam saat 18:10-da vəfat etmişdir. Qeyd olunan ünvanın qonşuluğunda yaşayan şəxslər tərəfindən X1 ölüm faktını təsdiq edən xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Eyni zamanda Bakı şəhər Təcili və X3 Stansiyası 1 saylı yardımçı stansiyanın xx.xx.2009-cu tarixli, 17 saylı Sorğuya Cavabında təsdiq edilmişdir ki, xx.xx.2009-cu il, saat 18:10-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 70B, 19 saylı mənzil ünvanına X2 adına çağırış daxil olmuşdur. Çağırışı yerinə yetirərkən həmin ünvanda həkimə qədər təbii ölüm faktı təsdiq edilmiş, ünvanda qadın cinsli meyit müəyyən edilmişdir. Mərhum anası həmin vaxt dəfn olunmuşdur. Hazırda qardaşı X7 dünyasını dəyişmişdir (ölüm faktının Qeydiyyat Şəhadətnaməsinin surəti əlavə edlir), miras əmlakı qalmışdır. Qanunvericiliyə müvafiq qaydada hazırda vərəsəlik işi açılmışdır, qanun üzrə birinci dərəcəli vərəsələrin dairəsi müəyyən edildiyi zaman mərhum qardaşının anası mərhum X1 ölüm faktının Qeydiyyat Şəhadətnaməsi tələb olunur. Mərhum anası X1 ölümündən 13 ildən artıq vaxt keçdiyi üçün AR Ədliyyə Nazirliyinin müvafiq VVAQ şöbəsindən onun ölüm faktının qeydiyyatının aparılması və Qeydiyyat şəhadətnaməısinin alınması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum X1 ölümünün qeyd edilmə faktının tanınmasına dair müvafiq qətnamə qəbul edilməsinə dair Ərizədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsini maraqlı şəxs olaraq müəyyən etmişlər. Halbuki, mərhum X1 ölümünün qeyd edilməsi Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən deyil, həmin idarənin Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən icra edildiyi üçün Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nərimanov rayon qeydiyyat şöbəsinin maraqlı şəxs olaraq mülki məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası X1 xx.xx.2009-cu il tarixdə ev şəraitində vəfat etməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, X2 onun anasıdır. Anası xx.xx.2009-cu il, saat 18:10-da yaşadığı Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 70B, 19 saylı mənzildə vəfat etmişdir. X2 həmin tarixdə Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, X2 həqiqətən xx.xx.2009-cu il, saat 18:10-da yaşadığı Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 70B, 19 saylı mənzildə vəfat etmişdir. X2 xx.xx.2009-cu il tarixdə dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 XX.XX. 1939-cu il tarixdə Salyan Rayonunda anadan olmuşdur. Əli Bayramlı şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi, ev 97 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 1 saylı yardımçı stansiyası tərəfindən verilmiş 17 saylı xx.xx.2022-ci il tarixli sorğuya cavabından görünür ki, xx.xx.2009-cu il, saat 18:10-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 70B, 19 saylı mənzilə X1 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubundan görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 1939-cu il təvəllüdlü vət. X1 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, X9, X4, X5, X8 təsdiq edir ki, mərhum X2 2005-ci ildə Əli Bayramlı şəhərindən ünvan 1anov rayonu, Ağa Nemətulla küçəsi 70B, mənzil 19 ünvanına köçərək xx.xx.2009-cu il tarixinədək həmin ünvanda yaşamışdır. xx.xx.2009-cu il tarixində axşam saat 18.10-da dünyasını dəyişmiş, vəfat etmişdir. İş materiallarında olan Qəbirüstü abidənin şəklindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci. bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, XX.XX. 1939-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizədə göstərilən hallar öz təsdiqini tapdığından ərizə təmin edilməli, XX.XX.1939-cu il təvəllüdlü X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1939-cu il təvəllüdlü X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar