Məhkəmə qərarları › İş №e-2(005)-1238/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1238/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1238/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 xeyrinə 20.000 manat, İddiaçı2 xeyrinə ödənildiyi gün AR Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə ilə 10.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti ilə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh nəvələri və qızları X2 əri olmuş, onların nikahları xx.xx.2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Onlar nikahları rəsmiləşdirilməmişdən əvvəl adət-ənənəyə uyğun olaraq nişanlı olmuş, bu nikaha qədərki müddət ərzində ailələr arasında görüşmələr və danışıqlar olmuş, yeni qurulacaq ailənin gələcəkdəki məişət və sair məsələləri müzakirə olunmuşdur. Müzakirə ediləcək məsələlərin önəmli bəndlərindən biri – ailə quracaq şəxslərin harada yaşayacaqları məsələsi həll edilərkən cavabdeh tərəf mənzilin alınmasına pullarının çatışmazlığını bildirmiş və onlar tərəfdən bunun tez həll edilməsi üçün borc istəməsi olmuşdur. Bunu təbii qarşılayan iddiaçılar işin tez həll edilməsi məqsədi ilə Cavabdeh İddiaçı1 tərəfindən 20.000 manat, İddiaçı2 tərəfindən isə 10.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Qeyd olunmalıdır ki, bu məbləğlər yalnız mənzilin alınması üçün verilən borc olmuşdur. Bundan başqa onlar tərəfindən mənzilin təmiri üçün əlavə xərclər də çəkilmişdir, ustalara pul verilmişdir və s. işlər görülmüşdür ki, bu yeni qurulacaq ailəyə hədiyyə kimi edilmişdir. Mənzilin alınması üçün lazım olan məbləğ toplandıqdan və mənzil alındıqdan sonra nəvələri və qızları X8 cehiz əşyalarını da yerləşdirməklə Cavabdeh mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 1 ünvanına gəlin köçərək, münasibətləri pozulan günə kimi həmin ünvanda yaşamışdır. Bir müddət keçdikdən sonra Fidan və Valeh arasındakı münasibətlər kəskin şəkildə pozulmuş və Fidanın iddiasına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Qəniyeva (Əliyeva) Fidan İlqar qızı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2011-ci il tarixdə bağlanmış nikah qeydinin ləğv edilməsi, 23 sentyabr 2012-ci il təvəllüdlü X7 və 27 fevral 2015-ci il təvəllüdlü X6 anası Qəniyeva (Əliyeva) Fidan İlqar qızının yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq, 23 sentyabr 2012-ci il təvəllüdlü X7 və 27 fevral 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Tərəflərindən cavabdehə 10.000 ABŞ dolları və 20.000 manat borc pul verilmişdir və bu borc cavabdehə nəvələri və qızları X4 görə verilmişdir. Əgər Fidan olmasaydı onlar niyə Valeh adlı şəxsə pul verirdilər?! Onlar təxminən 38.000 manat məbləğində bu pulları Cavabdeh ona görə vermişdilər ki, nəvələri və qızları X2 Bakı ş., Nərimanov ray., Çəmənzəminli küç., ev 9, m. 25-də mülkiyyət payı olsun, buna görə də onlar Valehə verdikləri pulu geri tələb etməmişlər. Lakin Fidana bu mənzildən pay verilmədiyi üçün onlar qərara gəliblər ki, Valehə verdikləri pulu geri alsınlar. Təsadüfi deyil ki, Cavabdeh ona bu məbləğlərdə pul verdiklərini inkar etmir, lakin paradoksal olsa da bildirir ki, guya onlar ona bunu hədiyyə ediblər. Başa düşməyiblər ki, onlar Valehə niyə 38.000 manat pul hədiyyə etməlidirlər, digər tərəf Fidana nə hədiyyə etmişdi ki, onlar Valehə bu qədər pul hədiyyə etsinlər. Hazırkı pul tələbinin predmetini təşkil edən 10.000 ABŞ dolları və 20.000 manat borc tələbi nəvələri və qızları X8 tərəfindən onlardan əvvəl məhkəmədə qaldırılmışdır, lakin işə baxan məhkəmələr bununla bağlı Fidan Qəniyevanın subyektiv hüququnun olmadığı qənaətinə gəlmişlər, bu hüququn onlara məxsus olduğunu bildirmişlər. Bu səbəbdən bu tələblə bağlı məhkəməyə hazırkı iddia ilə müraciət etməyi qərarlaşdırmışlar. Bu tələblə bağlı həm faktiki, həm hüquqi əsasları var, bu səbəbdən də iddia tələbləri təmin oluna bilər. Cavabdeh məhkəməyə etiraz və iddia müddətinin tətbiqi haqqında ərizə ünvanlayaraq bildirmişdir ki, aşağıda qeyd olunan faktiki hallara və hüquqi əsaslara qörə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalı və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olmalıdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2819/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı əmlak bölgüsü və cehiz əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə qismən təmin olunmuşdur. İddiaçı X9 cavabdeh X5 qarşı məhkəməyə müraciət edərək, cavabdehdən cehiz əşyalarının və ya pul ekvivalentində 38960 manat məbləğində pulun, Bakı şəhəri, Çəmənzəmənli küçəsi, ev 9, mənzil 25 alınması üçün ödənilmiş 10 min ABŞ dolları və 20 min manat AR Mərkəzi Bankın məlumatına əsasən Bankın uçot dərəcəsi hesablanmaqla 7425 ABŞ dolları və 14 558 manat pulun, " KİA Carnival" markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilmiş bazar qiymətinin uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsi yəni 20 min manat pulun, mənzilin təmirinə xərclənmiş 30 min manat pulun, ümumilikdə 17425 ABŞ dolları, 84558 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1101/2021 saylı iş üzrə çıxardığı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə nikahı pozulmuş, övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 anaları Qəniyeva (Əliyeva) Fidan İlqar qızının himayəsində saxlanılmış və övladlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün 350 manat məbləğində aliment tutulması qət edilmişdir. Cehiz əşyaları götürməsi barədə bildirsə də, iddiaçı Qəniyeva Fidan əsassız olaraq məhkəməyə müraciət etmiş, məhkəmənin və cavabdehin əsassız yerə vaxtlarının alınmasına şərait yaratmışdır. Belə ki, iddiaçı Fidan Qəniyevaya cehizlərini götürməsində heç kim tərəfindən heç vaxt maneçilik olmamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh ilə 2010-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi,ev 9, 25 saylı mənzili almış və daha sonradan evin təmiri üçün iddiaçının valideynləri tərəfindən cavabdehə 30 min manat vermişdir. Bununla razılaşmayan Cavabdeh qeyd etmişdir ki, nikahdan əvvəl 2010-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 9, 25 saylı mənzili özü almışdır. Toy hədiyyəsi olaraq iddiaçının atası tərəflərə (Fidana və Valehə) 10 min manat məbləğində pul hədiyyə etmişdir və həmin pulun 5 min manatını cehiz əşyalarına, qalan hissəsini isə toy xərclərinə xərcləmişlər. Bundan da göründüyü kimi, pul cavabdehə hədiyyə olunmuşdur. İddiaçının dediyi pul cavabdehə borc olaraq verilmiş olsa belə, iddiaçının üçüncü tərəf adından tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, həmin pul cavabdehə borc olaraq verilmiş olsa belə, pulu iddiaçı yox, iddiaçının atası İddiaçı2 Vahya oğlu tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nənəsi Əliyeva Məleykə etiraf etmişdir ki, toydan sonra cavabdehə 20 min manat məbləğində pul borca vermişdir. Məhkəmə iclasında iştirak edən şahid Əliyeva Məleykə məhkəməyə yalan məlumat verərək hüquqdan sui-istifadə etmişdir. Belə ki, nikahdan əvvəl aldığı ev tam təmirsiz olduğundan cavabdeh evin təmiri üçün kreditə pul götürmüşdür. Daha sonradan iddiaçının əmisi evin təmirini bitirmələri və təmir üçün götürdüyü krediti bağlamağı üçün cavabdehə 20 min manat hədiyə etmişdir və verdiyi pulu geri istəməyəcəyini bildirmişdir. Yenə, verilən 20 min manat pul borc olaraq vermiş olsa belə, pul cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının əmisi tərəfindən verilmişdir. Belə olduğu halda, bu hissədə də iddiaçının tələb irəli sürmə hüququ yoxdur. Məhkəmə iddia tələbləri ilə bağlı belə qənaətə gəlmişdir ki, cavabdehdən cehiz əşyalarının və ya olmadığı təqdirdə onun pul ekvivalentinin alınması hissəsində iddia təmin, qalan hissədə isə rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh və Qəniyeva Fidan arasında 2011-ci ilin oktyabr ayında ailə nikahı qeydə alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 9 mənzil 25 isə 2010-cu ildə nikahdan əvvəl Cavabdeh tərəfindən öz adına alınmışdır. Nikaha daxil olarkən 2011-ci ilin axırlarında azərbaycan xalqının ənənəyə uyğun olaraq gəlinin qohumları təzə bəyə, təzə bəyin qohumları isə gəlinə hədiyyələri bəxşiş edirlər. Hazırki mübahisə üzrə bu hallar mövcuddur. Valehin qohumları gəlinə qızıl zinət əşyalarını və brilliantlı olan komplektləri bəxşiş etmişdirlər. Valehin banklara borclu olduğunu bilən gəlinin əmisi Valehə pul bəxşiş etmişdir. Gəlinin atası isə ona pul bəxşiş etmişdir. Hazırki iddiaçılar qeyd edirlər ki, onlar pulu hədiyyə vermişdilər, sonra deyillər ki, mənzilin alınması üçün borc verdilər. Bu iddialar əsassızdır və həqiqətə uyğun deyil. Bu iddia tələbi əsassız varlanma məqsədini daşıyır. Hesab etsək ki, bəxşiş olan pullar 2011-ci ildə verilmişdirsə, pulun verilməsi heç bir müqavilə ilə təsdiqlənmir. İddiaçılar qeyd edir ki, mən onlar üçün yad adamam. Belə olan halda qanuna əsasən borc qəbzini əldə olmuş olardılar. Eyni zamanda pul tələbi ilə bağlı iddia müddəti üç il təşkil edir. Ehtimal etsək ki, pulların verilməsi 2011-ci ildə olmuşdur. Onda bu pulların tələb etməsi 2014-cü ildə bitmiş olur. Hazırda 2023-cü ilin aprel ayıdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 Yahya oğlunun pul tələbinə dair iddia müddəti üç il təşkil etdiyindən və hazırda buraxılmış olduğundan iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Valeh ev almaq istəyirdi. O da Fidan və Valehə maddi yardım göstərmək üçün həmin pulu onlara verib. O nəvəsinin xətrinə hər şeyi edib. Yəni həmin pulu borc kimi, onlar ev alsın deyə vermişdir. Pulu nə vaxt verdiyini xatırlamır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh Valeh müəllim iddia predmeti olan pulun verilməsini qəbul edir. Lakin o həmin pulun iddiaçı Mələkə xanımın oğlu Gündüz müəllim tərəfindən verildiyini iddia edir. Cavabdeh eyni zamanda həmin pulun bəxşiş kimi verildiyini də bildirir. Ölkənin adət ənənələrində evlilik zamanı bəyə bəxşiş verilməsi yoxdur. Həmin pul borc kimi verilmişdir. Valeh müəllim mənzil almaq istədiyi üçün onun keçmiş həyat yoldaşının atası və nənəsi cavabdehə həmin pulu borc kimi vermişlər. Cavabdeh pulu aldığını etiraf edir, lakin həmin pulu bəxşiş kimi almasını sübut edən hər hansı sənəd təqdim etmir. Cavabdeh dolayı yolla da olsa, iddia tələbini etiraf edir. Bu isə onların iddia tələbinin əsaslı olduğunu sübut edir. Cavabdeh pulu aldığını etiraf edir və onun bəxşiş kimi verildiyini sübut edə bilmirsə, onun etirazı əsassızdır. Qeyd edilən məbləğlər cavabdeh ilə Nigar xanım nişanlı olduğu zaman, təxminən 2010-cu ilin noyabr ayından sonra verilmişdir. Cavabdeh ilə Nigar xanım evli olduğu üçün iddiaçılar qohumluq əlaqələrini nəzərə alaraq, cavabdehə pulun verilməsi üçün təkid etmirdilər. Adətlərə uyğun olaraq iddiaçılar cavabdeh ilə evli olan Nigar xanımın ailəsində problem yaranmaması üçün pulun qaytarılmasını ciddi şəkildə tələb etmirdilər. Hazırda isə həmin hal aradan qalxmışdır. Bu səbəbdən də iddiaçılar onlar tərəfindən verilən borcun geri qaytarılmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 20000 manat pulu Mələkə yox, arvadının əmisi vermişdir. Onun o zamanlar banka borcu var idi. Həyat yoldaşının əmisi həmin pulu banka olan borcunu bağlamaq üçün vermişdir. Fidanın əmisini ondan əvvəl tanıyır. Əmisi o pulu ondan istəməyəcəyi üçün həmin pulu Mələkə vermiş kimi qələmə verirlər. 10000 manat pulu isə qayınatası ona bəxşiş kimi vermişdir. Onlarda ev gördüsü deyə bir adət var idi və atası həmin pulu o niyyətlə vermişdir. Bütün bu pullar nikahdan əvvəl verilmişdir. Evin təmir xərcləri onun tərəfindən çəkilmişdir. Onlar bəxşiş kimi verdikləri pulu illər sonra ondan tələb edirlər. Ona pul evin alınması üçün verilməmişdir. Qeyd edilən pullar ev onun tərəfindən alındıqdan sonra bəxşiş kimi verilmişdir. O, 2010-cu ildə bankdan kredit götürmüşdü. Keçmiş həyat yoldaşının əmisi bunu eşitdiyi üçün onu yanında çağırmış və 20000 manat pulu bəxşiş kimi verərək, banka olan borcunu bağlamağını bildirmişdir. Mənzil onun tərəfindən 54000 manata alınmışdır. Nigar ilə 2021-ci il tarixində boşanmışdır. Gündüz müəllim 20000 manat məbləğində pulu 2010-cu ilin yay aylarında vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini qəbul etmədiyini bildirərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK üzvlərinin xx.xx.2011-ci il tarixindəki iclasının 02 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanda yerləşən kooperativ binanın 1 giriş, 10-cu mərtəbə, ümumi sahəsi 87.4 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı, 25 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. - "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən kooperativ binanın 1 giriş, 10-cu mərtəbə, ümumi sahəsi 87.4 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı, 25 nömrəli mənzilində yaşayır; - "xxxx" MTK-nın təqdim etdiyi xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ binanın 1 giriş, 10-cu mərtəbə, ümumi sahəsi 87.4 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı, 25 nömrəli mənzilin dəyəri olaraq 10488 manat Cavabdeh tərəfindən tam ödənilmişdir; - ƏMDK yanında DƏDRX-in MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 9, mənzil 25 ünvanında yerləşən, ümumi sahəsi 79.7 kv.m. olan mənzil Cavabdeh adına xx.xx.2011-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə Qəniyeva (Əliyeva) Fidan İlqar qızı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2011-ci il tarixdə 1494 saylı qeydi ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, 23 sentyabr 2012-ci il təvəllüdlü X3 və 27 fevral 2015-ci il təvəllüdlü X1 anası Qəniyeva (Əliyeva) Fidan İlqar qızının yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq, 23 sentyabr 2012-ci il təvəllüdlü X3 və 27 fevral 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “cavabdehdən cehiz əşyalarının və ya pul ekvivalentində 38960 manat məbləğində pulun, Çəmənzəminli küçəsi 9, 25 saylı mənzil alınması üçün ödənilmiş 10000 ABŞ dolları və 20000 manat AR Mərkəzi Bankın məlumatına əsasən Bankın uçot dərəcəsi hesablanmaqla 7425 ABŞ dolları və 14558 manat pulun, “KİA CARNİVAL” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən edilmiş bazar qiymətinin uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsi yəni 20000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30000 manat pulun, ümumilikdə 17425 ABŞ dolları, 84558 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası qismən təmin edilərək ünvan 4 ünvanında olan cehiz əşyalarının, olmadığı təqdirdə isə onların pul əvəzinin X4 qaytarılması qət edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə iddiaçının “10000 ABŞ dolları və 20000 manat pulun cavabdehdən tutulması” tələbini əsassız hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, “iddia ərizəsinə görə, bu vəsaitlər iddiaçının nənəsi və atası tərəfindən cavabdehə borc verilmişdir. Cavabdeh müəyyən vəsaitlərin iddiaçının qohumları tərəfindən ona verilməsini etiraf etsə də, bu pulların əvəzsiz şəkildə verildiyini bildirdi. İddiaçı hər hansı borc müqaviləsini məhkəməyə təqdim etmədi. Məhkəmə pul tələbi ilə bağlı da iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, tələb edilən vəsaitlərin borc şəklində cavabdehə verilməsi sübuta yetirilsəydi belə, iddiaçının bu tələbi irəli sürmək hüququ da mövcud deyil”; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 Cavabdeh qarşı irəli sürdüyü iddianın “birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin 2/3 hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsinin qismən təmin edilməsi, iddiaçı X2 və Cavabdeh birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7.500 (yeddi min beş yüz) manatın Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi, iddiaçı X2 Cavabdeh qarşı irəli sürdüyü iddianın “mənzilin alınması üçün cavabdehə verilmiş pul məbləğinin, həmin məbləğə bank uçot dərəcəsi hesablanmış faizlərin, mənzilin təmirinə görə cavabdehə verilmiş pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsinin təmin olunmaması qət edilmişdir. Qətnamə ilə məhkəmə xərclərinə dair məsələ də həll edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmçinin görünür ki, məhkəmə kollegiyası iddiaçının “10000 ABŞ dolları və 20000 manat pulun cavabdehdən tutulması” tələbinə münasibətdə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq həmin hissədə iddianın sübuta yetməməsi əsası ilə deyil, iddiaçının bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə təmin edilməməli olunması qənaətinə gəlmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, iddianın “iddiaçıya məxsus cehiz əşyalarının, olmadığı təqdirdə onların pul əvəzinin X4 qaytarılması” hissəsi apellyasiya baxışının predmeti olmamışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5521/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2305/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o və cavabdeh 2010-cu ildə nişanlanandan sonra ev almağa qərar veriblər. O, AR Tibb Universitetində dərs deyir. O, cavabdehə işə rahat gedib-gəlmək üçün evin iş yerinə yaxın olmasını bildirib. O zamanlar Valehin xalası oğlu orada yaşayırdı. Valeh xalası oğlu ilə danışaraq, o ərazilərdə satışda evlərin olub-olmaması ilə maraqlanmışdır. Xalası oğlu isə onun yaşadığı binada 10-cu mərtəbədə mənzil satıldığını bildirmişdir. Bundan sonra atasının həmin məsələdən xəbəri olub. Onların nişanı 2010-cu ilin noyabr ayında olmuşdur. Təxminən dekabr aylarında atası evin alınması üçün cavabdehə 10000 ABŞ dolları vermişdir. Bundan sonra Valeh bildirib ki, evin alınmasına 20000 manat pul çatmır. O ona deyib ki, onu banka zamin qoyaraq, 20000 manat pul götürəcək. Daha sonra bu məsələdən ailəsinin xəbəri olub. Nənəsi onu çağıraraq, 20000 manat pulu verib və bankda faiz olduğunu, bu səbəbdən də pulun onun tərəfindən onlara borc kimi verildiyini bildirib. Həm nənəsi, həm də atası həmin pulları borca verdiklərini bildirmişlər. Onlara deyiblər ki, “digər borcları verib bitirdikdən sonra bizim borcumuzu geri qaytararsız”. Cavabdeh nənəsinin verdiyi pul ilə banka olan borcunu bağlamışdır. Cavabdehin bacısının yoldaşına da borcu var idi. Ümumiyyətlə cavabdehin bir neçə şəxsə borcu olmuşdur. O bankdan pul götürür və digər borcunu bağlayırmış. Cavabdeh onu banka zamin qoyduqdan sonra ailəsinin bu məsələdən xəbəri olmuşdur. Nənəsi o zamin olmasın deyə həmin pulu vermişdir. Atası tərəfindən 10000 ABŞ dolları məbləğində pul nişandan sonra onun iştirakı ilə verilmişdir. Onun və cavabdehin münasibətləri 2020-ci il tarixindən pozulmuşdur. Nənəsi və atası ona görə gözləyirmişlər. Onlar deyirmişlər ki, bütün işlərini yekunlaşdırsınlar və digərlərinə olan borcları ödəsinlər daha sonra onlara olan borclarını ödəyərlər. Nənəsigil pulu onlardan istəyirdilər. Qeyd etdiyi kimi Valehin başqa şəxslərə borcu olduğu üçün onlar bütün borclarını ödədikdən sonra borclarını qaytarmalarını bildirirmişlər. Ailəsi o, Valeh ilə evli olduğu üçün gözləyirdilər. Onun ailəsində problem yaranmasın deyə onlara vaxt verirdilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 nəvəsi Fidan Qəniyeva ilə xx.xx.2011-ci ildə nikaha daxil olan cavadehə ev almaq məqsədi ilə 20.000 manat, Fidan Qəniyevanın atası olan digər İddiaçı2 isə cavabdehə eyni məqsədlə 10.000 ABŞ dolları məbləğində pulu borc verdiklərini və cavabdehin həmin borcu qaytarmadığını iddia etməklə müvafiq tələbi irəli sürmüşlər, cavabdeh isə, birinci iddiaçının ona hər hansı məbləğdə pul verdiyini qəbul etməyərək, əksinə təkzib etmiş (cavabdeh həmin pul məbləğini ona keçmiş arvadı Fidan Qəniyevanın əmisinin verdiyini bildirmişdir), digər iddiaçının isə mənzil alınması məqsədi ilə qeyd edilən məbləğdə pul verdiyini mübahisələndirməsə də, həmin pulun borc olaraq deyil, yeni qurulacaq ailənin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (yəni, əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini bildirmişdir. Bu mənada ilk növbədə iddianın İddiaçı1 aid hissəsinə hüquqi qiymət verməyi məqsədə uyğun hesab edərək məhkəmə qeyd edir ki, İddiaçı1 cavadehə 20.000 manat məbləğində pulu borc kimi verdiyini irəli sürsə də, iddiasının faktiki əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə adı çəkilən iddiaçının ona hər hansı təyinatla pul vermiş olduğunu ümumiyyətlə qəbul etməmiş, əksinə həmin məbləğdə pulu adı çəkilən iddiaçının deyil, keçmiş arvadı Fidan Qəniyevanın əmisinin ona hədiyyə kimi verdiyini bildirməklə iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən İddiaçı1, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, cavadehə 20.000 manat məbləğində pulu borc kimi verdiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. İddiaçının nəvəsi olan şahidin ifadəsi isə iddiaçı tərəfindən pulun borc verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh iddiaya etiraz edərək həmin məbləğdə pulu keçmiş arvadı Fidan Qəniyevanın əmisinin ona, banka borcu olduğundan, həmin bocun bağlanması üçün hədiyyə kimi verdiyini göstərmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İddia ərizəsinin digər İddiaçı2 aid hissəsinə gəldikdə isə, onun (adı çəkilən iddiaçının) keçmiş kürəkəni olmuş cavabdehə 10.000 manat pul verdiyi işin mübahisələndirilməyən halıdır; cavabdeh istər hazırkı işdə, istərsə də iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarının aid olduğu mülki işdə bu faktı etiraf etmişdir. Bu o deməkdir ki, adı çəkilən iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azaddır və mövcud vəziyyətdə onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşılmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı2 cavabdehə pulu mənzil almaq məqsədilə borc olaraq verdiyini iddia etsə də, cavabdehin mövqeyi iddiaçının qızı ilə ailə qurarkən iddiaçının həmin pulu bəxşiş (hədiyyə) kimi (başqa sözlə, bağışlama müqaviləsi çərçivəsində) ona verməsinə dairdir. Qeyd edilməlidir ki, İddiaçı2 iddia tələbinin hüququ əsası kimi Mülki Məcəlləsinin 739cu maddəsi nəzərdən keçirilə bilər. Normanın dispozisiya şərtlərindən görünür ki, borc müqaviləsi üzrə iştirakçı (borc verən) pula dair mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldığı pulu həmin miqdarda borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsinə görə bir tərəf pulu verməli, qarşı tərəf isə həmin pulu qəbul edərək borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Qeyd edildiyi kimi, İddiaçı2 2011-ci ildə cavabdehə 10.000 manat pul verdiyi mübahisə mövzusu deyildir, lakin alınan vəsaitin geri qaytarılacağı öhdəliyinin yaranması (və ya Cavabdeh bunu üzərinə götürməsi) sübuta yetirilməmiş, habelə həmin öhdəliyin mövcudluğunu cavabdeh etiraf etməmişdir. Göründüyü kimi, İddiaçı2 irəli sürdüyü faktiki hallar da onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, İddiaçı2 qızı Fidan Qəniyeva ilə ailə quran ərəfədə Cavabdeh ilə borc müqaviləsi bağlaması, pulun həqiqətən 2011-ci ildə borc olaraq verilməsi məhkəmə iclasında təsdiq edilməmiş və buna dair sübut əhəmiyyətinə malik olan məlumatlar məhkəməyə təqdim olunmamışdır. İddiaçı2 istinad etdiyi dəlillər məhkəmə iclasında təsdiqini tapmamaqla iş materialları ilə təkzib olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının onun qızı ilə ailə qurmaq ərəfəsində olan və yeni qurulacaq ailənin maddi xərclərinin təmin edilməsində (evin təmiri, toy xərcləri və s.) çətinliyi olan cavabdehə qeyd edilən məbləğdə vəsaiti əvəzsiz olaraq verməsi və həmin vəsaitin cavabdeh tərəfindən hədiyyə kimi (əvəzsiz) qəbul edilməsi qənaətinə gəlmək daha məntiqlidir. Məhkəmənin qənaətinə görə, pulun yeni ailə qurulması ərəfəsində - 10 ildən daha uzun müddət əvvəl verilməsi, bu illər ərzində geri tələb edilməməsi, ailə münasibətlərinin pozulmasından sonra əvvəlcə iddiaçının qızı tərəfindən həmin pul məbləğinə münasibətdə iddianın qaldırılması və məhz həmin iddianın təmin olunmamasından sonra pulun cavabdehə iddiaçı tərəfindən borc kimi verilməsinin iddia edilərək irəli sürülməsi ilə bağlı işin faktiki halları da bu cür qənaətə gəlməyə əsas verir. Qeyd olunan halları və cavabdehin iş üzrə verdiyi ifadələri (etirafları) nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 Cavabdeh öz qızı ilə ailə quran ərəfədə - yəni, hələ 2011ci ildə qeyd edilən məbləğdə vəsaiti verməsi, cavabdehin mənzilin alınması ilə bağlı banka borcu olması, bank qarşısında gələcək arvadından zamin durmasını xahiş etməsi, banka olan borcunun bağlanması üçün cavabdehə pul verilməsi, bundan sonra nikaha daxil olaraq illərlə həmin evdə yaşamaları və pulun 10 il ərzində tələb edilməsinə dair hər hansı sübutun təqdim edilməməsi iddiaçının cavabdehə həmin pulu hədiyyə etməklə kürəkəninə əvəzsiz maddi yardım göstərmək niyyətinin realizə olunması kimi qiymətləndirilməlidir. Tərəflər arasında mövcud münasibətlər nəzərə alınarsa, cavabdehin keçmiş arvadı olan şahidin ifadəsi hazırki iddia tələbinə aid hissədə də pulun borc verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, hədiyə verən tərəf bağışladığı əmlakın müqabilində hədiyyə alandan heç bir əvəz almadığından, bağışlama əvəzsiz müqaviləyə aid edilir. Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq pul məbləği hədiyyə alana verildiyi andan bağlanmış sayılır. Real bağışlama müqaviləsi kimi qəbul edilən ikitərəfli əqd sayılan müqavilənin bağlanması üçün hər iki tərəfin qarşılıqlı iradə ifadəsi olması mübahisə doğurmur və işin faktiki hallarından göründüyü kimi bir tərəf (İddiaçı2) pul vəsaitini vermiş, digər tərəf isə (Cavabdeh) həmin vəsaiti qəbul etmişdir. Real bağışlama müqaviləsi, bir qaydada olaraq, heç bir öhdəlik hüquq münasibəti yaratmır, əşyanın hədiyyə alana təhvil verilməsi, onun sərəncamına verilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, hüquq baxımından hədiyyə verən hədiyyəni qəbul edən şəxsə sözügedən vəsaiti müəyyən vəzifələri icra etmək şərti ilə də verdiyi təqdirdə, bu hal əvəzsiz verilmiş pul məbləğini mülki qanunvericiliyin müddəalarına zidd qaydada sonradan geri tələb etməsinə səbəb olmamalıdır. Məhkəmə cavabdehin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar