Məhkəmə qərarları › İş №e-2(005)-1647/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1647/2025

07.05.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1647/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3254369Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş müəllif qonorarlarının ödənilməsi və kompensasiya” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş müəllif qonorarlarının ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə istifadəsində olan "xxxx" zalında (direktor: X11), mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, cavabdehdən ödənilməmiş müəllif qonorarı olmaqla 16.400 manat vəsaitin və 50.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X8 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi xx.xx.2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. xx.xx.2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X5 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar “Azərbaycan Müəllifləri” İB xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən cavabdeh “05” may 2023-cü il tarixli №AM-2024/0140 nömrəli müraciət və xx.xx.2025-ci il №AM-2025/0566 nömrəli asan imza ilə pretenziya təqdim olunmasına baxmayaraq cavab verilməmişdir. Nəticə etibarilə, cavabdeh yarandığı gündən 2018-ci ildən bu günə kimi keçirdiyi musiqili proqramlara görə qonorar ödəməmiş və müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, küllü miqdarda ziyan dəymiş "xxxx" zalında keçirilən konsert proqramları üçün müəllif qonorarları ödənilməmişdir. Əlavə olaraq qeyd edilir ki, “Azərbaycan Müəllifləri” İB əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. xx.xx.2025-ci il tarixdə 2(005)-1647/2025 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMCnin nümayəndəsi X9 tərəfindən “əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisə tələbinə dair” iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tamamilə əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2018- ci il tarixindən etibarən fəaliyyət göstərən "xxxx" MMC-nin (bundan sonra Mərkəz) Nizamnaməsinin 3-cü bəndinə əsasən fəaliyyət istiqamətləri Mərkəzin fəaliyyətini təmin etməkdən, Mərkəzdə tədbirlərin keçirilməsini təşkil etməkdən, onun istismarı, əmlakının mühafizəsi və perspektiv inkişafı üzrə tədbirləri yerinə yetirməkdən ibarətdir. Cəmiyyətin vəzifələri aşağıdakılardır: Mərkəzin idarəedilməsini həyata keçirmək, Mərkəzdə tədbirlərin keçirilməsini təşkil etmək, onun istismarı, əmlakının mühafizəsi və perspektiv inkişafı üzrə tədbirləri yerinə yetirmək; yerli, regional və beynəlxalq tədbirlər keçirmək; konfrans, simpozium, sərgi, ekspozisiya və digər tədbirləri təşkil etmək; tamaşalar, kütləvi bayram proqramları, konsertlər və digər tədbirlər keçirmək; Mərkəzin maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, Mərkəzin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək; beynəlxalq təcrübəni nəzərə almaqla, Mərkəzin idarə edilməsində elmitexniki nailiyyətləri tətbiq etmək; Mərkəzdə internet və digər elektron xidmətlərin təşkili və göstərilməsini təmin etmək; fəaliyyət istiqamətlərinə və funksiyalarına aid məsələlər üzrə müvafiq səlahiyyətli dövlət orqanlarının və məhkəmələrin sorğularını cavablandırmaq; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmayan digər vəzifələri yerinə yetirmək. Mərkəz fəaliyyət göstərdiyi dövr ərzində Nizamnaməsinə əsasən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibi olmuşdur ki, onlar siyahısında 05 iyun 2018- ci il tarixində baş tutmuş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş “2030 gündəliyinin ətraf mühit aspektləri” adlı tədbirini,02-03 may 2019-cu il tarixlərində baş tutmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş “5-ci X3 Forumu” adlı tədbiri, 24 iyun - 10 iyul 2019-cu il tarixlərində baş tutmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş “UNESCO-nun Ümümdünya İrs Komitəsinin 43-cü Sessiyası” adlı tədbirini, 24-25 iyun 2019-cu il tarixlərin baş tutmuş və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu 2019” adlı tədbirini, 25- 26 oktyabr 2019-cu il tarixlərində baş tutmuş və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən təşkil olunmuş “X12 Ölkələrin Dövlət və Hökümət başçılarının XVİİİ Zirvə Görüşü” adlı tədbirini, 14-15 noyabr 2019-cu il tarixlərində baş tutmuş və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunmuş “X15 İİ Bakı Sammiti” adlı tədbirini, 08 dekabr 2019-cu il tarixində baş tutmuş və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “YAŞAT Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransı” adlı tədbirini, 27-28 oktyabr 2022-ci il tarixlərində baş tutmuş və “X7” Assosiasiyası tərəfindən təşkil olunmuş “XV X13 Forumu” adlı tədbirini, 19-29 iyun 2023-cü il tarixlərində baş tutmuş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və X10 Vİİ Beynəlxalq Konfransı (MİNEPS Vİİ)” adlı tədbirini, 02- 06 oktyabr 2023-cü il tarixlərində baş tutmuş və “Azərbaycan Respublikasının Kosmik Agentliyi” PHŞ tərəfindən təşkil olunmuş “74-cü X4” adlı tədbirini, 29 sentyabr - 02 oktyabr 2024-cü il tarixlərində baş tutmuş və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təşkil olunmuş “X1 29-cü İllik Konfransı və Ümumi Yığıncağı” adlı tədbirini və 13-15 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan və “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyi tərəfindən təşkil olunacaq “X2 Baş Asambleyasının İllik İclası” adlı tədbirini və bir çox digər regional və yerli əhəmiyyətli tədbirlərin adlarını sadalayaraq diqqətə çatdırır. Göründüyü kimi Mərkəz mötəbər və iri miqyaslı tədbirlərə ev sahibliyi edir, lakin tədbirlərin təşkilatçılığını həyata keçirmir. e-2(005)-1647/2025 saylı mülki iş üzrə iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi iddia ərizəsində dəfələrlə istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Qərarının 3 saylı Əlavəsinin Vİ bəndinin Qeyd hissəsinin 1-ci yarimbəndinə əsasən müəllif qonorarının ödəyicisi kimi Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Qərar ilə müəllif qonorarların ödəyiciləri müəyyən olunmuşdur və e-2(005)-1647/2025 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMC fəaliyyət istiqamətləri üzrə qonorar ödəyicilərinə aid edilə bilməz. Əlavə olaraq bildirir ki, e-2(005)-1647/2025 saylı mülki iş üzrə iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi iddia ərizəsində qeyd edib ki müvafiq üzvlük müqavilələri əsasında musiqi əsərlərinin istifadəsinə görə istifadəçilərdən qonorar yığır ki, Mərkəz ilə iddiaçı arasında heç bir müqavilə münasibəti olmamışdır və belə olan halda iddiaçı tərəfindən müqavilədən irəli gələn ödənişlərin tələb olunması absurddur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3254369Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: - Azərbaycan Respublikası “İddiaçı” tərəfindən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli AM-2025/0566 №-li Pretenziya məktubu ünvanlanmışdır. İddiaçının iddiasının əsaslarından müəyyən edilir ki, cavabdeh yarandığı gündən 2018-ci ildən bu günə kimi keçirdiyi musiqili proqramlara görə qonorar ödəməmiş və müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərmişdir. Cavabdeh isə bildirir ki, Mərkəz mötəbər və iri miqyaslı tədbirlərə ev sahibliyi edir, lakin tədbirlərin təşkilatçılığını həyata keçirmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Qərar ilə müəllif qonorarların ödəyiciləri müəyyən olunmuşdur və cavabdeh qonorar ödəyicilərinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 14.2.5-ci maddəsinə əsasən, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, bu Qanunun müddəaları aşağıdakılara şamil edilir: 1) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar; 2) Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar. Əsər və fonoqram Azərbaycan Respublikasının hüdudlarından kənarda ilk dəfə dərc edildikdən (buraxıldıqdan) sonra 30 gün keçənədək Azərbaycan Respublikası ərazisində dərc edildikdə Azərbaycan Respublikasında da ilk dəfə dərc edilmiş (buraxılmış) sayılır; 3) Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud bu maddənin 2-ci hissəsinin müddəalarına uyğun surətdə qorunan fonoqrama yazılmış ifalar, yaxud fonoqrama yazılmamış, lakin yayım təşkilatının bu maddənin 4-cü hissəsinə uyğun surətdə qorunan verilişinə daxil edilmiş ifalar; 4) Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxs sayılan və verilişlərini Azərbaycan Respublikası ərazisində yerləşən ötürücülərin köməyi ilə həyata keçirən yayım təşkilatlarının verilişləri; 5) Azərbaycan Respublikası ərazisində olan memarlıq əsərləri; 6) Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq qorunan digər elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar, fonoqramlar və yayım təşkilatlarının verilişləri. 7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun. Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz; 8) bu qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir. 12.4-cü maddəsinə əsasən, audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. 17.3-cü maddəsinə əsasən, şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən audiovizual əsərə münasibətdə müəlliflərin, ifaçıların və audiovizual əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 37.1-ci maddəsinə əsasən, kommersiya məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı olmadan, lakin qonorar verilməklə fonoqramın kütləvi ifasına; fonoqramın efirlə kütləvi bildirişinə; fonoqramın kabellə kütləvi bildirişinə icazə verilir. 41.1-ci maddəsinə əsasən, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir. 41.2.-ci maddəsinə əsasən, müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə rəqabət qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 42.1-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. 42.2-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Belə ki, İddiaçı dəlili ondan ibarətdir ki, onun müəlliflik hüquqlarını müdafiə etdiyi şəxslərin əsərlərindən istifadə etdiyi üçün cavabdeh "xxxx" MMC ona qonorar ödəməli olduğu halda, yarandığı vaxtdan qonorar ödəməmişdir. İddiaçı bildirir ki, cavabdehə müraciət etsə də, cavabdeh MMC özündə təşkil edilmiş konsert-proqramlar barədə iddiaçıya məlumat verməmişdir. Buna görə də iddiaçı konkret olaraq iddia tələbinin həcmini müəyyən edə bilməmiş, qeyri-müəyyən hesablama ilə iddia tələbini irəli sürmüşdür. Məhkəmə iddiaçının sübutlarını nəzərdən keçirib qeyd edir ki, iddiaçı müəllif hüquqlarının müdafiəsi məqsədilə yaradılmış təşkilat kimi konkret hansı müəlliflərin hüquqlarını müdafiə etdiyi və ya hüquqlarını müdafiə etdiyi hansı müəlliflərin əsərlərinin cavabdeh MMC-də istifadə olunduğu məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Göründüyü kimi, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq iddiaçı ilə bağlanmış yazılı müqavilələr əsasında və ya iddiaçıya üzv olmaqla əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini iddiaçıya verməlidir. Nəticədə iddiaçı həmin hüquqları müdafiə etmək səlahiyyətindən çıxış etməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olardı. Hazırda isə iddiaçının konkret hansı müəllifin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək səlahiyyətinə malik olması iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, qanuni əsaslarla qeydiyyatdan keçdiyini (şəhadətnamə) və müvafiq səlahiyyətlərin nizamnamə ilə tənzimləndiyini əks etdirən sübutları təqdim etsə də, konkret olaraq müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin öz əmlak hüquqlarının yazılı müqavilələr əsasında və ya iddiaçı təşkilata üzv olmaqla məhz cavabdeh təşkilat tərəfindən pozulmasının qarşısının alınması üçün səlahiyyət verməsi müəyyən edilmir. İşdə olan şəhadətnamə isə iddiaçı təşkilatın X8 və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında şəhadətnamədir. Yəni hələ bu şəhadətnamənin olması musiqili əsər müəlliflərinə ödənilməli olan müəllif qonorarı və kompensasiyanın müəlliflərin adından iddiaçı təşkilatın tələb etmək hüququnu müəyyən etmir. Yuxarıda qeyd olunanların davamı olaraq məhkəmə bir daha vurğulayır ki, hazırkı işdə iddiaçı hansı müəlliflərin müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etməsi, həmin müəlliflərə aid hansı musiqilərin ifa edilməsinə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Qərarının 3 saylı Əlavəsinin Vİ bəndinin Qeyd hissəsinin 1-ci yarimbəndinə əsasən müəllif qonorarının ödəyicisi kimi Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəyyən edilir. Qərarın 4 saylı Əlavəsinin 23-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və konsert, şou, festival, müsabiqə, tamaşa və s. mədənikütləvi tədbirləri təşkil edən mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər, həmçinin açıqlanmış ədəbiyyat və incəsənət əsərlərini radio və televiziya verilişləri vasitəsi ilə təkrarlayan (surətini çıxaran) təşkilatlar əsərlərin kütləvi ifasına görə müəllif qonorarının ödəyiciləri sayılırlar. Qərarın 6 saylı Əlavəsinin 2-ci bəndinə əsasən, əhali arasında yaymaq məqsədi ilə əsərləri elektron və mexaniki üsulla səsli daşıyıcılarda yazan, fərdi sifariş əsasında nüsxələrini hazırlayan, yazılmış nüsxələri və audiovizual əsərləri (videofilmləri) kirayəyə verən hüquqi və fiziki şəxslər (tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq) müəllif qonorarının ödəyiciləri sayılırlar. Məhkəmədə cavabdeh Mərkəz etirazını onunla əsaslandırır ki, o konsert, şou proqramlarının keçirilməsini təşkil etmir, sadəcə belə konsert, şou proqramlarına ev sahibliyi edir. Belə ki, cavabdeh Mərkəz öz nizamnaməsinə əsasən, cəmiyyətin vəzifələrinə Mərkəzin idarəedilməsini həyata keçirmək, Mərkəzdə tədbirlərin keçirilməsini təşkil etmək, onun istismarı, əmlakının mühafizəsi və perspektiv inkişafı üzrə tədbirləri yerinə yetirmək; yerli, regional və beynəlxalq tədbirlər keçirmək; konfrans, simpozium, sərgi, ekspozisiya və digər tədbirləri təşkil etmək; tamaşalar, kütləvi bayram proqramları, konsertlər və digər tədbirlər keçirmək; Mərkəzin maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, Mərkəzin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək; beynəlxalq təcrübəni nəzərə almaqla, Mərkəzin idarə edilməsində elmi-texniki nailiyyətləri tətbiq etmək; Mərkəzdə internet və digər elektron xidmətlərin təşkili və göstərilməsini təmin etmək; fəaliyyət istiqamətlərinə və funksiyalarına aid məsələlər üzrə müvafiq səlahiyyətli dövlət orqanlarının və məhkəmələrin sorğularını cavablandırmaq; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmayan digər vəzifələri yerinə yetirmək daxildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi kimi, cavabdeh Mərkəzin müəllif qonorarının ödəyicisi olması iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə, iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən dəlillərin bu sahədə müəlliflik hüquqlarını tənzimləyən qanunvericilik müddəalarının dispozitiv şərtlərinin işin faktiki halları ilə uzlaşmalı olması zərurəti ilə əsaslandırır və hesab edir ki, iddia tələblərinin qanuni əsası müəyyən edilmədiyindən, iddia tələbləri təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddianı sübut etmədiyinə və X8 adından cavabdehdən kompensasiya və qonorar tələb etməyə, yəni hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ olmadığına görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iddiaçı cavabdehin məhz musiqi əsərlərindən istifadə etməsinə görə qonorar ödəyicisi olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş müəllif qonorarlarının ödənilməsi və kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar