Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1356/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixində doğulmuş bacısı X8 xx.xx.1963-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 AZ-İİ 437098 saylı ölüm haqqında şəhadətnamədən göründüyü kimi, xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Ərizəçi X1r və yeganə birinci dərəcə vərəsəsidir. Tərəflərindən vərəsəlik işinin açılması barədə notariat ofisinə müraciət edilsə də, 29 saylı notariat ofisindən ona bildirilmişdir ki, sistemdə X5 olan X11 adlı daha bir şəxs görünməkdədir. Hər nə qədər ərizəçinin bacısının həyatda olmaması notariat ofisinə izah edilsə də, həmin faktı təsdiq edən sənəd təqdim edilə bilməməsindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və qeydiyyat şöbəsinə yaxınlaşmaları bildirilmişdir. X2 Marina Vitalyevna xx.xx.1961-ci il tarixində dünyaya gəlmişdir. Lakin körpə yaşlarındaykən xx.xx.1963-cü il tarixində vəfat etmişdir. Bu səbəbdən ölümünün qeydiyyata alınması barədə heç bir tədbir görülməmişdir. Mərhum X6 adına əmlaklar, eyni zamanda davam edən məhkəmə mübahisəsi olduğundan ərizəçinin adına vərəsəlik şəhadətnaməsinin verilməsi zərurəti vardır, lakin X8 ölüm faktının müəyyən edilməməsi bunu mümkünsüz etməkdədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, ərizəçinin bacısı doğulduqdan təxminən 2 il sonra xəstəxanada dünyasını dəyişmişdir. Onun ölümü ilə bağlı hər hansı sənəd yoxdur. Ərizəçinin anasının ölümündən sonra vərəsəlik işinin həlli zamanı sistemdən bir bacısının olduğu deyilmişdi. Lakin həmin şəxs xx.xx.1963-cü ildə vəfat etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; - 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 əri X14, qızı X12 (xx.xx.1961), qızı Ərizəçidır (xx.xx.1964); - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X8 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ərizəçi onun yoldaşıdır. 1992-ci ildə ailə qurmuşlar. Yoldaşı ailədə tək uşaq olub. Bacısı olduğunu bilməmişdir. Qaynanası ötən il, qaynatası 1995-ci ildə dünyasını dəyişib. Əvvəllər qaynanasıgilə yaxın ərazıdə qalmışlar. Ailə qurduqdan sonra da eyni həyətdə yaşamışlar. Qaynatası öldükdən sonra qaynanası onlarla yaşayıb. Başqa uşağı yox idi. Yoldaşının bacısı olub, uşaq vaxtı öldüyünü yeni öyrənib; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, Alla xanımla qonşu olmuşlar. Əvvəllər həyət evində yaşayırdılar. Sonra evlər söküldü, yerində bina evi tikildi. Hazırda da qonşudular. Yoldaşını, anasını tanımışdır. Uşaq vaxtı rəhmətə getdiyindən ərizəçinin bacısı olduğunu görməmiş, eşitməmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, ərizəçi ilə bir küçədə yaşayırlar. Allanın valideynlərini tanıyırdı. 1960-cı ildən eyni küçədə yaşayırdılar. Atası, anası və ərizəçi yaşayırdı. Bacısı olduğu barədə məlumatı olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X12 ərizəçinin bacısı olmuşdur. X12 xx.xx.1963-cü il tarixində vəfat etmişdir. Ərizəçi Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X12 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.1963-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.1963-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1356/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1356/2025
25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver