Məhkəmə qərarları › İş №e-2(005)-142/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-142/2024

03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-142/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 MMC-yə və Cavabdeh1nə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Capitals Auction MMC-nin xx.xx.2023-cü il tarixli, 20 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, cavabdeh Capitals Auction MMC-nin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin “Qiymətləndirmə hesabatı” etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, 0,0304 ha torpaq sahəsi və onun üzərindəki müasir tipli çay evinin İddiaçı mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsi ilə, Cavabdeh2 İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər ƏMDX-nə və Ağdaş rayon Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddiası təmin edilmiş və bununla da, xx.xx.2021-ci il tarixdə bağlanmış, habelə 4Ə-352 nömrə ilə reyestrdə qeydə alınmış AN №0930253 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı 55 000 (əlli beş min) azn pul vəsaitinin, 240 (iki yüz qırx) azn dövlət rüsumunun, 24 (iyirmi dörd) azn müvəqqəti təminat tədbiri üçün ödənilmiş pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Eyni zamanda bildirilir ki, sözügedən qətnamənin icrası məqsədilə İddiaçı tərəfindən tələbkar Cavabdeh2 43 000 (qırx üç min) azn ödəniş edilmişdir. Bu faktın təsdiqi tələbkar Cavabdeh2 nümayəndəsinin Cavabdeh1nə ünvanlamış olduğu xx.xx.2023-cü il tarixli ərizəsində etdiyi etirafla da, öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq, Ağdaş rayon İcra şöbəsi, xx.xx.2023-cü il tarixdə Ə-07 nömrə altında ona daxil olmuş ərizənin mövcudluğundan, özünü bixəbər (məlumatsız) kimi aparmış və nəticədə şöbəyə məlumatın rəsmi qaydada daxil olduğu xx.xx.2023-cü il tarixindən, hərracın baş tutduğu xx.xx.2023-cü il tarixədək olan 11 (on bir) gün ərzində hərracın dayandırılması ilə bağlı heç bir əməli (nəticəsi olan) tədbir görməmişdir. Bundan başqa bildirilir ki, Ağdaş rayon İcra şöbəsinin hərəkətsizliyini görən İddiaçı, hətta özü də, hərracın dayandırılması barədə şöbəyə xx.xx.2023-cü il tarixdə ərizə vermişdir. Lakin buna da baxmayan Ağdaş rayon İcra şöbəsi xx.xx.2023-cü il tarixdə M12 nömrə altında ona daxil olmuş ərizənin mövcudluğundan özünü bu dəfə də məlumatsız aparmış və şöbəyə məlumatın rəsmi qaydada daxil olmasına baxmayaraq, yenə də, hərracın dayandırılması ilə bağlı heç bir əməli (nəticəsi olan) tədbir görməmişdir. Əlavə olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı hazırki iddia üzrə cavabdeh Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin tərtib etdiyi qiymətləndirmə hesabatı əsasında, müəyyən olunmuş 30 000 (otuz min) azn məbləğ də reallığı əks etdirmir. Birincisi, həmin əmlak tək 0,0304 ha torpaq sahəsindən ibarət deyil və onun üzərində 207.88 kv.m sahəni əhatə edən müasir tipli çay evi vardır. Belə ki, qiymətləndirmə zamanı təkcə torpaq sahəsin qiymətləndirilməsi və hərraca yalnız torpaq sahəsinin çıxarılması, vahid tikinti kompleksinin mövcud şəraitinə uyğun gələ bilməz. Çünki, hərracdan sonra, torpağın bir nəfərə və üstündəki əmlakın isə başqa nəfərə məxsus qalması, bu tamamilə məntiqsizlikdir. İkincisi, həmin əmlak həm 0,0304 hektar torpaq sahəsi, həm də, üzərindəki 207.88 kvadrat metrlik çay evi olmaqla, birlikdə qiymətləndirildiyi zaman, daşınmaz əmlakın real bazar dəyərinin 113 544 (bir yüz on üç min beş qırx dörd) azn olduğu müəyyən olunmuşdur. Əgər həm qiymətləndirmənin sifarişi, həm də, qiymətləndirmə zamanı torpaqla tikili vahid əmlak kimi nəzərə alınmayıbsa və mövcud bazar qiymətindən dəfələrlə aşağı qiymətə dəyərləndirilməklə hərraca çıxarılıbsa, buna yalnız bir ad vermək olar, belə ki, bu tamamilə ədalətsizlikdir. Üçüncüsü, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsinin icrası məqsədilə, əgər İddiaçı tərəfindən tələbkar Cavabdeh2 artıq bir dəfə 43 000 (qırx üç min) azn vəsait ödənilmişdirsə və sonradan hərrac protokoluna (alqı-satqı müqaviləsinə) görə, qeyd olunan əmlak yenidən 30 000 (otuz min) azn-ə dəyərindən qat-qat ucuz alınırsa, bu artıq əsassız varlanmadır. Dördüncüsü, həm qiymətləndirmənin sifarişi, həm də qiymətləndirmə zamanı, torpaq və tikili vahid əmlak kimi nəzərə alınmırsa, həmçinin bazar qiymətindən dəfələrlə aşağı qiymətə hərraca çıxarılırsa və həmin torpaq sahəsi “de yuri” satıldığı zaman, bu torpaq sahəsinin üzərindəki müasir tipli çay evi də, əvəzi ödənilmədən “de fakto” əldə edilirsə, bu artıq əsassız varlanmadır. Odur ki, bütün göstərilən xüsusatlar və qanunvericiliyin imperativ normaları rəhbər tutularaq, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 20 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və qiymətləndirmə hesabatının etibarsız sayılmasına dair qərarın qəbul edilməsi artıq zərurətdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 20 saylı protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və qiymətləndirmə hesabatının etibarsızlığına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 MMC-nin xx.xx.2023-cü il tarixli, 20 saylı “Hərracın yekunları barədə protokolu”nun və Cavabdeh4 MMC-nin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi”nin, Cavabdeh3 MMC-nin “Qiymətləndirmə hesabatı’nın etibarsız hesab edilməsi, ünvan 13 ünvanında yerləşən, 0,0304 ha. Torpaq sahəsi və onun üzərindəki müasir tipli çay evi İddiaçı mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin surətini və işin şifahi icraat qaydasında hazırlıq iclasında baxılması barədə məhkəmə bildirişini almışdır. Cavabdeh bildirir ki, iddia ərizəsini qəbul etmir, etirazının əsasını təşkil edən aşağıda göstərdiyi işin hallarına görə hesab edir ki, əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi Ağdaş Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidməti və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi təmin edilmiş. İddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh İddiaçı 55000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra aidiyyati üzrə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. İş üzrə borclu İddiaçı qətnaməni qanunla müəyyən edilmiş qaydada ona verilmiş müddətdə könüllü icra etmədiyinə görə mübahisə predmeti olmuş daşınmaz əmlak qanunla müəyyən edilmiş qaydada Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 6/03 saylı sifariş məktubu əsasında qiymətləndirilərək ilkin qiymətlə hərraca çıxarılmış və 06 mart 2023-cü il tarixdə keçirilən hərracda 30000 manata Cavabdeh2 almışdır. Həmin iş üzrə borclu İddiaçı ona 43000 manat ödədiyindən cavabdeh tərəfindən Cavabdeh1 depozit hesabına 17740 (on yeddi min yeddi yüz qırx) manat köçürməklə həmin torpaq sahəsini satın almışdır. Bundan sonra həmin Cəmiyyətlə aralarında həmin tarixli "‘Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə bağlanaraq imzalanmış və Cəmiyyətin möhrü ilə təsdiqlənmişdir. Həmin müqavilə əsasında mən hərrac yolu ilə əldə etdiyi ünvan 4 ünvanında yerləşən 0.0304 hektar torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına tələb olunan digər sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etmişdir. Həmin torpaq sahəsi 31 mart 2023-cü il tarixdə Həmin İdarədə qeydə alınaraq bu barədə Cavabdeh2 adına **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi hazırki iş üzrə İddiaçı Cavabdeh2 məhkəmə qətnaməsi ilə qət edilmiş 55264 manat borcundan 12264 manat qalıq borcu qaldığına və həmin məbləği cavabdehə ödəmədiyinə görə Cavabdeh1 tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun haqlı olaraq həmin daşınmaz əmlak hərrac yolu ilə satılması məqsədi ilə hərraca çıxarılmışdır. Borclu İddiaçı Cavabdeh2 məhkəmə qətnaməsi ilə borcu olduğundan və o həmin borcu qaytarmaqdan dolayısı ilə boyun qaçırdığından həmin borcun ödənilməsi üçün hərrac təşkil edildiyindən, eləcə də, Cavabdeh2 həmin əmlakı qanuni yolla, yəni hərrac yolu ilə əldə etdiyindən burada əsassız varlanmadan söhbət belə gedə bilməz. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində həmin 0.0304 hektar torpaq sahəsi üzərində ümumi sahəsi 207.88 kv.metr olan çay evinin də olmasını, ona görə də həmin torpaq sahəsinin çox ucuz qiymərləndirilməsini iddia etsə də, həmin çay evinin onun mülkiyyətində olmasını təsdiq edən sənədini nə əvvəlki, nə də hazırki məhkəməyə təqdim etməmişdir. Qeyd edir ki, 11 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasından görünür ki, İddiaçı oğlu X6 ifadəsində atasına məxsus olan ünvan 5 ünvanında yerləşən 0.0304 ha torpaq sahəsində qeyri-qanuni tikdirdiyi obyekti tikdirən zaman heç bir kəsdən icazə almamışdır. Onun ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin yerində avvəllər heç bir tikinti və ya heç bir şey olmamışdır. Yuxarıda göstərdiyi işin faktiki hallarından göründüyü kimi, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi 0.0304 hektar torpaq sahəsi hərrac yolu ilə satılan və həmin torpaq sahəsini mən “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən alan və həmin daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının Cavabdeh2 və digərlərinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsasları olmadığından verildiyindən rədd edilməlidir. Odur ki, cavabdeh, yuxarıda göstərdiyi işin faktiki hallarının, iddia tələbinə etirazının nəzərə alınmasını, təqdim olunmuş sübutların tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasını, sübutlara düzgün qiymət verilməsini, iddiaçı tərəfin iddia ərizəsinin həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsası olmadığından, yəni iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaq, onlar iclasda nümayəndələrinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları xx.xx.2021-ci il tarixli AN-İ ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı tərəfindən ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi Alıcı Cavabdeh2 satılmışdır. Əmlakın dəyəri 105 000 manatdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər ƏMDX-nə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ilə İddiaçı arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış, AN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı 55 000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(014)-412/2022 saylı qərardadına əsasən borclu İddiaçı adına olan ünvan 13 ünvanında yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən Cavabdeh4 MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı icra sənədinin icrası ilə bağlı borclu İddiaçı məxsus əmlakın hərracda satılmasına dair sifariş göndərilmişdir. Cavabdeh1 tərəfindən Cavabdeh4 MMC-yə ünvanlanan hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, ilkin qiyməti 30000 (otuz min) manat olan borclu İddiaçı məxsus 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə bağlı hərrac keçirilməsi xahiş olunmuşdur. Cavabdeh3 MMC-nin Cavabdeh1nə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 11 ünvanında yerləşən 0,0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin bazar dəyəri 30000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, İddiaçı ünvan 11 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsi ilə bağlı 6 mart 2023-cü il tarixində keçiriləcək hərracın dayandırılmasını xahiş etmişdir. “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli 20 saylı buraxılışının surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 bank hesabına 17740 manat pul məbləği köçürülmüşdür. Cavabdeh4 MMC-nin xx.xx.2023-cü il tarixli, 20 nömrəli hərracın yekunları barədə protokolundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı icra sənədi, Cavabdeh1 xx.xx.2023-cü il tarixli 6/03 saylı sifariş məktubuna əsasən təşkil olunmuş hərracla İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 30000 manata Cavabdeh2 tərəfindən əldə olunub. Cavabdeh4 MMC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, “Təşkilatçı” ünvan 7 ünvanda yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini Alıcı - Cavabdeh2 verməyi, Alıcı isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh2 məxsusdur. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin real bazar dəyəri 25000 manat qeyd olunub. AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin vəkili Vəkil2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilir ki, ünvan 7 ünvanda yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində hər hansı bir binanın Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bununla bağlı məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 7 ünvanında yerləşən 0.0304 ha torpaq sahəsi üzərində ilkin olaraq xx.xx.2007-ci il tarixində X4 mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli, 2V-106 və 2V-107 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum X4 vərəsələri olan X2 (1/2 hissə) və İddiaçı (1/2 hissə) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli, 4Ə-110 nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən torpaq sahəsi xx.xx.2020-ci il tarixində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 20 nömrəli hərracın yekun protokoluna və xx.xx.2023-cü il tarixli müqaviləyə (hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə) əsasən xx.xx.2023-cü il tarixində torpaq sahəsi üzərində Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirilir ki, qeyd olunan daşınmaz əmlak üzərində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(014)-412/2022 saylı qərardadına əsasən həbs və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(005)-109/2023 saylı icra vərəqəsinə əsasən məhdudiyyət qeyd edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə hesabatından müəyyən olunur ki, ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi və onun üzərindəki müasir tipli çay evinin 28 iyul 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 140 000 manat (tikilinin 48 800 manat, torpaq sahəsinin 91 200 manat olmaqla), likvid dəyəri 126 000 manat (tikilinin 44 000 manat, torpaq sahəsinin 82 000 manat olmaqla) təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən “çay evi” tipli tikili Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2023-cü il tarixli Çıxarışa və xx.xx.2020-ci il tarixdə verilmiş AA509420 saylı “torpaq sahəsinin planı və ölçü” sənədində gösərilən Cavabdeh2 məxsus 0,0304 hektar torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşmədiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 13 ünvanında yerləşən 0,0304 hektar torpaq sahəsində “çay evi" tipli tikili mövcud olmadığından, təqdim olunmuş “çay evi” tipli tikili qeyri-yaşayış sahəsinin torpaq sahəsi və tikili ilə birgə 2023-cü il üçün bazar və likvid qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. X1 xx.xx.2024-cü il tarixli 141 saylı mütəxəssis rəyinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olmuş və sonradan Cavabdeh2 satılmış ünvan 11 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş “çay evi” tipli tikilinin mövcud olduğu müəyyən olunur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 məxsus ünvan 13 ünvanında yerləşən, 304.5 kv.m torpaq sahəsində inşa edilmiş, 174.87 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə real bazar dəyəri 113 544 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 ilə İddiaçı arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış alq-satqı müqaviləsi etibarsız hesab olunmuş və İddiaçı 55 000 manat pul Cavabdeh2 verilməsi qət edilmişdir. Daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(014)-412/2022 saylı qərardadı ilə İddiaçı məxsus ünvan 13 ünvanında yerləşən 0.0304 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qətnamənin icrası məqsədilə borcluya məxsus torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh4 MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, hərrac predmeti Cavabdeh2 tərəfindən 30000 manata əldə olunmuşdur. Hazırda iddiaçı, əmlakın hərraca dəyərindən dəfələrlə aşağı qiymətə çıxarıldığına istinad edərək hərracın və qiymətləndirmə hesabatının etibarsız hesab olunmasını və əmlakın ona geri qaytarılmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddələrin qarşıllıqlı təhlili nəticəsində aydın olur ki, icra icraatı çərçivəsində borclunun əmlakının qanunauyğun şəkildə qiymətləndirilməsi keçirilir, əmlak tələbkara təklif olunur, tələbkar almadıqda hərraca çıxarılır, 3 ay ərzində hərracda satılmadıqda və tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə onu vermiş məhkəməyə qaytarılmalıdır. Göründüyü kimi, qanunvericilikdə əmlak satılmadıqda və tələbkar onu almaqdan imtina etdikdə həmin əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi və satışa çıxarılması nəzərdə tutulmamışdır. Qanunvericinin bu mövqeyi əmlakın davamlı olaraq hərraca çıxarılmasının qarşısının alınması və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə izah oluna bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmlakın hərraca dəyərindən dəfələrlə aşağı çıxarılması barədə arqumenti də əsaslıdır. Belə ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İpoteka predmetinin hərraca çıxarılması proseduru çərçivəsində (icra icraatı zamanı) keçirilmiş mübahisələndirilən qiymətləndirmə rəyi ilə ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsinin ilkin satış qiyməti 30000 manat olaraq qeyd olunmuş qoyulmuş, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən təyin edilən qiymətləndirici ("xxxx" MMC) isə həmin əmlakın xx.xx.2023-cü il tarixinə real bazar dəyərini 140 000 manat (tikilinin 48 800 manat, torpaq sahəsinin 91 200 manat olmaqla), likvid dəyərini isə 126 000 manat (tikilinin 44 000 manat, torpaq sahəsinin 82 000 manat olmaqla) manat kimi müəyyən etmişdir. Məhkəmə əldə olunmuş qiymətləndirici rəyini təhlil edərək hesab edir ki, Cavabdeh3 MMC mübahisəli torpaq sahəsini qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, əmlakın dəyərinə təsir edən amilləri, o cümlədən torpaq sahəsi ilə yanaşı orada yerləşən obyektin dəyərini nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və nəticədə, əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Digər tərəfdən qeyd olunur ki, xx.xx.2021-ci il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən tərəflər ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsinin satış qiymətini 105 000 manat olaraq dəyərləndirmiş, alıcı Cavabdeh2 isə əmlakı həmin qiymətə almağı öhdəsinə götürmüşdür Qeyd olunan müqavilə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-201/2022 saylı qətnaməsi ilə etibarsız hesab olunsa da, göründüyü kimi, tərəflər həmin vaxt qeyd olunan əmlakın 105 000 manat olması barədə razılığa gəlmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərrac və onun nəticələri, həmçinin qiymətləndirmə hesabatı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunan maddəyə əsaslanaraq məhkəmə hesab edir ki, hərracın nəticələri etibarsız hesab edildiyindən iddia tələbi hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunması hissəsində də təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahiəsləndiirlən əqdlər etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla belə məhkəmənin qənaətinə görə, əmlakla bağlı bağlanmış müqavilələrin etibarsızlığının hüquqi nəticəsi kimi onların əvvəlki vəziyyətə qaytarılması da təmin olunmalı, bağlanmış əqd etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Sumqayıt Apellyasiya Məhkəməsinin MKsı mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla məhkəmə, tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. Bu baxımdan, Capitals Auction MMC tərəfindən keçirilən xx.xx.2023-cü il tarixli, 20 saylı hərrac etibarsız hesab edildiyindən hərrac predmeti olan ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi İddiaçı geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsi üzərindəki müasir tipli çay evinin İddiaçı mülkiyyətinə qaytarılması hissəsində əsassızdır və təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı qeyd olunan obyektin iddiaçının mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd müəyyən olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş X1 xx.xx.2024-cü il tarixli 141 saylı mütəxəssis rəyində ünvan 11 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş “çay evi” tipli tikilinin mövcud olduğu qeyd olunsa da, məhkəmə tərəfindən təyin olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2024-cü il tarixli ekspert rəyində isə xx.xx.2020-ci il tarixdə verilmiş AA509420 saylı “torpaq sahəsinin planı və ölçü” sənədində gösərilən Cavabdeh2 məxsus 0,0304 hektar torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan məsələ mübahisəlidir və rəylər arasında ziddiyyət mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş müstəqil ekspert rəyi mötəbər sübut kimi dəyərləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı Cavabdeh4 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri, o cümlədən, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 20 nömrəli protokol və Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi etibarsız hesab edilməli, ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi İddiaçı geri qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından özünə aid edilməli, iddia tələbi təmin olunduğundan 100 manat ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və qiymətləndirmə xidmətinin göstərilməsi üçün isə 300 manat məbləğində pul cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı Cavabdeh4 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri, o cümlədən, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 20 nömrəli protokol və Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi etibarsız hesab edilsin. ünvan 7 ünvanda yerləşən 0.0304 ha torpaq sahəsi İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) hesabına köçürülsün. Qiymətləndirmə xidmətinin üçün isə 300 manat məbləğində pul Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar